XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2016 - 21:14

“Rusiya Qarabağ məsələsində “açıq qapı” buraxıb…” –Fazil Mustafadan maraqlı açıqlamalar

fazil-esas

 

Son bir həftə ərzində Qarabağ cəbhəsində yaranan gərginlik, baş verən döyüşlər həm cəmiyyətdə, həm də ictimai-siyasi arenada "müharibə başlandı" ab-havasını yaratdı. Hətta dünya birliyinin də əsas müzakirə mövzusu Qarabağ cəbhəsində baş verən döyüşlər oldu… Hələlik isə döyüşlərə ara verilib, diplomatiya işə düşüb.

Strateq.az xəbər verir kİ, bu və ya digər məsələlərlə bağlı fikirlərini "Reytinq" qəzetinə bölüşən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa son bir həftə ərzində baş verənlərin Azərbaycana özünütəsdiq imkanı verdiyini deyir:

 

– Qarabağ cəbhəsində baş verənlər Azərbaycanın ordu quruculuğu prosesində müəyyən mərhələdən sonra problemlərin həlli istiqamətində hazırlıq səviyyəsini göstərmək baxımından növbəti mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, ermənilərin uzun müddət de-yure tanıda bilmədiyi ərazinin müəyyən dərəcədə qorumaq baxımından da əvvəlki gücə sahib olmadığını nümayiş etdirir. Bunlar əsasən onun üzərində qurulur ki, artıq Azərbaycanda yeni bir nəsil Qarabağın qaytarılması istiqamətində ən kəskin mübarizəyə hazır vəziyyətdədir.

İctimai əhval-ruhiyyə də buna yönləndirilmişdi. Hakimiyyət də bu faktorları nəzərə alaraq, erməni təxribatının qarşısını almaq üçün konkret hücum taktikası seçərək müəyyən ərazilərin işğaldan azad edilməsi istiqamətində addımlar atdı. İlkin qiymətləndirmədə baş verən budur.

– Bəs, Azərbaycan bu prosesdə nə qazandı, yaxud nəyi sübuta yetirmiş oldu?

– Azərbaycan kiçik bir zamanda da olsa, müəyyən məsələlərdə müstəqil addım ata biləcəyini və Qarabağ məsələsinin həllində bizim əvəzimizə başqalarının ermənilərin xeyrinə hansısa addım atacağına göz yummayacağını bəyan etmiş oldu. Yəni, üç gün ərzində də olsa, göstərdi ki, Qarabağın itirilməsi ilə bağlı hansısa hərəkətlənmə olacaqsa, ona qarşı ciddi dirəniş göstərəcəyik.

Düzdür, sonradan Rusiyanın müdaxiləsi ilə bu proses dayandı. Amma Rusiya məsələsi belə, Azərbaycan üçün ciddi əhəmiyyət daşımadı. Rusiyanın iradəsinə rəğmən, Azərbaycan öz müstəqil addımını atmağa qadir olduğunu göstərə bildi.

– Qarabağ cəbhəsində gərginlik artandan sonra beynəlxalq aləmin diqqəti bu istiqamətə yönəldi. Müxtəlif bəyanatlar, təkliflər səsləndi. Son bir həftədə baş verənlər diplomatiya cəbhəsində nələri dəyişdi?

– Əvvəla bu proses Qarabağ məsələsinin beynəlxalq arenada yenidən gündəmə gətirilməsinə səbəb oldu və atəşkəsin çözüm yolu olmadığını göstərdi. Çünki illərdir hamıda bu fikir var ki, atəşkəs rejimi olduğuna görə vəziyyətin müəyyən dərəcədə nəzarətdən çıxması gözlənilən deyil. Amma Azərbaycan son addımları ilə göstərdi ki, vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər və nə qədər vaxt keçməsinə baxmayaraq, heç bir halda torpaqların işğalı ilə razılaşmayacaq.

Dünya ölkələrindən diplomatik mənada verilən mesajlarda da Azərbaycanı qınayıcı xüsusi bir mesaja rast gəlinmədi. Çünki heç kim Azərbaycana "Öz ərazini niyə işğaldan azad edirsən",- sualını verə bilməz.

Sadəcə, dedilər ki, insan itkiləri olur, atəşkəsə əməl etmək lazımdır. Amma konkret olaraq, əvvəlki illərdə olduğu kimi, Azərbaycanın ittiham olunmasının şahidi olmadıq. Bu, o deməkdir ki, hər kəsin şüuru altında yatır ki, torpaqları işğal olunubsa, Azərbaycanın buna haqqı var. Amma bunu etməyin doğru olub-olmadığını müzakirə edirlər ki, atəşkəs olsa, məsələ sülh yolu ilə həll olunsa, daha yaxşı olar. Bunun alternativi olan ermənilərin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxma tələbini ortaya qoymurlarsa, onda məsələ bir az mürəkkəbləşir. Ona görə də Azərbaycan bu haqqa sahib olduğunu diplomatik vasitələrlə daha da inkişaf etdirərək, göstərəcək. Bunu göstərmək də problemin Azərbaycan üçün nə qədər aktual olduğunu və vəziyyətin belə davam etməyəcəyini arqumentləşdirmək imkanı yaradacaq.

– Ancaq Rusiya yenə də ənənəvi mövqeyini qoruyub saxladı. Bu prosesdə Rusiyanın Azərbaycanla bağlı yanaşmasını necə qiymətləndirirsiniz?

– Təbii ki, Rusiyanın mövqeyi həmişəki kimi, Ermənistandan yana oldu. Burada hər hansı yenilik, sürpriz yox idi. Amma açıq qeyd olunmalıdır ki, budəfəki prosesdə Rusiya Azərbaycana qarşı da təhdidedici üslubda heç bir ifadə işlətmədi. İlk dəfəydi ki, belə bir məqam diqqəti çəkirdi. Sanki neytrallığı qorumaq adına imitasiya göstərdi.

Faktiki olaraq, Ermənistanı dəstəkləmələri sirr deyil, bunu açıq şəkildə də ifadə edirlər. Ancaq Rusiyadan bu məsələyə görə Azərbaycanı qınadığı üslubda açıqlama gəlmədi. Hər halda, bu da yeni bir situasiyadır. O baxımdan da, Rusiyanın bu məsələdə "açıq qapı" buraxdığını düşünürəm. Yəni, Azərbaycan müəyyən məsələlərlə bağlı, xüsusən də ermənipərəst siyasətinin dəyişməsi istiqamətində ümidverici mesajların olduğunu hiss elədi. Ona görə də, bu istiqamətdə daha intensiv işləmək məqəsdəuyğundur.

– Konkret təklifiniz nədən ibarətdir? Rusiyanın iradəsindən kənar nəsə etmək mümkündürmü?

– Təbii ki, Rusiyanın Qarabağ münaqişəsinə təsir edə biləcək rıçaqları yetərincədir. Qafqazda Rusiyanın təsir imkanının böyük olduğunu heç kim danmır. Amma buna baxmayaraq, biz elə bir siyasət aparmalıyıq ki, problemin həll yolu Rusiyanın inhisarından çıxsın. Çünki Rusiya və Lavrovun ermənipərəst mövqeyi hamıya məlumdur. Hesab edirəm ki, prosesə beynəlxalq güclər də qoşulmalıdır.

Rusiyanın Qarabağ münaqişəsində mövqeyinin güclü olması Ermənistanın xeyrinə işləyən amillərdən biridir. Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür. Rusiya müqavilələr əsasında Ermənistana silah satır, hətta bu silahları ermənilərə pulsuz verir. Ona görə də bizim bu məsələlərdə problemlərimiz daha çox ola bilər. Hesab edirəm ki, ölkə prezidentinin apardığı siyasətə uyğun olaraq, bu məsələlər analiz olunacaq.

Biz birtərəfli olaraq Rusiya yolunu tutmamalıyıq. Çünki bu yol Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Ona görə də bütün mümkün variantlar üzərində çalışmaq lazımdır.

– Fazil bəy, son bir həftə ərzində Türkiyədən Azərbaycana ciddi dəstək gəldi. İstər baş nazir, istərsə də prezident səviyyəsində Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Eyni zamanda, rəsmi səviyyədə o bəyanat da səsləndi ki, Qarabağda baş verənlər Türkiyə-Rusiya gərginliyinin yeni biri cəbhəsidir. Bu barədə nə deyə bilərsiniz?

– Bu fikirlər gerçəkliyi əks etdirmir. Çünki Türkiyə-Rusiya savaşı daha çox NATO kontekstində baş verən prosesdir. NATO ilə Rusiya qarşıdurması fonunda Türkiyənin Rusiyanın sərhəd pozuntusuna qarşı daha qabarıq şəkildə atdığı addımlardan doğmuşdu. Qafqaz regionunda isə kontrol tamamilə Rusiyanın əlindədir. Ona görə də burada hər hansı şəkildə müşahidə hiss olunmur. Bu mənada Türkiyənin mənəvi dəstəyi Azərbaycan üçün yetərli idi. Azərbaycan Türkiyəni bu prosesə qoşmağa çox da maraqlı deyil. Çünki Türkiyənin özü kifayət qədər gərginliklər yaşayır, ciddi təzyiq altındadır. Amma bu qarşılıqlı mesajlaşma, qardaşlıq duyğularını ifadə eləmək, indiki məqamda cəmiyyətimiz üçün olduqca vacibdir və yerində olan addımdır.

– Bu arada Türkiyə, eləcə də Pakistan Azərbaycana lazımi dəstək verəcəklərini bəyan etdilər. Necə düşünürsünüz, real situasiya yaranarsa, kənardan dəstək ala biləcəyik?

– Belə məsələlərdə vəziyyət başqa cürdür. Ermənistanla münaqişə zamanı hansısa dövlətin açıq şəkildə müdaxilə etmək imkanları məhduddur. Bir Naxçıvanda hərbi əməliyyatlar olarsa, Türkiyə müdaxilə edə bilər. Çünki belə bir müqavilə var ki, Türkiyə orda fəal hərbi əməliyyatlara qoşula bilər. Əgər Naxçıvanın taleyi ilə bağlı məsələ gündəmə gələrsə, tərəddüd olmayacaq. Çünki bu, Türkiyənin sərhədlərini təhlükə altına qoyan məsələdir.

Qarabağla bağlı məsələdə bir az fərqli situasiya var. İstər Türkiyə, istərsə də Paksitanın dəstək verməsi açıq formada olmaya bilər. Yəqin ki, real şərait yaranarsa, mənəvi dəstəklə kifayətlənməyəcəklər. Bu dəstək hərbi-texniki cəhətdən də ortaya çıxa bilər.

– Fazil bəy, diqqətçəkən məqamlardan biri də o oldu ki, bütün proseslərdə hakimiyyətin əleyhinə mövqe sərgiləyən müxalifət düşərgəsi də ümumi əhval-ruhiyyəyə qoşularaq vahid mövqedən çıxış elədi. Siyasi düşərgənin bu münasibətini necə qiymətləndirdiniz?

– Açığı, bu prosesdə AXCP-nin tutduğu mövqeyi səmimi hesab etmirəm. Sadəcə, qorxudan belə bir mövqe ifadə elədilər ki, sonra qınağa tuş gəlməsinlər. İndiyə qədərki davranışları bu səmimiyyətə inanmağa əsas vermir. Amma cəmiyyətin digər qütblərində olan insanlar bu düşüncəni yaşayırlar ki, kim alır-alsın, amma Qarabağın işğaldan azad olunması təmin edilsin. Bu, bir milli duyğudur. Ona görə də bu məsələdə hakimiyyətə müxalifətçilik eləmək ən azı siyasi səviyyəsizlikdir, öz ölkəsini sevməməkdir.

Təbii ki, ordu quruculuğu ilə bağlı müəyyən nöqsanları dilə gətirmək, korrupsiya, ölkənin idarə olunması ilə bağlı məsələlərdə müxalifətçilik eləmək olar. Amma Qarabağın azad olunması məsələsində ədalətli və obyektiv olmaq lazımdır. Hər kəs özünü o yerə qoymalıdır ki, mən bu gün müxalifətdəyəm, sabah hakimiyyətdə ola bilərəm və bu yolla torpağı azad etməliyəm, başqa çıxış yolum yoxdur. Ona görə də Qarabağı kimin azad eləməsi əhəmiyyət daşımamalıdır.

Bu baxımdan, sevindirici haldır ki, AXCP-nin səmimiyyətsiz şəkildə də olsa, prosesə qoşulması müsbət haldır. Mən, hər halda bunu təqdir edirəm. Bu məsələdə ən azı xaric səslərin çıxmaması, hamının eyni musiqi sədaları altında, eyni duyğu ilə bir araya gəlməsi müsbət haldır.

– Cəmiyyətdə o fikirlər də səsləndi ki, Qarabağ cəbhəsində başlanan hücum taktikası daha irəli getməli idi. Yəni, bəzi dairələr iddia edirdilər ki, daha geniş həmlələr edərək cəbhə xəttində irəliləmək üçün münbit şərait yaranıb. Sizcə, nə qədər irəli getmək mümkün idi?

– Cəmiyyəti maksimalist əhval-ruhiyyə ilə müharibəyə yönləndirməyin müəyyən təhlükəsi var. Yəni, insanlar bəlkə də elə bilirlər ki, müharibə yalnız ordunun gücü ilə aparılır. Amma unutmaq lazım deyil ki, müharibə həm də diplomatiyanın gücü ilə davam edir. Eyni zamanda, müharibə bölgədə marağı olan ayrı-ayrı güclərin müqavimətinin sındırılması fonunda aparılır.

Bizim bu müharibəni 3-4 gündən artıq davam etdirməyimiz o vaxt mümkün olardı ki, ABŞ-ın, Fransanın, Rusiyanın siyasətinin dəyişməsinə nail olardıq. Bu gün ermənilərə dəstək verən bu üç ölkənin siyasətində dəyişiklik edə biləcək gücə sahib deyilik, indiyə qədər də bunu edə bilməmişik. Bu fonda sadəcə, ordu ilə uzun müddət müharibə aparmaq imkanımız yoxdur. Bu şəkildə davam edəriksə, bizi hardasa durduracaqlar.

Diqqət elədinizsə, üç gündən sonra Putin zəng elədi ki, müharibəni dayandırın. Əgər müharibəni dayandırmayacaqdınsa, ardınca Amerikadan və digər dövlətlərdən təzyiqlər başlayacaqdı.

Ona görə də bu cür şəraitdə, qısa döyüşlərdə nələrinsə edilməsi daha məqsədəuyğundur. Yəni, torpaqlarımızı addım-addım işğaldan azad etməkdən başqa seçənəyimiz yoxdur. Çünki uzunmüddətli müharibə aparmaq imkanı ən azı beynəlxalq güclər tərəfdən bizə verilməyəcək.

– Bu yolla biz neçə əsrə torpaqlarımızı tamamilə işğaldan azad edəcəyik?

– Dünya düzəni belədir. Yaxın Şərqdə İsraildən başqa hansısa bir ölkə müharibə elan edə bilirmi? Bu şansın tanınmasından çox şey asılıdır. Azərbaycan kimi bir ölkənin belə məsələdə müstəqil addım atmaq imkanları çox da geniş deyil. Ona görə də qısa müddətdə müəyyən məsələlərin həlli istiqamətində daha çevik nəticələr əldə etməyə indeksləşməliyik. Başqa yolumuz yoxdur.

"Reytinq" qəzeti