XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 15:15

Almaz Ülvi: “Alim gördüyü işlərin müqabilində çox cüzi maaş alır”

almazulvi.jpg

Strateq.az saytının bu dəfəki qonağı filologiya elmləri doktoru Almaz ülvidir.

Müsahibimiz haqqında arayış: Almaz ülvi (Almaz Qasım qızı Binnətova) 1960-cı ildə Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulub. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamladıqdan sonra (1967-1977) Bakı Dövlət Universitetində (1978-1984) ali təhsil alıb.

1986-1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili şöbəsini bitirib.

1995-ci ildə “Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” mövzusunda namizədlik, 2010-cu ildə isə “XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Hazırda AMEA-da “Türk xalqları ədəbiyyatı” şöbəsində baş elmi işçi vəzifəsində çalışır.

-Xoş gördük, Almaz xanım! Son zamanlar AMEA ölkədə qınaq obyekti olan qurumlardan birinə çevrilib. Hətta burada bəzi institutların bağlanması təklifiilə çıxış edənlər var. Siz necə düşünürsüz, doğrudanmı AMEA-da ciddi islahatlar getməlidi? Və bir alim olaraq siz bu qurumun fəaliyyətini necə dəyərləndirirsiz?

– Xoş günlər həmişə qismətinizdə olsun, inşallah! Elmlər Akademiyası – elmə xidmət edən bir Məbədgahın varlığı heç vaxt qınaq obyekti ola bilməz, belə bir şeyi etmək cahillikdən başqa bir şey deyil. Azərbaycan elminin – fəlsəfə və tarixinin, çoğrafiyasının, geologiyasının, dəqiq elmlərinin, dil və ədəbiyyatının, musiqi və arxitekturasının, arxeologiyasının, bir sözlə, bütün elmlərin bu gününə və gələcəyinə aid tədqiqat işlərini uğurla həyata keçirmək üçün dünənini, dərin qatlarını mükəmməl bilməlisən. Bunun üçün də ötən tariximizin hər səhifəsinə dönə-dönə nəzər salınmalı, araşdırılmalı, tarixi bağların zəncirvarı olması hökmən gərəkdir. Bünövrəni bilməyəndən sonra nəyin üzərində nə və necə qura bilərsən? Akademiyanın tərkibində olan institutların bağlanması təklifi ilə çıxış edənlər isə gündəmdə adlarının hallanmasını istəyən, şəxsi maraqlarını gözləyən insanlardır. Elmin –texnologiyanın inkişaf etdiyi bir zamanda yeniliklərə ehtiyac yaranır, bu zərurətdir, amma bu o demək deyil ki, olanı dağıdaq, uçuraq, sonra oturub onun xarabalığını müzakirə edək. Tarixi formasiyanın dəyişdiyinə şahid insanlarıq, hər şey gözümüzün qabağında baş verdi. Bir şeyi dağıtmaq üçün gərək əvvəl yeni nə isə yaradasan ki, əvvəlki də öz-özünə sıradan çıxsın. Şükür Allaha, gündəlik ictimai həyatımızda belə hadisələrin şahidi oluruq. Akademiya strukturunda elektron informasiya mərkəzi yaradıldı; gözəl və işıqlı, son dərəcə müasir tələblərə cavab verən bir bina tikildi və mərkəz də orada fəaliyyətə başladı. Akademiyanın zəngin kitabxanası da onun tərkibinə qatıldı. Müasir tələbatdan irəli gələn yeni qurum yaradıldı. Bu o demək deyil ki, kitabxananı ləğv edək, hər nə varsa, elektron informasiya şəbəkələrindən əldə edək. Amma bir məsələ də var ki, əgər elektrik varsa, şəbəkə var, elektrik yoxsa, heç nə yoxdur. Kitablar min illərin daşıyıcılarıdır; tarixi, hadisələri, elmi, ədəbiyyatı özündə yaşadan, nəsillərə ötürən vasitə olub – mənəviyyat xəzinəmiz olub və olacaq. AMEA-da bax, bu cür islahatlar olur. Müasir dünyəvi tələbatlara cavab verə bilən islahatlara həmişə ehtiyac olub, AMEA-da bu sahədə öz işlərini mükəmməl baza üzərində qurur. Yeni nə isə yaradacaqsa, köhnəni silib atmır. çünki AMEA elə bir qurumdur ki, yarandığı 70 ildən bəri daim mükəmməl şəxsiyyətlərin rəhbərliyi altında fəaliyyət göstərib. Ali məktəbi bitirdikdən sonra daim üz tutduğum ocaq olub. Xəyallarımın gerçəkləşdiyi bir məbədgah olub. 1988-ci ildə məlum hadisələr baş verəndə ilk olaraq ayağa qalxan AMEA əməkdaşları oldu. Bu elmi qurumda çalışan insanlar öz fəaliyyətlərini təkcə elmi araşdırmalarla məhdudlaşdırmırlar, həm də ictimai-siyasi həyatımızın zəngin mənəviyyatlı şəxsiyyətlərini yetişdirib və yetirir. Akademiya – elm məbədgahı həmişə ehtiyacını duyduğumuz bir qurumdur və onun varlığı başucalığımızdır. Bir alim olaraq deyə bilərəm ki, akademiya hər gün yenilənən, dünya elmi qurumları sırasında görünən bir sahədir. Son illər saysız-hesabsız araşdırma kitabları nəşr olunur, tarixin 70 il gizlədilən arxivlərinin qapıları taybatay açılaraq tədqiqat obyektinə çevrilir, nəticələr kitab halında işıq üzü görür, bunlar çox möhtəşəm hadisələrdir. Bu ilin payızında, Allah qoysa, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi bayram kimi qeyd ediləcək. Ciddi hazırlıqlar gedir. O sırada mən də vaxtilə Akademiyanın iki dəfə prezidenti vəsifəsinə seçilmiş bir şəxs haqqında kitab hazırlamalı oldum. Bu işin axarınca akademiyamızın 70 ildən də bir az o yana tarixinə nəzər salmalı oldum və zəngin, elmi ugurlarla, elmi yeniliklərlə dolu hadisələri araşdırdım. çox zövq aldım və elə bilirəm, bir şəxsiyyətin həyat və elmi, elmi-təşkilati fonunda 20 illik bir dövrü də ardıcıl izləyə bildim. Sağlıq olsun, nəşrə təqdim edilib.

Amma onu da gizlətməyək ki, alim gördüyü işlərin müqabilində çox cüzi maaş alır. Elmi məhsulunun dəyərini ala bilmir, ona görə də ikinci bir iş yeri aramalı olur. Dolanışıq-yaşayış xatirinə fikrini bir sahəyə cəmləyə bilmir. Elmə sevgi hissi olmadan bağlana bilməzsən, əlavə bir iş yerin varsa, o, dolanışıq təminatını ödəmək üçün üz tutduğun yerdir.

-1995-ci ildə “Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” mövzusunda dissertasiya müdafiə etdiniz. Poeziyamızda mübarizlik ruhu bugün də yetərincə varmı? ümumiyyətlə, poeziyanın mübarizə aparmaq, yabançı düşüncələrə qarşı dirəniş göstərmək kimi bir missiyası varmı?

– Bəli, “Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi” adlı dissertasiya işimi üç ədəbi – tarixi şəxsiyyətin yaradıcılığı kontekstində araşdırmaya cəlb etdim: Məmməd Araz, Xəlil Rza Ulutürk və ülvi Bünyadzadə. Əvvəl adlarını qeyd etdiyim xalq şairləri əsrin əvvəllərində milli ruhda yazıb-yaradan və Stalin repressiyasının qurbanlarının varisləri, digəri isə 20 yanvar şəhidi – son milli-azadlıq mücahidləri sırasında ön yerdə dayanmış, ömrünün baharına hələ yenicə qədəm qoyan bir gənc. Bu şairlərin yaradıcılığında milli istiqlal ruhu ana xətdir. Onların əsərlərinin mövzusu müstəqillik, milli azadlıq ruhu üstdə köklənib. Məmməd Araz və Xəlil Rza Ulutürk o gözəl arzularının həyata keçdiklərini gördülər, ülvi Bünyadzadə isə görmədi, keçdikləri yolun zirvəsində şəhid oldu.

Bu günkü gənclərin poetik təfəkkürü başqa bir xətt üzərində köklənir. Mübarizə etdik, arzuladığımız milli müstəqil dövlətimizi qurduq. İndiki gənclik sanki hələ o ölümlərdən keçib gələn ruhumuzla baş-başadır. ölümləri, ruhla bağlı düşüncələrini poetik mövzu olaraq daha çox qabardır, bu isə çox təbiidir. çünki azadlıq yolunda ölümə qovuşmuş narahat ruhlarımız var – torpaqlarımız yağı əlindədir, insanlarımız yurd, el-oba həsrəti
ndə köç saldıqları yerdə qərarlaşmayıblar (25-28 il ötsə də) əsir, itkin düşmüş oğul-qızlarımız var, bunlar balaca görünən dərdlər deyil. Nə şeirə sığır, nə hekayə-romana, nə publisistikaya, nə də tarixə köçürülən səhifələrə. Bunlar daş olub ürəyimizdən asılıb. Xilas olmağa cəhd edirik. Poeziyamızda bu cəhd görünür. Bilirsinizmi, insan gördüyünü, duyduğunu, yaşadığını, bir sözlə, öz yaşadığı mühiti, cəmiyyəti şeirə köçürür. öz xəyal süzgəcində bütün bunları min dəfə ö üz- bu üzə çevirir, müşahidələri və arzuladıqlarını sintez edib ortaya qoyur. Xəyallarındakı daha qabarıq görünürsə, olur romantik şeir, cəmiyyət ağrıları üst qata çıxırsa, olur ağrılı lirik şeir və sair.

Bir də şeir təblə bağlı bir duyğu, hiss olduğu qədər də dünyagörüşün, dünyanı dərkin səviyyəsində yazılır.

-Siz Azərbaycan-özbək ədəbi əlaqələrinin öyrənilməsi üzrə professional mütəxəssissiz. Hazırda bu əlaqələr sizi qane edəcək durumdadırmı? ümumiyyətlə, bir parçası olduğumuz türk dünyası ilə ədəbi əlaqələrimiz hansı durumdadı və bu sahədə millətimiz üçün faydalı ola biləcək sonuclar əldə olunması üçün hansı addımların atılmasını gərəkli hesab edirsiz?

– 30 illik elmi-yaradıcı fəaliyyətimin az qala 25 ilini türk xalqları ədəbiyyatının tədqiqi məsələsinə bağlamışam. Xüsusən, özbək ədəbiyyatı mənə çox-çox doğmadır. Doğrudur, Azərbaycan ədəbiyyatı, xüsusən poeziyası haqqında xeyli sayda, az qala 200-dən artıq məqalələrim var, bunları müxtəlif kitablarımda hissə-hissə nəşr etdirmişəm. Amma dediyim kim, son illər daha cox türk xalqları ədəbiyyatları üzərində araşdırmalarım, elmi məqalələrim var. Klassik türk ədəbiyyatımız daim diqqətimdə olub. Akademiyada Nizami adına Ədəbiyyat İnstitutunun türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsindəyəm, yəni birbaşa işimin qayəsi budur. Əlaqələrimiz, əlbəttə qaneedicidir. Bu gün əgər Türkiyə türklərinin, Krım türklərinin, Kazan tatarlarının, qırğızların, qazaxların, türkmənlərin, qaqauzların, Gürcüstanın, Pakistanın, Hindistanın türk xalqları ədəbiyyatı ilə məşğul olan tanınmış alimləri ilə elmi-yaradıcılıq əlaqələri qura biliriksə, demək işlər öz axarınca gedir. Nədən özbək ədəbiyyatına bu qədər bağlıyam? – sualının cavabı Nəvainin türk ədəbi dilini ədəbiyyat tariximizə bəxş etdiyi üçün, bu bir və əsas səbəbdir. Fars şeir dilinin tüğyan erdiyi bir zamanda Nəvai türk dilində (çağatayca) “Xəmsə” yazdı. Bu intibahdır. Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı tarixi” kitabını 1925-ci ildə nəşr etdirəndə ilk səhifəyə Əlişir Nəvainin həyat və yaracılığını yazdı.

İldə bir neçə dəfə, az qala hər ay, bəlkə də ayda iki dəfə müxtəlif türk xalqları ölkələrində elmi məclislərə dəvət alıramsa (təbii ki, ev-ailə hər şeydən öndə dayandığından, hamısına getməyə fürsət tapa bilmirəm), deməli, əlaqələrimizi səhmana sala bilmişik. Azərbaycan alimləri çox tez-tez, daha dəqiqi mütəmadi olaraq, türk xalqları ölkələrinə elmi ezamiyyətlərə gedir, eləcə də mənim dəyər verdiyim, tanıdığım, öz ölkələri və elmi dairələrində nüfuz sahibi olan alimlərlə – Türkiyə türklərinin, qırğızların, qazaxların, türkmənlərin, tatarların, Makedoniya türklərinin, qaqauzların və digər ölkələrin tədqiqatçıları – akademikləri, professorları ilə Bakıda görüşürəm. Bunlar, illərlə arzuladığımız xəyallarımızın gerçəkliyidir. Allah bizə bunları görməyi, yaşamağı nəsib etdi. Və hər belə məclisdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayı xatırlayıram. Gənclərin bu əlaqələrə daha çox meyl etməsini, can yandırmasını qürurla və sevinclə qarşılayıram. Birini qeyd edim, şair Əkbər Qoşalının və dostlarının yaratdığı – bünövrəsini qoyduğu Dünya Gənc Türk Yazarlar Birliyinin indiyəcən gördüyü işlər, işlərin qayəsi çox təqdirəlayiqdir, möhtəşəm bir körpü qurdu.

-Bir zamanlar AYB-nin orqanı olan “Ədəbiyyat qəzeti”ndə çalışmısız. Bu qəzetin və AYB orqanı olan çoxsaylı dərgilərin bugünkü səviyyəsi bu günün oxucusunun tələblərinə cavab verə bilirmi?

– “Ədəbiyyat və incəsənət” qəzetində çalışmağım həyatımı tamam başqa rəngə boyadı. Mən özümü orada tapa bildim, özümü orada dərk etdim. Bəlkə də, 80-ci illərin hadisələri ilə üst-üstə düşdüyü zamana təsadüf etdi, bəlkə də, orada tanınmış və məşhur adamlarla çalışdığımdan (hərəsi mənim üçün bir məktəb idi) mənə stimul oldu. çalışdığım ilk illərdə sevilən şairimiz Nəriman Həsənzadə baş redaktor idi. O, çox zəhmətkeş, yeniliyi həmən qəzetə gətirən, daim axtarışda olan baş redaktor idi. Ədəbi Təbriz, Ədəbi Göyçə, Ədəbi Borçalı, Ədəbi Dərbənd kimi səhifələr gətirdi qəzetə, indi yazmaq asandır, o zaman bunlar yenilik idi, zamanın verdiyi fürsət idi, qəzetimiz bu fürsəti qaçırmadı. Baş verən bütün tarixi hadisələr publisistika olaraq qəzet səhifələrinə köçürüldü. Müharibə bölgələrinə gedirdik, əsgərləri dindirirdik. Bir sözlə, böyük bir məktəb keçdik – həyat məktəbi.

İndiki dövrün tələbatları da bu günkü qəzetlərdə yazılır. Sadəcə, o zaman hər mövzunun ilki yazılırdı – burada milli qürur və cəsarət, istedad və gərgin əmək deyilən məsələlər də adamın karına gəlirdi. İndi xoşuma gəlməyən bir neçə cəhəti qeyd etmək istəyirəm; bir məlumatı bütün qəzetlərdə oxuyursan, xarici mətbuatdan bizə dəxli olmayan yazıların qəzetlərdə verilməsi və yenə də həmin yazıların bütün qəzetlərdə görünməsi, milli mənviyyatımıza uyğun olmayan yazıların baş alıb getməsi və s. kimi. Amma bütövlükdə götürəndə bu bir tarixi zamandır, getdikcə lazımsızlar öz-özünə sıradan çıxacaq. Bir də həyat hadisələri qəzet-dərgiləri çox qabaqlayır, internet məkanında özünə yer alan mətbu orqan varsa, demək o öz yerini tuta bilib.

Azərbaycan Yazıçılar Birliyinin, sizin təbirinizcə desək, çoxsaylı dərglərin bu günkü səviyyəsi, əlbəttə, maraqlıdır. Yeni ədəbi nə varsa orada görünür, ədəbiyyata kim gəlmək istəyirsə, o dərgilərə baş vurur və ilk yazılarını nəşr etdirməyə müvəffəq olurlar, zəif və ya yaxşı əsərlər olsa da. İkinci yazılarının nəşrinə gələndə artıq o seçimi müəllif özü edir, çünki çap olunduğu səhifədə özünü də oxuyur , digərlərini də. özünü rəqabət meydanında hiss edirmiş kimi, artıq çap olunmaq həvəsindən yox, ciddi əsər yazmaq həvəsində olur. Təbii ki, söhbət ciddi ədəbiyyat adamından gedir. Bu günkü oxucu elə özümüzük, öz tələbatlarımızı dərgilərə, qəzet səhifələrinə gətirə biliriksə, türkün sözü, nə mutlu! Ədəbiyyat qəzet və dərgilərini ədəbiyyat adamları, ədəbiyyat sevdalıları alıb oxuyur. Əslində bu mətbu orqanlar bir-birimizi tanımaq, biri-birimizi öyrənmək vasitəsidir. Cəmiyyət nədirsə, cəmiyyətin yetirdiyi nədirsə, həmin mətbu orqanların səhifələrindəki də odur. – yaxşı, ya pis. Ədəbi orqanlarımız gəncliyimizin, yaradıcı adamların söz meydanıdır. Baxır, kim özünü necə təqdim edir.

Sizcə, ədəbiyyatın “qızıl alma”sı nədir?

– Ziya Göyalpın qızıl alma haqqında olan fikirlərindən sonra başqa söz tapmıram:

Düşmənin ölkəsi viran olacaq,

Türkiyə böyüyüb T
uran olacaq!

Son arzumuz budur fani dünyada:

Türkük, çatacağıq Qızıl almaya.

Deməz daş, qaya,

Yürüyərik piyada …

Türkük, gedərik,

Qızıl almaya …

Vətən nə Türkiyədir Türklərə, nə də Türküstan,

Vətən böyük və ömürlük bir ölkədir; Turan!

Buradan da o nəticə görünür ki, qızıl alma türk birliyidir və bu, ədəbiyyatda, poeziyada öz əksini tapırsa, nə gözəl!

-Bu gün televiziyalarımız şou proqramlara, davranışı milli mahiyyətimizə yad olan ünsürlərə, yüngül verilişlərə mədəniyyət, ədəbiyyat və elmlə bağlı verilişlərdən qat-qat artıq vaxt ayırır. Bu, cəmiyyətimizdən gələn tələbdi, yoxsa birilərinin zamanla mənəviyyatımıza dərin yaralar vurmaq cəhdidir?

-Düzünü deyim ki, televiziyalarımız nə demək istədiyini özü də bilmir, odur ki, onun tamaşaçıları da hələ bu dilemmanın sonunu gözləyir. Tək-tək verilişlər var: “Yadigarlar”, “Sevilənlər” və s. Deyim ki, kadr potensialımız yoxdur – bu, insafsızlıq olar. Televiziyalarımız, elə bil ki, oturub nəyisə gözləyirlər. Amma televiziyalar da bilsinlər ki, biz də onlardan yeni və maraqlı proqramlar gözləyirik. Biz onları bəyənsək də, bəyənməsək də ailə üzvlərimizdən biri kimi evimizin içindədirlər.

Cəmiyyəti biz özümüz formalaşdırırıq və bu cəmiyyəti mənəviyyatımızda kök salmış yaxşı ənənələrlə zənginləşdirməliyik.

– Türk şairi Orxan Vəli: “Nələr etmədik bu vətən üçün, kimimiz öldük, kimimiz nitq söylədik” –deyir. Vətən üçün canını fəda edən şəhid şairimiz ülvi Bünyadzadənin adının yaşadılması, əsərlərinin tanıdılması sizin fəaliyyətinizin tərkib hissəsinə çevrilib. Niyə toplum vətən üçün ölənlərdən daha çox, vətən üçün nitq söyləyənləri tanıyır? Yaxud, niyə onlar daha çox tanıdılır?

– ülvi Bünyadzadə özü-özünü kəşf etdi, amma ölümündən sonra. O, şəhid oldu və şair kimi yenidən doğuldu. Axı o, hələ nə yaşadı, 20 yaş nədir ki?! Bir insan ömrü üçün cox qısa, göz açıb-yumulası qədər bir an. ülvi Bünyadzadə milli varlığımızın gənclik simvoludur. Mən sadəcə onu daha yaxından tanıdığımdan, onu olduğu kimi dərk edə bildiyimdən, onun daxili dünyasından xəbərdar olduğumdan ülvi kimi təqdim edə bildim. Və buna nail oldumsa, çox sevinirəm, heç olmasa qoy belə yaşasın. Onsuz da ülvi bu Vətən üçün bir vətəndaşın görmək istədiyi missiyanı artıqlaması ilə yerinə yetirdi və köçünü çəkib göylərə getdi. Bu gün ülvinin əsərləri bütün türk xalqlarının dillərinə tərcümə olunub, elə o ölkələrdə də yayılıb, rus, ingilis, gürcü, hind, fars dillərinə çevrilib. Dünyanın ən gənc xoşbəxt şəhid şairidir.

Niyə toplum Vətən üçün ölənləri az tanıyır? – sualının cavabı belədir, onlar öz şərəfli işlərini görüb dünyadan getdilər. Onlar tanınmaq üçün Vətən şəhidi olmadılar, onlar VƏTƏN üçün şəhid oldular. Onları tanıdanlar bizlər olmalıyıq. Bircə onu demək istəyirəm ki, ülvi ömrü gəncliyə çox-çox gərəklidir, onların mənəvi tərbiyəsinin formalaşmasında, vətəncanlı olmalarında və s.

Nitq söyləyənlər (yaxud boşboğazlar- ifadəmə görə min dəfə üzr istəyirəm), yerli-yersiz hər yerdə görünürlər – həm öz yerlərində, həm də onlara məxsus olmayan yerlərdə. Bilirsinizmi, bircə kəlmə deyim ki, tarix heç vaxt danılmaz, yanlış yazıla bilər, amma bizim hamımız bu günkü tarixlərin şahidləriyik, nəyin nə olduğunu çox gözəl bilirik. Əli qələm tutan kəslər də gördüklərini yazırlar.

Söyləmək istədiyiniz nəyi soruşmadıq? Oxuculara daha nələri demək istərdiz?

– ülvi haqqında daha geniş və ayrıca yazılmasını istərdim. Oxuculara can sağlığı, gözəl ömür, mənalı həyat və mütaliəni unutmamalarını arzulayıram.

Söhbətləşdi: Namiq Hacıheydərli

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə