XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

10 May 2016 - 15:05

Erməni deputat Xaçatur Kokobelyanın müsahibəsi:"Rusiya hücum olacağından tam xəbərdar idi"

bayraq

Siranuş Papyan

Lragir.am, 09.05. 2016

 

Ermənistan “Azad demokratlar” partiyasının sədri, Ermənistan parlamentinin üzvü Xaçatur Kokobelyanın Qarabağ nizamlaması haqda erməni nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Cənab Kokobelyan, Ermənistanın DQR-i (mətndə bu cürdür-tərc.) tanımaq niyyətinə Rusiya reaksiyası coşqun oldu. Moskvadan dedilər ki, Ermənistan bu addımı onlarla razılaşdırmayıb və “hay-küyə uymamağa” çağırdılar. Bu cür reaksiya nələrlə şərtlənir?

-DQR-in tanınması Ermənistan siyasətinin prioritetlərindən biridir və hesab etmirəm ki, bu proses danışıqların bitməyinə səbəb ola bilər. Risklər olsa da, Aprel müharibəsindən sonra durum dəyişilib. Daxili və xarici çağırışlar xüsusunda marağı olan beynəlxalq subyektlərin də qavrayışı dəyişilib. Heç kimin şübhə yaratmağa haqqı çatmır ki, tammiqyaslı hücum Rusiyanın xəbəri olmadan baş verib. Çünki Rusiya sputniklərlə izlədiyinə görə qoşunların yer dəyişməyindən xəbərdar idi. Yəni tammiqyaslı əməliyyat Rusiyanın sakit razılığı və dəstəyi əsasında baş tutdu. Dəstək, heç olmasa, bundan ibarət idi ki, Rusiya strateji müttəfiqi gözlənilən hücumdan xəbərdar etmədi və öz müttəfiqinə 200 milyon dollarlıq silahı verməyib düşməni təpədən dırnağa silahlandırdı. Hətta müharibə günlərində siyasi dəstəyi məhz düşmənə verdi – baş nazir Merdvedyevin və onun birinci müavini Roqozinin Rusiyanın Azərbaycanı silahlandırmağa davam edəcəyi haqda qeyri-adekvat açıqlamalarını nəzərdə tuturam.  Bu yetərlidir ki, siyasi elitamız nəticə çıxartsın və uyğun addımlar atsın.

DQR-in tanınması və bundan məlumatsız olduqları haqda Rusiyanın bəyanatlarına gəlincə, bunu xalis həqiqət kimi qəbul etmək lazım deyil. Rusiyanın Ermənistanda bir yığın nümayəndələri, səfirliyi var, tanıma mövzusu isə ən çox müzakirə edilən mövzulardan biriydi. Razılaşdırmamaq bəyanatı isə yalnız Azərbaycana və beynəlxalq birliyə mesaj idi.

– Rusiya Aprel müharibəsinin gedişində nə uddu?

– Rusiya hazırlanan hücum barədə bilirdi və rusiyalı məmurlar qeyri-rəsmi söhbətlərdə bunu təsdiqləyirlər. Rusiya məmurları parlamentdə müzakirə zamanı hətta məlumatlı olduqlarını inkar etməyə cəhd də etmədilər. Hamımız deyirik ki, Türkiyə Azərbaycanı müdafiə edir, onlar təbii müttəfiqdilər, Rusiya isə bu cür deyil və Rusiya tərəfdən Azərbaycana dəstək onun strateji maraqlarından qaynaqlanmır. Rusiyanın biznes kimi yanaşmaqla Azərbaycan verdiyi hücum silahlarının Türkiyə ilə münasibətlərin pisləşəcəyi halda Rusiyanın özünə qarşı istifadə edilməyəcəyinə heç bir zəmanət yoxdur. Düşmən qüvvələrin Naxçıvanda toplaşması haqda deputatların müdafiə naziri ilə görüşündə söhbət olubmu? O nə deyib? Toplantı qapalıydı, lakin Naxçıvanda və şimali-şərqdə toplanış getdiyi heç kimə sirr deyil. Naxçıvana gəlincə, məlumatlar Rusiya və Türkiyə mətbuatında getdi. Həmçinin məlumat var ki, Rusiya silahının yeni partiyası gəlib və hazırda Naxçıvanda dislokasiya olunur. Bu, artilleriya silahıdır. KTMT Qarabağ hadisələrinə qarışmaqdan imtina edir.

– Naxçıvan tərəfdən hərbi əməliyyatlar baş versə, bu blokun müdaxiləsini gözləyə bilərikmi?

– Birincisi, razılaşmıram ki, bu blokun müdaxilə hüququ yox idi. Hətta o, ən azı, bu gün də atəşə tutulan Ermənistan sərhədində 2014-cü ildə eskalasiya baş verəndə qarışmağa borcluydu. Bundan başqa, Ermənistanla Qarabağın təhlükəsizliyi vahid müstəvidə nəzərdən keçirilməlidir. KTMT yolverilməz addım atdı və bir daha əmin olduq ki, KTMT – Ermənistan üçün təhlükəsizlik sistemi deyil. KTMT və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük Ermənistanı total mühasirə halına saldı. Ermənistan hərbi-siyasi mühasirədədir – KTMT-dən dəstək almır və bu blok bizim hüquq və imkanlarımızı, alternativlərimizi  məhdudlaşdırır. Eyni hal Ermənistanı iqtisadi alternativdən məhrum edən AİB-ə də aiddir. Ermənistan mümkün qədər tezliklə hərbi-siyasi və iqtisadi alternativlər axtarmalıdır. Çoxları deyir ki, Ermənistanın alternativləri yoxdur, lakin onu yaradırlar, havayı əldə etmirlər. Ermənistan ölkəmizi girova döndərən total mühasirədən mümkün qədər tez çıxmalıdır. Silah tədarükü haqda bir il əvvəl bağlanmış kredit müqaviləsi niyə yerinə yetirilmir? Bu silahların tədarükündən imtinanı Aprel müharibəsinin müqəddəm şərtlərindən biri saymaq olar. Rusiya hətta Ermənistanın almalı olacağı silahların siyahısını dərc etdi, lakin müqavilənin ratifikasıyası zamanı siyahını hətta deputatlara da paylamadılar. Bu müqavilə olmasaydı, Ermənistan bu cür silahı başqa yerdən almaq üçün addımlar ata bilərdi. Ümid edək ki, bu addımlar atılır. Lakin AİB-in üzvü olduğumuza görə “üçüncü ölkə”dən alınmış silahın dəyərinin 18%-i birliyin büdcəsinə ödəməyə məcburuq.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə