XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

19 İyun 2016 - 20:48

Yenidən deputat ola bilməyən İqbal Ağazadə:"MSK-nın rəqəmləri mənim üçün əsas deyil"

iqbal-2

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də  90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin ilkin nəticəsini açıqlayıb. M. Pənahov deyib ki, lider namizəd 85,56 faiz səslə  Yeni Azərbaycan Partiyasının təmsilçisi Cavid Osmanov olub. İkinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə isə 7,84 faiz səs toplayıb…

Ümid Partiyasını sədri, sabqi deputat İqbal Ağazdə seçki prosesi və nəticələrlə bağlı fikirlərini Azadlıq Radiosuna açıqlayıb:

 

– Biz həm seçki kampaniyası dönəmində, həm də seçki günü mövqeyimizi ifadə etmişik. Seçki dönəmindəki pozuntularla bağlı mətbuata mütəmadi məlumat vermişik. Dünənki seçki də bundan xali olmadı. Bütün məntəqələrə müşahidəçilərimizi yerləşdirə bilmədik. Yerləşən müşahidəçilərimizin böyük əksəriyyətinə də təzyiqlər oldu. «Karusel» müşahidə elədik. Özü də səsvermə günündən bir gün əvvəl hədəf seçildiyimizi, müşahidəçilərimizin şərlənəcəyini mətbuat vasitəsilə bəyan etmişdik. Hətta hansı məntəqələr olduğunu da söyləmişdik.  Dairə Seçki Komissiyası isə bəyanat yaydı ki, guya, bizim müşahidəçilərimiz 19 saylı seçki məntəqəsində seçki prosesinə maneə törədiblər. Bəli, maneə törədiblər, ancaq seçki prosesinə yox. Qanunsuzluğun qarşısını almağa çalışıblar, qutuya saxta bülletenlərin atılmasına mane olublar. Bu müşahidəçilərimiz də polis tərəfindən oradan uzaqlaşdırılıblar. Təəssüf ki, seçki proseslərində ənənəvi metodlardan əl çəkə bilmirlər və bu seçki ilə də Azərbaycana, demokratikləşməyə heç bir töhfə verilmədi. Biz əlimizdəki qanun pozuntuları ilə bağlı aktlarla Mərkəzi Seçki Komissiyasına və digər qurumlara müraciət edəcəyik.

– İqbal bəy, təkrar seçkiyə qoşulanda bu maneələri gözləyirdinizmi?

– Əlbəttə gözləyirdik. Biz Aydan gəlməmişik ki. Biz də Azərbaycanda yaşayırıq, bütün bu prosesləri bilirik. Demokratikləşmə və seçici qazanmaq naminə bu prosesdə iştirak edirik. Biz  seçicinin ayağına getmədən seçkili proseslərdə iştirak etməyəcəyik. Yalnız seçici o vaxt prosesdə iştirak edir ki, seçicinin ayağına gedirsən, onunla birbaşa təmasda olursan. Təkrar seçkilərdə iştirak etməyim bir partiya kimi Ağdaş rayonunda böyük sayda tərəfdaş, seçici qazanmağa hesablanmışdı. Bu, gələcəkdə bir partiya kimi növbəti mərhələyə çıxmağımıza böyük şans verəcək.  Bu tipli cəmiyyətlərdə seçici qazanmağın yolu seçici ilə təmasdır. Nə qədər mümkündür, biz də o qədər seçici ilə təmasa gedəcəyik. Biz utopik xəyallarla yaşamırıq.

– İqbal bəy, Avropa Şurasının həmməruzəçiləri də seçkini müşahidə edib və müsbət rəy söyləyiblər. Hər halda rəsmi KİV-lərin yaydığı məlumatlara görə.

– Mən hər kəsin fikrinə hörmət edirəm, o cümlədən həmməruzəçilərin də. Onlar belə düşünürlər və mən də kimisə düşüncəsinə görə, ittiham etmək fikrindən uzağam. Onlar öz rəylərində qalsınlar, mən də seçkidə iştirak etmiş bir şəxs kimi öz rəyimdəyəm.

– Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, səslərin 7 faizini qazanmısız. Əgər dediyiniz kimi, maneələr olmasaydı, tam demokratik keçsəydi, nə qədər səs qazanardınız?

– Ən azı 60 faiz. MSK-nın rəqəmlərinə iddia edəsi olsam… əlimdə Bakının Xətai dairə seçki komissiyasının (İqbal Ağazadə 3 dəfə 35 saylı Xətai Seçki dairəsindən deputat seçilib – AR.) 2015-ci il noyabr seçkilərinin protokolları var. 9 mindən çox səs almışam, 400-dən çox səs alan rəqibim isə parlamentdə oturub. Ona görə də MSK-nın rəqəmləri mənim üçün əsas deyil. Mənim üçün əsas olan seçicilərimin rəyidir və mən bu rəyin nə olduğunu bilirəm.

– Əlinizdə Ağdaşdakı təkrar seçkidə seçicilərin sizə nə qədər səs verdiyini göstərən protokollar da varmı?

– Yox, ona görə ki, seçki günü müşahidəçilərin əksəriyyətini məntəqəyə buraxmadılar. Buraxılanların çoxunu isə polis gücü ilə  məntəqədən uzaqlaşdırdılar.




Yuxarı Əvvələ Ana Səhifə