XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Aprel 2016 - 11:46

Məşhur Polşa generalı:"NATO-nu möhkəmləndirmək vaxtı çatıb"

 general-polko-1

Polşanın məşhur generalı Roman Polko yerli mətbuata maraqlı müsahibə verib. Həmin müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik:

 

– Şərqi-Mərkəzi Avropaya Amerika zirehli tank briqadası gələcək. Vaşinqton düzgün qərar qəbul edib?  

General Roman Polko: Bu, Polşa və NATO-nun şərq cinahı ölkələrinin perspektivi baxımından çox yaxşı qərardır. Bu, bütün Alyans üçün müsbət qərardır. O, Avropa dövlətlərinə xatırladır ki, əslində, qitəmizdə təhlükəsizliyə görə biz özümüz sorumluyuq. Özümüz elə göstərə bilmərik ki, guya şərq hüdudlarımızda heç nə baş vermir. Təhlükəsizliyimizi möhkəmlətməyimiz lazımdır, güvənməməliyik ki, problemimiz yaranan kimi amerikalılar köməyə gələcək.

– Bu qərar hərbi planda Polşa üçün nəyisə dəyişəcək?

– Çağdaş zirehli tank briqadası böyük zərbə qüvvəsidir. Lakin Avropanın müdafiə qabiliyyətinin biçimlənməyində Birləşmiş Ştatların iştirakının böyük əhəmiyyəti var. Vaşinqton göstərir ki, qitəmizin təhlükəsizliyi onu maraqlandırmaqdadır, Putin Krımdakı kimi burada özünün baş tutmuş fakt siyasətini həyata keçirtməyə başlasa, Polşa, Litva, Latviya və yaxud Estoniya kimi ölkələr taleyin ixtiyarına buraxılmayacaq.

– Müdafiə naziri Maçereviç vurğulayır ki, bu, geopolitik durumumuzda dönüşdür. Siz bu cür fikri bölüşürsünüz?

– Qəti şəkildə bəli. Əminəm ki, məhz nazir Maçereviçin qətiyyəti bu qərarın qəbul edilməsinə səbəb oldu. Bu, şübhəsiz, dönüşdür. Buna qədər ancaq söhbətlər var idi, indi isə konkret addımlar meydana çıxıb. Bu, bir neçə yüz Amerika əsgərinin Polşadan keçib getməyi kimi sadəcə rəmzi addımlar deyil, bölgəmizdə konkret zərbə qüvvəsinin və Amerikanın varlığıdır. Şübhəsiz ki, bu, ABŞ-la münasibətlərimizdə irəliyə doğru mühüm addım və NATO-nun, nəhayət, Şimali Atlantika Müqaviləsinin NATO-ya üzv ölkələrin öz müdafiə qabiliyyətlərini yaratmağa və möhkəmləndirməyə borclu olduğunu bildirən Üçüncü maddəsini həyata keçirə biləcəyini göstərən dəyişiklikdir.

– NATO-nun şərq cinahında Amerika iştirakının möhkəmləndirilməsi haqda qərar artıq qəbul edilibsə, qarşıdakı Varşava sammitindən daha nə gözləmək olar? Polşa bundan sonra NATO kontingentinin bölgədə artırılmasına ümid edə bilərmi?

– Hazırda uyğun logistik bazanın yaradılması ilə məşğul olmaq lazımdır ki, bu zirehli tank briqadasının həm də Polşada fəaliyyət göstərmək imkanı olsun. Bu cür bazanı Baltika ölkələrində yaratmaq istəyinə inamaq mənə çətin görünür. NATO-nun qarşıdakı sammitindən birinci növbədə konkretlik gözləyərdim. Əvvəlki sammitə xüsusən də Pyotr Poroşenko böyük ümidlər bəsləyirdi. Lakin həmin sammit faktlar planında heç nəyi dəyişmədi. Hətta əslində 5000 hərbçidən ibarət təcili reaksiya qüvvələri də yaradılmadı. Avropa ölkələri Rusiyanı qəzəbləndirməməkdən ötrü indiyədək özlərini passiv aparırdı. Onlar özlərini elə göstərirlər ki, nə Moskva ilə problemlər var, nə də İŞİD-lə… Lakin bu problemlər var. Təkcə ABŞ-ın deyil, həm də Avropa dövlətlərinin bir ağızdan dillənmək və NATO-nu möhkəmləndirmək vaxtı çatıb.

– Rusiya təmsilçiləri bildirirlər ki, amerikalıların qərarı Rusiya ilə NATO arasındakı sazişi pozur və təhlükəsizlik sahəsində Rusiya maraqlarına təhdid təşkil edir. Sizcə, Moskvanın əndişəsi haqlıdırmı?

– Bu, ikiüzlülüyün və riyakarlığın zirvəsidir. Rusiya Federasiyası beynəlxalq müqaviləni pozan bir dövlətdir. Məsələn, Krımda. O, həmçinin NATO-nun şərq cinahının yaxınlığında hazırlanan hücumun hədəfi Varşava olan təlim keçirtdi. Rusiya hərbi doktrinasında nüvə silahı tətbiq etmək imkanı var. Və həmin insanlar deyirlər ki, NATO-nun müdafiə qabiliyyətinin möhkəmlənməsi nəsə pis bir işdir və Rusiyanın maraqlarını təhdid edir… Alyansın (yeri  gəlmişkən, gecikmiş) tədbirlərinin əsas  səbəbi Moskvanın gözlənilməzliyi və bütün beynəlxalq müqavilələri pozmağıdır. Bizim davranışımız orta əsrlər cəngavərlərini yada salır: barbarların  qəbul etmədiyi nahar fasiləsi təşkil edirik. Hesab edirəm ki, nəhayət, Rusiyanın fəaliyyətinə ayıq-sayıq yanaşmalıyıq: o, bir çox hallarda İŞİD terrorçularının fəaliyyətindən fərqlənmir. Moskvanın nə tormozu var, nə məhdudluğu, nə də hansısa müqaviləni gözləməyi. Bunu NATO öz müdafiə qabiliyyətini möhkəmlədərkən xatırlayırsa, xalis ikiüzlülükdür.

– Söhbətimizin axırında Polşa hökuməti haqda soruşacağam. Qeyd etdiniz ki, ABŞ-ın qərarı NATO-nun bölgəmizdə iştirakının güclənməsi üzrə Polşa səylərinə təsir göstərə bilər. Yeni rəhbərlik olmasaydı, onda düşünürsünüz ki, bu cür qərar meydana çıxmaya bilərdi?

– Klix və yaxud Semonyak kimi əvvəlki siyasi nəzakət nazirləri arxasında heç nə durmayan, xeyli sürüşkən, yumşaq ifadələr işlədirdilər. Polyaklar Nyuportdakı sammitə hazırlaşmadılar. Heç bir konsepsiyamız yox idi. Buna görə də düşünürəm ki, bəli, müttəfiqlərimiz nəhayət anladılar ki, müdafiə nazirimizin simasında çərin qərarlar qəbul etməyi bacaran tərəfdaş qazanıblar. Nazir Maçereviç birbaşa deyirsə ki, İŞİD-lə mübarizə aparmaq lazımdır və bunun edəcəyik, çünki NATO vahid və güclü olmalıdır – bununla da nümayiş etdirir ki, biz burnumuzun qabağından uzağı görür və Alyansın tələbatını hiss edə bilirik. NATO-nun təkcə şərq cinahında deyil, həm də cənubunda kollektiv müdafiə ilə məşğul olmaq lazımdır. Biz Alyansın ehtiyaclarını hiss etmiriksə və öz işimizi artıq gördüyümüzü deyiriksə, müttəfiqlərimizin Polşanı dəstəkləməyi çətindir. NATO özünün bütün nöqtələrində güclü olmalıdır. Əvvəlki hakim komanda daxili siyasi hədəflərdən çıxış etməklə və “ərəb baharı” və yaxud İŞİD-lə müharibə ilə bağlı beynəlxalq çağırışlara fikir vermədən təhlükəsizlik siyasəti ilə məşğul olurdu.

 

Pavel Xmelevski

fronda.pl (Polşa), 04.04.2016

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə