XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2016 - 14:53

Türkiyəli ekspert:"Suriyada federal dövlət qurulacaq və kürdlər də bu dövlətin bir parçası olacaqlar"

ekspert

 

Ankaradakı Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzinin başqanı Ərcan Çitlioğlu APA-ya müsahibə verib. Strateq.az həmin müsahibəni öz oxucularına təqdim edir:

 

– Bir neçə ay əvvəl demişdiniz ki, Suriyadakı kürdlərin Fərat çayının qərb sahilinə keçməməsinə dair Türkiyənin “qırmızı cizgi” xəbərdarlığının qüvvədə qalma ehtimalı azdır. Haqlı çıxdınız. Yaranmış vəziyyəti necə dəyərləndirirsiniz?

– “Qırmızı cizgi” məsələsini hər bir dövlət öz gücünü ölçüb-biçəndən sonra gündəmə gətirməli və o cizginin keçilməsi halında daha əvvəl etdiyi xəbərdarlıqları yerinə yetirə bilməlidir. Bunu bacara bilməyəcək hər hansı dövlət “qırmızı cizgi”dən danışarsa, qeyri-ciddi duruma düşər. Daha əvvəl Türkiyənin Kərküklə bağlı da “qırmızı cizgi”si vardı, vəziyyətin haradan haraya gəldiyini gördük. Suriyadakı kürdlərin də daxil olduğu Suriya Demokratik Qüvvələri Fərat çayının qərbinə keçərək Mənbiç mövqeyini ələ keçirdi, Türkiyə həm Rusiya, həm Suriya ilə olan ixtilaflarına görə hal-hazırda bölgədə cərəyan edən proseslərə müşahidəçi vəziyyətindədir. Suriyadakı qüvvələrə ABŞ-ın da dəstək verməsi işi daha da qəlizləşdirir və ABŞ-la müttəfiqliyə baxmayaraq, Türkiyənin bölgədəki manevr sahəsini faktiki, qeyri-mümkün qılır. Türkiyənin buradakı ən böyük səhvi hər şeyə ağ-qara qarşıdurması çərçivəsində baxmasındadır. Beynəlxalq münasibətlərdə ağ-qara yox, boz sahələr keçərlidir. Türkiyə öz sərhədlərində cərəyan edən proseslərdə boz sahəni heç cür yaxalaya bilmədi. Mən yaxın və orta müddətdə Türkiyənin bölgəyə baxışında və proseslərə yanaşma tərzində yumşalma gözləyirəm, çünki bölgədə istər hərbi, istərsə də siyasi-diplomatik baxımdan söz sahibi olmaq üçün Türkiyənin yumşalması və əvvəlki qatı mövqeyindən vaz keçməsi qaçılmazdır.

– Prezident Ərdoğanın prezident Putinə, baş nazir Yıldırımın isə baş nazir Medvedevə məktub göndərmələrini bu çərçivədə dəyərəndirirsiniz?

– İstər prezident Ərdoğan, istərsə də baş nazir Yıldırım münasibətlərin yumşalması üçün məktub göndərsələr də, Rusiyadan verilən açıqlamalar o məktublara müsbət cavab verilmədiyini göstərir. Prezident Putinin şəxsi keyfiyyətlərinə baxarkən, onun Türkiyədən gələn bu səpkili məktublara yaxın gələcəkdə müsbət cavab verməyəcəyini düşünürəm. Rusiyanın istədiyi nədir? 24 noyabr 2015-ci ildə vurulmuş təyyarənin vurulma səbəblərinin aydınlaşdırılması, üzr istənilməsi və təzminat ödənilməsi. Türkiyə də “Mavi Marmara” gəmisində 9 vətəndaşımızın öldürülməsinə görə İsraildən eyni şeyləri tələb edirdi. Məncə, burada ən yaxşı “dərman” zamandır və bu işi zamanın öhdəsinə buraxıb, səbrlə gözləmək lazımdır. Bunu unutmamalıyıq, Türkiyə nə qədər təşəbbüs etsə də, Rusiyadan müsbət siqnal gəlmədiyi təqdirdə, münasibətlərin əvvəlki səviyyəyə qaytarılması mümkün olmayacaq. Diplomatiyadakı ağ-qara kriteriyalarının keçərli olmadığını, boz sahədə danışıqlar aparılmasının vacibliyini Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti bizə açıq şəkildə göstərir.

– Ötən ilin avqustundan başlayaraq Rusiyanın Suriyaya qoşun göndərəcəyinin işarələri gəlirdi. Bəs Türkiyə niyə o vaxt Rusiya ilə birlikdə Suriyaya girməyə çalışmadı? Belə bir şey mümkün deyildimi?

– 24 noyabr 2015-ci ildə Rusiya təyyarəsinin vurulmasına qədərki müddətdə Türkiyənin Rusiya ilə birlikdə Suriyaya girməsi mümkün deyildi. Buna həm Suriya icazə verməzdi, həm Rusiya razı olmazdı, həm də Türkiyənin Qərbdəki müttəfiqləri, xüsusilə ABŞ bunu təsdiqləməzdi. Çünki orada Suriyanın Rusiyadan bir tələbi vardı, digər tərəfdən, Suriya ilə Türkiyənin bölgədəki hədəfləri çox fərqliydi. Təyyarə vurulandan sonra isə Türkiyənin Suriyadakı fəaliyyət imkanları minimuma endi. Düşünün ki, bu gün Suriya torpaqlarından İŞİD-in Kilisi bombalamasına Türkiyə sadəcə, top atəşləriylə cavab verə bilir.

– Bundan sonrakı dönəmdə Suriya kürdlərinin orada dövlət quracaqlarını deyə bilərikmi?

– Proseslər göstərir ki, Suriyada federal dövlət qurulacaq və  Suriya kürdləri orada indi qurduqları kantonları daha da inkişaf etdirib, federal dövlətin bir parçası olacaqlar. Bu durum Türkiyənin qəlbini, əlbəttə ki, sıxacaq. Ona görə, gələcək dönəmdə oyundankənar vəziyyətdə qalmamaq üçün cənub sərhədlərindəki kürd dövlətinin ortaya çıxacağı dönəmə Türkiyə indidən hazır olmalıdır.