XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

17 Yanvar 2021 - 09:30

MƏŞHUR AMERİKALI POLİTOLOQ POL QOBL:"Türkiyə təyyarələri üçün 3 hava bazasının açılması haqda söhbət gedir" - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putin yanvarın 11-də Kremldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı danışıqlar keçirib. Bir sıra ekspertlər Moskva görüşünü Rusiyanın Cənubi Qafqaz regionunda rolunu bir daha təsdiqləmək istəyinin nümayişi olduğunu hesab edir.

ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl “Amerikanın Səsi”nə müsahibədə Moskva görüşünün əhəmiyyəti, Rusiyanın regionda uzunmüddətli hədəfləri, Dağlıq Qarabağ sülh prosesinin gələcəyi və Birləşmiş Ştatların yeni administrasiyasının Cənubi Qafqazda siyasətindən gözləntiləri şərh edib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Rusiya prezidenti Vladimir Putin Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağda altı həftə davam edən hərbi əməliyyatlara son qoyan atəşkəs razılaşmasının əldə edilməsindən iki ay sonra Moskvada Azərbaycan və Ermənistan liderlərini qəbul edib. Putinin Moskvada Azərbaycan və Ermənistan liderləri ilə görüşü Moskvanın bölgədə uzunmüddətli mövcudluğuna sadiq qaldığı, Rusiyanın Cənubi Qafqazda rolunu bir daha təsdiqlədiyini nümayiş etdirən bir addım kimi qiymətləndirilir. Siz bu görüşün əsas məqsədləri barədə nə söyləyə bilərsiniz?

– Bu görüş bir neçə səbəbdən çox vacib idi. Əvvəla, bu, 10 noyabr bəyanatının sülh yolu ilə həll olduğunu düşünənlərin nə qədər səhv olduqlarına dair aydın bir siqnal idi. Hələ həll olunmamış bir çox məsələ var və onların həlli çox uzun vaxt aparacaq.

İkincisi, Moskvanın Cənubi Qafqazda əsas narahatlığının nəqliyyat marşrutlarının açılması olduğunu, Qarabağın statusunun müəyyənləşdirilməsi və ya yerli əhalinin qorunması və ya başqa bir şey deyil, Moskvanın şərqdən qərbə, şimaldan və cənubdan nəqliyyat marşrutlarının blokdan çıxarılması ilə daha çox maraqlandığını aydınlaşdırması vacib idi. Və mesaj aydındır.

Üçüncüsü, bu görüş çox vacibdir, çünki qarşıdan gələn aylarda bir çox məsələləri həll etməli olacaq bir neçə işçi qrupu və alt qruplar yaradılıb.

Bu, təkcə öz-özlüyündə mühüm deyil, həm də Moskvanın ATƏT-in Minsk qrupuna üz tutmadan bu və ya digər şəkildə hərəkət etmək niyyətində olduğuna işarə kimi də vacibdir. Minsk qrupu kənarda qaldı. Putin onu qeyd etsə də, məsələ bundadır ki, bu, Minsk qrupunun vasitəçiliyi ilə əldə edilən bir razılaşma deyil.

Beləliklə də, bütün bunlar Bakının nöqteyi-nəzərindən hadisələrin çox müsbət inkişafıdır.

Ermənistanın nəzərindən isə ermənilərin ən çox istədikləri Qarabağdakı xarici qüvvə tərəfindən ermənilərin qorunması, Artsax rejiminin, bir növ, tanınmasıdır. Onlar buna nail olmadı. Nə də münaqişə nəticəsində məhbusların və ya öldürülənlərin cəsədlərinin mübadiləsində heç bir irəliləyişə nail olmadılar. Bütün bunlar neqativ şeylərdir, xüsusilə də erməni tərəfi üçün neqativdir.

Moskva, ən azından, bu mərhələdə açıq olaraq Azərbaycana tərəf meyl göstərməyə qərar verdi. Bunu deyərək daha iki şeyi xatırlatmağın vacib olduğunu düşünürəm. Birincisi, Bakı və Moskva arasında Rusiya sülhməramlılarının davranışı ilə bağlı gərginlik artır. Onlar bir sıra hallarda təkcə olmamalı olduqları yerdə olduqları üçün deyil, eyni zamanda Arsax rəsmiləri ilə yaxınlaşdıqları və Ermənistan Respublikasından olan ermənilərin Bakıdan heç bir icazə almadan Stepanakertə getmələrinə icazə verdikləri üçün öz səlahiyyətlərini açıq şəkildə aşıb. Bu, beynəlxalq hüququn pozulmasıdır.

Bu, Prezident Əliyev və digər Azərbaycan rəsmiləri tərəfindən sərt reaksiyaya səbəb oldu və Moskva birbaşa cavab vermədi, amma bundan əvvəllər Azərbaycan hərbi qüvvələrinin dediyi kimi səhvən vurulan Rusiya helikopterinin vurulması ilə bağlı mövqeyini dəyişdirdi. Moskva o zaman, göründüyü kimi, bu səbəbi və üzrxahlığı qəbul etmişdi. Hazırda isə Rusiyanın bəzi rəsmiləri Moskvanın helikopterinin vurulmasını qeyri-dost bir hərəkət kimi qəbul etdiyini və bir növ, təzminat almağa çalışmaq istədiyini irəli sürür. Bu səbəbdən də Bakı ilə Moskva arasında gərginlik mövcuddur. Həqiqətən də, görüşdən əvvəl (münasibətlər) olduqca yaxşı idi, amma bu görüş Azərbaycanın xeyri istiqamətində getdi.

Ancaq mənim üçün burada ən vacib olan bu işçi qrupların yaradılmasıdır.

Mən artıq çox uzun müddətdir, hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın yeganə yolu prezidentdən daha aşağı səviyyədə intensiv müzakirələrin aparılmasından ibarətdir. Əgər hər şey prezident səviyyəsinə qaldırılmalıdırsa, siyasi situasiyaya görə, hər şeyin dondurula biləcəyi tendensiyası olacaq. Mövcud bir çox məsələlərlə bağlı danışıqlar aparan çoxlu qrup varsa, həqiqətən də, etibarın yaradılması və addım-addım irəliləyə getmək üçün bir şans var.

Son bir-iki gündə çox vacib olduğunu hesab etdiyim başqa bir şey Türkiyənin açıq şəkildə öz qüvvələrini Azərbaycan ərazisində yerləşdirməyə daha çox hazırlığıdır. Türkiyə təyyarələri üçün üç hava bazasının açılması haqda söhbət gedir. Bu, Cənubi Qafqazda dinamikanı əhəmiyyətli dərəcədə dəyişdirə biləcək bir şey olardı. Bu, hələ baş verməyib, ancaq türkiyəli müşahidəçilərin təkcə Qarabağdan kənarda yerləşdirilməsi deyil, həm də Qarabağda vəziyyəti izləmək üçün Türkiyə əsgərlərinin ruslarla bir balans olaraq Qarabağda faktiki yerləşdirilməsinin mümkünlüyü barədə danışıqlar olub. Moskva bunu istəmir, buna müqavimət göstərmək üçün əlindən gələni edəcək. Amma bunun masa üzərində olması və bunun danışıqların pozulmasına gətirib çıxarmaması, işçi qrupların artıq işlərini yerinə yetirə biləcəyinə dair nikbinliyə əsas verir.

– Danışıqların ardınca Rusiya, Ermənistan və Azərbaycan liderləri avtomobil və dəmir yollarının bərpasına yönəlmiş yeni nəqliyyat infrastrukturunun yaradılması barədə müqavilə imzalayıblar. Bu layihələrin əhəmiyyəti, onların genişləndirilməsi, Türkiyə və İranın iştirakı ilə bağlı perspektivlər haqda nə söyləmək olar?

– İlk növbədə, düşünürəm ki, bərpa olunmalı və ya tikilməli olan bir çox dəmir yolu var. Moskva bunların bir hissəsinin, o cümlədən Rusiya tərəfindən maliyyələşdirilən, Ermənistan Respublikasından İrana Naxçıvan ərazisindən gedən yolun tikilməsində çox maraqlıdır. Prezident Əliyev Bakının bunu Moskva üçün yaxşı bir fikir olduğunu hesab etdiyini vurğulayıb. Yadda saxlamaq lazımdır ki, Ermənistanın dəmir yolu sistemi tamamilə Rusiyaya məxsusdur, əslində Yerevanın nəzarətində deyil, buna görə də bu, Rusiyanın atdığı addımdır.

Hesab edirəm ki, Türkiyə Azərbaycan və Naxçıvan arasında tranzit şəbəkəsinin inkişafında çox maraqlı olacaq. Düşünürəm ki, başqaları da var, çünki bu marşrut ciddi şəkildə inkişaf etdirilsə, Bakı-Ceyhan kəmərini kəsməyə cəhd göstərilməsi riskini azaldacaq.

Bu, Türkiyəni imkanlarını gücləndirəcək. Buna görə Ankaranın böyük bir sponsor olacağını gözləyərdim və düşünürəm ki, digər ölkələr də bunu edə bilər. Avtomobil yolları və dəmir yollarının tikintisi planlarının Azərbaycanın dəstək istəyəcəyi üçüncü bir kateqoriyası da var ki, bu da əvvəllər Qarabağ və ermənilərin nəzarətində olan ərazidə yolların açılması və yeni dəmir yolu xətlərinin çəkilməsidir.

Bakı Şuşaya dəmir yolu xətti açaraq, onu təkcə ölkənin mədəni paytaxtı etmək deyil, həm də regionda Azərbaycanın getdikcə daha çox təsir və nəzarət mərkəzinə çevriləcəyini açıqlayıb. Mən şəxsən Şuşanın inkişafının gələcəkdə baş verəcək hadisələrin əsasını təşkil etdiyinə inanıram, çünki Azərbaycan Şuşa üzərində bu və ya digər şəkildə tam nəzarəti əlində saxladıqca, rusların noyabrın 10-u əldə edilən müqavilədəki razılaşmaları pozması çox çətin, qeyri-mümkün olacaq.

– Rusiya prezidenti bildirib ki, sülh müqaviləsində növbəti addımların müzakirə edilməsinin vaxtıdır. Sülh prosesində sonrakı addımlar nədən ibarət ola bilər?

– Görünür, bu işçi qruplarında müzakirə ediləcək bir çox məsələlər olacaq və şübhəsiz ki, prezidentlər irəli aparmaq üçün bu işçi qruplarında hazırlanan məsələlər arasında seçim edəcəklər. İlk növbədə etimadın artırılması üçün bəzi tədbirlərin görülməli olduğunu düşünürəm. Ölənlərin cəsədləri qaytarılmalı, bütün məhbuslar geri qaytarılmalıdır. Bununla masa üzərindən ən qıcıqlandırıcı bəzi məsələlər götürülür.

İkincisi, hesab edirəm ki, Qarabağa nə qədər sayda erməninin yenidən köçürüləcəyi müzakirə olunmalıdır. Moskva işğal altındakı əraziləri tərk edən ermənilərin Ermənistan Respublikasına getmələrini və indi geri dönmələrini təmin etmək səylərini dəstəkləyir. Bu insanların bəzisi uzun müddətdir ki, Azərbaycanda yaşayırdı. Lakin başqaları 1994-cü ildə erməni işğalı başladıqdan sonra oraya gəlib. Mən Bakının 1994-cü ildə və ya 94-cü ildən sonra köçmüş insanların böyük sayda geri dönməsindən tamamilə məmnun olacağına əmin deyiləm. Bu, etnik dinamikanı və bölgəni dəyişdirir, azərbaycanlı qaçqınlar, məcburi köçkünlər, məcburi köçkünlər ordusunun Azərbaycanın başqa yerlərindən qayıtmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Buna görə bunun böyük bir maneə olacağını düşünürəm.

Fikrimcə, cəsədlərin qaytarılmasından və məhbusların mübadiləsindən sonra müzakirə edilməsi lazım olan məsələ keçən payızda hərbi əməliyyatlardan əvvəlki vəziyyəti yenidən yaratmamaq üçün ermənilərin hansı sayda və şəraitdə Qarabağa qayıdacağına dair bir fikir, bir yol xəritəsi ilə bağlı məsələ olmalıdır.

– Rusiya həmçinin atəşkəs razılaşmalarının icrasının monitorinqi məqsədilə Türkiyə ilə ortaq mərkəzin yaradılması barədə razılıq əldə edib. Türkiyə və Rusiya Dağlıq Qarabağda tərəfdaşlığı hansı səviyyədə davam etdirəcək? Sizin gözləntiləriniz nədən ibarətdir?

– Mən, düzü, “tərəfdaşlıq” sözündən istifadə etmək istəməzdim. Fikrimcə, Moskva bunu istəmirdi, amma Cənubi Qafqazda yeni güc balansı yarandığını və Türkiyənin orada olduğunu etiraf etmək məcburiyyətində qaldı.

Hesab edirəm ki, bu, Rusiyanın son həftələrdə bir neçə şəkildə, göründüyü kimi, müqaviləni pozduğu təqdirdə, Türkiyənin Azərbaycanın dəstəyi ilə cavab verməyə tam hazır olacağına dair çox açıq bir siqnaldır. Bu da Rusiya tərəfindən qanun pozuntularının indiyə qədər olduğundan daha geniş yayılma ehtimalını azaldır. Bu, qarşılıqlı istək əsasında olan bir şey deyil. Cənubi Qafqazda dəyişən güc balansının barometridir. Buna görə də bu monitorinq mərkəzində baş verənlər, onun verdiyi hesabatlar və insanların buna necə reaksiya göstərdiyi bizə gələcəkdə Qarabağ münaqişəsinin həlli prosesində geosiyasətdən nə gözləyə biləcəyimiz barədə çox aydın bir fikir irəli sürməyə imkan verəcək.

– Bir həftədən sonra ABŞ-da yeni administrasiya hakimiyyətə gələcək. Bayden administrasiyasının Cənubi Qafqazda siyasətinin əsas prioritetləri nədən ibarət olacaq? Yeni administrasiyadan və Birləşmiş Ştatlardan hansı səviyyədə diqqət gözləyə bilərik?

– Fikrimcə, Vaşinqtonun bu bölgəyə və bir çox başqalarına yanaşmasında ciddi bir dəyişiklik müşahidə edəcəyik. Birincisi, daha çox cəlb olunduğunu görəcəyimizi düşünürəm. Tramp administrasiyası dünyanın çox hissəsinə əhəmiyyət vermirdi. Hər şey Amerikanın xüsusi iştirakı olmadan baş verirdi. Biz sadəcə olaraq geri çəkildik və xüsusən də qarşı tərəfdə Rusiya Federasiyası olanda heç nə etmədik. Bunun dəyişəcəyini düşünürəm.

Hesab edirəm ki, biz mütləq daha aktiv rol oynayacağıq. Amma bunun reallaşması üçün bir az vaxt lazımdır. Təkcə dövlət katibi deyil, həm də dövlət katibinin köməkçisi, bir neçə yeni səfir və b. olmasına ehtiyac var. İşçi heyətinin təşkili bir neçə ay çəkəcək. Ancaq bu, bir dəyişiklik olacaq, daha çox diqqət veriləcək, daha çox diqqət göstəriləcək.

İkincisi, mən Birləşmiş Ştatların insan hüquqları məsələləri ilə Tramp administrasiyası dövründə olduğundan daha çox məşğul olacağına inanıram.

Düşünürəm ki, insan haqları ilə bağlı narahatlıqlar məsələsinə bir qayıdış görəcəyik. Bu, insan hüquqlarını pozanlar qarşısında problem yarada bilənlər tərəfindən açıq şəkildə istifadə ediləcək. Fikrimcə, Ermənistan hökuməti bu münaqişədə öz mövqeyini insan hüquqları baxımından təqdim etmək və Azərbaycanın öz vətəndaşlarının insan hüquqlarına zəmanət verə bilmədiyini və bu səbəbdən də ermənilər üçün adekvat olmadığını irəli sürmək üçün çox çalışacaq.

Mən bu şəraitdə Bakının azərbaycanlılar və Azərbaycan vətəndaşlığına mənsub olan etnik ermənilərin insan hüquqlarının daha yaxşı qorunmasını təmin etmək üçün keçmiş avtoritar yanaşmalarından uzaqlaşdığına dair bir mesaj göndərməsinin vacib olduğunu düşünürəm. Bu, Bakı üçün ciddi bir problem olacaq. Ancaq mənə elə gəlir ki, Bakıda bunu çox yaxşı bilirlər. Buna görə də mən bunun dialoqda böyük bir dəyişiklik olacağını düşünürəm.

Üçüncü cəhət isə budur: əgər Tramp administrasiyası, ən azından dolayı yolla da olsa, böyük ölkələrin öz nüfuz dairələrinin olduğu, Rusiyanın bir növ postsovet məkanında dominant olmasına icazə verilməsi, Çinin qonşuları üzərində dominant olması və bu kimi fikirləri qəbul edirdisə, Bayden administrasiyası təsir dairələrinə inanmır. Bu da o demək olacaq ki, ABŞ müxtəlif yerlərdə göstərmək istəyəcək ki, heç bir böyük güc sadəcə qonşu olduqları üçün qonşular üzərində dominantlıq etmək hüququna malik olduğunu düşünə bilməz.

Hesab edirəm ki, bu Vaşinqtonu Azərbaycan və Ermənistan adından Tramp administrasiyası dövründə olduğundan daha çox danışmağa hazır edəcək.

Amerikaninsesi.org