XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 April 2016 - 11:58

Kəşfiyyatçı Alen Rodye:"Səudiyyə hakimiyyəti uğrunda nəticəsini heç kimin öncədən deməyə girişmədiyi mübarizə gedir"

seudiyye

Atlantico (Fransa), 23.04.2016

Ərəbistanlılar Konqresin 11 sentyabr teraktında iştirakla bağlı  Səudiyyə  Ərəbistanını məhkəməyə vermək haqda qətnamə qəbul edəcəyi halda aktivlərini ABŞ-dan çıxartmaq hədəsi gəlirlər. Necə olur-olsun, bu, Obama administrasiyasını qorxutmur. Lakin başlanan münaqişə Səudiyyə Ərəbistanının marağındadırmı?

Fransa kəşfiyyatının etalon simalarından biri Alen Rodye və beynəlxalq, strateji məsələlər üzrə məşhur ekspert Tyerri Kovinin bu müstəvidə Fransanın Atlantico nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.   

Atlantico: Obama administrasiyası iyunadək 2001-ci il 11 sentyabr teraktlarından sonra Konqresdə tərtib edilmiş hesabatın Səudiyyə Ərəbistanı ilə bağlı 28 səhifəsinin mümkün ictimailəşdirilməsi haqda qərar qəbul etməlidir. Parlamentarilər teraktdakı rola görə Səudiyyəni Amerika məhkəməsinə verməyə imkan yaradası qətnaməni təsdiq etmək istəyirlər. Qanun qəbul ediləcəyi halda ərəbistanlılar cavabında ABŞ-dakı 750 milyarad dollarlıq aktivlərini bu ölkədən çıxartmaq hədəsi gəlirlər. Səudiyyə Ərəbistanı niyə Konqresin ağzını yummağa cəhd edir?

Alen Rodye: 11 sentyabr teraktları üzrə hesabat Konqresdə təcili şəkildə hazırlandı. O, FTB və xarici həmkarlarından məlumatlar almış Amerika kəşfiyyat xidmətlərinin (MKİ, MTA…) təhqiqatlarının nəticələrinə əsaslanmışdı. 19 kamikadzedən 15-nin ərəbistanlı olduğu nəzərə alınmaqla krallığın xüsusi xidmətlərinə xeyli sorğu göndərildi. Bildiyim  qədər, əməkdaşlıq nümunəvi idi, çünki söhbət tamamilə anlaşılan duyğulardan gedirdi. Səudiyyə Ərəbistanında bəzi terrorçulara dair dosye artıq var idi. Yeri gəlmişkən, məhz elə bu, başlıca suallara nisbətən tez cavab almağa imkan verdi: kim, harada, nə, haçan və necə? Ola bilsin, bütün məsələlər də elə bundadır. Bəzi terrorçular orqanlara artıq məlum idi, lakin niyə?

– Səudiyyə hökuməti nədən qorxur? Məxfiləşdirilmiş səhifələr kral ailəsinin teraktda birbaşa iştirakına nə dərəcədə aydınlıq gətirər? Bu, Səudiyyə Ərəbistanı üçün hansı təhlükəli nəticələrlə dolu ola bilər?

Alen Rodye: Düşünmürəm ki, kral ailəsinin 11 sentyabr teraktına bu və ya başqa şəkildə dəxli var. Eyni zamanda istisna olunmur ki, xüsusi xidmətlər xüsusən də Dar-əs-Salam və Nayrobidə Amerika diplomatik missiyalarına qarşı teraktlardan sonra durumu düzgün dəyərləndirməyib. Hər şeyin necə biçimləndiyini anlamaqdan ötrü keçmişə qayıtmaq lazımdır. 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana müdaxiləsindən sonra onu xaricdən dəstək müqabilində daxili müqavimətlə (mücahidlər) dəf etmək haqda qərar qəbul edildi.  Pakistan üsyançıların arxa cəbhə bazası oldu, Səudiyyə Ərəbistanı isə o zaman Ər-Riyadda hələ sayğı ilə yanaşılan “müsəlman qardaşlar”a güvənməklə maliyyənin böyük hissəsini təqdim edirdi. Varlı ərəbistanlı ailəsinin mömin varisi və gənc Üsamə bin Laden onu yönəldən Səudiyyə xüsusi xidmətlərinin əlində yalnız “piyada” idi (MKİ tərəfdən manipulyasiya haqda əfsanələr yanlışdır: hər şey Ər-Riyad və İslamabadın vasitəçiliyi ilə baş verirdi). Deməliyəm ki, hətta hadisələrə görə Əfqanıstandakı durumdan çox gözəl xəbərdar olan sovet DTK-sı və BKİ də (SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – tərc.) Üsaməyə xüsusi əhəmiyyət vermirdi. Yəqin ki, o, siyahılarda adi icraçı kimi qeyd edilirdi. Onun “qəhrəman mübariz” nüfuzu artıq münaqişədən sonra tərəfdarları tərəfindən yaradılmışdı (amerikalılar onun Beyrutdakı qızğın gəncliyini qələmə verməyə cəhd edirdilər, lakin bu, gerçəkliyə qətiyyən uyğun gəlmir). O vaxtlar hansısa antiqərb əhvalı ona xas deyildi, çünki o zamanların böyük oyunlarında – radikal İslamın kommunizmlə savaşında SSRİ-ni sarsıtmaqda öz rolunu çox gözəl anlayırdı. Sovet qoşunları 1989-cu ildə Əfqanıstandan çıxandan sonra durum artıq kəskinləşməyə başladı. Bin Laden düşünürdü ki, ər-Riyadda onu layiqli hörmətlə qarşılayacaqlar, lakin gizli müharibə zəminində hansısa sayğıdan söhbət gedə də bilməz. İraq 1991-ci ildə Küveytə soxularaq krallıq üçün birbaşa təhlükə yaratdı. Bin Laden öz xidmətlərini təklif etmək üçün kral sarayına tələsdi. Bununla belə, kral ailəsi Əfqanıstandan qayıtmış könüllülərdən deyil, kafir amerikalıların xidmətlərindən faydalanmağa üstünlük verdi. O, bu zaman işbirliyi quraşdırmağa başladı və Həsən ət-Turabinin (bu ilin martında dünyasını dəyişdi) ona daha yaxşı qəbul təşkil etdiyi Sudana getdi. O, orada dünyanın döyüşkən İslamının qaymaqlarının toplaşdığı beynəlxalq konfrans və seminarlarda öz təşkilatını yaratdı və mücahidlər haqda şəxsi məlumatlar bazasını bura daxil etdi (bu məlumatları “Müsəlman qardaşlar”ın Əfqanıstana döyüşçü göndərərkən pərdə kimi istifadə etdiyi qaçqınlara yardım Bürosundan almışdı). Qeyd etməyinə dəyər ki, “Əl-Qaidə” ərəb dilindən “baza” kimi də tərcümə edilə bilər. Amerikalılar doğulmaqda olan quruma məhz bu adı verdilər. Vaşinqton Bin Ladenin Sudanda güclənən nüfuzundan narahat idi və onun vətəndaşlıqdan məhrum etmiş (oxşar tədbirlər hazırda Fransada qızğın mübahisələr törədir) ərəbistanlılardan məsələyə müdaxilə etməyi tələb edirdi. Onu Sudandan asanlıqla çıxartmaq mümkün idi, lakin hər şeydən göründüyü kimi, ərəbistanlılar keçmişdəki xidmətlərinə görə ona yumşaq şəkildə yanaşdı və 1996-cı ildə Əfqanıstana dönüşünə imkan verdilər. 1998-ci ildə Afrikada teraktlar baş verdi, Bin Laden isə rəsmən sifarişçi kimi qəbul edildi. Ərəbistanlılar Əfqanıstanda kök atmış keçmiş həmvətənlərinə qarşı heç bir addım atmadılar. Və dərhal 11 sentyabr teraktları guruldadı. Ər-Riyad bunun açıq təşkilatçısı olmasa da, təsəvvür etmək çətindir ki, bu, yaxşı nüfuza malik olan və Sudandan qaçışdan sonra Bin Ladeni diqqətlə izləyən Səudiyyə xüsusi xidmətləri üçün tam gözlənilməzlik oldu. Və bu məlumatlar hansı səviyyəyədək gedib çıxıb? Yəqin ki, hesabatın məxfiləşdirilmiş səhifələrində söhbət məhz bundan gedir. Səudiyyə rejimi kimi mütləq hakimiyyət üçün xəbərdar olub heç bir addım atmadığını və yaxud hətta xəbərdar olduğunu etiraf etmək simanın itirilməyi deməkdir. Bu, Ərəbistan xüsusi xidmətlərindəki problemləri sərgiləyərdi. Bu, hazırda Yəmən və Suriyada müxtəlif koalisiyalara başçılıq edən kral ailəsinin nüfuzuna zərbə olardı. Ər-Riyadda indi hakimiyyət uğrunda nəticəsini heç kimin öncədən deməyə girişmədiyi fəal mübarizə gedir. Hökumət mübahisələrin saxlanmasında qətiyyən maraqlı deyil.

– "The New York Times"in yazdığı kimi, Obama administrasiyası Konqresdə qətnamənin qəbulunu yubatmağa cəhd edir və Səudiyyə Ərəbistanı hədəsini icra edəcəyi halda iqtisadi və diplomatik nəticələrdən ehtiyatlanır. Bu, Ər-Riyadın ABŞ-a təsiri haqda nə deyir?

Tyerri Kovi: Hər şeydən göründüyü kimi, Səudiyyə Ərəbistanının 750 milyard dollarlıq istiqrazları ABŞ-dan çıxartmaq hədəsi Amerika hökumətini xüsusi narahat etmir. Hər necə olur-olsun, xarci ticarət balansındakı mənfi saldo Amerika iqtisadiyyatının struktur zəifliyidir. Bu, çatışmazlığı kompensasiya etməkdən ötrü ABŞ-ı xarici kapitalı cəlb etməyə vadar edir və ölkə ondan asılı olur. Çinin valyuta ehtiyatlarının əsas hissəsinin (3 trilyon dollardan yuxarı) Amerikanın dövlət istiqrazlarına yerləşdirilməsi faktı Çini ABŞ-la münasibətlərdə əlverişli geopolitik durumda saxlayır. Necə olur-olsun, Səudiyyə Ərəbistanı hətta aktivləri çıxartsa, Amerika iqtisadiyyatına, demək olar, heç bir təsir etməyəcək. Bu 750 milyard dollar, maliyyə aktivlərinin (səhm və istiqrazların) ümumi məbləğinin cəmi 1%-ni təşkil edir. Bundan başqa, dollar əməliyyatının gündəlik həcmi (4 trilyon) nəzərə alınsa, dolların satışı Amerika valyutasının mövqeyini sarsıtmayacaq. Bu kimi hərəkət Amerikanın istiqraz bazarına təsir edə bilərdi, çünki söhbət ABŞ-ın borc kağızlarının indi dövriyədə olan 5%-dən gedir. Lakin Federal Ehtiyatlar Sistemi bazara təsir etməsin deyə, onun alqısı haqda qərar verə bilər. Hazırda Amerika iqtisadiyyatının rəqibi olsaydı, durum başqa cür olardı. Lakin bundan söhbət də getmir. İnkişaaf edən ölkələrin artım göstəricisini saxlamaq və ya bərpa etmək qabiliyyəti ciddi şübhələr doğurur. Avrozonanın perspektivləri də nikbinlik təlqin etmir… Amerika iqtisadiyyatı dünya iqtisadiyyatının hərəkətverici qüvvəsini təmsil edir.

Nəhayət, bu cür satış ABŞ tərəfindən təcavüzkar davranış kimi qəbul edilərdi. Səudiyyə Ərəbistanı isə öz təhlükəsizliyini təmin etmək planında Amerikadan çox güclü şəkildə asılıdır. Ər-Riyad bu cür münaqişədən az şey udardı…

Tərcümə Strateq.az-ındır. 




Yuxarı Əvvələ Ana Səhifə