XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 May 2016 - 21:10

Xanım Ufuq Turganer:"Kıbrıs pasportu ilə səyahət imkanı olsa, daha çox turist gələcək"

ufuq-1

 

Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuq Turganer "525-ci qəzet"ə müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Ufuq xanım, artıq bir müddətdir Azərbaycanda fəaliyyətə başlamısınız. Ölkəmizlə bağlı təəssüratlarınız nədən ibarətdir?

– Bakıya ilk dəfə burdakı vəzifəmlə əlaqədar olaraq gəldim. Daha əvvəl Azərbaycanda olmamışdım. Təklif olunan başqa ölkələr də olsa, Azərbaycana özüm istəyərək gəldim. Bizim ən böyük üstünlüklərimizdən biri məhz dilimizin eyni olmasıdır. Çox rahatıq, hətta bəzi kəlmələr var ki, Türkiyədəki qardaşlarımız anlamır, amma bizim ortaq kəlmələrimizdir. Bunun özü çox maraqlıdır. Əslində, kıbrıslı türklərlə azərbaycanlıların belə yaxınlığı araşdırmaçıların tədqiq edə biləcəyi bir mövzudur. Azərbaycan çox gözəldir, bunu hər fürsətdə söyləyirəm. Sanki ailəmlə illərdir ki, burda yaşamışam. İnsanlar çox mehriban və səmimidirlər. Burda özümü ailəmdə olduğu kimi hiss edirəm. Hər şey çox gözəldir. Bakı yaşamaq üçün rahat bir şəhərdir. Bir az nəqliyyat sıxdır: bizdə avtomobillər soldan, sizdə isə sağdan hərəkət edir, amma artıq uyğunlaşırıq.

– Bəs regionlara baş çəkmək imkanınız olubmu?

– Ailəmlə bərabər Qubada oldum, çox maraqlı şəhərdir. Soyqırım muzeyini ziyarət etdik, ordakı mənzərə insanı dərindən kədərləndirir. Abidənin memarlığı da çox maraqlıdır. İki ox şəklindədir, yəni Azərbaycanın qəlbini deşib. Bizə soyqırımla bağlı bilgilər verildi. Bu yaşanan vəhşiliyin beynəlxalq aləmdə tanınması lazımdır. Azərbaycanda olduğum üç ay ərzində deyə bilərəm ki, burda keçmişdə baş verənlər çox aydın təqdim olunur, gənclər bu mövzularda çox məlumatlıdırlar. Xüsusilə gənclərin ölkənin keçmişini, tarixini bilməsi və onu gələcək nəsillərə ötürməsi çox önəmlidir. Azərbaycan təbii gözəlliyi ilə fərqlənir, qarşıdakı dönəmdə ölkənin bütün regionlarını görməyi arzu edirik.

– Azərbaycanla Şimali Kipr arasında hazırda təhsil və turizm sahəsində əlaqələr var. Bu əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?

– Bu sahədəki əlaqələrimizdə bir nöqtəyə qədər gəlmişik, amma qeyd edilən sektorlarda əlaqələrin daha da inkişaf etdirilməsi, hərəkətləndirilməsi lazımdır. Mənim də hədəfim, məqsədim budur. Daha çox azərbaycanlı gənc bizim ölkəmizə gəlib təhsil almasını və geri dönüb öz vətənləri üçün faydalı işlər görmələrini çox istəyirik. Gənclərin hər hansı bir sualları olarsa, qapımız hər zaman açıqdır, istənilən vaxt müraciət edə bilərlər. Biz əlimizdən gələn köməyi etməyə hazırıq.

Turizmə gəlincə, istəyimiz budur ki, Azərbaycanı daha çox kıprıslı türklər, Kıprısı isə azərbaycanlılar ziyarət etsinlər. Doğrudan da Azərbaycan öz tarixi, təbiəti, mədəniyyəti ilə zəngin bir ölkədir. Həmçinin, Kıprısda da bizim üstünlüklərimiz var, dəniz, zəngin mədəniyyət, təbiətimiz. Qarşılıqlı olaraq bu sahəni  hərəkətə gətirmək lazımdır. Azərbaycanda bir çoxlarının yaxını Kıbrısda təhsil aldığı üçün həmin ailələrin bir tanıdıqları var. Məncə, bunu dəyərləndirmək lazımdır. Nə qədər çox azərbaycanlı Kıbrısa gələrsə, biz o qədər məmnun olarıq.

– Şimali Kiprdən turist kimi Azərbaycana gələnlər olur?

– Turistlər gəlir, amma sayı artırmaq lazımdır. Burda turizmlə məşğul olan şirkətlərin Kıprıs bazarına yönəlməsi lazımdır. Bəlkə daha uyğun qiymətlərlə çarter reysləri açmaq olar. Kıbrıs vətəndaşları Türkiyə Cümhuriyyətinin pasportları ilə Azərbaycana gələ bilirlər. Amma Kıbrıs pasportu ilə səyahət etmək imkanı olsa, o zaman daha çox turist gələcək və pul xərcləyəcək ki, bu da Azərbaycan üçün böyük bir qazancdır. Biz öz pasportumuzla ABŞ və İngiltərəyə viza alıb gedə bilirik. Yəni viza alandan sonra bir sıxıntı olmur. Azərbaycanın da bu məsələdə Kıbrıs vətəndaşlarına bir şərait yaratması böyük üstünlük olur.

– Ticarət sahəsində əməkdaşlıq aparılırmı və bu istiqamətdə hansı yeni planlar var?

– Ticarət sahəsində bir durğunluq var. Bu istiqamətin inkişafı önəmlidir. Daha sıx ticarət əlaqələrinin başlanması lazımdır. Bu məsələdə də səylər göstəriləcək. 2016-cı ilin əvvəlində Kıbrıs Sənaye Odasının təmsilçiləri bura səfər etmişdilər, görüşlər keçirildi. Biz bu sahədə sürətlə hərəkət gözləyirik. Çünki daha əvvəl dediyim kimi dil problemi yoxdur,  asanlıqla iş qurula bilər. İndi həmin görüşlərin nəticəsini gözləyirik.

– Qarşılıqlı olaraq iki tərəfin iş adamları hansı mal və məhsulların mübadiləsini həyata keçirə bilərlər?

– Məsələn, Kıbrısdan bura portağal, limon, çox dadlı pendir olan hellem, zeytun yağı,  türk qəhvəsi ixrac oluna bilər. Mərcunumuz var,  sizin mürəbbəyə bənzəyir, amma biz Azərbaycanda olduğu kimi çayın yanında təqdim etmirik. Qəhvə içildikdən sonra mərcun bir stəkan su ilə bərabər təqdim olunur. Başqa çox dadlı şirniyyat növlərimiz də var və Azərbaycanda onların seviləcəyinə əminik. İş adamlarının üzünə qapılarımız açıqdır, nə sualları olsa, müraciət edə bilərlər. Həmçinin, Kıbrısa səfər edib vəziyyətlə yerində tanış ola bilərlər.  İş adamları bazarları özləri araşdırmalıdır. 

– Ufuq xanım, hazırda Kipr probleminin həlli ilə bağlı durum necədir?

-Danışıqlar indi də fəal şəkildə davam etdirilir. Hazırda BMT-nin himayəsi ilə Şimali Kiprin prezidenti Mustafa Akıncı rum tərəfinin lideri ilə müzakirələr aparır. Hər iki liderin müzakirəçi heyətləri var və onlar mütəmadi görüşürlər, uzun sürən toplantılar keçirirlər. Anlaşmanın əldə edilməsi asan deyil. Təbii ki, ümidimiz Kipr probleminin ədalətli həlli üçün bir anlaşmanın əldə olunmasıdır. Yəni referendum keçirilməlidir və ümid edirik ki, rum tərəfi daha əvvəl olduğu kimi “yox” deməyəcək. Çünki müzakirələrin sonunda bir həll tapılmalıdır.

– Cənubi Kipr Avropa İttifaqının üzvüdür, digər üstünlükləri var. Bundan çıxış edərək danışıqlarda mövqeyinin dəyişməyəcəyini gözləmək olarmı?

-Təbii ki, rum Kiprinin üstünlükləri var, Avropa İttifaqının üzvüdürlər. Avropa İttifaqı problemli ölkəni öz çətiri altına almaqla ən böyük xəta etdi. Daha sonra bunu özləri də qəbul etdilər. Rum Kipri bundan istifadə edir. Həmçinin, 1960-cı ildən Kipr olaraq tanınırlar. Bunun danışıqlara təbii bir təsiri var, amma ümidimiz onadır ki, qarşı tərəf  indiki durumun belə davam edə bilməməsini anlayacaq.

– ABŞ dövlət katibi Con Kerri gözlənilmədən Kiprin hər iki tərəfinə səfər etdi. Bu səfərin bir təsiri oldumu?

– Kerrinin səfəri  tarixi və önəmli bir səfər idi. Bu kimi addımların, təbii ki, təsiri olur. Ən azı  sonrakı görüşlər üçün bu, bir nümunədir. Çünki bir sıra ölkələrin baş nazirləri, xarici işlər nazirləri rum tərəfinə səfərlər edirlər, bizimlə isə məsafəli davranırlar. Amma bu məsafəni aşmaq lazımdır. Kıbrısa da gəlməli, görüşlər keçirməlidirlər.

– Ufuq xanım, hazırda sərhəd qapıları açıqdır. Bunun bir müsbət təsiri var?

– Bəli, sərhəd qapıları açıqdır və yerli insanların gediş-gəlişi üçün heç bir problem yoxdur. Amma turistlərin rum tərəfinə keçmək üçün vizası olmalıdır. Sərhəd qapılarının açılmasında məqsəd o idi ki, insanlar bir-birlərini yaxından tanısınlar, onlar arasında bir yaxınlaşma olsun. Qapılar açıldıqdan sonra rum tərəfi kıbrıslı türklərin həyat tərzini gördü. Çünki onlar bizim maddi cəhətdən daha pis durumda olduğumuzu hesab edirdilər. Amma biz Türkiyənin dəstəyi və öz imkanlarımızla onların səviyyəsindəyik. İki xalq arasında sosial, mədəni proqramlar həyata keçirilir. Kıbrısın qeyri-hökumət təşkilatları da bu işdə  çox fəaldır. Düzdür, Avropa İttifaqının da qrant proqramı var, layihələrin hazırlanmasına maliyyə ayırır. Lakin QHT-lər öz imkanları hesabına çox az xərclə başa gələn piknik, rəsm sərgisi, konsertlər təşkil edirlər.

PƏRVANƏ

525.az




Yuxarı Əvvələ Ana Səhifə