XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 19:51

Rövnəq Abdullayev:“Müqavilə razılaşmalarının imzalanmasını gözləyirik” – Müsahibə

rovneq-1

Futbol üzrə Avropa çempionatı ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Parisdə ölkəmizin Fransadakı səfirliyi ilə birlikdə yerli icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələrinin və Fransa yığmasının məşhur futbolçularının iştirakı ilə qəbul təşkil edib.

Qəbulda SOCAR-ın çempionat çərçivəsində keçirdiyi “Sən də öz ilk addımını at” (Make Your Debut) ictimai kampaniyası təqdim olunub. Kampaniya zamanı SOCAR tərəfindən birgə baxış zonaları təşkil olunacaq, eləcə də virtual reallıqda özünü debütant oyunçu kimi hiss etmək imkanı yaradılacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində UEFA ilə tərəfdaşlığın şirkət və Azərbaycan üçün Avropa bazarına çıxışdan, gənc istedadların motivasiyası kontekstində əhəmiyyətindən danışıb.

 

– SOCAR-ın rəsmi tərəfdaşı olduğu futbol üzrə Avropa çempionatı başlayır. Bu əməkdaşlıqdan şirkət nə kimi fayda əldə etmək niyyətindədir?

– Bildiyiniz kimi, UEFA və SOCAR arasında tərəfdaşlıq müqaviləsinin imzalanması 2013-cü ildə elan olunub. Həmin müqaviləyə əsasən, şirkətimiz milli komandalar arasında UEFA yarışlarının, o cümlədən Fransada başlayacaq futbol üzrə Avropa çempionatının, onun seçmə matçlarının, 2018-ci il dünya çempionatının Avropa üzrə təsnifat mərhələsinin rəsmi tərəfdaşı, bu yaxınlarda ölkəmizdə keçirilən U-17 futbol üzrə Avropa çempionatının və bir sıra yarışların tərəfdaşı olub.

SOCAR bu müqaviləni imzalayaraq, “Coca-Cola”, “Adidas”, “McDonald’s”, “Hyundai/Kia”, “Continental”, “Orange”, “Turkish Airlines”, “Hisense” və “Carlsberg” kimi şirkətlərlə bir sırada dayanıb.

Məqsədimizin qlobal enerji şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı SOCAR-ın “Avro-2016” və bütün dünya azarkeşlərinin gözündə premium-klass enerji brendi qismində beynəlxalq imicinin artırılması üçün nadir platformanın yaradılması imkanı kimi qiymətləndiririk.

– Siz qeyd etdiniz ki, SOCAR-ın qlobal ambisiyaları var. Bu məqsədə nail olmağa nə qədər yaxınsınız?

– Əsas etibarilə, bu gün demək olar ki, SOCAR artıq regionumuzdan kənara çıxıb. Tamamilə dövlətə məxsus olan milli şirkət kimi qalaraq, SOCAR dünya miqyaslı beynəlxalq brendə çevrilib.

SOCAR-ın gəlirliyinin və biznesinin artması nəticə etibarilə dövlətin və deməli, ölkəmizin hər bir vətəndaşının gəlirlərinə təsir göstərməsi onun inkişafındakı ən mühüm aspekt olaraq qalır. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, şirkətimizin inkişafından yalnız Azərbaycan deyil, həm də çoxsaylı iddialı layihələr həyata keçirdiyimiz Avropadakı tərəfdaşlarımız da qazanacaq.

SOCAR Avropaya enerji daşıyıcılarının marşrut və mənbələrini şaxələndirməyə çalışır, bununla da Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Bu şəraitdə şirkət Avropa auditoriyasının gözündə brend imicini qazanır.

– Yəni, məhz buna görə seçim qitənin ən məşhur idman hadisələrindən biri olan Avropa çempionatının üzərinə düşüb?

– Şübhəsiz. Əlbəttə, SOCAR idmanda təsadüfi qonaq deyil. Şirkətimizin fəaliyyəti ilk növbədə, Azərbaycanda idmanın uzunmüddətli dəstəklənməsinə əsaslanır. Bildiyiniz kimi, SOCAR Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Cüdo Federasiyasının sponsorudur.

UEFA ilə tərəfdaşlıq müqaviləsinə gəldikdə, korporativ sosial məsuliyyətlə yanaşı, şirkət brendinin Avropada və dünyada təşviqi əsas əhəmiyyət kəsb edir. Biz əminik ki, uzunmüddətli perspektivdə bu tərəfdaşlıq SOCAR-ın qlobal imicinin formalaşmasına yardım edəcək, öz növbəsində, bizim gəlirlərimizə təsir göstərəcək. Bu da yuxarıda qeyd etdiyim kimi, vətəndaşlarımıza faydalı olacaq.

– Aydınlıq gətirmək üçün bu layihələr haqqında bir qədər ətraflı danışa bilərsinizmi?

– Bilirsiniz, zaman keçdikcə Azərbaycanın enerji strategiyasının tarixi əhəmiyyəti daha aydın görünür. Bu gün Avropada bir neçə iddialı layihənin hazırlanması prosesi davam edir.

Birincisi, qeyd etmək lazımdır ki, biz indi Azərbaycan qazının Türkiyə və Avropaya nəqli üzrə “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirməyə başlamışıq. Həmçinin Türkiyədə “Petkim” neft-kimya kompleksinin müasirləşdirilməsini və “STAR” neft emalı zavodunun tikintisini, SOCAR-ın Gürcüstan, Ukrayna, Rumıniya, İsveçrədə satış şəbəkələrinin yaradılmasını, Malta və Yunanıstandakı layihələri də qeyd etmək olar. Bunların hamısı inkişafımızın strategiyasında xüsusi diqqət yetirilən Avropa bazarlarına ekspansiyadır.

– Həmin layihələrin reallaşması hansı səviyyədədir?

– Yuxarıda qeyd etdiyim “Cənub Qaz Dəhlizi” layihəsi təbii qazın “Şahdəniz” yatağından Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri ilə Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Yataqdan ilk qaz tədarükü 2018-ci ildə planlaşdırılır. “Cənub Qaz Dəhlizi” SOCAR-ın ən iri layihəsidir. Xəzər dənizindən Avropa bazarlarına böyük həcmdə təbii qazın nəql edilməsinə imkan verəcək və dəyəri 40 milyard dollardan çox təşkil edən bu layihə tikinti prosesindədir. Layihənin tikintisinə 26 mindən çox insan cəlb olunub.

Türkiyə və Gürcüstanda tikinti qrafik üzrə gedir. Səmərəli əməkdaşlıq və dəyişmiş konyunktura sayəsində biz boru kəmərlərin tikintisinin maya dəyərini azaltmağa nail olmuşuq. Belə ki, yalnız TANAP boru kəmərinin tikintisində bu günə qədər 2 milyard dollardan çox vəsaitə qənaət olunub. Bundan başqa, TAP-ın Yunanıstanda tikintisi üçün bütün zəruri icazələr və razılaşmalar mövcuddur. Biz, həmçinin Albaniya hökumətinin böyük dəstəyini və onun “Cənub Qaz Dəhlizi” çərçivəsində TAP layihəsinə bağlı olmasını yüksək qiymətləndiririk.

Bu marşrutun son nöqtəsi İtaliyadır və qarşıda duran bütün məsələləri həll etmək, tərəqqiyə nail olmaq üçün biz hökumət və tərəfdaşlarımızla işi sıx davam etdirməliyik. Qısamüddətli perspektivdə biz “Cənub Qaz Dəhlizi” layihəsinin final hissəsi olan TAP çərçivəsində bütün qalan müqavilə razılaşmalarının imzalanmasını gözləyirik. Bu layihə Avropa İttifaqının enerji siyasətinin ən əsas elementlərindən biridir, çünki qarşıdan gələn onilliklər ərzində Avropaya qaz tədarükünə töhfə verəcək.

Bundan başqa, bizim Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə böyük biznes maraqlarımız var. Məlum olduğu kimi, biz İsveçrədə iki struktur – “SOCAR Trading” və “SOCAR Energy Switzerland” ilə təmsil olunuruq. Onlar bu ölkədəki fəaliyyətlərini səmərəli şəkildə həyata keçirirlər.

“SOCAR Trading” Azərbaycan Dövlət Neft Şirkətinin “Azəri-Çıraq-Günəşli” yatağından və Azərbaycanın digər yataqlarından hasil olunan nefti satmaq hüququ olan marketinq bölməsidir. Eyni zamanda, “SOCAR Trading” üçüncü tərəflərlə də öz biznesini inkişaf etdirməyi bacarıb. Belə ticari əməliyyatların həcmi onun dövriyyəsinin 50 faizinə yaxınlaşır. Ümumilikdə “SOCAR Trading” şirkətinin 2007-ci ildən fəaliyyəti sayəsində ölkəmizin büdcəsi 1,7-1,8 milyard dollar məbləğində əlavə gəlir əldə edib.

“EssoSwitzerland” şirkətinin alınması və yanacaqdoldurma stansiyaları şəbəkəsinin genişləndirilməsi nəticəsində SOCAR bütün ölkədə “SOCAR Energy Switzerland” şirkəti tərəfindən səmərəli idarə edilən 158 stansiyaya sahib olub.

Türkiyədə son 40 ildə tikilən ilk neft emalı zavodu olacaq “STAR”ın tikintisi üzərində bir qədər ətraflı dayanmaq istəyirəm. Bu, həmçinin Türkiyənin ilk özəl neft emalı zavodu olacaq. Çünki yeganə mövcud neft emalı zavodu dövlət tərəfindən hələ 1970-ci illərdə tikilib. 5,7 milyard dollar məbləğində sərmayə onu Türkiyə tarixində ayrıca layihə üçün qoyulan ən iri investisiya edir.

Həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Yunanıstan və Maltadakı infrastruktur layihələrini də qeyd etmək lazımdır.

Sizin yəqin ki, Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA şirkətinin alınması kimi mühüm layihə haqqında xəbəriniz var. Bu istiqamətdə iş davam etdirilir. Bizim fikrimizcə, bu aktiv SOCAR-a öz investisiya portfelini şaxələndirməyə gözəl imkan yaradacaq.

Bundan əlavə, “SOCAR Trading” şirkəti ENEMALTA şirkətinə təbii qaz və elektrik enerjisinin tədarükü üçün tenderi qazanan “Electro Gas Malta” konsorsiumunun üç səhmdarından biridir. Həmin tenderə əsasən, tədarük 18 il ərzində həyata keçiriləcək. Bu da ada dövlətinə qaz yanacağına keçməyə, qeyri-səmərəli və ekologiyaya zərər vuran neft borularından imtina etməyə imkan yaradacaq. Həmçinin “SOCAR Trading” “Electro Gas Malta” şirkətinin eksklüziv maye qaz tədarükçüsü kimi bu layihədə xüsusi rol oynayır.

Məlum olduğu kimi, bütün bu işlər beynəlxalq bazarlarda möhkəmlənmək və karbohidrogenlərin nəqli, emalı və satışı üzrə əməliyyatların mövcud kəşfiyyat və hasilat əməliyyatlarına əlavə olunması sayəsində şirkətin gəlir potensialını qaldırmaq məqsədini daşıyır.

– Görünür, UEFA-da yuxarıda qeyd olunan tərəfdaşlığın SOCAR-ın transmilli korporasiyaya çevrilməsi üzrə iddialı layihələrinin həyata keçirilməsinə yardım edəcəyindən şübhə etmirlər. Bu barədə müsahibələrin birində “UEFA Events SA” şirkətinin marketinq direktoru Qay-Loran Epşteyn bildirib.

– Bu əməkdaşlıq formatından əldə etmək istədiyimiz nəticələrin mahiyyətinin UEFA-da anlayışla qarşılanması faktı bizi sevindirir. Sözsüz ki, qarşılıqlı anlaşma qarşıya qoyulan məqsədlərə nail olmağa yardım edəcək. Bizim Avropa çempionatında tərəfdaş qismində iştirakımız ümumilikdə Azərbaycana diqqəti cəlb edəcək. UEFA tarixində ilk dəfə tərəfdaş şirkət ölkənin adının qeyd olunduğu şüar altında çıxış edəcək. Xatırladım ki, bizim şüarımız belədir: “SOCAR – Azərbaycan enerjisidir” (SOCAR – Energy of Azerbaijan).

Bundan başqa, Avropa çempionatı matçlarının keçirilməsi zamanı biz Parisdə, Mars sahəsi və Azərbaycan Mədəniyyət Mərkəzində matçların və tədbirlərin izlənməsi imkanı təşkil edəcəyik. Bu imkan Fransa paytaxtının sakinlərinin və qonaqlarının ölkəmizə və mədəniyyətimizə marağını artıracaq.

UEFA ilə tərəfdaşlıq Avropa bazarına uzunmüddətli çıxış strategiyasının bir hissəsidir.

Şirkətimiz 2012-ci ildən İsveçrənin Montre şəhərində məşhur caz festivalının tərəfdaşıdır. Bu da SOCAR-ın biznesin inkişafına bağlı olmasını göstərməklə yanaşı, beynəlxalq mədəni layihələri dəstəkləyən şirkət imicini formalaşdırmağa kömək edir. Bu tərəfdaşlıq azərbaycanlı istedadlar üçün dəfələrlə yol açıb. Onlar nüfuzlu caz festivalına düşərək, qonaqlara Azərbaycanda cazın zəngin ənənəsini nümayiş etdiriblər.

SOCAR şirkəti, həmçinin 2015-ci ildə Azərbaycanda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. Bu təcrübəni nəzərə alaraq, biz UEFA ilə əməkdaşlığın da uğurlu olacağına əminik. Qeyd etmək istəyirəm ki, UEFA tərəfdaşı kimi, biz novator təşəbbüsü ilə çıxış etməyə cəhd göstərmişik.

– Söhbət tərəfdaşlığın hansısa yeni formatından gedir?

– Məlum olduğu kimi, sosial məsuliyyətə xüsusi diqqət ayıran şirkət olaraq, biz idman, təhsil və ya yaradıcılıq kimi müxtəlif sahələrdə gənc istedadları daim dəstəkləməyə çalışırıq. Artıq uzun illərdir ki, biz ölkəmizdə və onun xaricində bu məqsədlər üçün təqaüdlər ayırırıq. Buna misal kimi Bakı İstedadlar Təhsil Kompleksi, Bakıdakı Fransız Liseyi, Bakı Ali Neft Məktəbi, SOCAR Yay məktəbi kimi layihələrin həyata keçirilməsi, xaricdə təhsil üçün təqaüdlər, eləcə də konfrans, vorkşop, seminar və s. keçirilməsi yolu ilə Azərbaycan ilə Avropa arasında qarşılıqlı münasibətlərin inkişafına yardım edə biləcək Azərbaycan Tələbələri Şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatının dəstəklənməsini göstərə bilərəm.

Gənc istedadların dəstəklənməsi siyasətinin davamı olaraq, biz 2016-cı il Avropa çempionatı çərçivəsində “Sən də öz ilk addımını at” təşəbbüsü ilə çıxış etmək qərarına gəldik. Biz də UEFA ailəsində bir növ debütant sayılırıq. Buna görə də biz oyunçular, azarkeşlər və Avropa çempionatında ilk dəfə çıxış edən ölkələr də daxil olmaqla, “Avro-2016” debütantlarını dəstəkləməliyik.

– Yerli azarkeşlər üçün çempionatla birbaşa bağlı yaxşı nə xəbərlər var?

– Sözsüz ki, ilk növbədə biz yerli azarkeşlər haqqında düşünürük. İyunun 10-dan iyulun 10-dək şirkətimizin təşəbbüsü ilə Bakı Olimpiya Stadionunun ərazisində xüsusi fan-zona yaradılacaq və burada çempionat matçlarının böyük ekranda izlənməsi təşkil olunacaq. Təşkilatçılar fan-zona qonaqlarını maraqlı proqram ilə sevindirəcək. Buna görə də bütün futbol həvəskarlarını bu unudulmaz idman bayramının qeyd olunmasında bizə qoşulmağa dəvət edirəm.