XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 May 2016 - 20:16

Zərdüşt Əlizadə:“Rusiya Azərbaycana soxulmaq istəyir, amma iqtidar razı deyil”- MÜSAHİBƏ

zerdust-1

 

Tanınmış politoloq Zərdüşt Əlizadə teleqraf.com-a müsahibə verərək prezidentlərin Vyana görüşü barədə öz mülahizələrini bölüşüb.

Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik:    

 

 – Zərdüşt bəy, mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşü gözlənilir. Bu görüş öncəsi tərəflərin vəziyyətini necə qiymətləndirirsiniz?

 – Ermənistan qanunsuz olaraq Azərbaycan ərazilərini işğal edib, arxasında Rusiya və Qərb durur. İstəyir ki, məsələni mümkün qədər uzatsın, münaqişəni dondursun. Bu, Rusiyanın da mənafeyinə uyğundur. Çünki dondurulmuş münaqişə vasitəsilə bölgəni nəzarətdə saxlayır və danışıqları acı bağırsaq kimi uzadır, bütün nə şərtlər ağlına gəlirsə irəli sürür. Azərbaycanın da səbri təbii ki, intəhasız deyil. Nəhayət, müəyyən anda Azərbaycan aprel hadisələri ilə Ermənistana bildirdi ki, mən dözdüm, amma elə bir an gələ bilər ki, mən səni vura bilərəm. Sən mövqeyini dəyiş, yumşalt, elə bir mövqe tut ki, biz anlaşa bilək. Bunu başqa ölkələr də anladı, Ermənistana deyirlər ki, daşı ətəyindən tök və hansısa güzəştli sülhə razı ol. Ermənistan isə sülh istəmir.   Çünki erməni xalqına onlar belə bir horra yediriblər ki, biz tarixi qələbə qazanmışıq, Azərbaycan diz çöküb, biz qədim, müqəddəs erməni torpağını azad etmişik və biz onları qaytarmayacağıq, münaqişə həll olunub. İndi bu müflis siyasətçilər – Serjik, Robik, Levon çıxıb xalqa necə desinlər ki, ay erməni xalqı, biz səni aldatmışıq, biz əslində qələbə qazanmamışıq, Rusiyanın dirijorluğu ilə müəyyən əraziləri qanunsuz tutmuşuq və onları qaytarmalıyıq. Bax belə bir dilemma qarşısındadırlar. Bu da onlar üçün çox ağırdır, çünki bu etiraf onların siyasi qətlinə bərabərdir. Ona görə də dirəniblər. Bax, mübarizə bunun ətrafında gedir. Üstəlik, hər bir həmsədr ölkə də öz qazancını götürmək istəyir. Rusiyanın qazancı ondan ibarət ola bilər ki, Qarabağ bölgəsinə sülhməramlılarını soxuşdursun, ondan sonra desin ki, onların təhlükəsizliyinə xətər var idi, ona görə də biz məcburuq Azərbaycana soxulaq. Onlar bunu istəyirlər. Azərbaycan hakimiyyəti buna razı deyil.  

– Tərəflər Vyana görüşünə hansı pozisiya ilə gedirlər?

– Açıq demək lazımdır, Ermənistanın tərəfində Rusiya var, Fransa var, Amerika var, bütövlükdə Qərb var. Ermənistanın informasiya aparatı daha səmərəli işləyib. Digər tərəfdən biz sülh imkanından yetərincə istifadə etmirik. Sülhün böyük potensialı var. Bütün dünyada münaqişələrin həlinə hərb potensialı ilə yanaşı, sülh potensialı da cəlb olunur. Təəssüf ki, biz erməni cəmiyyəti ilə işləmirik. Bizim təbliğatımız erməniləri söymək üzərində qurulub ki, mən bunu düzgün hesab etmirəm.  

– Ermənistan hakimiyyətini durumu ilə bağlı nə deyə bilərsiniz?

– Daxili durumları pis gündədir, çox ağır vəziyyətdədir. İqtisadiyyatı çöküb, əhalisi qaçır, özləri yazırlar ki, Ermənistanda cinayətkar-oliqarxik bir quruluş yaranıb. Erməni xalqı bütün tarixi perspektivləri itirib, səhiyyəsi, sənayesi, təhsili, bütün sahələri dərin tənəzzül içərisindədir. Borc içində boğulurlar. Bu, onların səmərəsiz strateji xətt seçdiyini göstərir. Daşı da ətəklərindən tökmək istəmirlər. Düşünənlər, bilənlər, bacaranlar, sosial fəal əhali isə ölkəni tərk edib qaçır. Son atəşkəsin pozulması dövründə internetdə bir neçə dəfə görkəmli erməni ziyalılarının müraciətləri oldu ki, daşı tökək ətəyimizdən, siyasətimizi dəyişək, bu siyasətin axırı yoxdur. Amma cahil əksəriyyət onları təbii ki, vətənə xəyanətdə ittiham etdi. 

 – Həmsədr ölkələrin son hadisələrdən sonrakı pozisiyasını da izah etmənizi istərdim…

 – Həmsədrlər çox yüksək diplomatik məqam tuturlar. Müstəsna dərəcədə yüksək maaş alırlar. Hərəsi iki ərzində fantastik məbləğdə, sən heç ömründə ağlına gətirə bilməyəcəyin qədər maaş alır, qazanc götürür. İş də çətin, ağır deyil. Ordan bura gəlmək, burdan ora getmək, görüşmək, nə isə danışmaq və sair. Bu, onların xeyridir və artıq neçə nəsil diplomatlar arasında bu vəzifə birindən o birinə ötürülür. Yəni, Qarabağ münaqişəsi yeganə məsələdir ki, bu məsələ ətrafında Amerikanın, Rusiyanın və Fransanın mövqeyi üst-üstə düşür. Onlar bu şirin vəzifəni itirmək istəmirlər. Ona görə də gedib-gəlib danışırlar. Bu münaqişənin davam etməsi həm Amerikaya, həm Fransaya, həm də Rusiyaya xeyirdir.  

– Aprelin əvvəlində baş verən hərbi əməliyyatlardan sonra müəyyən hərəkətlilik oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvanda oldu, Con Kerri ilə telefon danışıqları apardı. Bunları nə cür qiymətləndirirsiniz?

– Bunlar hamısı boş şeylərdir. Yetimə can-can deyən çox olar, çörək verən az olar.  

– Bu gün Gürcüstanda keçirilən “Layiqli Tərəfdaş-2016” adlı irimiqyaslı NATO-ABŞ təlimlərinin Ermənistan-Azərbaycan danışıqlarında hansısa rolu ola bilərmi?

 – Bu tədbirin keçirilməsi normaldır. Göstərirlər ki, biz indi NATO qoşunlarını ölkəmizə dəvət edirik, sən Rusiya bir də cürət edib ora girmə. Əks halda bizim ordu ilə qarşılaşacaqsan. Amma bu məsələnin Qarabağ danışıqları ilə heç bir birbaşa əlaqəsi yoxdur. Müəyyən dolayı əhəmiyyəti, təsiri var. Əgər Cənubi Qafqaza artıq amerikan qoşunları gəlirsə, rus qoşunları artıq bir az özlərini ehtiyatlı aparmalıdırlar.

Səxavət Həmid 




Yuxarı Əvvələ Ana Səhifə