XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 İyun 2015 - 08:11

Bakıda işləyən italiyalı memar: “Şəhərin yenidən qurulması qurban tələb edir”

Massimo_1.jpg

Marko Qonizzi: “”Alov Qüllələri” müasirliyə addım atan şəhərin müzakirəsiz simvoluna çevrilərək bir memarlıq layihəsinin nə dərəcədə önəmli ola biləcəyinin nümunəsidir”.

“Strateq.az” saytının növbəti qonağı Bakıda çalışan italiyalı memar Marko Qonizzidir. Marko Qonizzi Azərbaycan memarlığı, Bakının arxitekturası ilə bağlı öz müşahidələrini bölüşüb və çox maraqlı fikirlər söyləyib.

Azərbaycan hal-hazırda şəhərsalma və memarlıq cəhətdən güclü bir inkişafdadır. Xüsusilə də ölkə 1990-ci ildən sonra iqtisadiyyat və turizm sahəsinin inkişafına diqqət ayıraraq dünyaya çıxmaq üçün vacib olan öz mədəni yolunu müəyyənləşdirməyə çalısdı. ölkənizi tanıya və dərk edə biləcək qədər çox gəzməmişəm. Amma bu fürsəti əldə edənlər deyir ki, memarlıq bu yerlər üçün yenilik deyil. Yazılarda, İslam memarlıq abidələrində, xalçalardan divarlara kimi, hətta kümbəzlərdə belə davam edən bir ardıcıllıq var. Baxmayaraq ki, müstəqillikdən öncə Sovetlər Birliyinin estetikadan çox işləkliyi, keyfiyyətdən çox kəmiyyəti ön plana çıxaran təsiri açıq aşkardır. Əksər hallarda şəhərdə türk mədəniyyəti, İslam elementləri, təkrarlanan və müntəzəm həndəsi simvollardan istifadə olunaraq yaradılan dekorativ şəkillər və bəzəklər, əl ilə bəzədilmiş keramikalar öz əksini tapır.

– Azərbaycan paytaxtı son 10 ildə xüsusilə dinamik inkişafı ilə diqqəti cəlb etdi. Alov Qüllələri, Heydər Əliyev Mərkəzi 21-ci əsrdə modern Bakının rəmzlərinə çevrilib. Bununla belə ekspertlər qeyd edir ki, Bakının özünəməxsusluğunu qorumaq üçün Şərq və Qərb memarlıq ənənələrinin sintezi vacibdir. Bir memar kimi Bakıya baxarkən bu sintezi nə dərəcədə müşahidə edə bilirsiniz?

Əlbəttə ki, iqtisadi inkişaf üçün əsas olan paytaxtı böyük metropola çevirmək istəyi önəmlidir. Bunun üçün öz memarlıq strukturunda Azərbaycan mədəniyyətinin bütün həssasiyyətini və müxtəlifliyini əks etdirən, öz dizaynı ilə şəhərin bir çox ərazisində yerləşən sovet nümunələrindən fərqlənən Heydər Əliyev Mərkəzini , “Ağ Şəhər” layihəsini və ya ümumilikdə 220 hektar ərazini əhatə edəcək 10 yeni tikilidən ibarət olan tarixi mərkəzin yenidən qurulmasını düşünmək yetərlidir. Fikrimcə, əsrlər boyu Azərbaycanı izləyən tarix və mədəniyyət sintezini qiymətləndirən strategiya danılmaz dərəcədə önəmlidir. Daha öncə də bildirdiyim kimi, müasirlik və mədəni irs arasındaki balansı düzgün quraraq, orijinallığı qoruyaraq hər şeyi “yeni” ilə qarşılaşdırmaq üçün keçmişinizə aid memarlıq və mədəniyyət elementlərini araşdırmağa davam etmək və onları yeni layihələr içində görmək çox maraqlı olardı. Məncə, bu fikir artıq bəzi yerlərdə, məsələn Xalça Muzeyində həyata keçirilib və bunu davam etdirmək üçün yeni addımlar atılır. Hər zaman stimul axtarışında və işinin həvəskarı olan memar üçün “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi kimi layihələri alqışlamaqdan başqa heç nə qalmır.

– Cənab Qonizzi, yəqin ki, memar kimi 20-ci əsrin əvvəllərində Bakıda tikilən binalara baxmısınız. Hansılar daha çox diqqətinizi çəkib və niyə?

– 19-cu əsrin ikinci yarısında neft bumu, kapitalizm və şəhərin sürətli böyüməsi tərəqqi nümayiş etdirən memarlıq abidələrinin yaranmasına tələbi artırdı və 20-ci əsrin əvvəllərində azadlıq başlanğıcı müşahidə olundu. Şərqi Avropadan gələn yeni stil ornamentlərinin özünəməxsus təsirini Bakının bir neçə küçəsində tikilmiş binalarda müşahidə etmək olar. Azadlığın tez bir zamanda gözə görünməz olmasına baxmayaraq, öz növbəsində 30-a yaxın ictimai və xüsusi təyinatlı binalar ilə silinməz iz qoydu. Bu binalar elə bu gün də dekorativ qapıları, təhlükəsiz pəncərələri və eyvanları, gül motivli bina üzlükləri ilə turistlərin, mənim kimi yeni ideya və stimul axtarışında olan memarların diqqətini cəlb edir.

– Bakının inkişafı, şəhərsalma planları Azərbaycan cəmiyyətində hər zaman müzakirə və mübahisə mövzusu olub. Qeyd olunur ki, şəhərsalmada, yeni binaların tikilməsində Bakının landştaftı, coğrafi mövqeyinin əsas xüsusiyyətləri, meqapolis üçün zəruri olan infrastruktur komponentləri, standartlar lazımı səviyyədə nəzərə alınmayıb. Siz nə düşünürsünüz?

– Düşünürəm ki, hər şəhərin, hər yerin özünəməxsus şəhərsalma tarixi var. Memarlar şəhərin böyüməsində zaman fərqini ayıraraq üzərilərinə böyük məsuliyyət götürüb, bu tarixi davam etdirmək iqtidarındadırlar. Oxumuşam ki, çoxları şəhərsalma planlarında ümumi problemlər olduğunu söyləyirlər. Mən Bakıya 2014-cü ilin oktyabr ayında gəlmişəm və memarlıq sənətinin bütün sahələrində təcrübəm olmasına baxmayaraq, bu qədər qısa müddətdə Bakı kimi yaxşı strukturlaşdırılmış bir şəhərin şəhərsalma siyasətini mühakimə edə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, şəhər yeniləmə prosesi dünyanın istənilən bölgəsində məsuliyyət daşıyan şəxslərdən qurban tələb edir. Köhnələrin dağıdılıb yerinə ultramüasir binaların inşaatını və ekoloji çevriliş kimi qəti qərarları qəbul etməyən insanlar mütləq olacaqdır. Bakı kimi fantastik şəhərin daha da gözəlləşdirilməsi üçün onlarla ünsiyyət qurmaq, yeni ideya və təkliflərlə razı salmaq lazımdır. Onu qeyd edim ki, Bakının yenilənməsində və parlamasında artıq həyata keçmiş və bitmək üzərə olan layihələrdə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dəyərli qatqıları və köməyi əvəzsizdir.

Bununla belə bir şəhərin şəhərsalma planlarından danışdıqda onun tarixi mədəniyyətini və özünəməxsusluğunu unutmamağa çalısmaq ən vacib amillərdəndir. Müştərilərə daha yaxın olmaq və ekskluziv xidmət vermək məqsədilə şərikim Massimo Duma ilə birlikdə Bakıda memarlar evi açmaq istəyi, bəlkə də burada çalışan bütün memarlara açıq olan kiçik, amma maraqlı bir labaratoriyaya sahib olmaq üçündür. Bura, həmçinin şəhəri daha da yerliləşdirmək üçün öz şəxsi maraqlarını bir kənara qoyub və yeni tanışlıqlar yaradaraq bacarıqlarını birləşdirməyə çalışan azərbaycanlı memarlar da daxildir.

– Yeni tikilən, xüsusən şəhərin mərkəzi hissəsində tikilən binaları memarlıq baxımından (məkana, infrastruktura, şəhərin ümumi mənzərəsini uyğunluğu) necə qiymətləndirmək olar?

– İnşaası bitmiş olan və hal-hazırda tikilməkdə olan binaların çoxu öz fərdi keyfiyyətlərinə və xüsusiyyətlərinə görə fantastik memarlıq abidələrinin xarakteristikalarını
daşıyır. Fikrimcə, onlar heç də hər zaman şəhərin digər hissələri ilə bağlayıcı rolunu diqqətə alaraq kontekstləşdirilməyib. Son illərdə inşa edilmiş bir çox tikililərdən fərqlənərək öz infrastruktur və memarlıq inkişafına və qoyduğu izə görə xüsusi diqqətə layiq olan iki layihə var: Heydər Əliyev Mərkəzi və “Alov Qüllələri”. Heydər Əliyev Mərkəzi mühim strateji ərazidə yerləşməklə, şəffaflığı və fantastik forması ilə ətraf mühitə verdiyi yenilik, müasirliyindən əlavə binanın daxili ilə qarşısındaki meydan arasında axıcı bir əlaqə yaradıb. Sahib oldugu baslanğıc mənfi cəhəti, yəni torpaq səviyyəsinin qeyri-bərabər olması, binanı qarşısındakı ictimaiyyətə açıq meydan, şəhər mərkəzi və parklama yeri ilə özünəməxsus şəkildə birləşdirərək onun əsas xarakteristikasina və güc mənbəyinə çevirib. Bu həqiqi bir memarlıq cəvahiratıdır. “Alov Qüllələri” müasirliyə addım atan şəhərin müzakirəsiz simvoluna çevrilərək bir memarlıq layihəsinin nə dərəcədə önəmli ola biləcəyinin nümunəsidir. Şəhər səmalarında 10.000 ledlik meqa sxemi ilə bu qüllələr görünməsə Bakı Bakı olmaz. Həm də bu qüllələr stratejik cəhətdən elə bir ərazidə yerləşir ki, şəhərin istənilən nöqtəsindən onları rahatlıqla görmək mümkündür. Şəhidlər Xiyabanının qarşısında yerləşməsi şəhərin keçmişi ilə gələcəyi arasındaki bağı daha da möhkəmləndirir.

– Cənab Qonizzi, Avropada, Ərəb ölkələrində, Rusiyada uğurlu layihələrə imza atmısınız. Və bildiyim qədər Bakıda keçən ildən çalışırsınız. Burada hansı işləriniz var, hansı layihələr üzərində çalışırsınız?

Massimo_2.jpg

– Bakıda uzun müddətdir çalışan, lakin iş studiyaları İtaliyada olan italyan memarlardan fərqli olaraq mən daha cəsarətli, riskli və böyük məsuliyyət tələb edən bir seçim etmək istədim. Məndən bir neçə ay əvvəl şəhərə gəlmiş olan şərikim Massimo Duma ilə birlikdə Bakının ürəyi sayılan, Azərbaycan xalq mədəniyyətinin müqəddəs yerlərindən biri olan İcəri Şəhərdə memarlıq studiyası açdıq. Bu yolla biz ilk növbədə müştərilərin çoxsaylı suallarına qısa müddətdə cavab verə və onlarla birbaşa əlaqədə ola bilirik. İkinci isə bizə burda işləmək şansı verən azərbaycanlı sahibkarların hörmətinə və inamına öz ekskluziv xidmətimizlə qarşılıq verərək, həmçinin işlərimizdə cavan yerli interior designerlərin köməyindən istifadə edərək bazarın “götür və qaç” məntiqini deyil, “ver və al” məntiqini üstün tuturuq.

Hazırda 4 layihə üzərində işləyirəm: fligel də daxil olmaqla bir yeraltı və 3 yerüstü mərtəbəsi ilə 1500 kv.metrlik bir villa və təxminən 2500 kv.metrlik ərazisi olan həyət (interior və exterior) , 800 kv.metrlik bir mənzilin interior sahəsi, 2 yeraltı və 2 yerüstü mərtəbəsi olan 3000 kv.metrlik luks avtomobil showroomunun layihələşdirilməsi, uşaqlar üçün oyun sahəsi və kollektiv üçün böyük yaşıllıq ərazi, daxilində ofislər, üzmə hovuzu, minimarket, restoran, fitness zal və camaşırxana olan multifunksional bina və 45 villadan ibarət 4 hektarlıq ərazini əhatə edən bir yaşayıs kompleksinin layihələşdirilməsi. üzərində danışıqlar apardıgımız işlər 600 kv.metrlik mənzilin interior dizaynı, ticarət və xidmət sahəsi üçün nəzərdə tutulmuş 800 kv.metrlik ərazinin interior dizaynı, 18000 kv.metrlik hündür mərtəbəli binada otel, restoran, lounge bar, kazino və SPA mərkəzinin layihələşdirilməsi.

– Azərbaycanda memar mütəxəssislərin peşəkarlıq səviyyəsini necə qiymətləndirirsiniz? Memarlıq peşəsinin inkişaf etdirilməsi üçün nələri tövsiyyə edərdiniz?

-Memarlıq studiyamızda məndən başqa 4-ü interyer dizayner olmaqla 6 memar işləyir. Baxmayaraq ki, mən öz kiçik dünyamda inşaat sahəsinin əsasları barəsində, binanın tikilişində və əsasən də bitiş detallarının incəlikləri konseptində onların çatışmamazlıqlarını axtarır və müqayisə edirəm. Onların həvəsini və təşəbbüskar ruhunu yalnız yüksək qiymətləndirə bilərəm. Düşünürəm ki, bizim təcrübə və yanaşma tərzimizə olan böyük inam Azərbaycan mədəniyyətinə, əməkdaşlığımızın inkişafına imkan yaradacaqdır.

Laçın SƏMLA

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə