XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2015 - 12:01

“Cənub Qaz Dəhlizi İtaliya üçün milli prioritetdir”- İtaliya səfirinin müavini Culia Qullotti

IMG_0615.JPG

“Qadın sahibkarlığı”, “qadınlar və biznes”… Bu mövzular müasir dövrdə sosial həyatın ən çox müzakirə olunan məsələləridir. Hər bir ölkənin, hər bir cəmiyyətin qadın sahibkarlığının inkişafı ilə bağlı öz yanaşması var. Zaman-zaman dəfələrlə bu haqda müzakirələr açılmış və müxtəlif fkirlər, rəylər eşitmişik. Strateq.az saytının qonağı– İtaliyanın Azərbaycandakı səfirinin müavini, İqtisadi işlər şöbəsinin müdiri Culia Qullottidir. Xanım Qullotti ilə Azərbaycan-İtaliya münasibətləri, qadın sahibkarlığı, xanımlar və karyera mövzularında söhbət etmişik.

– Xanım Qullotti, İtaliya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini necə dəyərləndirirsiniz? Cənub Qaz Dəhlizi ilə bağlı təşəbbüslərdə Roma Bakının əsas tərəfdaşları sırasındadır. İtaliya bu təşəbbüslərin həyata keçirilməsində Azərbaycana hansı formada dəstək verir? Bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı imkanlar mövcuddur?

– İtaliya-Azərbaycan arasındakı münsibətlər yüksək səviyyədədir. Artıq 7 ildir ki, biz Azərbaycanın ən böyük partnyoru və onun 9-cu təchizatçısıyıq. ölkələrimiz arasındakı ticarət dövriyyəsi 2013-cü ildə 7,2 milyard avro olub. Azərbaycan bir çox sahələrdə, xüsusən də energetika sahəsində yaxşı imkanları olan bir ölkədir. Cənub Qaz Dəhlizi ilə bağlı isə demək istərdim ki, bu layihəyəyə daxil olan digər ölkələrlə birlikdə hamımız layihənin həyata keçirilməsi üçün böyük dəstək veririk. Başqa ölkələr kimi, bu layihənin gerçəkləşməsi İtaliya üçün də milli prioritetlərdən biri hesab olunur və layihənin həyata keçirilməsində bəzi mərhələləri sürətləndirərək böyük işlər görüb. ümid edirik ki, gələcəkdə İtaliya şirkətləri bu layihənin tikinti işlərində iştirak edəcəkdir.

– İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı nələri demək mümkündür? Azərbaycan İtaliya biznesi üçün nə dərəcədə maraqlıdır?

– Bakıda çox sayda iri və orta həcmli İtaliya şirkətləri fəaliyyət göstərir. Böyük şirkətlərdən biri kimi “Saipem”in adını çəkə bilərəm. Bir çox kiçik şirkətlər var ki, onlar interyer dizayn, tikinti, moda və digər sahələrdə fəaliyyət göstərirlər. Şirkətlərin fəaliyyətinin gücləndirilməsi üzrə sahələr kimi tikinti, ətraf mühit, mühəndislik, infrastruktur, yeyinti, kənd təsərrüfatı və geyim-tekstil sahələrini misal göstərmək olar. Bir az əvvəl qeyd etdim ki, iri şirkətlər əsasən energetika sahəsi üzrə fəaliyyət göstərir. Amma yuxarıda sadaladığım sahələr üzrə də İtaliya şirkətlərinin fəaliyyət dairələrini genişləndirməsi üçün yaxşı potensial mövcuddur. İnvestisiyalarla bağlı demək istərdim ki, daha çox sərmayə qoyulan sahə energetika sahəsi hesab olunur. Bu sahə üzrə “Eni qrupu”na aid olan “Saipem” şirkəti fəaliyyət göstərir. Bank sahəsi üzrə isə Koç Holdinqə aid “YapıKrediBankı”nın 50% aksiyasına sahib İtaliyanın “Unikredit Bankı” fəaliyyət göstərir.

– Səfirliyin Azərbaycan biznes icması ilə əməkdaşlığı varmı? Bu əməkdaşlıq nədə ifadə olunur?

– Səfirlik azərbaycanlı biznes icması ilə çox geniş əlaqəyə malikdir. Azərbaycan biznes icması ilə yalnız Səfirlik deyil, eləcə də Səfirliyin nəzdində olan İtaliya Ticarət Palatası da əməkdaşlıq edir. Səfirliyin və bu Palatanın təşkil etdiyi tədbirlərdə onlar həmişə iştirak edir. Eləcə də viza baxımından bizim onlarla geniş əməkdaşlığımız mövcuddur. İtaliyaya işgüzar səfərlər nəzərdə tutulanda onlara uzunmüddətli viza verilməsində köməklik göstəririk. İtaliya Ticarət Palatası həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyası (ASK) ilə əməkdaşlıq edir.

– İtaliyada qadın iştirakçılığının səviyyəsi ilə bağlı nələri deyə bilərsiniz? Qadınlar ölkənin ictimai-siyası həyatında nə dərəcədə təmsil olunurlar?

– Bizim ölkədə qadınlar biznes və siyası sahədə çox aktivdir. Hazırda Renzi hökumətində təmsil olunan nazirlərin yarısı qadınlardı. Eləcə də İtaliyanın indiki xarici işlər nazirindən əvvəlki iki naziri qadın olub. Bütün bunlar hamısı İtaliyanın ictimai, siyasi, biznes həyatında qadınların rolunun necə möhkəm olduğunu göstərir.

– Qadınların bizneslə məşğul olması üçün hansısa xüsusi proqram və təşəbbüslər varmı? Yaxud qadın biznesinin inkişafı üçün hansı addımlar atılır?

– İtaliyada qadınların hüquqlarını qoruyan qanunvericilik mövcuddur ki, bu da qadınların, xüsusən də işgüzar xanımların sırf analıq məzuniyyəti dövründə bütün hüquqlarını qoruyur. Analıq məzuniyyəti başa çatdıqdan sonra onlar yenidən işə qayıda bilir və bu müddət ərzində bütün hüquqlarına güzəştli şəkildə imkanlar verilir.

– Azərbaycan və İtaliya xanımlarını çox bənzədirlər. Yalnız zahiri görkəmlə bağlı deyil, həmçinin xarakterik xüsusiyyətlərin oxşarlığına diqqət çəkilir, ailəyə bağlılıq, kişilərin birmənalı olaraq ailə başçısı kimi qəbul edilməsi və s. Siz bir müddətdir ki, Azərbaycandasınız, şübhəsiz ki, öz müşahidələriniz var. Bunları bölüşməyi xahiş edirik…

– Fikrimcə, Azərbaycan qadınları ilə İtaliya qadınları çox oxşardır. Əlavə edim ki, azərbaycanlılarla italiyalılar bir-birinə çox bənzəyir. Bunu hamı bilir. Siz dediyiniz kimi, nəinki xarici görünüşlərinə görə, həmçinin xaraktercə də oxşardılar. Bizim qadınlar da sizin kimi ailəyə, adət-ənənəyə çox önəm verirlər. Sırf karyera sahibi olmaq üçün ailəsindən üz döndərməz. Onu da qeyd edim ki, azərbaycanlı rəfiqələrim çoxdur və onlarla yaxşı münasibətdəyəm, onlardan müsbət enerji alıram. Mən özüm də İtaliyanın cənubundanam. Bildiyiniz kimi, cənubdakı italyanlarla azərbaycanlıların oxşarlıqları daha çoxdur.

IMG_0612.JPG

– İtaliyada xanımların bizneslə məşğul olması, karyera qurması üçün əsas çətinliklər hansılardır?

– Xanımların bizneslə məşğul olması, karyera qurması üçün çətinliklər mövcuddur. İstər Azərbaycanda, istərsə də İtaliyada olsun, bu, bütün dünyada belədir. Buna sırf şəxsi aspektlər nöqteyi-nəzərindən yanaşmaq lazmdır. Hər kəsin öz düşüncəsi, prioritetləri var. Ailə ilə karyeranı birlikdə aparmaq istəyirsə, o zaman qarşılıqlı anlayış olmalıdır. Təbii ki, karyeranın da müxtəlif sahələri var. Həmin sahələrdən aslı olaraq müxtəlif problemlər qarşıya çıxa bilər. Diplomatik karyerası olan şəxslərlər bağlı demək istəyirəm ki, adətən, onlar bir ölkədən başqa ölkəyə getməli olurlar. Ailəsinin həmin şəxsin arxasıyca digər ölkələri gəzməsi bir az çətindir və bir sıra problemlərə yol verə bilər, bu hal xüsusən qadınlar diplomatik karyera ilə məşğul olduqda daha qabarıq görsənir. Belə olan halda həyat yoldaşı işləməməyə məcbur olur, çünki ölkələri dəyişdikcə stabil işi saxlamaq mümkün olmur. M
ən subayam və gələcəkdə ailə quracağım və başqa bir ölkəyə gedəsi olacağım təqdirdə, ölkəni həyat yoldaşımla birlikdə seçməyi düşünürəm. Bu, elə bir imkanları olan ölkə olmalıdır ki, o da özünə rahatlıqla iş tapa bilsin.

– Uğurlu diplomatik karyera qurmuş, özünüzü təsdiqləmiş bir xanım kimi, həmçinin İtaliya və Avropa təcrübəsinə istinad edərək Azərbaycanda qadın iştirakçılığının inkişafı üçün hansı tövsiyyələri verə bilərsiniz?

– Karyera qurmaq istəyən qadınlara bildirmək istərdim ki, iş çox önəmlidir. İş qurduqdan sonra insan özünü həm həyatda təsdiqləyir, həm profesional baxımdan güclənir. Qadınlar üçün iş nə qədər önəmli olsa belə, ailə həyatı da çox önəmlidir. Elə etmək lazımdır ki, həm işi, həm də ailə həyatını bir yerdə aparmaq mümkün olsun. Arada vaxt baxımından məsafələr ola bilər. Müəyyən müddət qadın özünü ailəsinə həsr edə, işini bir az axsada bilər. Və yaxud da əksinə ola bilər. Bu, normal haldı. Fikrimcə, bunun ikisini də düzgün şəkildə aparmaq lazımdır. Bunları öyrənməyi onlara tövsiyyə edərdim.

– Bir müddət tanınmış bir moda şirkətində təşkilatçı olaraq çalışmısınız. İndi isə diplomatsınız. Yəni bunlar fərqli sahələrdir. Necə oldu ki, diplomatiya sahəsinə gəldiniz?

– Moda dünyasında dəfilələrinin təşkilatçısı olmuşam. Orada işləmək mənim üçün maraqlı təcrübə oldu. Amma uşaqlıqdan diplomat olmaq istəyirdim. O dönəm keçid bir dönəm idi. XİN-də diplomat karyerasına dövlət müsabiqəsi keçirildiyini biləndə işimi buraxıb, müsabiqəyə hazırlaşdım və müsabiqəni keçdim. çünki dediyim kimi, mənim üçün diplomatik karyera hər şeydən daha önəmli idi.

Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə