XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 May 2016 - 12:30

Mirzə Xəzər:“Aprelin 2-si fürsət idi, lakin Moskva Azərbaycana mane oldu”

mirze-2

Tanınmış beynəlxalq şərhçi Mirzə Xəzər ölkə gündəmini məşğul edən başlıca məsələlərlə bağlı  "Hürriyyət" qəzetinə müsahibə verib.

Həmin müsahibəni Strateq.az oxucularının da diqqətinə çatdırırıq:

 

– Azərbaycan-Ermənistan təmas xəttindəki gərginliklə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə indiki halda bu gərginliyin genişmiqyaslı hərbi əməliyyatlarla, müharibə ilə əvəzlənməsi nə dərəcədə realdır?

 – Aprelin 2-də Azərbaycan ordusunun təmas xətti adlanan cəbhə bölgəsində həyata keçirtdiyi hərbi əməliyyatlar işğal edilmiş əraziləri qaytarmaq mümkün olmasa da, Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsi sayıla bilər. 1993-cü ildən bəri Azərbaycan ordusu ilk dəfə ermənilərin müdafiə xəttini aşaraq düşmənə gözlənilməz ağır zərbə endirə bildi. Şübhə yoxdur ki, Moskvanın təzyiqi olmasaydı, Kreml ermənilərin köməyinə gəlməsəydi, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin həmləsinə tab gətirə bilməyəcəkdi. Lakin Kreml təkcə ermənilərin məğlubiyyətindən yox, özünün məntəqədəki nüfuzunun silinməsinə yol vermədi. Amma necə olsa, 3 günlük müharibə Azərbaycan ordusunu, Azərbaycan cəmiyyətini 23 il ərzində pəncəsində əzən bacarıqsızlıq, qətiyyətsizlik kompleksinə qalib gəlmək mümkün oldu. Bunun özü də böyük qələbədir. O biri tərəfdən isə aprel müharibəsi ermənilərin daimi "qalib" imicini yerlə-yeksan etdi. 23 ildən bu yana ilk dəfədir ermənilər qorxu içindədir. Cəbhə bölgəsində gərginlik davam edəcək, lakin geniş müharibənin başlanacağına inanmıram. Aprelin 2-si fürsət idi, lakin Moskva Azərbaycana mane oldu.

– Sizcə, Ermənistanın hərbi toqquşmalarda qadağan edilmiş kasetli bombalardan istifadə etməsi, Azərbaycanı atom bombası və radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la hədələməsi kimi amillərdən beynəlxalq aləmdə Ermənistana qarşı ifşaedici arqument kimi istifadə etməliyikmi? Rəsmi Bakının bu istiqamətdəki fəaliyyəti qənaətbəxş sayıla bilərmi?

 – Bəli, bundan istifadə etmək olar və istifadə etmək lazımdır. Rəsmi Bakının bu istiqamətdə fəaliyyətini gücləndirmək üçün kifayət qədər maliyyə imkanları vardır. Ən başlıcası, yaxşı düşünülmüş diplomatik həmləyə keçmək lazımdır. Və bu işdə xalq diplomatiyasından da istifadə etmək faydalı olar.

 – Düşmənin atəş məsafəsində yerləşən yaşayış massivləri boşaldılmalıdırmı? Dinc insanları düşmən hədəfində saxlamağın bir mənası varmı?

 – Yox, boşaldılmalı deyildir. Mülki obyektlərin atəşə tutulması terrorun bir növüdür. Erməni tərəfinin məqsədi yaşayış məntəqələrini bombalamaqla xalq arasında panika yaratmaq, qəsəbə və kəndlərin boşaldılmasına nail olmaqdır. Bu, düşmənin apardığı psixoloji müharibənin ilk hədəfidir. Yaşayış məntəqələrini boşaltmaq, erməniləri sevindirmək deməkdir. Buna yol vermək olmaz. Yerli sakinlər Azərbaycan ordusunun qanadı altındadır. Azərbaycan ordusu sakinləri qorumaq üçün sərəncamında olan bütün vasitələrdən ermənilərə qarşı istifadə etməli və onları susdurmalıdır.

– Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki azərbaycanlılara dövlət tərəfindən kompensasiya ödənilməlidirmi?

 – Əlbəttə, dövlət ermənilərin atəşi nəticəsində həlak olan azərbaycanlılara təzminat ödəməli və zərər çəkmiş ailələrə təcili yardıım göstərməlidir. Bu, dövlətin və hökumətin boynuna düşən vəzifədir. Dövlət öz vətəndaşlarına sahib çıxmalıdır.

– Qarabağda müharibə başlayacağı təqdirdə İranın proseslərə neytrallığını təmin etmək mümkün olacaqmı? Qarabağda Azərbaycanın uğur qazanması İran üçün nə dərəcədə arzuediləndir?

 – İran münaqişədə bitərəf olmağa çalışacaq.

 – Azərbaycanın mövcud maliyyə-iqtisadi gücü uzunmüddətli müharibə üçün yetərlidirmi?

 – Bəli, Azərbaycanın maliyyə və canlı qüvvə baxımından gücü uzunmüddətli müharibə üçün kifayətdir. Ermənilər isə uzunmüddətli müharibəyə həm maliyyə-iqtisadi baxımdan, həm də canlı qüvvə baxımından tab gətirə bilməzlər. Sürəkli müharibə ermənilərin sonu deməkdir.

 -Sizcə, Azərbaycan Qarabağ məsələsində beynəlxalq dəstəyi təmin edə bilibmi? Müharibə başlayacağı təqdirdə belə bir dəstəyi hiss edə biləcəyikmi?

 – Yox, Azərbaycan hökuməti Qarabağ məsələsində beynəlxalq himayəni təmin edə bilməyib. Bu səbəbdən, müharibə başlayacağı təqdirdə Azərbaycan bu olmayan himayənin təsirini hiss etməyəcək. Niyə? Çünki xaricdə fotosessiya çəkdirib daxildə qəzetlərdə özünü reklam etməklə beynəlxalq himayəni qazanmaq mümkün deyildir. İş görmək lazımdır, iş…