XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 17:20

“İqtisadiyyatımız Baba Pünhanın dediyi gündədir”

Heydər Oğuz: “Hökumətin sənayeləşmə siyasətində xeyli gec qaldığını düşünürəm”.

“Azad rəqabət olmayan yerdə sənayenin inkişafından danışmaq mümkün deyil”

heyderoguz.jpg

Ədalət Partiyasının sədr müavini Heydər Oğuz əsasən şair-publisist kimliyiylə tanınır. Biz isə onunla Azərbaycanın iqtisadi vəziyyətini müzakirə etdik. Şair gözüylə ölkə iqtisadiyyatının necə göründüyünü öyrənmək istəyirsinizsə, buyurun, onun Strateq.az-a verdiyi müsahibəni oxuyun.

-Heydər bəy, şair-publisistsiniz. Arada siyasi şərhlərlə də çıxış edirsiniz. Bu dəfə isə sizinlə tamam başqa istiqamətdə söhbət aparmaq istərdik. Şair gözüylə ölkə iqtisadiyyatı necə görünür?

-Şair gözüylə iqtisadiyyat görünməz. Görünsə də səhv görünər. Türkiyəli bir şair var, adını, təəssüf ki, unutmuşam. Birinci Dünya savaşı getdiyi bir vaxtda şeir yazmışdı. Məzmunu təxminən belə idi – çanaqqalanın göylərində partlayan mərmilər mənim yarımın təbəssümünə bənzər, torpağa bulaşan qanlar onun yanağı kimidir. Yəni şair gözüylə baxsan, müharibə də, iqtisadi böhran da ayrı cür görünür. Mən də qorxuram ki, iqtisadi mülahizələrim həmin şairin müharibə təsvirinə oxşasın. Odur ki, indidən iqtisadçılarımızdan üzr istəyirəm. O ki qaldı şair gözündə iqtisadiyyatımızın indiki durumuna, Baba Pühhanın sözü olmasın, bunları deyə bilərəm:

İtim, gəl dur önümdə, gəl, başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə

Yəni iqtisadiyyatımız Baba Pünhanın dediyi gündədir.

– Dünyada neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda SOCAR prezidenti Rövnəq Abdullayev rəhbərlik etdiyi şirkətin müaliyyələşdirdiyi heç bir layihənin dayandırılmayacağını bildirib. Sizcə, indiki şəraitdə bu, nə qədər mümkündür?

-SOCAR prezidentinin mövqeyiylə mən də mətbuatdan tanış olmuşam. Doğrusunu desəm, bu fikirləri oxuyanda bir az təəccübləndim. çünki neftin qiymətinin düşməsiylə yaranan maliyyə sıxıntısını hökumətlər “ekonom” vəziyyətə keçməklə azaldırlar. Dövlət Neft Şirkəti əgər həqiqətən də reallaşdırdığı layihələri dayandırmaq fikrində deyilsə, deməli, ya qarşı-qarşıya olduğumuz problemin böyüklüyü dərk olumur, ya da qlobal böhran ölkə iqtisadiyyatına həqiqətən də təsir etməyib. Amma səmimi şəkildə etiraf etmək lazımdırsa, Rövnəq müəllimin dediyi layihələrin reallaşdırılması Azərbaycan iqtisadiyyatının xeyrinə olardı. Zira onun açıqlamasına görə, SOCAR-ın ölkə daxilində maliyyələşdirməyə çalışdığı layihə Neft-Kimya Kompleksinin tikintisidir. ölkə sənayesinin inkişafına yatırılacaq investisyalar sabah Azərbaycan iqtisadiyyatının qarantına çevrilə bilər. Təəssüf ki, dünya bazarında neftin qiymətinin enməsiylə yaranan kritik vəziyyət Azərbaycan hakimiyyətinin sənayeləşmə siyasətini reallaşdırmağa imkan verəcək səviyyədə deyil. Ən azı, onun öz ənənəvi iqtisadi siyasətini dəyişmədiyi halda…

– Niyə elə hesab edirsiniz?

– Bilirsiniz ki, sənayeləşmə proqramını axsamadan yerinə yetirmək üçün xarici kapitala ehtiyac var. Azərbaycana isə xarici kapital əsasən neft ixracatından gəlir. ölkə rəsmilərinin etirafına görə, ixracatımızın hardasa 92%-ini təşkil edən neft və neft məhsullarının qiyməti isə son altı ayda hardasa yarıbayarı ucuzlaşıb. Bu o deməkdir ki, planlaşdırılan layihələrə daha az investisiya qoyula bilər. üstəlik, büdcə gəlirlərində neftin nəzərdə tutulandan daha çox ucuzlaşması ölkədə əlavə problemlər də yaradacaq. Xaricdən gələn kapitalın büdcə açıqlarının doldurulmasına və sosial sahələrə yönləndirilməsi yeganə çıxış yolu ola bilər. Bu da iri layihələrə ayrılan vəsai
ti dayandırmaqla mümkündür. ümumiyyətlə mən hökumətin sənayeləşmə siyasətində xeyli gec qaldığını və bunu yanlış metodlarla həyata keçirdiyini düşünürəm.

– Fikirinizi daha aydın aça bilərsinizmi? Harda gec qalındı və hansı metodlar həyata keçirilməli idi?

-Fikrimcə, Azərbaycan hakimiyyəti bu vaxta qədər dünya bazarında neftin qiymətinin yüksəlməsinə çox arxayın oldu. Hər zaman belə olacağını düşündü. Rahat kapital əldə etməyin gətirdiyi arxayınlıq ölkənin sənayeləşməsini strategiyasını arxa plana atdı. ölkəyə axan neft pulları bahalı beynəlxalq tədbirlərə, xarici yardım kampaniyalarına, paytaxt başda olmaqla bir çox şəhərlərin yenidən tikilməsinə sərf olundu. Sözsüz ki, bütün bunlar ölkəmizin beynəlxalq aləmdə tanıtdırmaq məqsədi daşıyırdı və hardasa başa düşülən idi. Amma mənim fikrimcə, ölkənin prioritet məsələsi onun sənayeləşdirilməsi olmalıydı. ölkədə yeni fabrik və zavodların yaradılmasına önəm verilməli idi. Bununla həm əhalimiz yeni iş yerləriylə təmin oluna bilər, həm qeyri-neft sektoru inkişaf edər, həm də iqtisadiyyatımız böyüyərdi. Bu gün neftin qiymətlərinin ucuzlaşmasıyla ortaya çıxan boşluqlar meydana gəlməzdi. İndiki böhran vəziyyəti yaranmazdı. Nə yazıq ki, hökumət neft pullarından düzgün istifadə olunmadığını gec anladı. İki il bundan əvvəl neft hasilatının azalmasıyla ortaya çıxan acı gerçəklər qeyri-neft sektorunun yaradılması zərurətini yada saldı və hökumət ötən ili sənaye ili elan etdi. ötən ilin axırlarından başlayaraq isə neftin qiyməti aşağı düşdü. Nəticədə təməli atılan bir sıra böyük layihələrin gələcəyi sual altında qaldı. Durumu tündləşdirən əsas məsələ isə sənayələşmə strategiyasının da yanlış həyata keçirilməsi idi. Sirr deyil ki, Azərbaycan siyasi reallığı neft gəlirlərinin əsasən iri məmurların əlində cəmləşməsinə gətirib çıxarıb. Dolayısıyla sənayeləmə strategiyasını həyata keçirmək də onlara həvalə edildi. Bu isə məmurların həm işini xeyli ağırlaşdırır və onların qurulan sənaye obyektlərinə nəzarət imkanlarını daraldır. Nəticədə sovet sistemindəki sənaye təfəkkürü ortaya çıxır. Yəni sənaye müəssisələrini işlədənlər əslində o obyektlərin gerçək sahibləri deyillər. Sadəcə işçiləridir. Bu işçilərin işləyib işləməməsindən asılı olmayaraq eyni maaşı alması və müəssisənin inkişafına can yandırmaması sənayeləşmə potensialına ciddi zərbələr vurur. üstəlik, yaradılan monopoiliyalar eynihədəfli müəssisələrin yaranmasının qarşısını alır. Bu da sənayedə azad rəqabət imkanını daraldır. Azad rəqabət olmayan yerdə isə sənayenin keyfiyyətcə inkişafından danışmaq mümkün deyil.

– Yəni hesab edirsiniz ki, sənayenin inkişafı üçün monopoliyalar aradan qaldırılmalıdır?

-Bəli. Amma məsələ təkcə bununla məhdudlaşmır. Ən böyük problemlərdən biri sənaye müəssisələrinə lazım olandan çox işçi qüvvəsinin cəlb olunmasıdır. Sırf işsizlik ortadan qaldırılsın deyə, bəzən 30 nəfərin işləməli olduğu müəssisəyə 300 işçi alınıb. Nəticədə həm gerçək işçi qüvvəsi layiq olduğu maaşı ala bilmir və onlar öz iş yerlərinə can yandırmır, həm də istehsal olunan malların keyfiyyət aşağı düşür, maya dəyəri artır. Keyfiyyətcə aşağı, qiymətcə baha olan istehsal məhsullarının satılması üçün isə inzibati vasitələrə əl atılır. Məsələn, xaricdən gətirilən malların ölkəyə keçirilməsinə qadağalar qoyulur. Ticarət sektorunda işləyənlər məcburən yerli malları alırlar. Bu da yerli istehsalımızın bu gün xeyrinə olsa da, perspektivdə onun özünü inkişaf etdirməsi zərurətini ortadan qaldırır, dünya bazarında rəqabət imkanını azaldır, yalnız daxili bazara yönəlməsinə yol açır. Daxili bazara yönəlməklə isə ciddi sənaye müəssisəsi yarada bilmərsən. ölkəyə xaricdən kapital çəkə bilmədikdən sonra bu siyasət neft pullarının daha çox təmərküzləşməsinə səbəb ola bilər. Vətəndaşların əlindəki olan-qalan pullar iri məmurların büdcəsində topladıqdan sonra isə həmin sənaye müəssisələri işləyə bilməz hala gələr. Bu isə sənayedə durğunluq yaradar. Böyük layihələrə qoyulmuş kapital, beləcə, israf olunmuş pula çevrilər.

– Sizcə, bu vəziyyətə düşməmək üçün nə edilməlidir?

-Məncə, fikrimcə, Qərb ölkələrində olduğu kimi məmurların iqtisadi fəaliyyəti məhdudlaşdırılmalı idi. Neftdən gələn pullar real iş qurmaq istəyən sahibkarlara uzunmüddətli, faizsiz kreditlər şəkilində verilməliydi. Beləcə, bir zavod yox, eyniməramlı bir neçə müəssisə yaradılmalıydı. Onlar arasında rəqabət istehsalatın keyfiyyətinə müsbət təsir göstərər və sənaye mallarımızın xarici bazarda alıcı tapmaq işini asanlaşdırardı. ölkəyə qeyri-neft sektorundan da xarici kapital gələrdi və iqtisadiyyatımız böyüyərdi. Bütün bunlar üçün isə ən azı on il əvvəldən fəaliyyətə başlanmalıydı. O zaman ki, neft hələ dəyərli idi.

– Sizcə, ölkə iqtisadiyyatını gözlənilən böhrandan xilas etmək heç cür mümkün deyil?

-Təbii ki, mümkün olmayan heç nə yoxdur. Sadəcə müəyyən kompleks tədbirlər görülməlidir. İlk öncə, sahibkarlığın inkişafı üçün maksimum şərait yaradılmalıdır. Məmur özbaşınalığının, korru
psiyanın kökü kəsilməlidir. Dövlət məmurlarının indiyə qədər qazandıqları kapital ağlanmalı, onların əlində cəmləşən sərmayənin iqtisadiyyatımıza yatırılması təmin olunmalıdır. Bunun üçün lazımdırsa, iqtisadi aministiya verilməlidir. Vergilərin nizamlanması və keyfi yoxlamaların dayandırılması istiqamətində düşünülmüş addımlar atılmalıdır. Ən əsası isə həyata keçirilən iqtisadi islahatlarla ölkəmiz investisiya üçün münbit hala gətirilməli, mülkiyyət toxunulmazlığı tam mənasıyla təmin olunmalıdır. ümid edirəm ki, bu cür islahatlar yerinə yetirilsə və xaricdə yaşayan iş adamlarımız üçün ölkəmiz cazibədar görünərsə, Azərbaycan iqtisadiyyatı öz qanını təzələyər və gerçək iqtisadi stabilliyin təməlləri atılar. Bir də unutmadan onu da əlavə etmək istərdim ki, ilin-günün bu vaxtında ölkəmiz beynəlxalq tədbirlərə xərc çəkməkdən qaçınmalıdır. Cibimizdən çıxan hər qəpik ölkəmizin böhran burulğanında daha artıq çabalamasına xidmət edir.

– Doğrudanmı ümid edirsiniz ki, Azərbaycanda münbit şərait yaransa xarici kapital yenidən ölkəyə axa bilər?

-Əlbəttə. Heç uzağa getməyək. Rusiyada nə qədər iş adamlarımız var. Onların əksəriyyəti öz ölkəsində münbit şərait görmədikləri üçün qürbətə üz tutublar. İndi Rusiya bizdən də ağır vəziyyətdədir. Verilən məlumata görə, bir neçə ay ərzində bu ölkədən çıxarılan kapital 150 milyard dollardan artıqdır. Həmin kapital böyük ehtimalla Şərqi Avropa ölkələrinə transfer olunub. çünki Qərbi Avropada oturuşmuş iqtisadiyyat var və yeni gəlmiş xarici kapital onlarla rəqabət apara bilməz. Düşünürəm ki, Azərbaycan lazımi iqtisadi islahatlar aparsaydı, ən azı öz həmyerlilərimizin ümidlə baxdığı məkan halına gələrdi.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə