XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2016 - 08:34

Türkiyənin sabiq naziri:"Türkiyənin Avropa İttifaqından başqa üzv olacağı birlik mövcud deyil"

ertuqrul-gunay

Türkiyədə Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi 60 və 61-ci hökumətlərdə mədəniyyət və turizm naziri olmuş Ərtuğrul Günay Böyük Britaniyanın Avropa İttifaqında çıxması və Türkiyənin bu qurumla münasibətlərinin perspektivinə dair APA-ya müsahibə verib. Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına səbəb olan 23 iyun referendumunun nəticəsini  necə qiymətləndirirsiniz?

– Mən bu qərarı Britaniya siyasətçiləri üçün “talesizlik” kimi dəyərləndirirəm. Avropa yaşlı qitədir, yaşlı qitənin ən önəmli layihəsi olan Avropa İttifaqı çərçivəsində  Böyük Britaniya həm ölkənin, həm də İttifaqın mənafeyi üçün önəmli işlərə imza atmışdı. Aİ-dən ayrılma qərarı həm Britaniyanın, həm də İttifaqın bundan sonrakı fəaliyyətləri üzərində öz neqativ təsirini göstərəcək. İttifaqın bundan sonrakı fəaliyyətində bir müddət qeyri-müəyyənlik yaşanacaq. Mənim nöqteyi-nəzərimdən, referendumdan çıxmış ayrılma qərarı Britaniya siyasətçilərinin geniş baxışa sahib olmadığını göstərib. Britaniya da Almaniya kimi maddi yüklərin altına bundan sonra da bir müddət  girə bilərdi, ancaq bunu etməyərək ayrılmağa üstünlük verdi. Mən bunu doğru addım saymıram. Referendum ərəfəsindəki kampaniyalarda Türkiyənin adının hər iki tərəfdən neqativ şəkildə gündəmə gətirilməsi də bizim üçün xoşagəlməz oldu. Həm Aİ-dən ayrılmaq istəyən, həm də Aİ-da qalmaq istəyən qruplar Türkiyə üzərindən gərəksiz müzakirələr apardılar ki, bu, Türkiyə üçün üzücü oldu. Referendumun nəticəsi göstərdi ki, Türkiyənin dünyada hər gün artan əleyhdarlarının arasına biri də əlavə oldu.

– Britaniyadakı referendum ərəfəsində Türkiyə prezidenti “Biz də Aİ-yə üzv olub-olmamaq barədə referendum keçirib yolumuzu müəyyənləşdirə bilərik” demişdi. Britaniyanın Aİ-dən ayrılma qərarından sonra Türkiyə də üzvlük müzakirələrini dayandırmalıdırmı?

–  Türkiyənin, Avropa İttifaqından başqa üzv olacağı hər hansı birlik mövcud deyil. Siz Şanxay Təşkilatı və Ərəb Birliyi kimi təşkilatlar barədə ara-sıra ortaya atılan sözlərə fikir verməyin. Gəlirin ədalətli bölüşdürülməsi, insan haqları, ədalətli məhkəmə sistemi baxımından biz öz istiqbalımızı Avropa İttifaqından başqa harada axtara bilərik, Aİ-dan başqa o dəyərləri təmsil edən hansı İttifaq var? Düzdür, istər Sarkozi, istər Merkel tərəfindən Türkiyəyə qarşı edilən bir çox haqsızlıq olub. Ancaq dünən Britaniyadakı referendumdan çıxan qərara baxanda görürük ki, Aİ liderlərinin öz aralarında da bəzi məsələlərdə çox ciddi fikir ayrılığı var imiş. Avropa İttifaqı layihəsindən qopmaq Türkiyənin çox ciddi macəralara sürüklənməsinə səbəb olacaq. Vətəndaşlarımızın həyat standartını yüksəldib onların haqlarını ən yüksək səviyyədə qorumaq istəyiriksə, Aİ ilə üzvlük müzakirələrindən vaz keçməməliyik, bunu, hər şeydən əvvəl, öz vətəndaşlarımızın gələcəyi naminə davam etdirməliyik. Təəssüf ki, Britaniyanın Aİ-dan ayrılma qərarı yaxşı örnək olmadı. Ancaq hər şeyə rəğmən, Türkiyənin bu yoldan geri dönməməsi lazımdır və ölkəmizi idarə edənlərin də bu yoldan vaz keçməyəcəklərinə inanıram.

– Dünyadakı proseslər yeni durumların ortaya çıxacağını göstərir. Bu çərçivədə Türk ölkələri arasındakı münasibətlərin daha da dərinləşdirilməsi üçün fürsətlər yaranacaqmı? Nazir olduğunuz dönəmdə bunun üçün çox çalışdığınızı bilirik.

– Mən Türk xalqları arasındakı münasibətlərin bütün sahələrdə dərinləşdirilməsinin tərəfdarıyam. İsmayıl Qaspralının “Dildə, fikirdə, işdə birlik” prinsipi mənim də ideallarımdandır. Ancaq həyatın reallıqları da var. Müstəqilliklərinin 25-ci ilində Türkiyənin digər Türkdilli ölkələrlə münasibətlərinin daha dərin olmasını istərdim. Ancaq həm o ölkələrdə demokratiyanın zəif olması və həm də Türkiyədən irəli gələn nöqsanlar əlaqələrimizi daha da inkişaf etdirməyə mane oldu. Bizim münasibətlərimiz siyasi və iqtisadi səviyyədə müəyyən dərəcədə inkişaf etdi. Ancaq tarix, dil və mədəniyyət sahəsindəki birliyimizi, təəssüf ki, hələ də qura bilməmişik. Türk ölkələri arasında ürəyimiz istəyən birliyi yarada bilsək, bunun dünyada əmsalı olmayacaq. Mən Türkiyəni və Türk dövlətlərini idarə edənlərin dünyada cərəyan edən prosesləri düzgün dəyərləndirərək ölkələrimiz arasındakı əlaqələrin çox yüksək səviyyəyə çıxarılmasına çalışacaqlarına inanıram. 




Yuxarı Əvvələ Ana Səhifə