XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 15:10

“Niyə vətənimə getməkdən məhrum olmalıyam, kimsə bunu mənə başa sala bilərmi? –Səfir Polad Bülbüloğlu

polad-3

 

Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Ermənistan-Azərbaycan cəhbəsindəki son durumla bağlı Rusiyanın "Dojd” xəbər kanalına müsahibə verib. 

Müsahibənin tam mətnini təqdim edirik:

– Cənab səfir, ötən gecə Dağlıq Qarabağda nə baş verib?

– Bilirsizmi, söhbət bu gecə nəyin baş verməsindən, ya da sabahkı gecə nələrin olacağından getmir. Bu konflikt davam etdikcə hər iki tərəfdən hərbçilər, dinc sakinlər həlak olur, olacaq. Bu münaqişəyə son verməyin zamanı çoxdan çatıb. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə tərəfdardır, ancaq sülh danışıqları nəticə verməsə, biz torpaqlarımızı işğaldan azad etmək üçün güc tətbiq edəcəyik. 21 ildir Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Hansı dövlət, hansı millət bununla barışar? Problemi həll etmək üçün ilkin səbəbi aradan qaldırmaq gərəkdir. İlkin səbəb isə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsidir.

– Bağışlayın sözünüzü kəsirəm.. bəs, kim..

– Sözümü kəsməyin. Mən fikrimi bildirim, sonra siz suallarınızı verərsiniz. BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var, BMT Təhlükəsizliş Şurasının bu haqda qərarı var, Avropa Birliyinin, Avropa Parlamentinin, AŞPA-nın qətnamələri var. Bütün bu sənədlərdə Ermənistandan öz işğalçı ordusunu Azərbaycan torpaqlarından çıxarmaq tələb edilir. Söhbət yalnız Dağlıq Qarabağdan getmir. Məsələ həm də Dağlıq Qarabağın ətrafındakı daha 5 rayondan gedir. Azərbaycan çoxdandır 5 rayonun azad edilməsi və Dağlıq Qarabağın gələcəyi ilə bağlı sülh danışıqları başlanmasını təklifini irəli sürür. Heç kim orada yaşayan erməniləri o torpaqlardan qovmaq fikrində deyil. Ancaq orada azərbaycanlılar da yaşayırdı. Mən özüm qarabağlıyam. Söhbət ondan gedir ki, azərbaycanlılar da öz yurdlarına dönməlidirlər. Bundan sonra hər iki icma bir yerdə yaşamaq üçün dil tapmalıdır. İşğalçı ordu Azərbaycan ərazilərində qaldıqca savaş davam edəcək, heç kim bunu gizlətmir. Bu savaş son erməni əsgəri Azərbaycan ərazisini tərk edənə qədər davam edəcək. Biz bu haqda dəfələrlə ən müxtəlif səviyyələrdə sözümüzü demişik. Cənab prezident də dəfələrlə bildirib, xarici işlər naziri də deyib, mən də böyükelçi olaraq dəfələrlə demişəm, ancaq bizi eşitmirlər. Eşitmədikləri üçün də bu gecəki hadisələr baş verib. Konflikti həll etmək lazımdır. Narahatlıq ifadə etməyiniz çox yaxşıdır. Bizə belə diqqət ayırmağınızı yüksək qiymətləndiririk. Ancaq konflikt bitməlidir. Bir neçə il öncə Soçidə üçtərəfli görüş keçirildi, bir sıra razılaşmalar əldə edildi, ancaq onların heç biri həyata keçirilmədi. Bu yaxınlarda yenə də neçə dinc vətəndaşımız həlak oldu. Bu nə qədər davam edə bilər ki? Hansı dövlət ərazilərinin 20 faiz işğalına göz yumar? Siz özünüzü bizim yerimizə qoyun.

– Cənab səfir, sizdə hansı informasiyalar var: bu dəqiqələrdə hərbi əməliyyatlar davam edirmi?

– Mən Azərbaycanda deyiləm, efirə qədim rus şəhəri Saratovdan qoşulmuşam. Məndə də sizin bildiyiniz rəsmi xəbərlərdir. Bir neçə saat öncə Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb, itkilər haqqında bilgi verib, prosesə Rusiya prezidenti Vladimir Putin qoşulub, Sergey Lavrov Azərbaycan zəng edib, Sergey Şoyqu telefonla danışıb. Ancaq başa düşün ki, bu, problemin həlli deyil. Danışmaq da olar, zəng eləmək də olar, yenə də durumu sakitləşdirmək olar, ancaq 3 gün, 1 həftə, 1 ay sonra, yenə eyni durum yaranacaq. Problemi çözmək lazımdır. Bunun üçün də işğalçı ordunu Dağlıq Qarabağ ətrafındakı 5 rayondan çıxarmaq gərəkdir. Bu olmayana qədər toqquşmalar davam edəcək.

– Rusiya, Birləşmiş Ştatlar, Avropa ilə bu məsələylə bağlı hər hansı təmaslar varmı?

– ATƏT-in Qarabağ konflikti ilə məşğul olan Minsk qrupu var. Onlar Ermənistana, Azərbaycana səfərlər edirlər, 14 ildir ki, danışıqlar aparırlar. Məsələ aydındır – kiminsə başını sığallayıb "uşaqlar, gəlin barışın, sülh yaradın” deməklə, sülh yaranan deyil. Beynəlxalq hüquqa dayanaraq dəqiq ifadə etmək lazımdır ki, hansı ərazi hansı dövlətindir və hansı dövlət o ərazini işğal edib. Bundan sonra isə işğalçıdan işğalı dayandırmaq tələb olunmalıdır. Yalnız ondan uzun müddətdir gözlənilən sülh baş tuta bilər.

– Təşəbbüs kimdən gəlməlidir?

– Bunun üçün Minsk qrupu var. Azərbaycan problemin çözümü üçün digər beynəlxalq qurumlara müraciət edəndə dərhal bildirilir ki, Minsk qrupu var, qoyun onlar həll etsin. Onlar isə həll etmirlər. Minsk qrupu yaranmış durumdan real çıxış göstərmir.

– Necə hesab edirsiniz, genişmiqyaslı hərbi əməliyyatlar başlana bilərmi?

– Mən yetərincə aydın ifadə etdim – işğalçı ordu Azərbaycan torpaqlarından getməyənə qədər heç nəyə təminat vermək mümkün olmayacaq. Biz bütün beynəlxalq qurumlarda işğalçı ordunun Azərbaycandan çıxmasını tələb etmişik. Beynəlxalq hüquqa görə, bu, hər bir dövlətin haqqıdır. Sadəcə xəritəni götürmək və baxmaq lazımdır – kim hansı dövlətin ərazisinə müdaxilə edib. Cənab Bardyuja ötən gecə baş verənlərdən rahatsız olduğunu deyib. O, çox tez-tez İrəvanda olur, qoy, öz kolleqalarına savaşın dayanması üçün hansı addımlar atılmalı olduğunu başa salısın.

– Azərbaycan hakimiyyəti indi aktiv hərbi əməliyyatlara başlamağı planlaşdırırmı?

– Mən Azərbaycan hökuməti adından danışa bilmərəm, yalnız böyükelçi kimi deyə bilərəm ki, biz prosesin dinc yolla həllinə tərəfdarıq. Ancaq bu dinc danışıqlar bilinməyən zamana qədər uzana bilməz. Mənim 71 yaşım var. Ailəm Qarbağdandır. Nəyə görə mən öz vətənimə getmək haqqımdan məhrum olmalıyam? Bunu kimsə mənə başa sala bilərmi? Ona görə ki, kimsə belə istəyir? Bəli, bu gün Azərbaycanın gücü, imkanı çatır ki, dinc yol nəticə verməsə, hərb yolu ilə işğalı durdursun. Savaş arzuedilən deyilsə, Ermənistana öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması üçün basqı göstərilməlidir. Bundan sonra azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda dinc yaşaması məsələsi həllini tapmalıdır. Düstur çox sadədir. Bunun üçün oxuyub, diplom almağa ehtiyac yoxdur.

Korrespondent.Az