XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2016 - 15:55

Rusiyalı ekspert:“Qazaxıstanı hakimiyyət uğrunda kəskin tayfalararası qarşıdurma gözləyir"

samqunov

Rosbalt.ru, 21.06.2016


Sankt-Peterburq Dövlət Universitetinin dosenti Ruslan Şamqunov Qazaxıstandakı siyasi durum haqda Rusiya mediasına maraqlı müsahibə verib. Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Qazaxıstan uzun illər ərzində Mərkəzi Asiyanın ən sabit dövlətlərindən biri kimi qəbul edilirdi. İndi vəziyyət dəyişilib?

– Şübhəsiz, əvvəllər 2011-ci ilin dekabrında Janaozen hadisələri kimi, son ayın hadisələri də göstərdi ki, Qazaxıstanda hər şey qəbul edildiyi qədər də yaxşı deyil. Digər tərəfdən, Qazaxıstandakı vəziyyəti tam tünd boyalarla təsvir etməyə də tələsməzdim. Təbii ki, Qazaxıstan iqtisadiyyatı da Rusiyanınkı kimi, enerji daşıyıcılarının qiymətinin düşməsindən əziyyət çəkir. Lakin eyni zamanda Qazaxıstanın “təhlükəsizlik balış”ı etibarlıdır. Nazarbayev və komandasının son illər ərzində daha düşünülmüş siyasəti var idi. Onlar neft dollarını sənayenin gerçək modernləşdirilməsinə buraxmaqla faydalı şəkildə istifadə etməyə çalışırdılar. Kimya və yüngül sənayenin, kənd təsərrüfatının bərpa və inkişafı üçün fəal proses başlanmışdı. Xüsusən də kənd təsərrüfatı məhsullarının emalında böyük tərəqqiyə nail olundu. Təkcə son illərdə 24 min nəfəri daimi işlə təmin edən tam 150 iri və orta müəssisə istismara buraxıldı. 2010-cu ildə ölkədə cəmi 800 müxtəlif istehsal qurumları yaradılıb. ÜDM-in adambaşına düşən təsirli artımı da buradandır – 1994-cü ildəki 700 dollardan 2015-ci ildəki 12 400 dollaradək. Qazaxıstan bu göstərici üzrə yekunda Rusiyanı ötdü. Bu zaman Rusiya ilə Qazaxıstanın 1990-cı illərin əvvəlindəki start vəziyyətlərini yada salın. Ona görə də təəccüblü heç nə yoxdur ki, Qırğızıstan, Tacikistan və Özbəkistandan fərqli olaraq, Qazaxıstandan Rusiyaya işləməyə heç kim getmir. Amma budur, Rusiyadan Qazaxıstana gedirlər. Və kimin imkanı varsa, öz firmasını Qazaxıstan ərazisində qeydiyyata aldırmağa çalışır, çünki Qazaxıstanda işgüzar iqlim Rusiyadakından xeyli yaxşıdır.

– Lakin bütün bunlar enerji daşıyıcılarının yüksək qiyməti zamanı baş verirdi. Böhran şəraitində bu cür uğurları qoruyub saxlamaq mümkün olacaqmı?

– Neftin barrelinin qiyməti 30 dollar olarkən də uğurlar var idi. Əlbəttə, böhran zərbə vurdu, lakin Qazaxıstan 2008-2009-cu illər böhranından özünə gəlmiş tək-tük dövlətlərdən biridir. Qazaxıstan ÜDM-in 2016-cı ilədək artımı təsadüfi deyil. Ona görə də o cür miqyasda olmasa da, iqtisadi artımın davamına ümid var. Əlbəttə, xeyli savadlı addımlara baxmayaraq, Qazaxıstanın problemləri yetərincədir. Onlardan biri bölgələrin inkişafındakı çox böyük fərqlərdir. Sənaye və kənd təsərrüfatı rayonları var və onlardakı həyat səviyyəsi güclü şəkildə fərqlənir. Önəmli sosial təbəqələşmə azdan-çoxdan firavan bölgələrin daxilində də müşahidə olunur. Xüsusən də Janaozen hadisələrinin səbəblərindən biri bu idi ki, Çin neftçiləri qazax neftçilərindən dəfələrlə  çox qazanırdılar.

– Bir ay ərzində Qazaxıstanda əvvəlcə çoxminlik mitinqlər keçdi, sonra isə Aktobada faciə baş verdi. Güman etməyə əsas var ki, sarsıntılar silsiləsi davam edəcək?

– Rəhbərlik önləyici fəal tədbirlər görsə, onların təkrar imkanı minimuma enə bilər. Təkrarı tam istisna etmək olmaz. Bircə bu iki hadisəni yanaşı qoyub arasında əlaqə axtarmaq lazım deyil. Maydakı kütləvi etirazlar torpağın əcnəbilərə satışı və uzunmüddətli icarəyə verilməsinə qarşı əhalinin kəskin şəkildə çıxış etməyindən törədi. Hamı başa düşür ki, bu əcnəbilər əsasən çinlilər olacaq. Çin yenə də Qazaxıstan üçün əsas yatırımçıdır. Səmalar ölkəsi o cümlədən qazax neft dollarının, ən azı, üçdə birini təmin edir. Qazaxıstanda ÇXR nüfuzunun güclənməyinə, prinsipcə, böyük əndişə ilə yanaşırlar. Orada hələ də xatırlayırlar ki, 1990-cı illərdə Çin ərazi mübahisələri nəticəsində Qazaxıstandan önəmli hissə ərazi aldı. Həm də bu, sadəcə, dağlar deyil, faydalı qazıntılı torpaqlar idi. Ona görə də may mitinqləri tamamilə izah ediləndir. Aktobadakı hadisə isə ümumiyyətlə hansısa şüarlarla müşayiət olunmadı. Təkcə teraktın təşkilatçıları deyil, həm də hansı məqsədlərə çatmağa nail olmaq istədikləri də məlum deyildi.

– “Terrorçuluq aktını radikal dini cərəyan tərəfdarlarının təşkil etdiyi, xaricdən təlimat aldıqları” haqda rəsmi versiya sizə əsaslı görünmür?

– Bu versiyanın heç bir sübutu tədqim edilmədi. Olmasa, heç təəccüblənmərəm də. Əlbəttə, bu, hökumət üçün ən münasib izahatdır. Lakin böyük ehtimalla, Aktoba hadisələri daxili mübarizənin nəticəsidir. Lakin məlumatsızlıq halında fərziyyələr irəli sürmək olar, bundan artıq yox.

– Bəs, prinsipcə, bu gün Qazaxıstanda radikal əhval nə dərəcədə güclüdür?

-Qazaxıstan hazırda Mərkəzi Asiyanın ən dünyəvi dövlətidir, lakin İslam amilinin əhəmiyyəti tədricən ancaq güclənəcək. Birincisi, radikalizmi sosial bərabərsizlik qızışdıracaq. İkincisi, inkişaf etmiş iqtisadiyyat sayəsində əhalinin həccə getmək və uşaqları xaricə, o cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə və Misirə təhsilə göndərmək vəsaiti meydana çıxıb. Onların bir qismi yeni, dini cəmiyyət qurmaq haqda ideyalarla qayıdır. Ölkədə bu ideyalar üçün müəyyən zəmin var. Yaddan çıxartmayın, Qazaxıstandan bəzi dəliqanlılar hələ 90-cı illərdə Çeçenistanın tərəfində vuruşmağa yollanırdılar.  

– Aktoba faciəsi müxalifət və QHT-yə münasibətdə vintlərin bərkidilməsi üçün bəhanə olacaq?

– Şübhəsiz, buna hazırlaşmaq lazımdır. Nazarbayev müxalifətlə həmişə çox sərt şəkildə işləyib, son illər bu tendensiya güclənib. Yekunda hətta Aktoba hadisələrinə dəxli olmaqda ittiham etdikləri Toxtar Kuleşovun taleyinə nəzər salmaq kifayətdir, amma o, artıq bir neçə aydır, həbsxanada əyləşir. Lakin siyasi meydanın bu cür təmizlənməyindən sonra Nazarbayevin yerinə kimin gələcəyi qətiyyən aydın deyil. Hər şeyə görə fikir yürüdəndə, bu məsələ hələ müəyyənləşdirilməyib. Yəqin ki, Qazaxıstanı hakimiyyət uğrunda həm də tayfalararası qarşıdurma, daha doğrusu, juzların (qazax soylarının qəbilə birlikləri – təc.) rəqabəti ilə mürəkkəbləşəcək ciddi mübarizə gözləyir. Ümumiyyətlə, deyərdim ki, müasir Qazaxıstanın həqiqi mənada ancaq iki ciddi problemi var: hakimiyyətin dəyişilməsi məsələsi və əhalinin radikallaşması perspektivi. İqtisadi böhran daxil, qalan hamısının öhdəsindən gəlmək üçün Qazaxıstanın kifayət qədər möhkəmlik ehtiyatı var.

 

Söhbətləşdi: Tatyana Xrulyova

Tərcümə Strateq.az-ındır.