XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Dekabr 2020 - 16:23

ELÇİBƏYİN 27 İL ƏVVƏLKİ SÜLH PLANINDA NƏLƏR OLUB? –Eks-prezident Qarabağa sülhməramlıların gəlməsinə razıymış...

Elçibəy İnstitutu “Azərbaycanla Ermənistan arasında  müharibə və sülh perspektivləri: milli demokratik qüvvələrin mövqeyi” mövzusunda müzakirə keçirib. Müzakirələrdə Əbülfəz Elçibəyin “Nazavisimaya qəzeta”nın 5 may 1993-cü ildəki müsahibəsində əksini tapmış ideyalarının və münaqişənin nizamlanması prinsipləri haqqında müddəalarının tarixi əhəmiyyəti, hazırda problem ətrafında yaranmış vəziyyətdə siyasi və elmi-nəzəri aktuallığı, ötən müddət ərzində təhriflərə məruz qalmış bəzi faktoloji xarakterli məsələlərə aydınlıq gətirməsi baxımından faydalı hesab olunub və təkrar dərc edilərək ictimaiyyətin diqqətinə çatdırılması məqsədəuyğun sayılıb.

Heç şübhəsiz, müsahibədəki fikirlərə və dəyərləndirmələrə dövrün hərbi- siyasi, qeopoliitik şərtləri nəzərə alınaraq qiymət verilməlidir.

… Azərbaycan 1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalı nəticəsində məruz qaldığı hərbi-siyasi böhrandan çıxmağa başlamışdı. Murov və Fizuli istiqamətində düşmənin irəliləyişi dayandırılmış, əks-hücum əməliyyatları nəticəsində bir sıra mövqelər geri qaytarılmışdı. Ölkədə siyasi sabitliyin pozulması istiqamətində meyl və cəhdlərin qarşısı, əsasən, alınmışdı… İldə dörd dəfəlik hərbi çağrış sisteminə keçilmiş, ilk çağrış artıqlaması ilə həyata keçrilmişdi. Türkiyə dövləti ilə əldə olunmuş razılaşmılara əsasən, türk ordusunun 500  zabiti hərbi müşavir qismində çağrışçıların təlimində iştirak edirdi. Daha 1000 hərbi mütəxəsisin gəlməsi gözlənilirdi… 1993-cü ilin aprelin 30-da BMT  TŞ-nın erməni silahlı birləşmələrinin Kəlbəcərdən və işğal edilmiş digər ərazilərdən çıxarılmasını tələb edən 822 saylı Qətnaməsi qəbul edildi… İyulda aparıcı dünya şirkətləri ilə Xəzər neftinin hasilatına dair neft müqaviləsinin imzalanması razılaşdırılraq, qərarlaşdırılmışıdı. Bakı-Ceyhan neft kəmərinin çəkilməsi barədə 1993-cü ilin martın 9-da İstambulda imzalanmaış dövlətlərarası sənədə əsasən, lahiyələndirilmə işləri sürətlə həyata keçirilirdi… ABŞ-Rüsiya-Türkiyənin vasiyəçiliyi ilə aparılan  danışıqlarda sülh sazişinin ilkin şərtlərini ehtiva edən və  böyük sülh müqaviləsinə keçid kimi nəzərdə tutulan “Nizamasalmanın təcili addımları” sənədi barədə informasiyalar dünya mediasının diqqətində idi. Müharibənin 1993-cü ilin yayında Azərbaycanın beynəlxalq ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilib saxlanılmaqla qurtarması planlaşdırılırdı, ölkənin və regionun tarixində təmamilə fərqli perspektivlər açan yeni mərhələ başlanırdı…

Beləliklə, Strateq.az Elçibəy İnstitutunun təqdimatı əsasında, eks-prezident Əbülfəz Elçibəyin 27 il əvvəlki – “Nazavisimaya qəzeta”nın 5 may 1993-cü ildəki müsahibəsini oxucularına təqdim edir:

 

– Əbülfəz bəy, Azərbaycan ordusu ciddi məğlubiyyətə uğrayıb. Erməni silahlı birləşmələri Azərbaycan ərazisinin əhəmiyyətli hissəsini – Kəlbəcər rayonunu və Fizuli rayonunun bir hissəsini zəbt etmişlər. Necə baxırsınız, bu, sülh persrektivlərini uzatmırmı?

– Kəlbəcərdəki məğlubiyyət bizim üçün çox böyük zərbədir. Bu, evini-eşiyini itirmiş, yerindən-yurdundan didərgin salınmış on minlərlə adam üçün əsil faciədir. Buna baxmayaraq, mən heç də belə düşünmürəm ki, Kəlbəcər faciəsi mütləq sülh perspektivinin uzanması ilə nəticələnməlidir.

Hər şeydən əvvəl, bu faciə digər ölkələri – Amerikanı, Rusiyanı, İngiltərəni bir qədər fəallaşmağa məcbur etdi. Klintonun mənə göndərdiyi teleqramda açıq-aydın göstərilir ki, ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar. İran və Türkiyə sərt mövqe tutdular. Biz müdafiəmizi möhkəmləndiririk, hərbi cəhdlərimizi artıracağıq və belə düşünürəm ki, həm ordumuzun, həm dünya birliyinin təzyiqi ilə ermənilər işğal etdikləri ərazilərdən çıxmağa məcbur olacaqlar.

Eyni zamanda, əgər indiki vəziyyət dünya birliyini münaqişəyə fəal siyasi müdaxiləyə cəlb edərsə, ermənilərin qələbəsi onlar onlar üçün, – yəqin ki, “ermənilərin” yox, erməni ekspansionistlərinin demək daha düzgün olardı, çünki sadə ermənilər də bütün normal insanlar kimi  sülh yaranmasında maraqlıdırlar, – məğlubiyyətə çevriləcəkdir.

Məsələ burasındadır ki, ayrı-ayrı ölkələrdə erməni lobbisi və erməni təbliğatından, anti-islami mülahizələrdən irəli gələn ermənirərəst ovqat nə qədər güclü olsa da, iş sülh prinsiplərinə gəlib çatanda, həm BMT, həm ATƏM, həm də bu ölkələr, hər şeydən əvvəl, beynəlxalq hüquqa əsaslanacaqlar. Bizə isə məhz bu lazımdır.

Ermənilərin hərbi uğurlarının başqa bir vacib aspekti də var. Bilirsiniz ki, Ter-Petrosyan, onu kifayət qədər aqressivlik göstərməməkdə, “kompromisə hazır olmaqda” günahlandıran daşnak müxalifətinin qızğın hücumlarına məruz qalmışdı. Onun vəziyyəti o qədər sabit deyildi ki, sülh üçün hansısa addımlar ata bilsin.

Və mən onu da düşünürəm ki, ola bilsin, Kəlbəcər əməliyyatının bir məqsədi də Ter- Petrosyanın mövqeyini möhkəmləndirmək olub. İndi isə, ola bilsin, – və belə ümid etməyə də əsas var, – artıq heç kimin onu az qala “türklərə satılmaqda” ittiham edə bilməyəcəyi halda, Ter-Petrosyanın əl-qolu açılacaq və onun partiyası EYH-də, eləcə də digər erməni təşkilatlarında, – misal üçün, “Yeni Yol”da,- özünü göstərən realist təmayüllər ekstremist və işğalçı qüvvələr üzərində qələbə çala biləcəkdir.

– Deməli, Siz belə hesab edirsiniz ki, bütün baş verənlərə baxmayaraq, Ermənistan və Azərbaycan sülhə doğru irəliləyir?

Bəli. Düşünürəm ki, bu hərəkət dərin psixoloji əsaslara malikdir. İrrasional, intihar səciyyəli milli nifrət alovu qızışmışdı. Çoxmilyonlu kütlələr küçələrə axmışdı. Ancaq bu durum çox davam edə bilməzdi. İndi bütün bunlar arxada qalıb. İndi ermənilər də əzab-əziyyətlərdən beziblər və çox güman ki, əksəriyyətini bircə şey düşündürür – kaş, müharibə tezliklə qurtaraydı. Əlbəttə, söhbət biabırçı məğlubiyyətdən getmir, ancaq artıq Ermənistanda əksəriyyət sülhə razıdır və çox güman ki, günü-gündən həm bu razılıq, həm də bu əksəriyyət artacaqdır.

Elə bizim Azərbaycanın özündə də bu gün əhval-ruhiyyə dünənkindən fərqlənir. Ola bilsin ki, bizim yorğunluğumuz ermənilərinkindən azdır – necə olsa, bizim ehtiyatlarımız zəngin, iqtisadi vəziyyətimiz yaxşıdır… Ancaq bu yorğunluq günü-gündən bizdə də artır… Sülhə meyl də güclənir.

– Bəlkə, prezidentliyiniz dövründə Azərbaycan da Ermənistana güzəştə getməyə o qədər də hazırlıq göstərməyib? Bəlkə, elə Sizdə də kifayət qədər çeviklik olsaydı, müharibə artıq qurtarardı?

– Bəlkə də. Axı indicə dediyim kimi, biz özümüz də dəyişmişik. Ancaq hər halda, mən belə hesab edirəm ki, bizi günahlandırmazdan, kompromisə lazımi qədər hazırlıqsızlığı bizə irad tutmazdan qabaq, Ermənistan tərəfindən ən asan və təbii addımlar atmağı tələb etmək lazımdır… Axı hələ indiyədək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda Ermənistan Ali Sovetinin qərarı ləğv edilməyib. Həmin qərar haqqında çox az-az xatırlayırlar, ancaq onu ləğv də etmirlər.

Bundan başqa, həmin Ali Sovetin başqa bir qərarı da var. Həmin qərara görəsə, erməni hökumətinin Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğuna razılıq verən hər hansı müqaviləsi, yaxud sənədi qabaqcadan qeyri- qanuni sayılıb.

Göründüyü kimi, belə vəziyyətdə Ermənistanla danışıqlar üçün hər hansı addımlar atmaq çətindir.

– Hər halda, Siz elə bir sulh müqaviləsi təsəvvür edirsinizmi ki, tərəflərdən heç biri üçün alçaldıcı olmasın, heç kəs ozünü məğlub olmuş saymasın? Yaxud sərt bir dilemma mövcuddur: ya Qarabağ Azərbaycanda qalır – Ermənistan məğlubiyyətə uğrayıb alçalır, ya da o, Ermənistana birləşdirilir – Azərbaycan xar olur?

– Ermənilər özləri üçün müəyyənləşdirməlidirlər ki, bu müharibəni nə üçün aparırlar. Əgər onlar Qarabağı Azərbaycandan almaq üçün vuruşurlarsa, Zaqafqaziyada heç vaxt sülh olmayacaq. Bəlkə də qısa bir fasilə yarana bilər, amma sonra müharibə yenə qızışacaq. Biz Qarabağın bizim olmadığını heç cür qəbul eləyə bilmərik. Qarabağın Azərbaycan ərazisi olması – hüquqi faktdır, Azərbaycanın sərhədləri dünya birliyi tərəfindən təsdiq edilib və bizim apardığımız müharibə bu mənada sadəcə Qarabağ uğrunda aparılan savaş deyil, beynəlxalq hüquq, sərhədlərin toxunulmazlığı prinsipinin təsdiqi uğrunda aparılan müharibədir! Azərbaycan dünyanı xaosa doğru aparacaq sərhəd dəyişikliklərinə məruz qalan ilk ölkə olmaq istəmir!

Yox, əgər Ermənistanın məqsədi Qarabağın qopardılması, sonradan birləşdirilməsi (birbaşa və tezliklə olmasa da, bir müddətdən sonra, yəni, Qarabağda Azərbaycandan asılılığı itirmiş müstəqil anklav yaradarq onun Ermənistana “birləşdirilməsi” elan edilsin) deyil, Qarabağ erməniləri üçün normal yaşayış tərzi, vətəndaş və milli hüquqlardan istifadə üçün təminat əldə etməkdirsə, əgər Qarabağın qopardılması – məhz bu cəhdin ekstremist ifadə formasından başqa bir şey deyilsə, onda elə sülh şərtləri işləmək mümkündür ki, ermənilər də, azərbaycanlılar da  özlərini məqsədlərinə çatmış hesab etsinlər. Özü də bu, müvəqqəti deyil, iqtisadi, mədəni və başqa sahələrdə əməkdaşlığımız üçün imkan verəcək daimi sülh şərtləri olar.

Təbii ki, bu, mürəkkəb məsələdir, bunun üçün böyük iş, həqiqi danışıqlar aparılmalıdır. Qarabağın silahsızlaşdırılması həyata keçirilməli, azərbaycanlıları və ermənilərin yaşadığı hər kənddə polis olmalıdır. Qarabağ erməniləri ilə Ermənistan arasında Laçın yolu ilə əlaqəyə hansı şəkildəsə elə nəzarət forması tətbiq edilməlidir ki, o, həqiqətən də, humanitar məqsədlərə xidmət göstərsin.

Sülhməramlı qüvvələr lazımdır, üstəlik, yəqin ki, xarici dövlətlərin müqavilə şərtlərini pozan tərəfə iqtisadi sanksiyaları nəzərdə tutan təminatı da zəruridir.

Burada digər çoxsaylı problemlər də mövcuddur. Ancaq bütün bu problemlər həll olunandır. Və mən düşünürəm ki, bu problemlərin çoxusu sülh prosesi başlanarsa, öz-özünə aradan çıxacaqdır. Çünki indi müharibə inersiyası mövcud olduğu kimi, o vaxt da sülh inersiyası yaranacaq və qorxu da, inamsızlıq da aradan qalxacaqdır. Əksinə, sülh və iqtisadi inteqrasiya – sülh yaranarsa, Azərbaycanla Ermənistan arasında iqtisadi inteqrasiya qaçılmaz olacaqdır, – nəticəsində əldə edilə biləcək mənfəəti itirmək qorxusu meydana çıxacaq.

– Siz deyirsiniz ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək qərarını hələ də ləğv etməyib. Axı siz də DQMV-ni ləğv etdiyiniz qərarı qüvvədə saxlayırsınız.

– Artıq DQMV-ni bərpa etmək mümkün deyil. Bu, spesefik sovet qurumu idi. İndi  vəziyyət özgədir və Qarabağ ermənilərinin milli hüquqlarının təminatı üçün başqa formalar lazımdır. Hansı formalar – bunu artıq ermənilərlə oturub danışmalıyıq.

– Siz  “ermənilərlə danışmalıyıq” deyəndə, Qarabağ ermənilərini nəzərdə tutursunuz?

– Siz, yəqin, başa düşürsünüz ki, Ermənistanın təsdiq etdiyinin əksinə olaraq, Qarabağda yalnız yerli ermənilər vuruşmur. Laçın dəhlizi iləsə yalnız ərzaq dolu maşınlar deyil, tanklar da keçir. Ermənistanın dediyi fiksiyadır -Ermənistanın özü vuruşur. Ancaq biz Qarabağ erməniləri ilə danışıqların əleyhinə deyilik. Lakin biz bu danışıqlarda iki təhlükə görürük. Əvvala, bu danışıqlar Qarabağın Azərbaycandan ayrılmasına apara biləcək ilk hüquqi addıma çevrilməməlidir. Bu, Qarabağın statusu, Qarabağ ermənilərinin Azərbaycandakı hüquqları haqda danışıqlar olmalıdır.

İkincisi, elə bir situasiya yaranmamalıdır ki, müharibənin əsas ağırlığı Azərbaycanın və Ermənistanın üzərinə düşdüyü halda, müharibə başlayandan statusları “yüksəlmiş” olan Qarabağ liderləri, – axı bütün Ermənistan və bütün erməni diasporu onlara baxır, onlar indi az qala “hökumət rəhbərləridir”, buna görə də müharibənin davam etdirilməsi, müəyyən mənada, onlara sərfəlidir, – bütün razılaşmaları pozsunlar.

– Sizcə, sülhün bərqərar olması üçün əsas maneə nədir?

– “Müharibə inersiyası” deyilən bir anlayış var. Müharibəni başa çatdırmaq elə də asan iş deyil. Axı bunu biabırçılıqla bitirmək olmaz, gərək, sonra deyə biləsən ki, bunu boş yerə aparmamısan, bu, mənasız yerə aparılmayıb, xüsusilə də o vaxt ki, müharibəni sən özün başlayasan.

Bundan başqa, müharibə bir çoxları üçün özünə şöhrət qazandırmaq, statusunu yüksəltmək, – elə həmin Qarabağ ermənilərinin liderlərini götürün, sülh şəraitində onlar kim idilər ki, – vasitəsidir.

Digərləri üçün, – istər ermənilər, istər bizimkilər, istərsə də həm onlara, həm də bizə silah satanlar arasında belələri çoxdur, – müharibə varlanmaq mənbəyidir. Axı hər hansı bir hərbi hücum kiməsə külli məbləğdə gəlir gətirir. Olduqca nüfuzlu və müxtəlif qüvvələr üçün Azərbaycan-Ermənistan müharibəsinin sona çatması, balıq tutmaq üçün əlverişli imkan yaradan bulanıq suların durulması deməkdir.

– Siz bu mövzunu ətraflı açıqlamaq istəmirsinizmi?

– Yox, ətraflı açıqlamayacam.

– Rusiyanın sülh prosesində rolunu necə görürsünüz?

– Biz istənilən ölkənin və ya beynəlxalq təşkilatın vasitəçiliyini alqışlayırıq, o cümlədən Rusiyanın. Rusiya ilə mehriban qonşu olmaq istəyirik. İstədiyimiz bir şey var ki, o da asılılığa düşməməkdir. Biz istəmirik ki, müstəqilliyimiz fiksiyaya çevrilsin. Ermənistanda Rusiyanı Zaqafqaziyaya “çəkmək”, onu  “protektora”, yaxud yenidən “böyük qardaşa” çevirmək meyli güclüdür. Bu, ermənilərin ənənəvi roludur, onlar bu rolu oynamağa, az qala, I Pyotrun dövründən başlayıblar.

Ancaq məncə, Rusiya Sovet İttifaqından ona görə imtina etməyib ki, keçmiş sovet respublikalarını yenidən öz təsiri dairəsində saxlamağa can atsın. Elə Ermənistanın özündə də müxtəlif mövqelərə malik qüvvələ var. Müstəqillik ermənilərin də çoxu üçün əzizdir və onlar başa düşürlər ki, bizim, – həm  ermənilərin, həm də azərbaycanlıların, – müstəqilliyi ilə aramızdakı sülhün bərqərar olması bir-birindən ayrılmaz məfhumlardır.

Müharibənin davam etdirilməsi yalnız ağlagəlməz dağıntılar, insanların məhvi və iqtisadi itkilərlə deyil, həm də xalqlarımızın diş və dırnaqla qazandıqları müstəqillik bahasına başa gələ bilər. Əksinə, sülhün əldə edilməsi imperiyanın bərpasına yönəldilmiş bütün cəhdlərə ağır zərbə olar. Və əgər hətta indi Rusiyada ya müxalifətdə olan, yxud da hökümət strukturlarının içində altdan-altdan işləyən imperialist qüvvələr hakimiyyətə gəlsə belə, onlar müharibəsiz, dinc Zaqafqaziyanı – “Qafqaz evi”ni yenidən özlərinə tabe etdirə bilməzlər.

– Mən sizin qəzetlərinizdə Ermənistana kömək etdiyi üçün Türkiyənin kəskin tənqid edildiyinin  şahidiyəm. Siz bu hala necə baxırsınız və ümumiyyətlə, Ermənistanla onun “tarixi düşməni” arasında münasibətlərin yaxşılaşması haqda Sizin rəyiniz necədir?

– Turqut Ozal bir dəfə məndən soruşmuşdu ki, Türkiyənin Ermənistana çörək verməsinə münasibətim necədir?Mən ona cavab vermişdim ki, çörək silah deyil və ac adama çörək verilməməsi günahdır.

Məncə, türklər gələcək tarixi perspektivi düşünərək, doğru hərəkət edirlər. Əgər ermənilər indi təcrid olunmaq qorxusundan, yaxud Qarabağ müharibəsinə görə ozlərinin başlıca “tarixi düşməni” ilə barışırlarsa, bundan faydalanmaq lazımdır, çünki bu müharibə də əvvəl-axır bitəcək, ancaq ermənilərlə türklərin qonşuluğu əbədidir. Və əgər türklərə qarşı erməni nifrəti aradan götürülərsə, bu, bizim regionun sülh şəraitində inkişafı üçün nəhəng əhəmiyyət daşıyacaqdır.

Bununla belə, Qarabağ münaqişəsinə münasibətdə Türkiyənin mövqeyi olduqca sərt və birmənalıdır…

Dmitri Furman,

 “Nezavisimaya qazeta”, 5 may 1993-cü il




Yuxarı Əvvələ Ana Səhifə