XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 10:04

Qazax politoloq:“Putinin Qazaxıstanı qarışdırması Rusiyanın sonunu gətirə bilər”

 

Kazakistan, Ukrayna'ya mı dönüştürülmek isteniyor?

Son vaxtlar qardaş ölkə Qazaxıstanda bir-birinin ardınca gözlənilməz hadisələr baş verir. Gah bir çox şəhərləri bürüyən etiraz dalğaları, gah ölkənin milli münasibətlər zəminində ən həssas nöqtəsi sayılan bir rayonunda törədilən terror hadisəsi, gah da qazax rəsmilərinin əndişəli açıqlamaları ağla xoşagəlməz ehtimalları gətirir. Ən çox üzərində durulan versiya isə ölkədə Ukrayna ssenarisinin həyata keçirilməsi planıdır.

Bəs, qazax ziyalılar bu barədə nə düşünür?

Orta Asya məsələləri üzrə mütəxəssis, "Türkistan-DER" təşkilatının sədr müavini Dr. Namoz Normumin Mohammadin “Dünya Bülteni” saytına verdiyi müsahibəsini kiçik ixtisarla Strateq.az oxucularına təqdim edirik:

 

– Qazaxıstandakı son vəziyyəti bizə izah edərsinizmi?

– Son bir ayda Qazaxıstanda 3 əhəmiyyətli hadisə baş verdi: birincisi, ölkə xaricindəki offşor şirkətlərdə qazax iş adamlarının, o cümlədən, Qazaxıstan dövlət başçısının qızı, hazırda Baş nazirin müavini və atasının varisi olaraq görünən Dariga Nazarbayevanın da adının keçməsi; ikincisi, ərazi qanununda edilən dəyişiklərə qarşı son zamanlarda görünməmiş ictimai etirazların ortaya çıxması və üçüncüsü, Aktobe şəhərində yaşanan silahlı hadisələr. Bunları birlikdə qiymətləndirdikdə, görünməz bir gücün Qazaxıstanı həlqəvarı şəkildə sabitsizliyə sürüməyə çalışdığını söyləyə bilərik…

– Aktobe şəhərindəki silahlı qarşıdurmalara dönərsək, hadisəni törədənlərin kimliyini müəyyənləşdirmək mümkün oldumu?

– Xeyr, bu mövzuda şübhələr davam edir. Hücumun dərhal ardından Amerika senatı tərəfindən maliyyələşdirilən və Praqada post-sovet ölkələri üçün yayınlanan “Svoboda” (Azadlıq) radiosu hadisəni Qazaxıstanı Nazarbayev diktatirasından qurtarmaq istəyən demokratiya (!) tərəfdarı bir təşkilatın boynuna götürdüyünü xəbər verdi. Radio xəbərin qaynağı olaraq beynəlxalq media təşkilatlarını göstərdi, ancaq qaynağın konkret adı çəkilmədi. Bu, çox maraqlıdır. Hadisədən 5 gün sonra baş verənlərə qiymət verən Qazaxıstan Dövlət Başçısı Nursultan Nazarbayev isə dedi ki, "bu, xaricdən əmr alan radikal islamçı qruplar tərəfindən təşkil olunan bir terror aksiyasıdır. 2003-ci ildən bəri edamlar qadağan olunsa da, hücumu reallaşdıranlara edam cəzası verilməlidir. Bu radikallar ölkəmizdə rəngli inqilab etmək istədilər".

Həmin xəbərlər və şərhlər bir çox baxımdan müəmma doluydu. Əvvəla, aksiyanı boynuna götürən təşkilat haqqında bu günə qədər heç kim heç bir şey bilmirdi. Bu açıqlamanı da kimsə ciddiyə almamışdı. O zaman Amerika radiosu niyə bu xəbərə yer verirdi? Nazabayevin açıqlamasında da ziddiyyət yox deyil. Açıqlamada hücumun xaricdən idarə edildiyi deyilir, amma konkret ünvan göstərilmirdi. Bir də terror aktını radikal islamçıların Qazaxıstanda rəngli inqilab etmək üçün törətdiyi irəli sürüldü. Lakin məlumdur ki, islami radikal təşkilatların Qərb tipli rəngli inqilablarla işi olmaz. Onlar “ərəb baharı” deyilən və Tunisdə başlayaraq, Misir və başqa ərəb ölkələrində davam edən inqilabi hadisələrdə də işin başında deyil, sonunda ortaya çıxmışdılar. Yenə bir maraqlı nöqtə Nazarbayevin bu silahlı hadisələrdən bir neçə həftə əvvəl ölkəsinə Ukrayna hadisələrini daşımaq istəyənlərə qarşı ən ağır tədbirləri alacağını söyləməsiydi…

– Yəni demək istəyirsiniz ki, Nazarbayev hadisələrin bu şəkildə inkişaf edəcəyini öncədən bilirdi?

– Nursultan Nazarbayev çox təcrübəli və milli bir siyasətçidir. Onun rəhbərliyində qazax xalqı və dövləti sanki yenidən ayağa qalxdı. Ancaq problem Qazaxıstan əhalisinin üçdə birinin ruslardan ibarət olmasıdır. Dünyadakı və post-sovet məkanındakı iqtisadi, siyasi və ictimai sarsıntılar dalğası, Nazarbayev istəməsə də, onun ölkəsində də özünü göstərə bilər. Burada əhəmiyyətli bir nöqtə isə Qazaxıstanın bir iqtidar dəyişikliyi ərəfəsində olmasıdır. Bütün bunlar yeni qazax dövlətçiliyi üçün ciddi imtahanlardır …

– Sizcə, Putin rəhbərliyi Qazaxıstanda Ukrayna hadisələrinin təkrarlanmasını istəyə bilərmi?

– Putindən bu, gözlənilə bilər, çünki onun bütün siyasəti SSRİ olmasa belə, Çar Rusiyası səviyyəsində imperatorluq xəyalı üzərinə qurulub. Ancaq bu, eyni zamanda Putin üçün son oyun da ola bilər. Çünki bu anda Rusiya Qərb ölkələri tərəfindən, buna Türkiyə də daxil olmaqla, siyasi və iqtisadi cəhətdən əhatəyə alınıb. Bunun nəticəsində ruslar ciddi iqtisadi çətinlik içindədir. Üstəlik, Rusiyanın Qafqaz, Moldova və Ukraynada həyata keçirdiyi dağıdıcı fəaliyyəti və siyasəti post-sovet  dövlətləri və xalqlarında nifrət doğurur. Putinin Qazaxıstanı qarışdırmağa çalışması həm dünyada, həm post-sovet məkanında, həm də Rusiyanın içində ciddi reaksiyalara səbəb olacaq. Bu da yalnız Putin rejiminin deyil, Rusiyanın dövlət olaraq da sonunu gətirə bilər …