XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyun 2015 - 13:24

Fazil Mustafa: “Keçmiş Sovet məkanında dövlətlərin mövcudluğu sual altındadır”

Azərbaycanın Avropa Yay Oyunlarına ev sahibliyi etdiyi dönəmdə Qərbin də təzyiqləri pik həddə çatdı. Bunun səbəbləri barədə ən müxtəlif ehtimallar və yanaşmalar mövcuddur. Xüsusilə də Azərbaycan hakimiyyəti ilə simsar münasibətlərinə görə, adətən, tənqidlərə məruz qalan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) da bu dəfə Qərb cəbhəsinin artilleriya səfində yer alması təəccüb doğurdu. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ilə söhbətimizdə bu mövzudan da bəhs etdik (musavat.com).

– Fazil bəy, AŞPA-nın yay sessiyasında iştirak etməməyiniz nə ilə bağlı oldu?
– Bu sessiyada iki ay öncədən iştirak etməyəcəyimi bildirmişdim. Yəni bunun oradakı gərgin atmosferlə əlaqəsi yoxdur. çünki həmişə belə gərginliklər olur, mənsə ilk dəfədir iştirak etmirəm. İlk növbədə sessiyanın vaxtı Ramazan ayına düşdüyündən ənənəvi Oruc ibadətini daha düzənli şəkildə yerinə yetirmək üçün səfərə çıxmağı məqsədəuyğun saymadım. Digər tərəfdən, Ramazan ayı mənim üçün ən məhsuldar işlədiyim vaxtlardır, bu fürsəti qaçırmaq istəmədim. Artıq bir kitabımı tamamlayıb nəşrə verdim, ikinci kitabım üzərində də gərgin işləyirəm. Eyni zamanda mütaliə üçün vaxt ayıra bilirəm. Tədbirlərin sayı bir qədər az olduğundan və bir azdan vaxtın çoxunu seçkilərə sərf etməyi düşündüyümdən, indiki zamanı daha məhsuldar keçirməyə qərarlıyam.
– Azərbaycanın AŞPA-ya üzvlüyündən üzübəri sonuncu sessiyada olduğu qədər sərt mövqedən çıxış etməmişdi. Strasburqun Bakıya qarşı mövqeyini sərtləşdirməsinin alt qatında nə dayanır?
– Burada əslində Azərbaycana qarşı koordinasiyalı fəaliyyətdən söhbət gedir. ABŞ-ın öncüllüyündə Avropa qurumlarından istifadə edilərək insan haqları məsələlərini əsas tezis olaraq seçib sistemli bir təzyiq kampaniyası aparılır. Ola bilsin ki, səbəb Azərbaycan tərəfinin ABŞ-ın arzuladığı avantürist siyasət izləməməsi və Rusiya ilə münasibətlərdə ABŞ-ın istədiyi kimi deyil, öz maraqlarına uyğun davranmasıdır. Qərb ölkələri bunu birbaşa ifadə etmədən, guya, insan haqları təəssübkeşi kimi məsələni bütün qurumlar vasitəsilə gündəmdə saxlayaraq öz iradələrini diktə etməyə çalışırlar. Azərbaycanda bu sahədə, əlbəttə ki, nöqsanlar, çatışmazlıqlar var. Ancaq hədəfin həqiqətən də demokratik dəyişikliklər, azad seçkilər və insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması olmasının inandırıcılığı azdır. Deyək ki, ABŞ tələb edir ki, Azərbaycanda onun istədiyi standartlarda azad seçki olsun. Deyək ki, hamımız da bu tələbin səmimiliyinə inanıb ABŞ-ı alqışladıq. Ancaq bir suala əvvəl-axır cavab verməmiz lazım gələcək ki, axı ABŞ guya azad seçkini Misirdə də istəyirdi, sonunda nə oldu? Azad seçkidə qalib gələn prezidenti özü dəstək verərək hakimiyyətdən saldı. Başqa bir misalda ABŞ Qəzzafini diktator kimi hakimiyyətdən saldı və təhqir edərək ortadan götürdü. Liviyada fəlakətli bir xaosdan başqa bir şey yaratmadı. İndi keçmiş müdafiə naziri çıxıb deyir ki, Qəzzafinin devrilməsi səhv idi. O zaman ABŞ-ın insan haqlarının nə vəd etdiyini indidən təsəvvür etmək olar. Hələ nisbətən sabit Azərbaycanla münasibətdə qarışıqlıq yaşayan Ermənistanı işğalçı dövlət kimi tanımırlar, daha zəiflədilmiş Azərbaycan olanda, bizi hansı sürprizlərin gözlədiyini təsəvvür edə bilərikmi? Demək ki, həm ABŞ-ın, həm də Avropa qurumlarının insan haqları bəhanəsi səmimi bir çağırış deyil və bu sahədə problemlərin həllinə ciddi təsir göstərməyəcək. AŞ PA-nın bu qətnaməsində də işğalçı dövlət olaraq Ermənistanı incidəcək bir cümləyə belə rast gəlinmir. Bununla belə, fikrimcə, Azərbaycan iqtidarı fəaliyyəti bu və ya digər şəkildə siyasi fəaliyyətlə əlaqələndirilən şəxslərin azadlığa buraxılmasını kimlərinsə diktəsi ilə deyil, öz iradəsi ilə mütləq gerçəkləşdirməlidir. Yəni bəhanə arayanlara bəhanə verəcək məqamları ortadan qaldırmaq lazımdır ki, diqqətimiz Azərbaycan üçün vacib olan əsas problemlərin həllinə cəmlənsin.
– Azərbaycanın hakim partiyasının bəzi təmsilçiləri beynəlxalq təşkilatlar içərisində normal münasibətdə olduğu Avropa Şurasının tərkibindən çıxmağın mümkünlüyünü də açıqlayıblar? Bu, mümkündürmü?
– Avropa Şurasından çıxmaq barədə birmənalı rəsmi fikir ifadə olunmadığından, münasibət bildirməyi erkən hesab edirəm. Fikrimcə, dövlət olaraq öz maraqlarımızın qorunması üçün Avropa Şurasında yeni taktika izləməliyik. Tərk etmək doğru seçim olmazdı. Hamıyla eyni vaxtda savaşan deyilik, heç qüvvələr nisbətinin xeyrimizə olmadığı bir şəraitdə savaşmağa da gərək yox. özümüzü, bölgədəki real təhlükələri daha doğru anlatmağa çalışmalıyıq. Biz Avropa Şurasından çıxarıqsa, meydanı tamamilə Ermənistana və onu dəstəkləyən qüvvələrə buraxmış olarıq. İndi heç olmazsa, ən pis halda bir az dirənəndən sonra bərabərlik işarəsi qoydura bilirik, çıxdıqdan sonra isə tamamilə mənfinin altına düşərik. O zaman bir alternativimiz qalır – özümüzü tamamilə Rusiyanın ağuşuna, yəni Avrasiya İttifaqına atmış olarıq. Orada da bizi yenə Rusiyanın dəstəklədiyi imtiyazlı Ermənistan gözləyir. Dağlıq Qarabağla bağlı yaxın perspektivdə Rusiyanın dövlət siyasətinin dəyişəcəyinin zərrə qədər işartıları olmadığından, daha pərt vəziyyətlə üzləşə bilərik. Biz, deyəsən, xarici siyasətimizi dəyişməz məsafəli xətkeşlə müəyyənləşdirmək məcburiyyətindəyik və Türkiyə istisna olmaqla, başqa hamıya bu məsafə qədər yaxın olmalıyıq.
– Paralel olaraq ABŞ Dövlət Departamenti də Azərbaycanı növbəti dəfə sərt tənqid etdi. Əvvəllər də belə tənqidlər olub. Lakin bu dəfə sanki sözləşiblərmiş kimi eyni zamanda hücuma keçdilər. Ənənəvi “nə baş verir” sualına yeni cavabınız varmı?
– öncəki cavablarda mən bu məqama toxundum ki, “sanki sözləşiblər”dən söhbət getmir, artıq “məhz sözləşiblər” daha dəqiq ifadədir. Bunu bilirəm ki, sadəlövh müxalif düşüncəli insanların əksəriyyəti sevinc və ümidlə yanaşır və nəhayət, ABŞ, Avropa qurumları qeyrətə gəlib Azərbaycanda demokratiyanın inkişafını düşünürlər. Ancaq son illərin gözümüz önündəki mənzərəsi ağlı başında olan insanları daha dəqiq düşünməyə sövq edir. Demək, ABŞ bizdən İraqdakı, Suriyadakı, Liviyadakı xaosu istəyir. Avropa özü də nə istədiyini dəqiqləşdirməyib, sadəcə, ABŞ-ın istədiyini onun xətri xoş olsun deyə, bizdən istəyir, Rusiya isə ən azı Qazaxıstanın, Qırğızıstanın ona olan sədaqəti qədər sədaqət istəyir. Bəs, biz nə istəyirik? Təhlükəsizlik və sabitlik! Buna isə kimsə təminat vermək iqtidarında deyil. O zaman öz təhlükəsizlik və sabitlik maraqlarımıza görə çevik manevrlər etməkdən başqa yolumuz qalırmı?
– Bəzi ekspertlər Bakı ilə Qərb arasında yaşanan gərginliklərlə parlament seçkiləri arasında əlaqə axtarır. Hesab olunur ki, hakimiyyət beynəlxalq təşki
latları maksimum neytrallaşdırmaqla seçkilərdə istədiyi nəticəni səssiz-küysüz ortaya qoymaq istəyir. Bu yanaşmaları bölüşürsünüzmü?
– Bunun seçkilərlə dolayı yolla əlaqəsi ola bilər. Ancaq məsələyə daha geniş baxmaq lazımdır. Artıq bölgədə tarazlıq Rusiya tərəfindən pozulduğu üçün keçmiş Sovet məkanında dövlətlərin mövcudluğu sual altındadır, bu halda seçkilərin əlahiddəliyindən danışmağa yer qalırmı? Seçkilərdə hakimiyyətin resursları daha böyükdür, müxalifətin isə pərakəndəliyi, cəmiyyətin depolitizasiyalaşmış hissəsinin sürətlə artımı, laqeydlik sindromunun daha çox hakimiyyətin işinə yaradığını siyasi mühitdə olan realist insanların hamısı anlayır. Bununla belə, çevrəmizdə qanlı savaşların, işğalların getdiyi bir zamanda iqtidar özü maraqlı olmalıdır ki, müxalifətin enerjisini parlamentə yönəltsin, ölkənin problemlərinin müzakirəsi ABŞ Departamentində, AŞPA-da deyil, öz içimizdə, öz Milli Məclisimizdə milli maraqlarımız əsas götürülərək aparılsın. Ona görə də Milli Məclisdə əksər müxalif görüşlərin təmsilçilik qazanması, xüsusilə indiki mürəkkəb tarixi şəraitdə dövlətimizin imici və təhlükəsizliyimizin qorunması üçün vacibdir.
– Belə bir “soyuq müharibə” şəraitində Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etdi. Bakı hansısa öhdəliklərin icrasından boyun qaçırıb, ya iqtidar dediyi kimi, Avropa qurumları Azərbaycanın uğurunu sinirə bilmədiyindən fərqli taktikanı seçib?
– Burada Azərbaycanın uğurunu sindirə bilməmək amili əsas səbəblərdən biridir. Bizdə bir az şişirtməyə meyillilik güclüdür, hər hansı bir tədbiri dünya arenasında müqayisə obyektləri taparaq təqdimat verməyə çalışırıq. Əslində isə daha obyektiv müqayisə yolu ilə işin miqyasını doğru-dürüst təqdim etməyə çalışmırıq. Avropa Oyunları Azərbaycanın həm insan resursları, həm səfərbərlik potensialı, həm də siyasi-iqtisadi gücü ilə Qafqaz regionunun liderinə çevrilməsi faktının təsdiqi idi. Avropa Gürcüstan və Ermənistanın hər zaman ən azı Azərbaycanla bərabər statusda və imkanda təqdimatına maraqlı siyasət yürütdüyü halda, indi başqa bir reallıqla barışmaq istəmir.
Bunu yalnız Azərbaycanın Rusiya ilə son vaxtlar bir qədər yaxınlaşması ilə əlaqələndirməyi inandırıcı hesab etmirəm. Bu gün Avropa İttifaqı Ukrayna məsələsində iqtisadi sanksiyalardan başqa heç bir ciddi təsiredici mexanizmi olmadığını özü də dərk edir və sətiraltı Ukraynaya başa salır ki, Rusiya ilə münasibətləri oldu-bitdi deyib, özünüz qaydaya qoyun. Hətta Krımı belə xatırlamağı sevmədiklərini açıqca büruzə verirlər. Yəni Azərbaycanın da Rusiya ilə normal münasibətlərinin olması onların hazırkı situasiyada işinə yarayır. Hər halda Cənubi Qafqazda üstünlük faktoruna görə qətnamə, bəyanat, müzakirələr məhz bu ərəfədə bir-birini əvəzləyir.
Birdən-birə Avropa Parlamentində Türkiyəyə qarşı saxta “erməni soyqırımı”nı tanımağı tələb edən qətnamənin bütün təşəbbüskarları eyni ahənglə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hazır sənədləri müzakirəyə təqdim edərək qərar qəbul etməyə çalışırlar. Bizdə də bəzi müxalif çevrələr elə düşünürlər ki, onların qara qaşına-gözünə aşiq olub bu məsələni gündəmə gətirirlər. Mən artıq Avropadan gələn guya yoluxucu xəstəliklərə qarşı nəzərdə tutulan hər hansı siyasi peyvəndin vücudumuzda istifadə olunmasının gələcək fəsadları barədə düşünməyi vacib hesab edirəm.
– Bu ərəfədə keçmiş səfir Arif Məmmədovun Milli Şura üzvlərinə “inanın” çağırışı etməsi də təəccüb doğurdu. Diplomatı Milli Şura ilə bağlayan səbəblər barədə heç düşünmüsünüzmü?
– Adətən, yetkin düşüncə sahibləri ifadələri daha doğru seçərək insanlara xitabən bu çağırışı edərlər: Tək olan Allaha inanın, filan-filan bəndəyə güvənin! çünki hansısa bəndəyə, təşkilata inanmağın həm də məyus olma riski var, tək Allaha inamın belə bir riski yoxdur. İnanmada stabillik var, güvənmədə epizodiklik. Bir proses üçün kiməsə güvənərsən, həmin proses tamamlanar, yenidən təftiş edərək güvəni təkrar edər və ya dayandırarsan. Türkiyədə buna “güvən tazələmək” deyərlər. Adama sual verərlər ki, Milli Şura üzvləri içində dürüst adamlar da ola bilər, nadürüstlər də ola bilər, hamısına bir yerdəmi inanaq? Siyasətdə belə çağırışlardan öncə, ləyaqətli ömür yolunu təminat olaraq qoymalısan. Məhəmməd Peyğəmbər (s.a.s.) ona görə müsəlmanlığı qəbul etməyə çağırış edirdi ki, peyğəmbərlik verilənə qədər Məkkədə hamı ona Məhəmmədül-Əmin deyirdi. Yəni şəxsiyyətindən, dürüstlüyündən hamının əmin olduğu adam. Xalq Cəbhəsi yarananda da Əbülfəz bəyin çağırış niyə başqalarından daha çox eşidildi, çünki arxasında təminat olaraq əksəriyyətin dəyər verdiyi ömür yolu vardı. Ona görə də çığırmaqla, çağırış etmənin fərqini bir də gözdən keçirməyə ehtiyac var.
– Avropa Oyunlarından sonra nə olacaq sualı günlərdir ki, aktuallığını qoruyub saxlamaqdadır. Qarabağla bağlı nə olacaq, ölkə daxilində nə baş verəcək, siyasi məhbusların taleyi necə olacaq, Qərb-Azərbaycan münasibətlərində nələr müşahidə olunacaq – suallarına cavabınız varmı?
– Avropa Oyunlarından sonra, açığı, mən vətəndaşların vəziyyətini yüngülləşdirəcək geniş islahatlara, cəmiyyəti rahatladacaq kadr dəyişikliklərinə, beynəlxalq təşkilatların bəhanə olaraq istifadə etdiyi şəxslərin azadlığa buraxılmasına yönəlik siyasət izlənəcəyinə ümid edirəm. Bunların olmasının ölkəmiz üçün ancaq faydasını görürəm. Mən Avropadan gələn təzyiqlər qarşısında geri çəkilərək bunu etməyi doğru saymıram. Hüquqi prinsipləri əsas götürərək hansısa yanlışlar varsa, onun düzəldilməsini məqsədəuyğun sayıram. Hər dəfə vurğulayıram, Qarabağ müharibəsi veteranı Tofiq Yaqublu kimi insanların bu qədər həbsdə saxlanmasının hələ də izahını tapa bilmirəm. Qərblə münasibətlərimizin də yaxşılaşmasına çalışmaq lazım. Dost olmasaq da, heç olmazsa düşmən olmamaq üçün çalışmalıyıq.
Elşad PAŞASOY
“Yeni Müsavat”



Yuxarı Əvvələ Ana Səhifə