XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2020 - 16:21

Deputat Qüdrət Həsənquliyev:"Çalışmalıyıq ki, tezliklə Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsın" - MÜSAHİBƏ

Strateq.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini oxucularına təqdim edir:

– Qüdrət bəy, Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarandan sonra Türkiyə və Azərbaycana olan ərazi iddialarından imtina edib, hər iki ölkə ilə normal münasibətlər qurub əməkdaşlıq edəcəkmi? Yoxsa düşmənçilik siyasətini davam etdirəcək?

– Əgər Ermənistanda hakimiyyətə “Mosfilm”in direktoru Karen Şahnəzərov kimi mütərəqqi düşüncəyə sahib biri hakimiyyətə gələcəksə, regionun, o cümlədən Ermənistanın inkişafı üçün geniş perspektivlər açılacaqdır. Amma qarğa qədər ağlı olmayan Paşinyanın hal-hazırda bunu edəcəyinə ciddi şübhəm var. O, yenə də Dağlıq Qarabağın müstəqilliyindən danışır. Nə qədər ki, erməni cəmiyyyəti faşizm ideologiyasının əsiridir, düşmənçilik davam edəcək.

– “Biz Dağlıq Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsinə imkan verməyəcəyik” deyən Fransa Prezidenti Makron niyə birdən-birə mövqeyini dəyişib bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir?

– Putinin “Biz Cənubi Osetiyanı niyə tanıdıq?” sualına cavabından sonra, ola bilsin, kimsə onu başa saldı ki, siz Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını şübhə altına almaqla, həmin ərazinin gələcəkdə Rusiya tərəfindən ilhaq olunmasına və Rusiyanın həmin bölgədə daimi hərbi iştirakına şərait yaradırsınız. Həmçinin, bu avantüra ilə Azərbaycanla münasibətlərə birdəfəlik son qoymuş olacaqsınız. Onun daha məkrli niyyətlərin olması da istisna olunmur. Amma gəlin, xoş niyyətlə dediyinə ümid edək.

– Dekabrın 1-dən sonra atacağımız ilk addımlar hansılar olmalıdır?

– İlk növbədə, bizim təhlükəsizlik və güc strukturları ilə rus sülhməramlıları arasında dostluq və əməkdaşlıq münasibətləri qurulmalıdır. Laçın dəhlizi daxil olmaqla, Ermənistanla sərhəd boyunca bizim sərhədçilər yerləşdirilməlidir. Azərbaycan hökuməti digər bölgələrimizin sakinlərinə satdığı qiymətə Dağlıq Qarabağın da qaz və elektrik enerjisinə olan tələbatını təmin etməlidir. Laçın şəhərinə əhalinin köçürülməsini təmin etmək üçün Rusiya və ermənilərlə danışıqlar aparıb, təhlükəsizliyə tam təminat verməklə, 5 km-lik təhlükəsizlik zolağını 100-200 metrə qədər azaltmaq lazımdır. Bu alınmasa, Zəngəzur üzərindən Naxçıvana açılacaq dəhliz üçün də 5 km-lik təhlükəsizlik zolağı tələb edilməlidir. Azərbaycanla alınmasa da, beynəlxalq təşkilatlarla fəal iş qurmaqla çalışmalıyıq ki, tezliklə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr qurulsun, sərhədlər açılsın. Dağlıq Qarabağdakı erməni sakinlərlə insani və işgüzar münasibətlərin qurulması üçün ciddi səylər göstərilməli, Rusiya sülhməramlılarından istifadə etməklə, müxtəlif tədbirlər təşkil olunmalıdır. Zorla Dağlıq Qarabağa köçürülən ermənilərin Avropaya və başqa ölkələrə köçməsinə kömək göstərilməlidir. Birgə Bəyənnamənin 7-ci bəndinə əsasən, qaçqınların Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışı təmin olunmalı, Xocalı hava limanının ilkin mərhələdə daxili istifadə üçün fəaliyyəti bərpa olunmalıdır.

Bundan başqa işğaldan azad olunmuş, dağıdılmış şəhər, qəsəbə və kəndlərimizin  bərpa olunmasına, vurulmuş ekoloji ziyanın aradan qaldırılmasına yardım edilməsi məqsədilə beynəlxalq konfransın çağırılmasına cəhd edilməli, kömək üçün donor dövlətlərə və beynəlxalq maliyyə qurumlarına müraciət edilməlidir.

– Qüdrət bəy, Rusiya sülhməramlılarını ölkəyə buraxmadan torpaqlarımızı işğaldan azad etmək mümkün olardımı?

– Bunu etmək mümkün olsaydı, əminliklə deyirəm ki, İlham Əliyev onu edərdi. İstəyirəm, xalqımız bilsin ki, xüsusi təyinatlılarımızın Şuşanın alınması üçün göstərdikləri zəka və bacarığın dəfələrlə artığını İlham Əliyev diplomatik müstəvidə nümayiş etdirib və Ordumuza imkan yaradıb ki, torpaqlarımızı işğaldan azad etsin. Xalqımız bilməlidir ki, qardaş Türkiyə yanımızda olduğuna və Rusiya neytrallığını saxladığına görə bir çox ölkələr münaqişəyə cəlb olunmadı, qalibin yanında olmağı üstün tutdular. Rusiya münaqişəyə cəlb olunsaydı, biz Türkiyə ilə təkcə Rusiya-Ermənistan ittifaqına  qarşı yox, həm də onlara dəstək verən çoxsaylı Qərb və digər dövlətlərlə vuruşmalı olacaqdıq. 90-cı illərin acı təcrübəsi  ortadadır. Nəticəsindən asılı olmayaraq, bu müharibə ölkəmizin viran olmasına, Suriyadan da pis günə qalmasına yol açacaqdı. Qərb heç vaxt Qarabağ münaqişəsinin ədalətli həllinə imkan verməyəcəkdi. Yeganə yol Rusiya ilə anlaşmaq idi. Hansı ki, uzun illər mən hökuməti buna çağırırdım. İlham Əliyev geosiyasətdə yaranmış imkanları, tarixi fürsəti düzgün qiymətləndirib torpaqlarımızı işğaldan azad etməyi bacardı. Rusiya sülhməramlılarını Azərbaycana buraxmamaq işğalın davam etməsi olacaqdı. İşğal altında hər keçən gün isə Qarabağı bizdən daha da uzaqlaşdırır, qoparırdı. Xalqımız Qarabağın azadlığına  görə İlham Əliyevə həmişə minnətdar olmalıdır.




Yuxarı Əvvələ Ana Səhifə