Son zamanlar Azərbaycanda vətəndaş cəmiyyətinin üzləşdiyi problemlər, bunların həlli istiqamətində göstərilən təşəbbüslər ən çox müzakirə olunan məsələlərdəndir. Bu prosesin müxtəlif aspektləri, QHT-lərin fəaliyyəti, dövlət qurumlarının yanaşması, beynəlxalq təşkilatların münasibəti ilə bağlı mübahisələr, diskussiyalar ara vermir. Ənənəvi Azərbaycan praktikasına uyğun olaraq ittihamlar, suçlamalar da öz yerində…
Azərbaycanda diskusiyalara xas ənənəvi ittihamlar aspektini bir kənara qoysaq, əslində bu müzakirələr mühümdür. Azərbaycanda vətəndaş cəmiyyətinin bugünkü vəziyyəti, inkişaf perspektivləri, maliyyələşməsi, QHT-lərin fəaliyyətində şəffaflıqla bağlı məsələlərin açıq müzakirəsinə çox ciddi ehtiyac vardı. İndibu mövzularla bağlıkonkret sualların qoyulması çox əhəmiyyətlidir. Hazırda bu istiqamətdə dinamik bir prosesin şahidiyik. QHT-lərin fəaliyyəti ilə bağlı ciddi qərarlar verilir və görünən budur ki, bu prosesin başlanğıcındayıq.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınun üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevlə müsahibədə bu məsələləri çox açıq müzakirə etdik. Müsahibimiz də çox açıq danışdı. Vətəndaş cəmiyyətinin problemləri ilə bağlı təşəbbüslərə aydınlıq gətirdi, iradlara münasibətini bildirdi, QHT-lərin işi ilə bağlı nöqsanları da qeyd etdi. Eyni zamanda Dövlət Dəstəyi Şurasının fəaliyyətini ətraflı izah etdi, bununla bağlı sulları cavablandırdı.
– Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılmasında rolunu necə qiymətləndirərdiniz?
– Əslində QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranması məsədi elə vətəndaş cəmiyyətinin inkişafını daha da sürətləndirmək olub. Şuranın fəaliyyəti məhz vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında rolunun gücləndirilməsinə yönəldilib. Təsadüfü deyil ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ərəfəsində, yeni qurumun missiyası barədə fikirlər səsləndiriləndə əsas diqqət ona yönəldildi ki, bu sahədə dövlətin təşəbbüsləri instutlaşsın.
Eyni zamanda dövlətin bu proseslərdə iştirakının tam olaraq təmin edilməsi üçün bir model düşünmək lazımdır ki, nə qədər bu vətəndaş cəmiyyətinə fayda verəcək, onların həllinə, vətəndaş cəmiyyətinin dirçəlməsinə, güclənməsinəyardım edəcək.Məhz bunun ətrafında çoxlu müzakirələr aparıldı və 2007-ci ilin sonunda Prezident tərəfindən Dövlət Dəstəyi Şurasının yaradılması ilə bağlı fərman veriləndə bu aspektlər nəzərdə tutulmuşdu. Fərman bütövlükdə bu məsələləri əhatə edirdi. 2008-ci ildə artıq Dövlət Dəstəyi Şurasının formalaşması prosesi başladı. Şuranın prosesi özü də demokratik əsaslara söykənirdi. Yəni vətəndaş cəmiyyəti nümayəndələrinin seçki yolu ilə Şuraya seçilməsi, bütövlükdə orada təmsil olunması, bu özü də ona əsas verirdi ki, doğurdan da bu model düz düşünülmüşdür.
Həmçinin nəzərə almaq lazımdır ki, bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyəti o zaman güclü deyildi. O zaman bir neçə QHT-ni barmaqla sadalamaq olardı ki, onlar müəyyən qədər fəaliyyət göstərirdi, amma bütövlükdə geniş miqyasda vətəndaş cəmiyyəti təşkilatlarına daimi, davamlı dəstək yox idi. Maliyyə dəstəyi yox idi. Beynəlxalq donorların fəaliyyəti daha çox bir neçə QHT-lər üzərində fokuslaşmışdı, onların layihələrini maliyyələşdirirdilər. Bu baxımdan da Dövlət Dəstəyi Şurası yaranan andan heç bir kəsə , heç bir vətəndaş cəmiyyəti təşkilatına fərq qoymadan, onun harda, hansı düşərgədə olmasından aslı olmayaraq hamıya eyni şərait yaratdı.
2008-ci ildən bu günə kimi minlərlə QHT məhz Azərbaycan Prezidentinin yardımından istifadə etdi. Müsabiqələrində iştirak yetərincədir, rəqabət yüksəkdir. Bütün bu rəqabətin yüksək olmasına baxmayaraq mümükün qədər daha çox QHT layihələri dəstəklənir. Bu gün hesablasaq, görərik ki, il ərzində 800-ə qədər QHT layihələrinə maliyyə dəstəyi verilib. Heç bir xarici donor bu qədər vətəndaş cəmiyyəti təşkilatlarına dəstək verməyib.
2014-cü ildə QHT qanunverciliyinə, “Qrant haqqında” qanuna bir sıra dəyişikliklər edildi. Bu dəyişikliklərdə əsas məqsəd şəffaflıq və hesabatlılığın artırılması idi. Çünki vətəndaş cəmiyyəti seqementləri olaraq QHT-lər hər zaman problemləri qaldırırdı. Hər zaman ayrı-ayrı dövlət orqanlarınınfəaliyyətində şəffalıq və hesabatlılığı zəruri hesab edirdi. Eyni zamanda bu istiqamətdə tədqiqatlar aparırdı. Ona görə də vacib olan məsələlərdən biri də bu idi. Həm də, vətəndaş cəmiyyəti öz fəaliyyətində də şəffaflıq olmalıdır. Bu baxımdan da qanunvericilikdə dəyişikliklər edildi.
Amma bu dəyişikliklər bəzi hallarda müəyyən narahatlıqlara gətirib çıxardı. Bu zaman QHT-ləri narahat edən bütün məsələlərin araşdırılması ilə əlaqədar olaraq, Dövlət Dəstəyi Şurası və Şura sədri Azay Quliyev bütün QHT-lərlə həmin qanun layihlərinin birgə müzakirəsini həyata keçirdi. Eyni zamanda bu qanuna əlavə dəyişikliklər ediləndən sonra hansı təsirlərin olacağı, o təsirləri müəyyənləşdirilməsi, önləyici tədbilərin görülməsi üçün Şura yanında Hüquq və Monitorinq Komissiyası yaradıldı. Bu Komissiyanın özünün tərkibi də məhz, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrindən ibarətdir. Orda hər hansı dövlət orqanın nümayəndəsi iştirak etmir.
Monitorinq Momissiyasının sədri olaraq mən onun şahidi oldum ki, bizim istənilən təkliflərimiz Azay Quliyev, Şura tərəfindən diqqətlə izlənilir. Şurada xüsusilə də, qrantların qeydiyyata alınması ilə bağlı qaydalar layihəsi, QHT-lərin fəaliyyətini tənzimləyən qanunverciliyə edilmiş dəyişiklklərlə bağlı məsələlərlə bağlı geniş ictimai müzakirələr oldu. Yadımdadır ki, ondan artıq donor təşkilatların, səfirliklərin nümayəndələri, dövlət orqanı nümayəndələrihəmin o ictimai dinləmələrdə iştirak edirdi.
– Belə çıxır ki, Şura yarandıqdan bəri dinamik platforma yarada bilib QHT-lərin fəaliyyətinin, problemlərinin müzakirəsi üçün?
– Əlbəttə, əslində Şura yaranandan bu günə kimi dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında çox ciddi bir körpü rolunu oynayıb. İstənilən QHT-nin problemləri ilə bağlı məsələni Şura hər zaman müzakirə edirdi. Son illərdə bəzi QHT rəhbərlərinin həbs edilməsi ilə bağlı məsələ daim diqqətdə idi. Bəzən yanlış olaraq Şuranın mövqeyi ilə bağlı məsələlərdə bilərəkdən onun mövqeyini kiçiltmək üçün yanlış, böhtan xarakterli məlumatları dövriyyərə buraxırlar. Halbuki, təşkilatların rəhbərləri özləri dəfələrlə Şura sədrinin görüşündə iştirak ediblər. Müracitələrində müsabiqələrdə iştirakla bağlı layihələrinə dəstək istəyiblər. Bununla belə, əlbətdə ki, bu məsələlərə obyektiv bir nəzarət olub. Şurada müsabiqələrin qiymətləndirmə prosesi üç mərhələdən keçir.
Eyni zamanda çox əhəmiyyətli bir məsələ kimi qeyd etmək lazmfır ki, Şuranın təklifi ilə mühüm qanunlar qəbul edilir. “İctimai iştirakçılıq haqqında” qanunu uğurlu nümunə kimi qeyd edə bilərik.
Şura həm də korrupsiyaya qarşı mübarizə ilə ı, Açıq Hökumət Təşəbbüsünün təşviqi ilə bağlı milli fəaliyyət planlarının hazırlanması ilə əlaqədar ictimai dinləmələr keçirdi. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun fəaliyyətinə də Şura öz töhfəsini verib.
– Bu prosesdə Şuranın xüsusi bir rolu olub?
– Bəli, Şuranın sədri ayrı-ayrı şəxslərin azad edilməsi ilə bağlı, ayrı ayrı şəxslərin problemlərin həll olunması istiqamətində birbaşa iştirak edirdi. Əfv sərəncamının imzalanması prosesinə də Şura öz töhfəsini verir. Çünki vətəndaş cəmiyyətinin qayğıları Şuranın qayğılarıdır. Şura sədri və şura üzvləri prosesdə fəal iştirak edib, hər zaman bu məsələləri qaldırıb. Bizim müraciətimizlə Prezident ayrı-ayrı məhkumları əvf etdi. Onların sırasında ayrı-ayrı QHT nümayəndələri də vardı. Digər tərəfdən Şura Hüquq və Monitorinq Komissiyasına QHT-ləri narahat edən problemlərin həllinə yardım göstilməsi ilə bağlı tapşırıq vermişdi. Bu problemlər nə idi?
Qrantların qeydiyyatı ilə bağlı məsələlər. 2014-cü ilə qədər Ədliyyə Nazirliyi tərəfindən bəzi qrant müqavilələri qeydə alınmamışdı. Bu qrantların qeydə alınması ilə bağlı Şura sədri tərəfindən ciddi təşəbbüslər oldu. Bir çoxlarının qrantları qeydə alınıb. Artıq onlar qrantlarını alıb fəaliyyətə başlayıblar.
İkinci məsələ hesablardan həbslərin götürülməsi ilə bağlıydı. Bu məsələ ilə əlaqədar mütəmadi olaraq Şura yanında yaradılmış Hüquq və Monitorinq Komissiyası təkliflər paketi hazırlayıb Şuraya təqdim edir, Şuranın sədri tərəfindən müvafiq qururmlara təqdim edilir. Artıq bu istiqamətdə konkret nəticələr də var.
Bank hesabları üzərindən həbslərin götürüməsində iştirak məsələsi çox vacibdir. Şura Ayrı-ayrı QHT rəhbərlərinə qarşı qaldırılmış cinayət işlərinin dayandırılması ilə bağlı məsəslələrdə hər zaman təşəbbüslə çıxış edib.QHT rəhbərlərinin həm təkilatlarının , həm də şəxsi hesablarından həbslər götürülüb. Bu istiqamətdə Şuranın rolu şəksizdir.
Digər məsələ ayrı ayrı şəxslərin sərhəddə əlavə yoxlamalara məruz qalması idi. Bu məsələlər də artıq həll olunub başa çatıb.
Vergi sanksiyaları ilə bağlı məsələ də diqqətdə saxlanılıb. Bu məsələləri Şura iclasında qaldıranda Şura sədri şəxsən birbaşa Mərkəzi Banka müraciət etdi.
QHT-lərin qeydiyyatının sadələşdirilməsi ilə bağlı məsələlər də dəfələrlə Şurada müzakirə edilib. Prosesdə iştirak etdiyim üçün bilirəm ki, bu istiqamətdə müəyyən irəliləyişlər hazırlanır. Azərbaycanda 3 mindən çox QHT-nin qeydiyyatdan keçməsinə baxmayaraq, fəal fəaliyyət göstərənlərin sayı 500-700 arasındadır. Bunları da nəzərə almaq lazımdır. Elə QHT-lər var ki, Maliyyə Nazirliyinə hesabat vermir. Bu da onu göstərir ki digər QHT-lər ümumiyyətlə, fəaliyyət göstərmirlər.
Hətta bəziləri qeydiyyatdan keçməyi arzu etmir. Çünki onlar müəyyən hesabatlar verməlidir, fəaliyyətlərini şəffaf qurmalıdır. Onlar o qədər də bunun arzusunda deyillər. Eyni zamanda qəribə proseslər gedir. Baxmayaraq ki, böyük işlər görülür, işlər davam edəcəkdir. Bəzi hallarda Şura haqsız tənqidlərə məruz qalır. Bir müsabiqədə layihəsi keçmir, başlayır hansı təşkilata qrant verildiyini təftiş etməyə. Sənin verdiyin layihə ola bilsin ki, tələblərə cavab verməyib, bu da mümkündür. Bunu etməkdə məqsəd odur ki, beynəlxaql təşkilatlar qarşısında hay-küy qaldırsınlar qrant alsınlar.
Bu gün bizə bəzi məlumatlar daxil olur ki hay-küy salan QHT-lər ki, var, onların bir çoxu xaricdən qrant alırlar. Sadəcə onu leqallaşdırmırlar. Onlar o qrantı müxtəlif vasitələrlə alıb…
Bəzilərinə lazımdır ki, burdakı prosesləri daha tünd rəngdə göstərsin. Tünd rəngdə göstərməklə özlərinin qurban obrazlarını gücləndirsinlər.
Son zamanlar bir şeyin şahidi oldum. Çoxsaylı həmkarlarımız həbsdən azad olundu. Amma onlar bu məsələyə də qəribə reaksiya verdi. Bu ərəfədə hökumətin üzərinə daha sərt getməyə başlayırlar. Əslində bu sərt yanaşmayla onlar sanki, hökuməti bu xoşməramlı addımlardan çəkindirmək istəyirlər.
Dünyanın heç bir ölkəsində iş məhkəmə baxışında olanda açıq-aşkar məhkəməyə təzyiqlər ola bilməz. Bu yol verilməzdir, hüququn aliliyi prinsipinə zidd olan bir məsələdir. Dövlətin imicinə zərər gətirmək üçün onun ünvanına çox sərt, bəzən də həyasız bəyanatlar səsləndirirlər. Amma onlar bir şeyi unudurlar ki, Azərbaycan dövlətinə təzyiq etməklə hansısa bir məsələni həll etmək olmaz. Bu bizim daxili işimizdir və bu məsələləri ölkəmizdə həll edəcəyik. Bu istiqamətdə proses gedir. Sistemli dəyişikliklər göz qabağındadır. Son aylarda baş verən islahatlar prosesi də, Respublika Pezidentinin siyasi iradəsi dəbunu göstərir.
Vətəndaş cəmiyyətinin problemlərini görürük və o problemlərin həlli yolları istriqamətində fəaliyyət göstərilir və bundan sonra da davam etdiriləcək. Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu proseslərin daha da sürətləndirilməsində lokomativ rolunu oynayır və hər zaman da bu təşəbbüslər digər dövlət orqanları tərəfindən diqqətlə dinlənilir. Bu istiqamətdə də addımların atılması göstərir ki proses inkişafa, tərəqqiyə doğru irəliləyəcək və Azərbaycanda güclü vətəndaş cəmiyyətinin qurulması istiqamətində addımlar daha da sürətləndiriləcək.
Laçın Səmla
Strateq.az