XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 16:38

Xələf Xələfov:“Xəzəryanı ölkələr arasında fikir ayrılıqları qalmaqdadır”

xelef

 

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov  APA-ya müsahibə verib.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

 

– Astana sammiti öncəsi Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı hansı razılaşdırılmamış məsələlər qalıb? Fikir ayrıqları əsasən hansı ölkələr arasında mövcuddur? İşçi qrupunun növbəti iclası nə zaman planlaşdırılır?

– Bildiyiniz kimi, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlar prosesi beştərəfli formatda Xəzər dənizi dövlətlərinin başçıları və xarici işlər nazirləri, eləcə də Xüsusi İşçi Qrupu çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilir. Dövlət başçılarının zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar və qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edib.

Bununla yanaşı, Konvensiya layihəsində təhlükəsizlik və sahilyanı ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsi ilə bağlı müddəalar üzrə müzakirələr hələ də davam edir. Həmçinin, Konvensiya layihəsində çıxış xətləri, sualtı kabel və boru kəmərlərinin çəkilməsi, habelə digər dənizlərə və okeana çıxışı olmayan sahilyanı ölkələrinin hüquq və imkanları kimi məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır. Şübhəsiz ki, bütün açıq qalan məsələlər yekun razılaşmaları tələb edir. Buna baxmayaraq, bütün Xəzəryanı ölkələr arasında hazırkı əməkdaşlıq səviyyəsi, danışıqlarda nümayiş etdirilən konstruktiv yanaşma və Konvensiya layihəsinin müzakirəsi prosesi onu deməyə əsas verir ki, fikir ayrılıqları mövcud olan məsələlər üzrə mövqelərin uzlaşması mümkündür.

Xəzər dənizi dövlətlərinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun növbəti iclasının bu ilin iyun ayında Moskvada və iyul ayında Astanada keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, həmin iclaslar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin razılaşdırılması istiqamətində növbəti irəliləyişlərin əldə olunmasına zəmin yaradacaq.

–  Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə işlərin gələn il başlayacağını açıqlayıb. Bu prosesi bitirmək üçün ölkələr arasında razılaşdırılmalı olan hansı məsələlər qalıb və bununla bağlı görüş planlaşdırılırmı?

– 3 sentyabr 2010-cu il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında Müqavilə” imzalanıb. Bununla da iki ölkənin dövlət sərhədinin delimitasiyası başa çatdırılıb. Sözügedən müqaviləyə uyğun olaraq, Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasını həyata keçirmək məqsədilə Azərbaycan-Rusiya birgə Demarkasiya Komissiyası  yaradılıb. Hazırkı mərhələdə Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası tərəfindən dövlət sərhədlərinin demarkasiyası prosesi həyata keçirilir. Adıçəkilən Birgə Komissiya Moskva və Bakı şəhərlərində olmaqla, mütəmadi əsasda iclaslar keçirib və bu iclaslarda Birgə Komissiya haqqında Əsasnamə, eləcə də demarkasiya prosesinin həyata keçirilməsi üçün texniki-hüquqi xarakterli digər aidiyyəti sənədlər imzalanıb. Qeyd olunan sənədlər əsasında Komissiyaların işçi qrupları tərəfindən demarkasiya xəritəsinin yaradılması, dövlət sərhədində sərhəd nişanlarının yerlərinin müəyyən edilməsi, dövlət sərhədinin sərhəd nişanlarının ərazidə işarələnməsi qaydaları, eləcə də sərhəd nişanlarının formaları, rəngləri və digər texniki göstəriciləri razılaşdırılıb. Aparılmış işlərin davamı olaraq, demək olar ki, demarkasiya sərhəd nişanlarının yerlərdə bilavasitə quraşdırılmasının gələn il ərzində başlanılması nəzərdə tutulur.

–  Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası ilə bağlı yaxın vaxtlarda görüş gözlənilirmi?

– Azərbaycanla Gürcüstan arasında dövlət sərhəd xəttinin uzunluğu 480 km təşkil edir. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstanın eyni adlı komissiyası ilə bu günə qədər keçirilmiş görüşlərində dövlət sərhəd xəttinin 314 km hissəsi razılaşdırılıb və bu barədə müvafiq protokollar imzalanıb. Dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrində müxtəlif fikir ayrılıqları mövcuddur ki, bu da komissiyalar və işçi qrupları səviyyəsində keçirilən görüşlər zamanı müzakirə olunur. Sonuncu dəfə 12-13 mart 2015-ci il tarixlərində Tiflis şəhərində dövlət komissiyalarının rəhbərləri səviyyəsində məsləhətləşmələr keçirilib. Belə məsləhətləşmələrin 2016-cı il ərzində davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda komissiyalarının ekspert qrupları səviyyəsində də mütəmadi olaraq razılaşdırılmamış sahələr üzrə yerində baxış və işçi görüşlər həyata keçirilir.

 




Yuxarı Əvvələ Ana Səhifə