XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Dekabr 2020 - 23:25

Sabiq prezident köməkçisi Oqtay Qasımov:"ERMƏNİSTANLA MÜNASİBƏTLƏR YALNIZ BU HALDA ƏMƏKDAŞLIĞA ÇEVRİLƏ BİLƏR"

Azərbaycanın mərhum sabiq Prezidenti Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Moderator.az” saytına Ermənistanın Azərbaycan və Türkiyə ilə hansı hallarda münasibətlərini normallaşdıra biləcəyi barədə maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– 1993-cü idə Kəlbəcərin işğalından sonra Türkiyənin Ermənistanla sərhədlərini bağlanmasından sonra rəsmi İrəvan özündə güc tapıb münasibətlərə yenidən baxa biləcəkmi?

Bildiyiniz kimi, 1991-ci ildə Ermənistan müstəqilliyini elan edəndə onu ilk tanıyan dövlətlərdən biri Türkiyə olub. Türkiyə iki dövlət arasında normal münasibətlərin qurulmasında maraqlı olduğunu göstərərək, o dövrdə taxıl qıtlığı yaşayan Ermənistan əhalisinin aclıq çəkməməsi üçün humanitar yardımlar edib. Amma Azərbaycana ərazi iddiaları ilə müharibəyə başladığına və 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalına cavab olaraq, Türkiyə təcavüzkar Ermənistanla sərhədlərini bağladı. Beləliklə, yürütdüyü təcavüzkar siyasət nəticəsində Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlandı.

Həmin dövrdə qızışan Abxaziya münaqişəsi ilə Gürcüstandan gələn dəmiryolu bağlandığından, Ermənistanın yalnız İranla sərhəddi açıq qaldı ki, bu da onun tam blokadaya düşməsinə imkan vermədi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan İranın “ermənilər üçün nəfəslik rolu” oynadığını xüsusi qeyd etmişdi. Bu da Ermənistanın təcavüzkar siyasətini davam etdirməsinə imkan yaratmışdı.

Qonşulara qarşı ərazi iddiaları, millətçi-faşist ideologiyası ilə zəhərlənən erməni cəmiyyəti və siyasi qüvvələri bu düşüncənin əsirinə çevrildiyindən reallıqlarla uzlaşmayan xülyalarla yaşamaqda davam edirlər.

Bununla bərabər, həm Ermənistanda və həm də xaricdə yaşayan ermənilər arasında qonşularla normal əlaqələrin qurulmasına tərəfdar olan azsaylı şəxslər də mövcuddur. Türkiyə ilə normal münasibətlərin qurulmasının vacibliyini anlayan, onu açıq şəkildə dilə gətirən prezident Ter-Petrosyan bu mövqeyinə görə 1998-ci ildə hakimiyyətini itirdi. Ondan sonra 20 il iqtidarda olan cinayətkar Koçaryan-Sarkisyan cütlüyünün dövründə Türkiyə və Azərbaycana münasibətdə düşmənçilik ən yüksək səviyyəyə qalxdı.

Türkiyə və Azərbaycana qarşı düşmənçiliyin qızışdırılmasında erməni kilsəsinin mənfi rolu xüsusi qeyd edilməlidir. 2018-ci ildə hakimiyyətə gələn Paşinyan da cəmiyyətin dərin qatlarına qədər yayılmış faşist düşüncənin əsirliyindən çıxa bilmədi.

Tarixən nasist-faşist ideologiyalara yoluxmuş cəmiyyətlər yalnız ağır hərbi zərbələr alandan sonra bu xəstəlikdən xilas olublar. İkinci dünya savaşında Almaniyada, İtaliyada belə olub. Hətta daşnak Ermənistanın özü də 1920-ci ilin sentyabrında Türkiyə ilə girdiyi savaşda darmadağın ediləndən sonra xəstə iddialarından əl çəkdiyini 3 dekabr 1920-ci ildəki alçaldıcı Gümrü müqaviləsi ilə təsdiqləmişdi. Sadəcə, bunun ardınca Ermənistanda sovet hakimiyyəti qurulduğundan bu müqavilə işləmədi.

Sovet dövründə inkişaf edən, ərazilərini genişləndirməyə müvəfəq olan erməni millətçi faşist ideologiyasının onurğa sütununu erməni kilsəsi ilə bərabər, Ermənistan ordusu təşkil edirdi. 27 sentyabrda başlanan 44 günlük ikinci Qarabağ savaşında erməni faşizminin vuran gücü olan Ermənistan ordusunun darmadağın edilməsi onların qonşularla normal münasibətlər qurmalarına imkan yaradıb. Əgər Ermənistan cəmiyyəti və siyasətçiləri hazırda yaranmış reallıqları doğru dəyərləndirib, uyğun qərarlar qəbul edərsə, bölgədə əməkdaşlıq mühiti yarana bilər. Hələliksə, görünən budur ki, erməni siyasi mühitinin əhəmiyyətli hissəsi revanşist duyğuların əsirliyindən çıxmaq istəmir.

Digər maraqlı nüans odur ki, erməni cəmiyyətinin bəzi nüfuzlu şəxsləri Türkiyə və Azərbaycanla normal münasibətlərin qurulması və əməkdaşlığın mümkünlüyü haqda fikirlərini açıq şəkildə bəyan etməyə başlayıb. Bunların arasında Paşinyanın yeni təyin etdiyi iqtisadiyyat naziri Kerobyanın, parlament üzvü A. Koçaryan, ictimai xadimlər Naqdajyan, Libaridyan, Şahnazarov kimi Türkyə və Azərbaycanla əlaqələrin normallaşmasının mümkünlüyünü dilə gətirən şəxslər var. Bu tip bəyanatların sayının artması ilə erməni cəmiyyətində düşüncə dəyişikliyi baş verə və ən əsası, Rusiya maraqlı olarsa, o zaman Türkiyə-Ermənistan münasibətləri normallaşma mərhələsinə girə bilər.

Digər tərəfdən, Türkiyə prezidentinin Bakıdakı çıxışı da Ermənistana münasibətlərin normallaşması ilə bağlı çağırış kimi dəyərləndirilməlidir.

Amma bu prosesin tezliklə başlayacağını söyləmək çətindir. Çünki Ermənistanda siyasi vəziyyət kifayət qədər gərgindir və Paşinyana qarşı duran qüvvələr müxalifətin Baş nazirliyə namizədi daşnak zehniyyətli, Azərbaycan toraqlarının işğalında ciddi rolu olmuş V. Manukyanın timsalında Türkiyəyə düşmən münasibət bəsləyən şəxslərdən ibarətdir.

– Siz yaxın illərdə münasibətlərin normallaşacağını gözləyirsinizmi?

– Bilirsiniz ki, Türkiyə ilə ermənilər arasında Birinci Dünya Müharibəsindən bəri davam edən problemlər var. Bunların başında o dövrdə ermənilərin böyük dövlətlərin maşası olaraq Osmanlı ordusuna və dinc əhaliyə xain hücumları nəticəsində baş verən qətliamlar, saxta soyqırım söyləntiləri gəlir. Türkiyəyə qarşı ərazi iddiaları və s. məsələlərin Ermənistan konstitusiyasında yer alması münasibətləri gərginləşdirən amillərdir. Xatırlayırsınızsa, bu ilin avqustunda Ermənistan prezidenti və Baş naziri 100 il əvvəl Osmanlı dövlətinin rədd etdiyi Sevr müqaviləsinə yenidən baxılması haqqında absurd iddialarla çıxış etmişdi.

Ona görə də qeyd olunan məsələlər həll edilməli, Ermənistan əsassız iddialarından əl çəkməlidir ki, iki ölkə arasında münasibətlər normallaşsın. Baxmayaraq ki, Türkiyə bir çox hallarda birtərəfli qaydada münasibətlərin normallaşması üçün bu məsələlərə göz yumub. Misal olaraq, 2010-cu ildə tərəflər arasında Cenevrədə imzalanan bəyanatı qeyd etmək olar. “Futbol diplomatiyası” adlanan bu prosesdə münasibətlərin normallaşması üçün Türkiyə həmin məsələlərin arxa plana keçməsinə göz yumaraq, Ermənistana qarşı bu mövzuda tələb irəli sürmədi.

Amma Ermənistan o zaman da imzaladığı sənədi parlamentin təsdiqinə belə, çıxarmadı. Qeyd olunanlarla bərabər, hazırda Ermənistanda yaranmış ağır siyasi, hərbi, psixoloji və iqtisadi durum qonşularla normal münasibətlərin qurulmasını zəruri edir.

Bunları nəzərə alaraq, deyə bilərik ki, yaxın yox, orta zaman kəsiyində Türkiyə Ermənistan arasında münasibətlərin normallaşması mümkün ola bilər.

– Nə vaxtsa İrəvana gedib orada oteldə qalacağınızı təsəvvür edirsinizmi?

– Əgər Ermənistan Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdən, ərazi iddialarından əl çəkib, bölgədə sülhün yaranmasına mane olmasa və bu niyyətini sülh müqaviləsi ilə təsdiq etsə, o zaman münasibətlər normallaşa bilər. Kommunikasiyaların açılması ilə bölgədə əməkdaşlıq və etimad mühitinin formalaşması üçün uyğun şərtlər yaranmağa başlayar ki, bu da tərəflər arasında gediş gəlişə imkan verər.

Hazırkı geosiyasi şərtlər davam edib, Qarabağda suverenliyimiz tam bərqərar olandan sonra, Ermənistanla münasibətlər yeni əməkdaşlıq mərhələsinə keçə bilər. Ondan sonra, qeyd etdiyiniz kimi, İrəvana da, Ermənistandakı digər ərazilərə də səyahət, otellərdə qalmaq mümkün ola bilər.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hazırda Ermənistan adlanan tarixi torpaqlarımızdan qovulmuş yüz minlərlə soydaşımız, imkan yaranacağı halda, ata-baba yurdlarını ziyarət etmək istəyəcək.




Yuxarı Əvvələ Ana Səhifə