XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2015 - 20:16

Ləman Süleymanova: “İmperiyalar ilk növbədə ərazilərin folklorunu, etnoqrafiyasını öyrənirlər”

leman-amea.jpg

Müsahibimiz haqqında qısa arayış:

Ləman Süleymanova Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr (1995-1999) və magistr (1999-2001) pillələrini fərqlənmə diplomu ilə başa vurub.
2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb, 2008-ci ildə “Şəki folklor mühiti” adlı namizədlik dissertasiyasını müdafiə edib.
Əlliyə yaxın elmi məqalənin müəllifidir.
2000-ci ildən AMEA Folklor İnstitutunda işləyir.
2012-ci ildən 2015-ci ilə qədər “Azsaylı xalqların folkloru” bölməsinin müdiri vəzifəsində çalışıb. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir.

Hazırda AMEA Folklor Institutunda Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi vəzifəsində çalışır.

– Ləman xanım, dissertasiya mövzusu kimi nədən məhz Şəki folklorunu seçmənizi bilmək maraqlıdıdr…

– ümumazərbaycan folklorunun dərk olunmasında ay­rı­-ayrı bölgələrin və folklor mühitlərinin öyrənilməsi mühüm rol oynayır. Şəki folkloru müəyyən qədər toplanılsa da, bu bölgənin folkloru haqqında mü­əyyən fikirlər söylənilsə də, bütövlükdə Şəki folklor mühiti araş­dı­rıl­mayıb.­ Bu hal Azər­­baycanın ən zəngin folklor bölgələrindən biri olan Şəki folklor mü­hitinə, onun regional xüsusiyyətlərinə kompleks ya­­naşma zərurətini yaradırdı. Mən də həmin boşluğu hiss etdim.

Azərbaycan folklorunun bölgələr üzrə araşdırılması klas­­­­­sik folklorumuzun öy­rənilməsinə və orada baş verən də­yişikliklərin izlənilməsinə kömək edir. Folk­lor­ mühitlərini öyrənmək, orada baş verən prosesləri izləmək həmin bölgənin folk­­lorunu daha dərindən toplamaq zərurətini yaradır. Folk­lo­run regionlar üzrə öy­rənilməsi müxtəlif bölgələrdən qeydə alınmış folklor mətn­­ləri arasındakı, eləcə də­ folklor söylə­yicilərinin repertuarındakı oxşar və fərq­­li cəhətləri aşkara çı­xa­rır.­ Bu da öz növbəsində ümumtürk folklorunun bir qo­lu olan Azərbaycan folk­lo­runa məxsus folklor mətnlərinin, eləcə də folklor ob­raz­­­larının arxaik se­man­ti­kasının öyrənilməsində mühüm rol oynayır. Folklorun re­­gion­lar üz­rə öy­rə­nil­mə­­si həm də gələcəkdə yaradılacaq Azərbaycan folklor xəritəsinin ha­zır­­­lan­ma­sı­na töhfədir.

– Sizə qədər Şəki folklor örnəklərinin öyrənilməsi istiqamətində nə kimi işlər görülüb?

– Bölgə folklorunun arasdırılması ilk növbədə onun sistemli toplanmasından və sonra tədqiqindən kecir. Şəki folklorunun regional xüsusiyyətləri kompleks­­­ hal­da öyrənilməsə də, onun ayrı-ayrı problemlərinə həsr olunmuş araş­dır­ma­lar mövcud idi. R.Əfəndiyevin “Şəkidə evlənmək adətləri”, professor T.Hacıyevin “Şəki folklorunun dil özəlliyi haq­­qında bir-iki söz”, E.Talıblının “Şəki lətifələrinin qaynaq­ları və təşəkkülü haqqında”, B.Babayevin “Şəki lətifələrində tip və prototip” adlı məqalələri, Y.Qa­­ra­yevin “Şəki folklor an­­­tologiyası”nın I cildinə və F.­çələ­binin “Şəki folklor anto­logiyası”nın II və III cildlərinə yazdığı ön sözlər bu­ böl­gənin folk­lor xüsusiyyətləri haqqında müəyyən təsəvvür yaradırdı. Bun­dan­ başqa, tədqiqatçı M.Ab­dul­layevanın “Azərbaycan folk­­lorunun regional xüsusiyyətlə­ri (Şəki-Zaqatala folklor nü­munələri əsasında)” adlı tədqiqatında­ da bu bölgənin regio­nal xüsusiyyətlərinə müəyyən yer ay­­rıl­mışdır.

Şəki folklorunun toplanılması sahəsində gözəl ziyalımız Hikmət Əb­dül­hə­lim­­­ovun adı xususi vurğulanmalıdır. Hikmət muəllim ixtisasca folklorşünas olmasa da, Şəki folklorunu toplayıb nəşr etdirməyi özünə borc bilmişdir.

– Əyər bu qədər araşdırmaçı Şəki folkloru haqqında tədqiqlər aparmışdısa, sizin eyni mövzuya baş vurmanıza nə ehtiyac vardı?

– Məsələ burasındadır ki, bizə qədər çap olunmuş hansı folklor toplusuna baxsaq, Şəki folkloru yalnız lətifədən ibarətmis kimi bir mənzərə ilə qarşılaşırdıq. Düzdür, lətifə janrı Şəki folklorunun aktiv janrlarından biridir. Amma Şəki bölgəsi folklorla olduqca zəngindir və bunu lətifə ilə məhdudlaşdırmaq olmaz. Bölgədə doğulub böyümüş bir şəxs kimi, Şəki folklorunun həm obrazlar baxımından, həm də janr etibarilə zəngin olduğunu bilirdik. Mövzunu götürməzdən əvvəl də Şəki folklorunu toplamağa başlamışdım. Mən 1996 və 2001-2005-ci illər ərzində Şəki ərazisində folklor ezamiyyətlə­rində olduğum zaman 116 nəfər söylə­yi­cidən 2000-dən yuxarı folklor mətni qeydə almışdım.

Hər hansı bir bölgəni araşdıran adam həmin bölgəni dərindən tanımalıdır. Bölgə folklorunun araşdırıcısı araşdırdığı bölgənin etnik tərkibini, etnoqrafik özəlliklərini, əhalinin məşğuliyyətini, duşuncə tərzini, bölgənin coğrafiyasını və sair bu kimi məsələləri də yaxşı bilməlidir. Bu amillər bölgənin folkloruna əhəmiyyətli dərəcədə təsir edən məsələlərdir.

– Folklorumuzun dərindən öyrənilməsi və təbliği dövlətimizə və millətimizə nə verə bilər?

– Folklor olduqca strateji sahədir. Adətən, hansısa əraziləri işğal edən imperiyalar ilk növbədə həmin ərazilərin folklorunu, etnoqrafiyasını öyrənməyə başlayırlar. Xalqı yaxşı tanımadan onu idarə etmək mümkün deyil. Folklor xalqın milli kimliyidir. Orada mənsub olduğu xalqa aid hər şey tamlığı ilə, bütün aydınlığı ilə öz əksini tapıb.

Rusların işğal etdikləri bütün ərazilərdə folklor və etnoqrafik materialları toplayaraq öyrəndikləri məlumdur. Bu, onlara həmin əraziləri yüz illərlə nəzarətdə saxlamağa imkan verdi.

Folklorun öyrənilməsi milli dövlətçilik baxımından da olduqca zəruridir. Cünki tarixi keçmişini bilən, özünü dərk edən xalqlar heç vaxt boyunduruq altında yaşamağa razı olmazlar. Folkloru yaxşı öyrənən xalqlar həm də milli kimliklərini bilirlər. Milli kimliyini bilmək isə öz kökü üstündə inkişaf etmək deməkdir, yad ideologiyaların təsirindən uzaq formada inkişaf etmək deməkdir, nəhayətdə güclü təməllərə dayanan dövlət deməkdir.

– Qarşıda nə kimi planlar var? Hazırda hansı bölgənin folklorunu araşdırırsız?

– Hal-hazırda işğal altında olan ərazilərimizin folklorunu toplamaqla məşğulam. 2012-ci ildən AMEA Folklor İnstitutu, institutun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru Muxtar Kazımoğlunun rəhbərliyi ilə “Qarabağ: folklor da bir tarixdir” adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi işğal altında qalan Dağlıq Qarabağ və ətraf ərazilərin folklorunun toplanaraq öyrənilməsidir. öz doğma el-obasından didərgin düşən əhali respublikamızın bütün bölgələrinə dağınıq halda səpələnmişdir. Yaşlı insanların dünyasını
dəyişməsi həmin bölgələrimizin folklorunun da sıradan çıxmasını şərtləndirir. Xalq ənənəsini dərindən bilənlər, adətən, yaşlı insanlardır. Həm də əhali doğma yerindən didərgin düşdüyü üçün işğal altında olan rayonlarımıza xas folkloru qoruyub-saxlamaq günü-gündən çətinləşir. Məhz bu səbəbdən yuxarıda adını cəkdiyimiz layihə həyata keçirilir və işğal altında olan ərazilərimizin əhalisindən xeyli folklor nümunəsi və etnoqrafik materiallar toplanaraq hələlik 9 cild kitab halında çap olunmuşdur. Bu kitablardan ikisi (VI və VII cildlər) mənim tərəfimdən toplanaraq tərtib olunmuşdur. Topladığımız materialların bir qismi də həmin layihə üzrə nəşr olunan digər toplulara salınmışdır.

-Yanılmıramsa, həm də doktorluq işi üzərində çalışırsız. Bir qədər də bu haqda bilgi vermənizi istərdim.

– Doğru deyirsiz. Hazırda “Bayatı yaradıcılığı: ifa prossesi, funksiya və variantlaşma” adlı doktorluq dissertasiyası üzərində çalışıram. Bayatı olduqca mütəhərrik janrdır. Bu janr beşik başında deyildiyi zaman layla olur, yaslarda söyləndiyi zaman ağıya dönür, toylarda oxunarkən mahnı adlanır və sair. İndiyədək nəşr olunmuş bayatıları nəzərdən keçirdiyimiz zaman onların böyük əksəriyyətinin əslində mərasimlərlə bağlı olduğunu görürük. Təəssüf ki, bu bayatılar toplanarkən çox hissəsi ancaq sözlü mətn kimi toplanmış, hansı mərasimdə və ya hansı məqsədlə deyildiyi qeyd olunmamışdır. Yəni indiyədək çap olunan bayatıların vaxtilə sovet folklorşünaslarının yanlışlığı ucbatından sözlü mətnlə mərasim tərəfi ayrı düşmüş, nəşr olunanlar isə bayatının ancaq sözlü tərəfi olmuşdur. Mərasim tərəfini folklor saymayan toplayıcılar bayatının ancaq özünü qeydə alaraq çap etdirməklə kifayətlənmişlər. Mərasim tərəfi isə etnoqrafik məlumat hesab olunaraq qeydə alınmayıb, bəzən toplansa da, nəşr olunması lazım bilinməyib. Beləliklə də, çap olunmuş bayatılar harada deyildiyi məlum olmayan ünvansız, məkansız dörd misralı şeir parçalarına çevrilmişdir. Yenə də təəssüflə qeyd edirəm ki, vaxtilə sovet folklorşünaslarının buraxdıqları yanlışlıq hələ də davam edir, bu gün də bayatılar qeydə alınarkən ancaq sözlü mətn hissəsi toplanaraq nəşr olunur. Bu da istər-istəməz həmin bayatıların kontekstinin tapılmasında çətinlik yaradır.

Toplayıcılar bayatıları qeydə alarkən, onun yalnız sözlü mətn hissəsini toplamaqla kifayətlənmiş, deyilmə məqamlarını nəzərə almamışlar. Bunun nəticəsində də mətn çox zaman anlaşılmaz qalır. Əslində bayatı müəyyən məqamlarla bağlı deyildiyinə görə, onun hansı zamanda və məkanda söyləndiyini qeydə almaq olduqca vacibdir. Bunlar xüsusən alqış bayatıların, qarğış bayatıların, şikayət, giley-güzar xarakterli bayatıların, mərasimlərdə deyilən bayatıların və sairin toplanmasında özünü daha qabarıq göstərir.

Biz bayatını folklor kitab­la­rından şeir kimi oxu­mağa adət etmişik. Ancaq folklor topla­yan­lar yaxşı bilirlər ki, klassik ənə­nədə bayatı mətni şeir kimi de­yilmir, mahnı kimi oxunur. Demək olar ki, bütün bölgələrimizdə bayatıları xüsusi avazla söyləyirlər.

-Bəlkə, daha aydın olsun deyə fikirlərinizi bayatı örnəkləri üzərində ifadə edəsiz…

– Klassik ənənədə bayatının bir sıra hallarda yeddi hecalılıq prinsipindən çıxdığını müşahidə edirik. Bəzən söyləyici fikirlərini bu janrda ifadə etmək üçün qətiy­yən formaya, ölçüyə fikir vermir, bayatıya istədiyi qədər söz və ifadə artırır. Burada söyləyicinin bayatı mətnini pis bilməsindən söhbət gedə bilməz, sadəcə, məqsəd duyğuların ifadəsidir, ona görə də hərdən məşhur bayatılarımız belə formasını dəyişir. Adətən, söyləyicinin mətnə əlavəsi özünü daha çox üçüncü misrada göstərir. Bu misra sərbəst misra olduğu üçün söyləyici əlavələrinə xüsusi imkan yaranır. Dediyiniz kimi, fikrimizi örnəklər üzərində ifadə edək:

Arazı ayırdılar,

Qumunan qayırdılar,

Ay mənim kəndim, ay mənim sərin bulağım, ay mənim uca dağım, mən sizdən ayrılmazdım bu yaşımda

Məni zorla ayırdılar.

Dağlara binə gəlləm,

Gedərəm, gənə gəlləm.

Sənin soyux bulaxlarınnan işsəm bir də, göy çomanında gəzsəm bir də,

İmana, dinə gəlləm.

Dağlar marala qaldı,

Otu sarala qaldı.

Gəzdiyim ala yaylaxlar, sərin bulaxlar, uca dağlar, göy cəmənlər

O da marala qaldı.

Dağlar dağımdı mənim,

Qış oylağımdı mənim.

Dindirmə məni, ay oğul, mənim elim-günüm qaldı, mənim uca dağım qaldı, mənim axan çaylarım qaldı, sərin bulaxlarım qaldı,

Yaman çağımdı mənim.

Əslində bu janr haqqında indiyədək çox yazılıb. Mənim əsas məqsədim bayatının istehsal prosesini, yəni mərasimlərdən asılılıq dərəcəsini öyrənməkdir.

– İllərdi folklor örnəkləri toplayırsız. Bu müddətdə sizi təəccübləndirən hansı “xalq hikməti” ilə rastlaşmısız?

-2005-ci ildə Şəki rayonunun Baş Göynük kəndində folklor toplayırdım. Xıdır Nəbi ilə bağlı qeydə aldığım bir süjet o zaman məni çox təəccübləndirmişdi. Cünki həmin süjet B.N.Basilovun “Культ святых в исламе” adlı əsərində eynilə verilmiş bir süjet idi. Yalnız iki fərq vardı. Basilov həmin süjeti Sibir türklərindən qeydə almışdı, mən Şəkinin Baş Göynük kəndindən. Basilovun topladığı süjetdə obraz Baba Burkut adlanırdı, mənim qeydə aldığım süjetdə Xıdır Nəbi. Əslində topladığımız folklor mətnlərinin böyük bir qisminin həm başqa bölgələrimizdən, həm də digər türk xalqlarından qeydə alınmış variantları ilə üzləşdiyimiz çox olmuşdu. Amma heç bir savadı olmayan, yaşadığı kənddən kənara çıxmayan, yaşlı bir qadının Basilovun kitabında verilmiş süjetlə eyniyyət təşkil edən süjeti Şəki ləhcəsində, sadəcə, obraz adlarını fərqli formada verməklə danışmağı o zaman məni çox təəccübləndirmişdi.

Deməli, türk xalqları müxtəlif ictimai-siyasi, tarixi səbəblər üzündən ayrı yaşasalar da, dəyişməyən bir şey qalmışdır. O da türkün yaddaş kodudur.

Söhbətləşdi: Namiq Hacıheydərli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə