XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 10:00

Deputat Vahid Əhmədov: “Yanğına səbəb monopoliyadır”

vahid ehmedov.jpg

II Dünya Müharibəsindən sonra dağılmış Avropanın iqtisadiyyatını bərpa etmək və dirçəltmək üçün ABŞ-ın sabiq dövlət katibi və müdafiə naziri olmuş Corc Ketlet Marşallın adı ilə bağlanan “Marşall Planı”nda ilk yeri inhisarçılığın ləğvi tələbi tuturdu. Və həyat göstərdi ki, Marşallın inhisarçılığın aradan qaldırılması ilə başlanan tədbirlər planı Almaniya və İtaliyanın əvvəlki əzəmətini yenidən özünə qaytarmaqda nə dərəcədə önəmli rol oynadı…

Strateq.az-ın “Persona-qrata” rubrikasının budəfəki qonağı – peşəkarlığına, ağlına, savadına və təcrübəsinə görə ölkənin ən yaxşı iqtisadçılarından biri kimi qəbul edilən deputat Vahid Əhmədovla söhbətimiz zamanı, biz bir daha əmin olduq ki, monopoliya – inhisarçılıq bir ölkənin inkişafı üçün nə dərəcədə böyük maneə, həm də təhlükəymiş…

Sual: – Vahid müəllim, ölkə iqtisadiyyatında baş verən proseslər artıq bütün digər hadisələri arxa plana keçirib. İndi, az qala, hər kəsi ölkənin iqtisadi sektorunun gələcək aqibəti maraqlandırır. İstərdik, Sizin də Azərbaycan iqtisadiyyatının bugünkü durumuyla bağlı fikirlərinizi öyrənək…

– ölkə iqtisadiyyatının bugünkü durumunu qiymətləndirmək üçün bir qədər keçmişə qayıtmaq, müqayisəli təhlilini aparmaq gərəkdir. çünki müstəqil Azərbaycanın iqtisadiyyatı bir neçə mərhələdən keçib və hər mərhələnin də özünəməxsus inkişaf yolu olub. Məsələn, 1991-ci ildən 2000-ci ilədək ölkədə iqtisadi durum çox ağır olub. Düzdür, ölkənin iqtisadi inkişafına 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” çox böyük təkan verdi və bu müqavilə, faktik olaraq, Azərbaycana öz müstəqilliyini qoruyub saxlamaqda böyük imkanlar açdı: dünyada siyasəti idarə edən, inqilablar, çevrilişlər həyata keçirmək gücünə sahib iri transmilli şirkətlər Azərbaycana daxil oldular və ölkəyə investisiya yatırmağa başladılar. Belə şirkətlərin öz investisiyalarını qorumaq xətrinə Azərbaycanda sabitlikdə maraqlı olmaları dövlət çevrilişlərinin, təxribatların qarşısının alınmasında işimizə xeyli yaradı. Buna baxmayaraq, 1991-2000-ci il aralığı Azərbaycanın iqtisadi-siyasi sistemində xaos dövrü sayılır və o müddət ərzində baş verənlər unudulmadığından, indi bir-bir təkrar sadalamaq istəmirəm. 2000-ci ildən – “Əsrin müqaviləsi”ndən gələn vəsait ölkəyə daxil olandan sonra isə, iqtisadi-siyasi həyatda yeni bir mərhələ başladı. Əgər 90-cı illərdə ölkəmizin üDM-i, haradasa, 100 milyon manata yaxın idisə, sonradan bu rəqəm 1 milyarda yaxınlaşdı. Son 15 ilsə Azərbaycanda iqtisadi dirçəlişin və siyasi dayanıqlığın möhkəmləndiyi mərhələ sayılır. 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsiylə bu mərhələnin özündə belə, strategiya dəyişikliyi baş verdi. Yəni, dövlətin əsas diqqəti, ağırlıq daha çox iqtisadiyyata yönəldildi. Bir sıra dövlət proqramları işlənib hazırlandı. Əgər əvvəllər büdcənin cəmi 10-12 faizi proqramlar əsasında tərtib edilirdisə, hal-hazırda büdcənin 50 faizə yaxını dövlət proqramları əsasında hazırlanır. Bu, büdcə üçün çox önəmli məsələdir. Dünyada büdcədə pozuntuların, korrupsiya və rüşvətin olmaması üçün onu daha çox proqramlara uyğun olaraq tərtib edirlər. Bununla da büdcə pulunun hansı istiqamətə sərf olunduğu bilinir.

Azərbaycan neft ölkəsidir, bunu unutmaq lazım deyil. Büdcəmiz, sosial vəziyyət, insanların həyat şəraitinin hamısı neftdən asılıdır. İstəsək də, istəməsək də bu belədir. Vaxt vardı, Azərbaycana investisiya cəlb etmək çox çətin idi. Hətta 2000-ci illərin əvvələrində belə, ölkəyə heç kəs investisiya yatırmaq istəmirdi. Yalnız “Əsrin müqaviləsi”nə müəyyən vəsait qoyulurdu. O zaman ölkəyə qoyulan investisiyanın 80 faizi xarici, 20 faizi isə daxili investorların idi. Ancaq indi vəziyyət xeyli dəyişib. 2014-cü ilin hesabatına görə, ölkəyə qoyulan xarici investisiyanın həcmi 20 faiz, daxili investisiya isə 80 faizdir. Artıq Azərbaycan özü xaricə investisiya yatıran dövlətə çevrilib.

Dövlətin investisya siyasətində isə bir məqsəd olub: ölkədə infrastruktur layihələrini həyata keçirmək. Əgər Azərbaycanın ciddi bir dövlət kimi dünyada tanınmağını istəyiriksə, o zaman bir sıra vacib məsələlər həll edilməliydi: ölkəyə gələn hər bir xarici inverstor görməliydi ki, burada su, qaz, işıq, yol problemi yoxdur. Əgər bu problemlər hansı dövlətdə varsa, o zaman əcnəbi maliyyə sahibləri həmin ölkəyə heç vaxt sərmayə yatırmırlar. Ona görə də bizdə xüsusən son 10 il ərzində əsas diqqət məhz bu sahələrə yönəldildi. İndi sadaladığım məsələlərlə bağlı problem yoxdur. Demək olar, işin 80 faizi həll olunub…

Sual: – Düzdür, son 15 ildə insanlar iqtisadi və maliyyə sabitliyinə, bir növ, vərdiş etmişdilər. Ancaq bu ilin fevralından bu yana həmin sabit əhval-ruhiyyə artıq dəyişməkdədir. Neftin qiymətinin düşməsi və məlum devalvasiya prosesi artıq hamının həyatından keçən önəmli bir məsələ oldu…

– Açığı, deyim ki, Milli Məclisdə mən və həmkarım Əli Məsimli hələ 3-4 il əvvəl neftin qiyməti ilə bağlı müəyyən proqnozlar vermişdik. Demişdik ki, neft daimi deyil, istehsal 2012-ci ildən bəri azalmağa başlayıb, ona görə də buna hazır olmaq lazımdır, biz, haradasa, 2020-ci ildə ciddi problemlərlə üzləşə bilərik. Odur ki, qeyri-neft sektorunun inkişafına diqqət yetirmək lazımdır. Azərbaycan prezidenti də hökümətin qarşısına iki məsələ qoymuşdu: birincisi, qeyri-neft sektorunun inkişafı, ikincisi, ölkədə ərzaq təhlükəsizliyinin təmini. Bu, ölkə üçün çox vacib məsələlərdir. Təəssüf ki, biz hələlik bu iki məsələni həll edə bilməmişik. Düzdür, ölkədə qeyri-neft sektorunun inkişafında müəyyən irəliləmələr var. üDM-də qeyri-neft sektoru 30-31 faiz yer tutur. 2014-cü ildə bu, 61 faiz olub. Amma bu sektordan büdcəyə daxilolmalar çox aşağıdır. İndi qeyri-neft sektorunun strukturuna baxmaq lazımdır. Niyə 60 faizi əhatə edən bu sektordan, vergilər də daxil olmaqla, gələn daxilolmalar cəmi 16 faizdir?

Sual: – Sizcə, niyə?

– Burada problemlər var. İndi prezident bu məsələ ilə bağlı çox prinsipial mövqe ortaya qoyub. Neftin qiymətinin düşdüyü məqamda bu sektorun inkişafı çox mühüm əhəmiyyət daşıyır. Məsələn, 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollar götürüləndə, mən etiraz etmişdim. Demişdim ki, bu məbləği götürmək olmaz, çünki neftin qiymətinin düşməsi ehtimalı var. Biz dünyada gedən prosesləri izləyirdik. İndiki qiymətlər – bir barrel üçün 60-65 dollar dəyişməyəcək və hətta ola bilsin, bir qədər də düşsün. Qarşıdakı ayda İranla “6-lıq” ölkələrinin razılaşması imzalanmalıdır. Bundan sonra İran kimi neftlə zəngin bir ölkə dünya bazarına çıxacaq. Büdcəmiz neftdən asılı olduğundan, qiymətin düşməsi bizdə problemlər əmələ gətirə bilər. Düzdür, 2015-ci ilin büdcəsində neftdən asılılıq cəmi 11 faiz göstərilib, ancaq axı biz neftdən gələn pulu Dövlət Neft Fonduna yığırıq, oradan da büdcəyə transfer edirik. Məslən, 2015-ci ildə, təxminən, 10,5 milyard manat transfer nəzərdə tutulub. Ona görə də neftin qiymətinin aşa
ğı olması müəyyən qədər ölkə iqtisadiyyatına zərər vura bilər…

Sual: – 21 fevralda baş verən devalvasiya banklar üçün də, vətəndaşlar üçün də ciddi problemlər yaradıb. Bu proses zəruri idimi? Sizcə, 34 faizlik devalvasiyanı şərtləndirən iqtisadi amillər nə idi?

– Bəli, ölkə bu ilin fevralından devalvasiya ilə bağlı müəyyən problemlər yaşayır. Bu gün də bank sektorunun problemləri qalmaqdadır. Banka borclu insanların sayı çoxdur. Qaytarılmayan kreditlərin məbləğı 1 milyard 200 milyon manat civarındadır. Biz bunun da proqnozunu vermişdik. Milli Məclisdə bir neçə dəfə təkliflər verdik ki, bank faizləri çox yüksəkdir. Ancaq bu faizlər aşağı salınmadı. Bu yüksək faizlər də ölkə iqtisadiyyatına mənfi təsirini göstərdi.

Devalvasiya prosesi çoxdan getməliydi, bunu 2013-cü ildən etmək lazım idi. Biz “şok terapiya”nın deyil, “yumşaq devalvasiya”nın tərəfdarı olmuşuq. Bu gün deyirlər ki, “manat artıq oturuşub”. Mən bu fikirlə qətiyyən razı deyiləm, manat hələ də oturuşmayıb. Hələ də manata Mərkəzi Bank tərəfindən köməklik olunur. “Yumşaq devalvasiya” eləmək lazım idi. Əgər ildə 5 qəpik, 10 qəpik artırılsaydı, heç nə olmayacaqdı. Bu qayda ilə 2015-ə qədər gəlib çıxsaydıq, 1 manat – 1 dollar səviyyəsi ilə belə ciddi rezonans, ajiotaj da yaranmayacaqdı, insanlar da əziyyət çəkməyəcəkdilər.

İndi də öz fikrimdə qalıram: gez-tez, əgər neftin qiyməti aşağı düşərsə, yeni devalvasiya labüddür. Ona görə də gözləmək lazım deyil və yavaş-yavaş devalvasiyanı aparmaq lazımdır. Manat gəlib bazar qiymətini almalıdır. Rusiyada devalvasiyada nə oldu? Hətta bir gecədə dollar 150 rubla gəlib çatmışdı. İndi də rublu saxlayırlar. Bugünkü məzənnə rublun həqiqi qiyməti deyil. Rusiya dövləti müəyyən qədər maliyə bazarına müdaxilə edir. Rusiyanın ehtiyatı 500 milyarddan yuxarıydı, indi 300 milyradı qalıb. 200 milyrad dollar bu ucuzlaşmaya qurban getdi. Bu, uzun müddət belə gedə bilməz. Rusiya da, biz də neftdən asılı dövlətlərik. Hamı başa düşməlidir ki, bu belədir. Yəni, nə Rusiya, nə də Azərbaycan qeyri-neft sektorunu yüksək səviyyədə qura bilməyib. Mən Mərkəzi Bankın rəhbərliyinə də demişəm: yavaş-yavaş devalvasiyanı aparmaq lazımdır. 2-3 qəpiklə dünya dağılmayacaq. Dövlətin ehtiyatının hamısını xərcləmək olmaz. Son 3-4 ayda Mərkəzi Bankın ehtiyatları 15 mliyarddan, təqribən, 9 milyard manata düşüb…

Sual: – Bu qədər maliyyə itkisi bizi hara aparır? Hesab edirsinizmi ki, bu proses hətta ictimai-siyasi sabitliyin pozulması və ölkənin müstəqilliyi üçün də təhdidlər yaradır?

– Azərbaycan iqtisadiyyatı üçün ən önəmli məsələnin TANAP-TAP layihəsi olduğunu hesab edirəm. Bu layihə bizim üçün çöx mühümdür. Məsələ onun maddi tərəfində deyil. Məsələ TANAP-ın Azərbaycanın müstəqilliyi üçün qarant olmasındadır. Bu layihədə iştirak edəcək dövlətlər çalışacaqlar ki, ölkədə həmişə sabit vəziyyət olsun, xarici müdaxilə olmasın. Cənab prezident bu günlərdə dedi ki, layihəyə mane olmaq istəyənlər çoxdur. Mən sizə açıq deyim: qazın ixracı məsələsi gündəmə gələndə prezident dedi ki, qazı kim bizdən yüksək qiymətə alacaqsa, ona verəcəyik. Rusiya istəyirdi ki, bu qaz onun ərazisi ilə ixrac olunsun. çox gəlib-getdilər, amma müqavilə imzalanmadı. Azərbaycan Avropaya interqrasiya edən bir dövlətdir. Bu, Azərbaycanın strateji yoludur. Kimsə bu gün başqa cür fikirləşə bilər, ola bilsin, Azərbaycanda Rusiyameyilli qüvvələr olsun, ancaq ölkənin strateji maraqları, xarici siyasət vektorları mübahisələndirilə bilməz.

Rusiya bizim qonşu dövlətdir və onun zəif olmasını heç kim istəmir. Bizimlə yaxşı siyasi və iqtisadi əlaqələri var. Ancaq Rusiya Azərbaycana müstəqil dövlət kimi baxmalıdır. Köhnə imperiya siyasətindən əl çəkməlidir. O vaxt artıq keçib gedib. Kimsə fikirləşirsə ki, bu, geri qayıdacaq, utopiyaya qapılır. Ona görə də TANAP layihəsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

O ki qaldı ictimai-siyasi vəziyyətə, Azərbaycan stabil dövlətdir. Daxildə müəyyən problemlər, xaricdən sabitliyi pozamq istəyən müəyyən qüvvələr ola bilər. Amma Azərbaycan artıq ayaq üstə durmuş və söz yiyəsi olan ölkədir. Fikir verin, regionla bağlı heç bir layihə Azərbaycansız həyata keçirilmir. Cənubi Qafqazın üDM-nin 70 faizini təkcə Azərbaycan istehsal edir. Azərbaycan dünya üçün açıqdır, amma dövlətimiz eyni zamanda onunla da açıq olmağı tələb edir. Mən Azərbaycanda yaxın illər üçün heç bir ciddi problem görmürəm. Düzdür, neftin qiymətinin düşməsi, Yaxın Şərqdə müharibə, Ukrayna hadisələri bölgə üçün müəyyən ciddi problemlər yarada bilər, amma biz bu məsələlərdən çıxa biləcəyik.

Sual: – Vahid müəllim, devalvasiya özü ilə xeyli sualları da açıq qoyub. Xüsusilə yanan bina ilə bağlı məsələdə bu, bariz şəkildə üzə çıxdı. Biz bəzi rəqəmlərə baxmışıq, çox əcaib faktlar var. Məsələn, 2014-cü ildə həyata keçirlən layihələrə kreditin 40 faizini cəmi iki bank verib. Bu kreditlərin də 57 faizi cəmi iki müştəriyə verilib. Yəqin ki, bu statistika hökümətdə də olub. Prezidentin son müşavirəsindən sonra bu gün cəmiyyətdə müzakirə açılıb: doğurdanmı, hökumətdə koordinasiya lazımi səviyyədə deyil? Bəlkə, daha çevik və texnokratlardan ibarət yeni hökumət olmalıdır?

– Prezident son toplantıda çox ciddi mesajlar verdi. Bu mesajlardan hər kəs nəticə çxarmalıdır. Azərbaycan hökmətinin bəzi üzvləri öz vəzifələrini layiqincə yerinə yetirsəydilər, o yanan material heç o binaya gəlib çıxmazdı. çünki o üzlük ora gəlib çıxana kimi, yüz instansiyadan keçir. Prezident bunların hamısını çox yaxşı bilir, informasiyası da bizdən qat-qat çoxdur. Dövlət başçımızda humanizm hissi çox güclüdür. Təəsüf ki, bizim bir sıra məmurlar bunu qiymətləndirmə imkanında deyillər və öz işlərini layqincə apara bilmirlər.

Son illərdə ölkəmizdə varlı insanların sayı çoxalıb. Mən bunun tərəfdarıyam. Ancaq bu, o demək deyil ki, sən dövlət büdcəsinin, insanların həyat şəraitinin pisləşməsi hesabına varlanmalısan. Mən bunun əleyhinəyəm. İndi əllərdə bu vəsait varsa, üzə çıxması üçün addımlar atılmalıdır. Mən təklif etmişdim ki, kapital aministiyası verilsin, o adamlar vəsaitlərini gətirsinlər Azərbaycana. Yəqin ki, gələcəkdə buna da gediləcək. Bunu həyata keçirmək üçünsə müəyyən qanunun qəbulu lazımdır…

Sual: – Vahid müəllim, son oliqarx həbslərindən sonra ictimai rəydə ciddi repressiv tədbirlərə əl atılmasının dəstəkləndiyi müşahidə edilir. Açıq-aşkar görünür ki, vətəndaşlar qəti və sərt tədbirlərə əl atılmasını vacib sayırlar. Necə bilirsiniz, Prezident sərt tədbirlərə əl atacaqmı?

– Yəqin ki, qəti tədbirlər olacaq. Mən gözləyirəm ki, Avropa Oyunlarından sonra belə tədbirlər həyata keçirilsin. Məsələn, bank sektoru ilə bağlı çox ciddi tədbirlər aparılır. Bu, o vaxta qədər davam edəcək ki, bank sistemindəki müəyyən problemlər həllini tapacaq. Sahibkarlıq adı ilə kredit götürüb o vəsaitləri mənimsəyiblər – özlərinə villa tikiblər, xaricdə ev, bahalı maşınlar alıblar. O vəsait geri qayıtmalıdır, başqa yol yoxdur. Dövlət başçısı bunu tapşırıb. Prezident ölkədə biznes-sahibkar münasibətlərinin yaranması üçün lazım olan bütün addımları atıb, sahibkarlar üçün bütün şəraiti yaradıb, kre
dit almaqda heç bir problem olmayıb… İndi yaxşı, bəs, bunlar nə edib? Sənə pul verirlir ki, gedib təsərrüfat qurasan, sənsə gedib ev alırsan, kef çəkirsən! Belə olmaz!

Binəqədidə 16 mərtəbəli binadakı yanğın da çox ciddi məsələdir və bu hadisə də, şübhəsiz, öz sözünü deyəcək. Dövlət başçısı bunu çox ciddi müzakirə etdi. İndi deyirlər ki, bir nəfəri ordan tutdular, bir nəfər burda həbs olunub… Mən bunlara o qədər də önəm vermirəm. Bu, adi həbslərdir. Bu məsələnin bir ucu “yuxarı” ranqlı məmurlara gedib çıxır. Yuxarıda bu keyfiyyətsiz materialların istifadəsinə icazə verən şəxslər var. O materiallar mütləq laboratoriyadan keçməli idi. Buna elə adi səviyyədə icazə verilmir ki? Əgər Azərbaycanda 260 bina üzlənirsə, deməli, bunlar adi adamlar deyil, kimlərsə bunlara yuxarı səviyyədə icazə verib. Mən indi gedib desəm ki, bir bina verin üzləyim, verəcəklər? Əlbəttə, yox!

Qaldı bayaqkı sualınıza, bəli, Azərbaycan hökümətində dəyişiklik çoxdan edilməliydi. Söhbət təkcə kadr dəyişiklilərindən getmir. Struktur dəyişikliyi aparılmalıdır. Nazirliklərin əksəriyyəti köhnə səviyyədə qalıb. Bu yaxınlarda Torpaq Komitəsini ləğv etdilər, “Azərenerji”nin bazasında “Azərişıq” yaratdılar. Amma digər sahələr də qalır. Elə sahələr var ki, onlar birləşməlidir, ya da onların əsasında yeni orqanlar yaradılmalıdır. ölkənin üDM-i 60 milyard manatdır, əhalisi 9,6 milyon nəfərdir. Bu, çox da böyük rəqəmlər deyil. Ona görə də bu qədər nazirliklərə ehtiyac yoxdur. Ən ciddi məsələ bələdiyyələrin statusudur. Bələdiyyə indi icra hakimiyyətinin bir şöbəsidir, rayonda bir metr torpağı da icra hakimiyyətindən xəbərsiz alıb-sata bilməz. Mən Milli Məclisdə də demişəm ki, bələdiyyələrlə bağlı Türkiyə təcrübəsini tətbiq etmək lazımdır.

Sual: – Olqarx həbsləri ölkədə sürətli islahatların vacibliyi məsələsini ortaya qoyub. Bu islahatların tam aparılması ilə bağlı hansısa problemlər varmı?

– Əlbəttə, var. Bizim indi xaricdə oxuyub gələn tələbələrimiz çoxdur. Onlarla əlaqələrim var. ölkədə bu gün çox böyük kadrlar yetişir. Onlar indiki bu rüşvətlə, korrupsiya ilə barışmaq fikrində deyillər. Buna da müəyyən proses və vaxt lazmıdır. FİFA-ilə bağlı qalmaqalı gördünüzmü? Dünya qarışıb. Bəziləri deyir, guya, Rusiya ilə bağlıdır, ancaq elə deyil. Korrupsiya, rüşvət varsa, bu, aşkar olunubsa, deməli, problem var. Azərbaycanda da bu proses gedir. Bizim ağlımıza da gəlməzdi ki, rüşvətlə, korrpupsiya ilə bağlı bu qədər ciddi adamlar məsuliyyətə cəlb oluna bilər. Amma son vaxtlar bununla bağlı ciddi proseslər gedir. Birdən-birə olmaz…

Sual: – Prezident özü dedi ki, ölkədə toxunulmaz adam yoxdur…

– Bəli… Prezidentin çox yaxşı bir sözü var: “Məmurlar xalqın xidmətçiləridr. Birinci xidmətçi mən özüməm”. Bundan yaxşı nə söz ola bilər? Bunları həyata keçirmək üçün vaxt lazmıdır. Bu proseslər asta-asta getməlidir.

Sual: – Vahid müəllim, bu yanan bina ilə bağlı bir məqam adamı çox düşündürür: biznesmen, məmur və onların şərəfi, ləyaqəti məsələsi… O yanan üzlüyü divara vurmağı rəva bilənlər axı həm də biliblər ki, bu, təhlükəli materladır, fəlakət olar, evlər yana bilər… Belə çıxır ki, pul qazanmaq hərisliyi insan şərəfini bu qədər üstələyibmiş?

– Hər bir kişi istəyir pul qazansın. Amma o pulu elə qazanmaq lazımdır ki, ürəklə yeyə biləsən. Bu dünyaya insan bir dəfə gəlir. Elə yaşamaq lazımdır ki, arxaya baxanda, utanmayasan. O insanlar da bunu başa düşməlidir. Kimsə bu dünyadan 2 metr kəfəndən başqa heç nə aparmayacaq – o da qismət olsa… ölkədə ən ciddi problem monopoliya, inhisardır. Biz bunun qarşısını ala bilmirik. Cənab prezident 2006-cı ildə Milli Məclisə “Rəqabət Məcəlləsi” haqqında qanun layihəsi göndərib. Biz onu bu günə qədər də qəbul edə bilmirik. 2 oxunuşda qəbul edilib, amma 3-cü oxunuşda keçmir. 8 ildir qalıb Məclisdə! Hər iclasda da bu məsləyə toxunmuşam. Mənə təzyiqlər də olub. Bunu mən özüm üçün eləmirəm, heç bir biznesim-filanım, heç balaca mağazam da yoxdur. Amma görürəm axı, monopoliya Azərbaycana nə qədər ziyan vurur. Yanğına səbəb də elə həmin o monopoliyadır. Biz Azərbaycanda sahibkarın sərbəst işləməsinə imkan verməliyik. Sahibkar ancaq istehsal və vergi ödəməyi fikirləşməlidir. Heç kim onun işinə müdaxilə etməməlidir. 1-2 il əvvəl sahibkarlığa nəzarətlə bağlı qanun qəbul etdik. Böyük ajiotaj oldu. Biz qəbul etmək istəmirdik. Sahibkarı hər yoldan ötən gəlib yoxlaya bilməz. Bu gün onlarla təşkilat var ki, gəlib sahibkarı yoxlayır. ölkədə 8-ə yaxın istintaq orqanı var. Hər nazirliyin tərkibində belə orqan var. Nəyə lazımdı bu? İstintaq orqanı bir dənə olar. Lazım olar, baş prokurorun, prezidentin tabeliyində olar. Amma hər nazirlik bir istintaq orqanı yaradıb, sahibkara da əziyyət verir, insanlara da. Müəyyən əyri yollara da gedirlər… Yəni, həll ediləsi problemlərimiz hələ çoxdur və islahatlar mütləq aparılmalıdır. Bunları da cənab prezident öz çıxışlarında dəfələrlə vurğulayıb. ümid edək ki, hamısı yavaş-yavaş öz həllini tapacaq…

Söhbətləşdilər:

Xaqani Səfəroğlu

Zaur İbrahimli




Yuxarı Əvvələ Ana Səhifə