XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2016 - 21:21

“Liberal iqtisadi islahatlar ölkənin inkişafına imkan verib”-Mayis Gülalıyev

 “Azərbaycanda aparılan liberal iqtisadi islahatlar ölkənin iqtisadi inkişafına imkan verib”

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Mayis Gülalıyevin “economics.com.az” saytına müsahibəsini Strateq.az oxucularına təqdim edirik:

– Mayis müəllim, bu yaxınlarda Çin İctimai Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu bizim AMEA-nın İqtisadiyyat İnstitutunda aparılan tədqiqatlara böyük maraq göstərərək əməkdaşlıq təklif edib. Söhbət hansı tədqiqatlardan gedir?

– Söhbət AMEA-nın İqtisadiyyat İnstitutunda professor Nazim Müzəffərlinin rəhbərliyi ilə hazırlanan yeni qiymətləndirmə metodikasından gedir. Bu metodika dövlətin iqtisadiyyata müdaxilə dərəcəsini kəmiyyətcə qiymətləndirməyə imkan verir.

 Məgər belə qiymətləndirmə metodikası indiyə qədər hazırlanmamışdı?

– Xeyr! Siyasi iqtisad nəzəriyyələri iki yüz ildən çoxdur ki, məhz dövlətin iqtisadiyyata müdaxiləsi məsələsini müzakirə edir. Bəzi nəzəriyyəçilər dövlətin iqtisadiyyata müdaxiləsinin artırılmasını, bəziləri isə azaldılmasını zəruri hesab edirlər. Dövlətin iqtisadiyyata müdaxiləsini bu və ya digər dərəcədə bütün iqtisadçılar qəbul edirlər. Lakin bu müdaxilənin nə dərəcədə olması məsələsi həmişə mübahisə predmetidir. AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanan yeni qiymətləndirmə metodu imkan verir ki, nəinki hər hansı ölkədə iqtisadiyyata dövlət müdaxiləsinin nə dərəcədə olması ölçülsün, həm də bu müdaxilənin optimal həddi müəyyənləşsin.

– Axı iqtisadiyyata dövlət müdaxiləsini ölçən müxtəlif reytinq təşkilatları var. Bu metodun yeniliyi nədən ibarətdir?

– İqtisadiyyatın hər hansı sahəsinə dövlət müdaxiləsini bu və ya digər dərəcədə müqayisəli qiymətləndirən müxtəlif reytinq təşkilatları var. Belə qiymətləndirmələrin həm nəzəri, həm də praktiki əhəmiyyəti danılmazdır. Lakin belə qiymətləndirmələrdə bəzi ciddi çatışmazlıqlar da var. Məsələn, belə müqayisəli qiymətləndirmələr ölkələrin müxtəlif sahələrdə «şaquli» reytinqlərinin hazırlanması və sıralanması kimi nəticələnir. Belə qiymətləndirmə metodu hər hansı bir ölkədə bütünlükdə dövlət müdaxiləsinin səviyyəsini qiymətləndirməyə, ən əsası isə hər hansı bir ölkə üçün optimal müdaxilə dərəcəsini tapmağa imkan vermir.

– Mümkünsə, “optimal müdaxilə dərəcəsini” bir qədər aydınlaşdırın.

– Bu o deməkdir ki, bütün ölkələr üçün eyni dərəcədə liberal və ya eyni dərəcədə məhdudlaşdırıcı qanunların qəbul edilməsi eyni nəticəni vermir. Məsələn, Fransada Sinqapurda olduğu kimi liberal iqtisadi qanunlar qəbul edilsə, Fransa iqtisadiyyatı Sinqapurda olduğu kimi inkişaf etməyə bilər. Yaponiyada iqtisadi inkişaf üçün tələb olunan dövlət müdaxiləsi səviyyəsi və ya liberallaşma səviyyəsi Böyük Britaniyadakından fərqlidir. Onlar eyni dərəcədə iqtisadiyyata müdaxilə etsələr fərqli nəticələr alınacaq. Deməli, hər bir ölkə üçün özünəməxsus “optimal müdaxilə dərəcəsi” var. Əsəs məsələ bu “optimal” sahənin tapılmasıdır. Onun tapılması isə ölkənin sürətli iqtisadi inkişafına təkan verər. Bu sahənin elmi cəhətdən əsaslandırılaraq tapılması son illərə qədər mümkün olmadığından iqtisadi məktəblər, siyasi və ictimai qurumlar bir-biri ilə mübarizə fonunda ölkəni bu “optimal” sahəyə yönəltməyə çalışırlar.

– Belə çıxır ki, İnstitutun təklif etdiyi metod hər hansı bir ölkənin iqtisadi inkişafı üçün “optimal modelin” tapılmasına imkan verir. Mən Sizi düz başa düşdüm?

– Bəli, elədir. Hər bir ölkənin hökuməti çalışır iqtisadiyyatı elə qursun ki, inkişaf baş versin. Amma əksər halda buna nail olunmur. Beləliklə, bir hökumət öz yerini digərinə verməyə məcbur olur. Yeni hökəmət isə əvvəlki hökumətin yaratdığı “iqtisadi modeli” sökur, dağıdır və özünə uyğun yeni model yaradır. Əksər hallarda bu model də yaramır. Beləliklə, iqtisadi modellər bir-birini əvəz edir. Ən yaxşı halda belə əvəzləmə zamanı ölkə yavaş-yavaş “optimal modelə” yaxınlaşır. Məsələn, inkişaf etmiş ölkələr belə modelə nail olublar. Əksər ölkələrdə isə belə “axtarış” davam edir. Amma bizim təklif etdiyimiz metod hər bir ölkə üçün müəyyən zaman çərçıvəsində “optimal modelin” yaradılmasına imkan verir.

– Belə çıxır ki, əksər ölkələr, xüsusilə inkişaf etməkdə olan ölkələr öz inkişafları üçün hələ də “optimal modeli” tapmayıblar?

– “Optimal model” hər hansı zaman kəsiyi üçün yararlıdır. O universal deyil və daim dəyişməli və inkişaf etməlidir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iqtisadi inkişaf təkcə qəbul edilən qanunlardan, daha doğrusu, dövlətin iqtisadiyyata müdaxiləsi dərəcəsindən deyil, digər faktorlardan asılıdır. Odur ki, “optimal modelin” tapılmasında bütün faktorlar nəzərə alınmalıdır.

– İnstitutun hazırladığı bu metodika “iqtisadiyyatın solluq (sağlıq) indeksi” adlanır. Nə üçün “solluq” və ya “sağlıq”?

– Siyasi və iqtisadi nəzəriyyələrdə “solluq” dövlətin iqtisadiyyata müdaxiləsinin çoxalması, “sağlıq” isə belə müdaxilənin azalması deməkdir. Qeyd edim ki, “sağ” və ya “sol” olmaq nisbidir. “Müləq sol” ölkə, yəni iqtisadiyyatı dövlətin tam müdaxiləsi altında olan ölkə mövcud olmadığı kimi, “mütləq sağ” ölkə, yəni “dövlətsiz” iqtisadiyyata malik olan ölkə də yoxdur. Beləliklə, hökumətlər iqtisadiyyatı müvafiq qanunlarla tənzimləyir. Bu qanunlar isə mahiyyət etibarı ilə “iki qütblü” olur. Yəni ya vətəndaşların sosial müdafiəsini gücləndirir, ya da sahibkarların fəaliyyətini asanlaşdırır. Yaxud qəbul edilən qanunlar ya daxili bazarın qorunmasını əsas götürür, ya da xarici ticarəti asanlaşdırır. Beləliklə, iqtisadiyyata aidiyyəti olan əksər qanunlar “iki qütblü” olduğundan ya “sağ” təmayüllü olur, ya da “sol” təmayüllü. Odur ki, biz bu indeksi “iqtisadiyyatın solluq (sağlıq) indeksi” adlandırdıq.

– Hazırda apardığınız tədqiqatlar hansı səviyyədədir? Ölkələr üzrə “optimal modellər” hazırlanırmı?

– Xeyr! İdeya hələ çox “cavandır”. Biz ikinci ildir ki, ölkələr üzrə müdaxilə dərəcəsini hesablayırıq. 2014-cü il üzrə hesablamalara 36 ölkə, 2015-cü il üzrə hesablamalara 62 ölkə cəlb edilib. Artıq bəzi ölkələr üzrə 15 illik inkişaf dinamikasını da hesablamışıq. İlkin nəticələr çox maraqlıdır.

– Məsələn?

– Tədqiqatın nəticələri göstərir ki, ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə dövlətin iqtisadiyyata müdaxilə dərəcəsi arasında xətti asılılıq yoxdur. Bu o deməkdir ki, dövlətin iqtisadiyyata müdaxiləsinin azalması onun iqtisadi cəhətdən inkişaf edəcəyinə dəlalət etmir. 2014-cü il üzrə aparılan tədqiqatlarda 36 ölkə arasında Sinqapur ən “sağ”, yəni dövlətin iqtisadiyyata “ən az” müdaxilə etdiyi ölkə, Fransa isə ən “sol”, yəni dövlətin iqtisadiyyata “ən çox” müdaxilə etdiyi ölkə idi. Lakin hər iki ölkə iqtisadi cəhətdən sürətlə inkişaf edir. 2015-ci il üzrə aparılan tədqiqatlarda da 62 ölkə arasında bu ölkələr həm “sol”, həm də “sağ” cinahda öz liderliklərini saxlayıb. Gürcüstan və Qazaxıstan kimi ölkələrdə dövlətin iqtisadiyyata müdaxiləsi Almaniyadan daha azdır, lakin onların iqtisadi inkişafı Almaniyadan xeyli geri qalır. Beləliklə, əsas nəticə ondan ibarətdir ki, bütünlükdə ölkədə dövlət müdaxiləsinin necə deyərlər “gözüyumulu”, yəni heç bir elmi əsaslandırma olmadan “sağlaşdırılması”, yəni liberallaşdırılması iqtisadi inkişafa təkan vermir. Eyni ilə bu “sollaşdırmaya” da aiddir. Yəni heç bir elmi əsası olmadan dövlət müdaxiləsinin artırılması ölkədə iqtisadi inkişafa təkan verməz. Hər bir ölkə üçün zəruri olan “nöqtənin”, yəni “optimal modelin” tapılması zəruridir. Başqa bir ciddi nəticə ondan ibarətdir ki, iqtisadiyyatın bəzi sektorlarında dövlətin iqtisadiyyata müdaxiləsinin azaldılması zəruridir. Məsələn, xarici ticarət sahəsində. 2015-ci il üzrə aparılan tədqiqatlar sübut edir ki, əgər ölkə adambaşına ÜDM həcmini 20 min ABŞ dollarından çox etmək istəyirsə, xarici ticarət şəraitini mütləq yaxşılaşdırmalıdır.

– Bəlkə, bir qədər də Azərbaycanla bağlı tədqiqatlarınızın nəticələrini açıqlayasınız?

– Əlbəttə, həm 2014-cü, həm də 2015-ci illər üzrə tədqiqatlara Azərbaycan daxil edilib. Digər tərəfdən, tədqiqatla cəlb edilən digər ölkələrin seçimində də onların Azərbaycanla iqtisadi əlaqələri və ya region ölkələri olması nəzərə alınıb. Biz Azərbaycanın nəinki iki il üçün, həmçinin 15 il üçün dövlət müdaxiləsi səviyyəsini və dinamikasını hesablamışıq. İlkin təticələr ondan ibarətdir ki, Azərbaycanda son 15 ildə həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyata dövlət müdaxiləsi azalan istiqamətdə inkişaf edir. Azərbaycan iqtisadiyyatının mahiyyəti elədir ki, dövlət müdaxiləsi azaldıqca, yəni liberal islahatlar genişləndikcə iqtisadi inkişaf baş verib. Elmi araşdırma ilə məşğul olmayan, yalnız populist çıxışlar edən bəzi adamlar islahatların iqtisadi inkişafa zərər vurduğunu iddia edir. Lakin ciddi elmi araşdırmalar əksini sübut edir. Belə ki, Azərbaycanda liberal iqtisadi islahatlar, başqa sözlə desək, Azərbaycan iqtisadiyyatının “sağlaşması” ölkədə ÜDM-in artımına, insan inkişafına, rəqabətqabililiyyətliliyin güclənmnəsinə və ölkənin iqtisadi təhlükəsizliyinin güclənməsinə müsbət təsir göstərib.

– Adətən, iqtisadiyyatda çətinliklər olanda dövlət iqtisadiyyata müdaxiləsini artırır. Sizcə, manatın son devalvasiyasından sonra Azərbaycanda iqtisadiyyata müdaxiləni artırmaq zəruridirmi?

– Siz tamamilə haqlısınız. Amma bizim tədqiqatlar sübut edir ki, nə qədər çətin olsa da Azərbaycan son 15 ildə həyata keçirilən islahatlardan geri dönməməlidir və belə islahatları, xüsusilə xarici ticarətin liberallaşmasını davam etdirməlidir. Biz hazırda Azərbaycan üçün “optimal modelin” yaradılması üzərində çalışırıq. Əvvəlcədən deyim ki, Azərbaycan üçün “optimal model” ölkə iqtisadiyyatının liberallaşmasından keçir.

– Dünyanın bütün ölkələri üzrə iqtisadiyyatın “optimal modelinin” tapılması kimi iddialı bir məqsədin qarşıya qoyulması Sizcə bir qədər utopik görünmür ki?

– Əvvəla, biz qarşımıza elə bir məqsəd qoymamışıq. Biz sadəcə hər bir ölkə üzrə belə bir modelin yaradılması üçün universal nəzəri metodu işləmişik. İnanırıq ki, İnstitutun hazırladığı bu qiymətləndirmə metodu yayıldıqca hər bir ölkədə kimsə bunu etməyə cəhd göstərəcək. Digər tərəfdən, belə geniş tədqiqatın aparılması üçün geniş kadr potensialı olmalıdır.

– Kadrlardan söz düşmüşkən, İnstitutda bu tədqiqatların aparılmasına neçə nəfər cəlb edilib?

– Hazırda İnstitutun direktoru, prof. Nazim Müzəffərlinin rəhbərliyi ilə 25 nəfərdən ibarət “tədqiqat qrupu” yaradılıb. Bu qrup əslində yeni “iqtisadi məktəbin” özəyidir.

– Nə mənada?

– Ən geniş mənada! Bu qrupa təkcə iqtisadçılar deyil, həm də filosoflar, psixoloqlar cəlb edilib. Bizim tədqiqatlar göstərir ki, hər bir ölkə üçün “optimal model” həm də bu ölkənin özünü tənzimləmə potensialından asılıdır. Elə buna görə də bir ölkə üçün “optimal” hesab edilən model, digər ölkədə yaramır. Deməli, hər bir ölkənin “optimal modelinin” seçilməsində onun milli mənəvi dəyərləri də nəzərə alınmalıdır.

– Tədqiqat qrupuna gənclər cəlb edilibmi?

– Qeyd edim ki, İnstitutun hazırkı rəhbərliyi nəinki bu tədqiqatla bağlı, həmçinin İnstitutun istənilən elmi, ictimai və mədəni tədbirlərində gənclərə xüsusi önəm verir. Bu tədqiqat qrupunda 10 nəfər gənc çox aktiv fəaliyyət göstərir. Elə buna görə bu tədqiqat qrupunu mən “yeni iqtisadi məktəb” adlandırdım. Bu gənclərlə, demək olar ki, hər gün ciddi iş aparılır. Onlara tədqiqat metodologiyası öyrədilir, iqtisadi nəzəriyyə ilə bağlı diskussiyalar keçirilir. Gənclərin ingilis dilində bilik və bacarıqlarının artırılması üçün xüsusi tədbirlər planı həyata keçirilir. İnstitutda iki elmi klub fəaliyyət göstərir. Hər iki klubda ölkənin aparıcı iqtisadçıları ilə, dövlət qurumlarının məsul şəxsləri ilə geniş tərkibdə, xüsusilə gənclərin iştirakı ilə elmi müzakirələr keçirilir.

– Axı bəzən deyirlər ki, guya, gənclər elmə maraq göstərmirlər, elmi tədqiqatlarla, gənclərin inkişafı ilə məşğul olan yoxdur. Amma Siz əksini deyirsiz.

– Hazırda İqtisadiyyat İnstitutunda sözün həqiqi mənasında ciddi tədqiqatlar aparılır. Əlbəttə, bu, İnstititun direktorunun şəxsi keyfiyyətləri ilə daha çox bağlıdır. Prof. Nazim Müzəffərlinin ən əsas keyfiyyəti onun sözün ən geniş mənasında ziyalı olmasıdır. Onun ədalətli olmasının, demokratikliyinin, qayğıkeşliyinin, “əli təmizliyinin”, “gözü təmizliyinin”, vətənpərvərliyinin əsasında onun ziyalı olması durur. O, İqtisadiyyat İnstitutuna “yeni nəfəs” gətirdi. Bu “nəfəs” kollektivdə, xüsusilə gənclərdə özünə inam yaratdı. AMEA-nın müxbir üzvü, rəhmətlik Ağasəlim Ələsgərov deyirdi ki, Nazim Müzəffərli İnstituta direktor təyin edildikdən sonra İnstitutda alimlər düşünməyə başladılar. O, nəinki iqtisadçı kimi savadlıdır, həm də geniş elmi, ictimai və siyasi dünyagörüşə malikdir. Lakin mənəvi zəngin olduğu qədər də sadədir. Bütün bu keyfiyyətlər Azərbaycanda “yeni elmi məktəbin” yaradılması üçün çox mühümdür.

– Mayis müəllim, Siz həm də İnstitutun Elmi seminarının üzvü və “Elmi Əsərlər” jurnalının baş redaktor müavinisiz. İnstitutumuzda aparılan tədqiqatların, müzakirələrə təqdim edilən dissertasiya işlərinin, jurnalda dərc edilən məqalələrin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

– Şübhəsiz ki, nə jurnalda dərc edilən məqalələrin, nə də müzakirəyə təqdim edilən dissertasiyaların elmi səviyyəsini birdən-birə beynəlxalq səviyyəyə qaldırmaq mümkün deyil. Amma addımbaaddım keyfiyyəti yüksəltmək mümkündür və bu mərhələdə həlli vacib olan bütün addımlar demək olar ki, atılıb. Məsələn, İnstitutda hər hansı bir formada rüşvətə yol aça bilən bütün halların qarşısı alınıb. Müzakirəyə təqdim olunan bütün dissertasiyalarlar üzrə müzakirələrin, seminarların, müdafiyələrin növbəlilik cədvəli İnstitutun saytında yerləşdirilir. Artıq hər bir dissertant və ya doktorant bilir ki, nə vaxt və hansı növbə ilə müzakirəyə qatılacaq. İnstitutun rəhbərliyi Elmi Seminarın fəaliyyətinə qətiyyən müdaxilə etmir. Bu İnstitutda şəffaflığın təmin edilməsində mühüm şərtdir. 
“Elmi Əsərlər” jurnalında da məqalələrin keyfiyyətinin yüksəldilməsi üçün mümkün olan bütün prosedurları edirik. Məqalələrin ilkin rəydən keçirilməsi, orjinallığının elektron yoxlanılması, elmi redaktəsi və sair prosedurlar həyata keçirilir. İqtisadiyyat İnstitutu geniş mənada Azərbaycan cəmiyyətinin, dar mənada AMEA-nın kiçik modelidir. Burada hazırda demokratik, səmərəli və şəffaf idarəetmənin qurulmasının AMEA-nın və bütünlükdə ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacağına əminik.

 

Mahir Zeynalov