XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

23 May 2015 - 10:17

Fəzail Ağamalı: “Prezident gərgin idi, əsəblərini zorla saxlayırdı”

Strateq.az Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının Qafqazinfo.az-a verdiyi müsahibəni öz oxucularına təqdim edir.

– Prezident yanğınla bağlı yaradılmış Komissiyanın ilk iclasında məmurları sərt şəkildə tənqid etdi. Sizcə, bundan sonra məmurlar özlərini necə aparacaqlar?

– Baş vermiş yanğın birmənalı şəkildə hər bir azərbaycanlını kədərləndirib. Mən bir daha təəssüfümü bildirirəm, dünyadan köçənlərin yaxınlarına başsağlığını verirəm. Bu faciə olmalı deyildi. Nə dərəcədə böyük məsuliyyətsizlik ola bilər ki, bu materialın tərkibini yoxlamadan, xüsusi ekspertizadan keçirmədən səlahiyyəti olan qurum onu binaların üz örtüyünə vurulmasına icazə verib. Təbii ki, mən burada kimisə günahlandırmaq istəmirəm. çünki istintaq gedir. İstintaqın nəticələrinə görə hər şey bəlli olacaq. Amma bir taxtaya mismar vurulanda onun səsinə hamı yığışır. Bir kərpici digər kərpicin üstünə qoyanda, o bir neçə yerə bölünür. Necə olur ki, bu binalar üzlənir, lakin rayonun, şəhərin icra strukturları bundan xəbərsizdir? Bəlli oldu ki, heç şirkətlə müqavilə də bağlanmayıb. Bu məsuliyyətsizlikdir. Tamamilə əminəm ki, günahkarlar tam mənada üzə çıxarılacaq. İnsan itkisinə, faciəsinə səbəb olan bu cinayətin üstü tam açılmalıdır və kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir.

– Bəzi siyasilər iddia edir ki, bu faciədən də məmurlar dərs almayacaqlar…

– Bilmirəm, insan nə dərəcədə məsuliyyətsiz ola bilər, nə dərəcədə onun gözünü var-dövlət örtə, baş gicəllənməsinə tutula bilər ki, bu cür günahsız insanların ölümünə səbəb olan məsuliyyətsizliyə yol versin. Bunu təsəvvürümə gətirmək mənim üçün son dərəcə çətindir. Siz komissiyanın iclasında cənab prezidentin son dərəcə gərgin vəziyyətini hiss etdiniz. O, əsəblərini zorla saxlaya bilirdi. çünki vətəndaş heç nədən hansısa məmurun məsuliyyətsizliyindən, tamahkarlığından faciəyə məruz qalıb. Onların içərisində uşaq, yaşlı insanlar var, onun içərisində bir ailədən üç nəfərin ölüm faktı var. Min bir əzab-əziyyətlə o iki uşağı atasız böyüdən, indi-indi onların uğuru ilə sevinən ana belə bir faciəyə məruz qalırsa, o insanları Allah da bağışlamayacaq. Bunu deyəndə mənim gözümün qarşısına övladlarım da gəlir. Belə bir vəziyyətdə kimi bağışlamaq olar?

– Dövlət başçısı da çıxışında vurğuladı ki, bura Azərbaycandır və gizli halda heç nə etmək olmaz. Bəzi qurumlar məsuliyyəti bir-birinin üstünə atırlar. Sizcə, hansı qurum daha çox günahkardır?

– Bunu istintaq üzə çıxaracaq. Bakı şəhərində tikilən, təmir olunan bütün tikintilərə məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti daşıyır. Belə hallarda bir qayda olaraq iradəsi olan şəxs şərəfinə hörmət edib istefa verir. Bu hadisə baş verib. Amma hansı rayonda baş veribsə, oranın qurumlarının vecinə deyil. BŞİH-dən bununla bağlı bir nəfər ictimaiyyətin qarşısına çıxıb bəyanat verməyib ki, bunu mən etmişəm. Mən deməzdim ki, Hacıbala Abutalıbov bunun baş verməsini istəyərdi. Sadəcə olaraq, burada məmur məsuliyyətsizliyi var.

– İstintaq başlayandan bir neçə nəfər həbs olunub. Onlar hələ ki, aşağı ranqlı məmurlardır…

– Gəlin, tələsməyək, istintaqın nəticələrini gözləyək. İstintaqın obyektiv aparılacağına mənim şübhəm yoxdur.

– üzlüklərin istehsalı ilə məşğul olan şirkətlə deputat həmkarınız İlham Əliyevin də bağlılığı olduğu haqda fikirlər var…

– Mənim bu məsələdən xəbərim yoxdur. Amma fərqi yoxdur, kimin hansı vəzifə daşımasından, səlahiyyət sahibindən asılı olmayaraq, hamı qanun qarşısında eyni məsuliyyət daşıyır. Birmənalı olaraq, xalq bunu gözləyir ki, günahkar üzə çıxsın. Hətta müşavirədə bir məmur dedi ki, üzlüklərin sökülməsini Avropa oyunlarından sonraya saxlayaq. Prezident dedi ki, insan həyatı onun üçün oyunlardan daha vacibdir. Baxın, indi prezidentin iradəsi ilə məmur təklifi arasında nə qədər fərq var.

– Prezident çıxışında ölkədə qanunsuzluq, özbaşınalıq baş alıb gedən sahələrdən danışdı. Millət vəkilləri də bir neçə dəfə xüsusilə tikinti sahəsində insanların əziyyət çəkdiyini səsləndirib. Amma məmurlar bunu hələ ki, nəzərə almırlar. Necə olmalıdır əslində?

– Belə olan halda, onların qanunsuz tikililər sökülməlidir. Bilirsiniz, gərək insan özünə hörmət etməyi bacarsın. Mənə belə gəlir ki, bir insanın bir maşını, bağ evi, Azərbaycanın təbiəti gözəl olan rayonlarının birində dağ evi, Bakıda da geniş, imkana uyğun 200-300 kvadratlıq mənzili olsa, bəsdir. Əgər bir məmurun onlarla bağ evi, mənzili, maşını varsa, bu, başadüşülən deyil. Əlbəttə, məmurların içərisində də vicdanla işləyənləri var. Amma doymayanlar da var. Mən belələrinə puldan asılı olan insanlar kimi baxıram. Necə ki, narkotikaya alışan adam ondan azad ola bilmir, psixoloji cəhətdən də pula bağlı olan insanlar bundan azad ola bilmirlər. Gəldikcə, daha çox pulun gəlməsini istəyir və belələri pul tərəfindən idarə olunur. Bu da bir xəstəlikdir. Allah xalqımızı bu xəstəlikdən uzaq eləsin. ölkə prezidentinin dedikləri həqiqətdir. Onun sözlərindən nəticə çıxarmaq, xalqa olan sədaqətindən örnək götürmək lazımdır.

– Faciənin təxribat olma ehtimalı varmı?

– Bu variantı istisna etmirəm. Avropa Oyunları ərəfisində də belə bir hadisənin baş verməsinin arxasında təxribat da ola bilər.

– Yanğın faciəsindən əvvəl, elə indi də məlum Beynəlxalq Bank olayı ilə bağlı kütləvi həbslər həyata keçirilir. Həbslərin davamı gözlənilirmi?

– Mən hüquq-mühafizə sistemində səlahiyyət sahibi olsaydım, onların hamısına qanun çərçivəsində ən sərt cəzanın verilməsini tələb edərdim. Dövlətin, xalqın malını oğurlayıb harınlıq etmək, xəzinəni talan etməkdən böyük cinayət yoxdur. Bu da çox ciddi hadisədir və kiməsə güzəşt olunmalı deyil. Yığdıqları, dağıtdıqları, Allah bilir, hara xərclədiklərinin hamısı dövlətə qaytarılmalıdır. Axı səhmlərdə həm də dövlətin payı var. Eyni zamanda əhalinin əmanətləri də var. Versiyalar var ki, 8 milyarda yaxın vəsaitdən söhbət gedir. özü də bu dövlət büdcəsinin üçdə biri miqdarında olan vəsaitdir.

– Bu qədər vəsaiti icazəsiz iş adamlarına necə vermək olar və hansı ki, onlar krediti qaytarmayıblar?

– Bəlli olan budur ki, bu pul onlara verilib. Pul insanların gözünü necə örtübsə, görün hansı cinayətlərə yol veriblər. Manatın devalvasiyası əslində bununla bağlıdır. Axı deyilirdi ki, yumşaq devalvasiya olacaq, amma kəskin şəkildə oldu. Bunun səbəbi olmalı idi. Bəziləri maliyyə naziri Samir Şərifovu hədəf seçdilər. Ancaq mən bunun əleyhinə gedərək bildirdim ki, Şərifov kifayət
qədər ağıllı insandır. Neçə ildir ki, bizim qarşımızda hesabat verir. Bilirik ki, bu ölkədə kim kimdir. İndi bəlli oldu ki, həmin qüvvələr sadəcə hədəf kimi onu seçmişdilər ki, qurban versinlər. Reallıq isə başqaymış. Onların bağışlanmasına yeni-yeni cinayətlərin başlanması demək olardı.

– Bir məsələ başadüşülən deyil. Əgər bu iş adamları krediti qaytara bilmirdilərsə, onlara qarşı vaxtında niyə addım atılmırdı? Adi vətəndaş istehlak kreditini gecikdirəndə onun evinə xəbərdarlıq zəngi edilir, verməyəndə iş məhkəmə müstəvisinə keçir…

– Burada bank rəhbərliyi də, kredit götürənlər də eyni şəkildə bəhrələniblər. Bank rəhbəri bu qədər krediti verib, amma sonradan pulu tələb etməyib. Onun da bu dağıntılarda heç şübhəsiz ki, payı olub. Niyə istinaq orqanlarına müraciət edilməyib ki, kredit qaytarılmır? Bizim hamımızın krediti var, içi mən qarışıq. İndi sən bircə ay krediti gecikdir, adamın başına nə müsibət açırlar. Faiz, xəbərdarlıq gəlir, sanskiya tətbiq olunur, əmlakı müsadirə edirlər. Bəs bunların əmlakı niyə müsadirə olunmadı?

– Sizin də Beynəlxalq Banka kreditiniz var?

– Yox

– Hansı banka kreditiniz var, mümkünsə, məbləği açıqlaya bilərsiniz?

– Biz ailə olaraq “Kapital” və “Azəriqazbank”dan kredit götürmüşük. Amma ödəyə bilirəm. Uşaqlarıma kömək üçün götürülüb. Vaxtı-vaxtında qaytarırıq.

– Bu prosesdən əmanətçilər də ziyan çəkdi. Sizin də Beynəlxalq Bankda əmanətiniz varmı?

– Mənim Beynəlxalq Bankda maaşımdan başqa, heç nəyim yoxdur.

– Bildiyimiz kimi, manatın devalvasiyasından sonra Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azalıb. Belə bir iddia da var ki, məhz iş adamlarından borclarının qaytarılmasının bu şəkildə istənilməsi həmin itkinin əvəzlənməsi məqsədi daşıyır.

– Mən qətiyyən bu versiyanın tərəfdarı deyiləm. Azərbaycanın kifayət qədər Neft Fondunda ehtiyatları var. Eyni zamanda neftdən gələn gəlirlər xarici banklarda da yatırılıb. Bu gün manatın devalvasiyası ciddi şəkildə özünün təsirini göstərmir. Sadəcə dövlətin özü daha çox pul apara biləcək layihələrinin icrasını müvəqqəti olaraq dayandırıb. Bu da neftin qiymətinin düşməsi ilə bağlıdır. Bu iddianı cinayətkarların müdafiəsinə yönəlmiş bir versiya hesab edirəm.

– Həbs edilənlər daha çox iş adamları olduğu üçün bunun da bazar iqtisadiyyatına mənfi təsirlərinin olacağını qiymətləndirənlər də var…

– ölkə prezidenti çıxışında da vurğuladı ki, dövlət iş adamları üçün bütün şəraiti yaradıb. Amma iş adamları da zəhmət çəksin, hər şeyi qanun çərçivəsində etsinlər. Gələcəkdə onların da istintaqın nəticələrinə uyğun olaraq cəza alması bazar iqtisadiyyatının inkişafına şərait yaradacaq. Cinayətkarları pul oğurlamaqdan çəkindiricək. Sahibkarlığa Yardım fondu xırda kreditlərlə sahibkarlara kömək edir. Görün, bu Fond haqqında bir dənə də olsun xoşagəlməz fikir var? çünki orada hər şey şəffafdır. Olmazmı ki, banklar da öz işlərini şəffaf aparsınlar? Pul qazanmaq istəyənlərə, əmanəti olanlara insafla yanaşsınlar. 30, 26 faizlə insanlara kredit verməsinlər. Məsələn, 5000 kredit götürürsən, amma 15 min qaytarırsan, gecikdirən kimi, faiz gəlir üstünə. İnsanlar həyatından məhrum olur, ailələr dağılır. Dəfələrlə bu məsələlər Milli Məclisin tribunasında qaldırılıb. Banklar bu gün millətimizin qanını zəli kimi sorurlar. ümidvaram ki, bu sahədə də ədalət yaranacaq.

– Dəfələrlə problemin səsləndirilməsinə rəğmən, yenə də verilən qərarlar bankların xeyrinə olur. Sonuncu olaraq dollar kreditləri ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı bəllidir…

– Biz qanunverici qurum kimi bu məsələni gərək qaldıraq ki, qanundakı həmin boşluqdan bu cür bankirlər istifadə edə bilməsinlər.

– Versiyalar var ki, Cahangir Hacıyev həbs olunub. Sizin bu barədə məlumatınız varmı?

– Xəbərim yoxdur, amma indi həbs olunmayıbsa, nə vaxtsa həbs edilməlidir. Müxtəlif rəqəmlər səsləndirilir, lap olsun 1 milyon. Necə imkan vermək olar ki, bu pul mənimsənilsin? Necə imkan vermək olar ki, xalqdan oğurlanan bu pulların hesabına cah-cəlal təşkil edilsin, xaricə səfərlər təşkil edilsin, böyük villalar tikilsin, təsəvvürolunmaz bir həyat tərzi yaradılsn? Mən Cahangir Hacıyevə haqq qazandırmıram. O, ən ciddi şəkildə cavab verməlidir. Ona bu səlahiyyəti heç kim verməyib. Bu cəsarət onda hardandır? İndi siz jurnalistlər araşdırın və görün ki, Hacıyevin nələri var? Buyurun araşdırın.

– Sizin bildiyiniz nələr var?

– Mən bir qayda olaraq kiminsə var-dövlətinin təsnifatını aparmamışam. Bunu özümə sığışdırmamışam. Yanaşmam odur ki, hər bir insan özünə şərait yarada bilər. Bu, Allah tərəfindən ona verilmiş olan istəkdir. Lakin bu istək alın tərinə, halallığa söykənməlidir…




Yuxarı Əvvələ Ana Səhifə