XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 08:54

Rəbiqə Nazimqızı: “Azadlığımı qurban verəcəyim adam yoxdur”

“Mən şerə vəhy kimi baxmıram”

Rəbiqə xanım çağdaş poeziyamızda intellektual-virtuoz müşahidə-təsvir gözlənilməzliyi, səmimi-ərköyün dönərgələri ilə seçilən şairlərdəndir. Lakin o həm şəxsi həyatında, həm də yaradıcılığında bütün bunları bilərəkdən etmir. Onunla bugünki söhbətimizi də məhz bu iç-içəlik səviyyəsndə qurmağa çalışdıq. Nə dərəcədə alındı – bunu Strateq.az-ın oxucuları deyəcək…

Şer, hekayə, esse, tərcümə, xəbər, yazı, müsahibə, redaktə… Niyə ədəbiyyatla jurnalistikanın arasında çırpına-çırpına qalmısan? Nədir bu – natamamlıq kompleksi?

– Cavab versiyaları çoxdur. Amma bu barədə düşünməməyə üstünlük verirəm. Cavab verməyə məcburamsa, qısaca belə deyim: jurnalistika – azar(t)dır, ədəbiyyat – dərman, tərcümə – qazanc, redaktə – hobbi. Əslində, bəzən bu missiyalar özləri də qarışır. Azar dərman olur, dərman azar, ya hər ikisi qazanc və ya hobbi. Bəzən də qazanc azara, dərmana gedir. Növbələşdirməyə çalışıram. Biri yoranda keçirəm o birinə. Şer yazanda əsas şerdi, müsahibə işləyəndə müsahibə və s. Kim hansını qəbul edir, etsin, mənə fərqi yoxdur. Nə iş görsəm, sevə-sevə görürəm. ümumiyyətlə, Allah xasiyyətimi kəsməsin, sevgisiz heç nə alınmır məndə…

– Təxəyyülün xeyli zəngindir: futbol məşqçisi Mourinyodan aktyor-rejissor Yılmaz Ərdoğana qədər. Nə məcburdu uzaqdakı ulduzlara vurulub məktub yazmaq?

– Vurulmaq vacibdir. Yazmağa bəhanə olur. ümumiyyətlə, epistolyar janrı sevirəm. Fikrini obyektə “istiqamətləndirib” yazırsan. Heç maraqlı da deyilsən ki, onlar səni oxuyalar. İşləri-gücləri qurtarıb. Nə borc hissi yaranır, nə narahatlıq, nə də əhvalıma təsir edə bilirlər. Burada hər şeyi mən tənzimləyirəm – mövzunu, formanı, “söhbətin” istiqamətini. Yəni situasiyanın ağası mənəm. Ekspromt gedişlər də olur mətnin yazılma prosesində. Amma bu, yalnız mənim sevgimdir, mənim seçimimdir, harada “oborot” götürəcəm, harada küsəcəm, harada geri qayıdacam. Oyundur da. Ziyansız oyun. Oyunları sevirəm axı. Amma qaydaları gözləyən adamlarla. İnandığım adamlarla. çox yaxın ətrafla. Kənar adamların bu dünyaya daxil olması qadağandır. çevrəni genişləndirməyi sevmirəm. üstəlik, kimsə ora inadla daxil olmaq istəyirsə, əsəbiləşirəm. Hər şey təbii, qarşılıqlı şəkildə baş verməlidir. Ən yaxşısı, özünlə oynamaqdır. Qadında mütləq dramatizmə meyl olur. Məsələn, sosial şəbəkələrdəki statuslarımda özümə ironiya var, bu, oyundur. Yəni həm ciddisən, həm qeyri-ciddi. özünü həm tənqid edirsən, həm də sevirsən. Qaydaları özün qoyursan, istisnaları özün müəyyən edirsən. Ləzzətlidir, hə?

– Ayrı vaxt qadın azadlığının əleyhinə çıxış edirsən. Bu nə ziddiyyət?

– Bilirsən axı, bir az cığalam. Azadlığı həm sevirəm, həm də ondan zəhləm gedir, azad olmaqdan yoruluram. Həmişə azadlığını könüllü (!) qurban vermək üçün adamlar olmalıdır. Etiraz etməkdən ötrü ürəyim gedir. Amma əks-arqumentlərlə inandırılmağı ikiqat artıq sevirəm.

– Niyə camaatı çətinə salırsan ki? Arqumentlərsiz inan. Sən ki bu qədər inanmaq istəyirsən…

– Yox, bu, maraqlı olmaz. Amma arqumentlər güclü oldumu, inandımmı, vəssalam, məndən üzüyola adam yoxdur. Bir sirrimi də açım, hərçənd sən bilirsən. Kimsə mənə inanmayanda az qalıram dəli olam. Bu, artıq oyun deyil. Bəlkə də, izafi tələbkarlıqdan irəli gəlir. Məsələn, mənə “sən bacarmazsan”dan daha çox stimul verən ifadə var: “Sən hamıdan yaxşı bacararsan, amma…” Vəssalam. Bir də vaxt məni mütləq dalana dirəməlidir. Ekstremal hallarda iş qabiliyyətim birə-beş artır. Amma rəqibim olmaya. ümumiyyətlə, mən komanda oyununu sevirəm. Hərənin öz vəzifəsi dəqiq bəlli olsun və hər kəs eyni bir məqsədə işləsin. Sirr olmasın. Yalan sözdür ki, sirli obraz həmişə maraqlıdır. ömrüm boyu sirli adamlar məni cəlb etməyib. Onlardan qorxuram. Cavab tapa bilmədiyim suallar yorur. Əlbəttə, gərginliyi sevirəm. Amma bircə şərtlə: gərginlik situasiyada olsun, insanlararası münasibətlərdə yox. Quyu qazmaq mənlik deyil. Ora düşmək də. Həmişə kənardan keçirəm. çalışıram ki, maraqlar toqquşmasın. Toqquşdumu, orada yoxam. Ədəbiyyatda da, jurnalistikada da, şəxsi həyatda da…

– Yaradıcılıq istedaddır?

– İlk növbədə yaradıcılıq yaradıcı ağıl, yaradıcı məntiq işidir. Mən şerə vəhy kimi baxmıram. Belə olsa, bütün şairləri peyğəmbər elan edərdi Allah. Onun nəfəsindən hamımızda var. Yəni ən axmaq adam da əlinə qələm götürüb, beş qrankalıq mətn yazsa, orada poeziya üçün üç-beş maraqlı detal tapmaq olar. Amma bu adam o detalları necə qiymətləndirir, anlayırmı, tərcübəsi varmı, mətn duyumu necə işləyir, onları şer halına sala bilirmi? Ola bilsin, hansısa misra sənə “gəlsin”. Hərçənd, məncə, bu nə vaxtsa alt şüurda ilişib qalan detallardan doğur. Amma o misradan sonrakı yolu sən cızırsan, konstruksiya qurursan, bitkin mətn yaradırsan. Hər bir mətni niyə yazdığını, hansı siqnalları ötürmək istədiyini mütləq bilirsən. Bir də necə yazmağı, vəssalam. Niyə adətən bütün şairlərin ilk şerləri zəif olur? Vəhydirsə, elə birincidən yaxşı olsun da. çünki deyil. Təcrübə, bilik-bacarıq, şüur məsələsidir…

– Mübahisəli mövzuya toxunursan…

– Bilirəm, çoxunun xoşuna gəlməyəcək. Şair obrazını alt-üst edirəm. Amma mən heç bir şerimi hazır almamışam. Esseləri də, məktubları da… Yuxumda şer yazdığım yadıma gəlmir, amma yuxuda gördüyüm vizual fraqmenti şerə köçürdüyüm olub.

– Son kitabının adı “Epizodik sevgilər”dir. Yəni əslində, sevgisizlik?..

– çətin sualdır. Hərdən mənə elə gəlir ki, elə sevgi epizodik olur, daha doğrusu, ən yaxşısı elə epizodik sevgidir – sevdin, tez qələmi götür, şerdən-məktubdan yaz və mətn bitən kimi dərhal unut. İncitməsin, ağrımayasan. Amma adam inanmaq istəyir ki, sevgi var, bəlkə də, bütün aldanışlar buradan doğur. Yəni biz öz arzularımıza aldanırıq. Məsələn, meşin gödəkçəli bir qəhrəman uydurursan və bütün arzularını ona proyeksiya edirsən, bəlkə də, onu real həyatdan götürürsən, amma bu həm də sənin təxəyyülünün məhsuludur axı. Həm var, həm yoxdur. Həm sevgidir, həm sevgi deyil. Bircə onu bilirəm ki, ən qayğısız Don Juanın da sevgiyə ehtiyacı var, Buz Kraliçasının da…

– Bəs qarşılıqsız sevgi?

– Qarşılıqsız sevgi olmur. Elektriklənmə eyni anda baş verir, sonradan nəsə kimisə qane etmir və ya bir tərəf o birindən daha çox aludə olur. Nəyi pisdir ki? Məsələn, daim isterika çıxaran, hər dəqiqə zəng vurub nə etdiyini soruşan, hər səhər “sabahın xeyir, əzizim” mesajıyla səni zəngli saat kimi yuxudan oyadan manyak sevgilidənsə, sevgisizlik yaxşıdır. Açığı, mənim təcrübəmdə belə manyak olmayıb. Düşünürəm ki, dözməzdim. Nə bilim, bəlkə də, xoşuma gələrdi. “Gəlmişəm otağına oyadam səni” – qəşəng səslənir… Amma yox. Səbrim çatmaz. Etiraf edim, maraqlı gəldi, bunu
xoşuna gələn adam etsə, reaksiyam necə olar? Əsəbiləşərəm, ya yox? Bilmirəm. Yoxlamaq imkanım yoxdur.

– Eksperimentlərə meyllisən…

– Hə. Müxtəlif situasiyalarda özümü sınamağı sevirəm. Xüsusən sınaqlardan yaxşı çıxıramsa… Məsələn, mən daim bir neçə ay kirayədə yaşamaq istəmişəm ki, özümlə fəxr edə bilim. Valideynlərim bunu çətin başa düşərlər deyə, xətirlərinə dəymək istəmirəm. Amma doğrudan maraqlıdır, ailə büdcəsini idarə edə bilərəmmi, nəyi necə edərəm. Potensialımın sərhədlərimi bilmək istəyirəm, onları irəli çəkməkdən qeyri-adi həzz alıram.

– Şöhrətpərəstsən!

– Yox, bu, kənar rəyə yox, daxilə hesablanmış məqamdır. Əksinə, şöhrət məni incidir. Kompleksim var. Şəhərdə kimsə məni tanıyanda narahatlıq keçirirəm, hər addımımın müzakirə olunma perspektivi, kiminsə yaxınlaşıb “siz filankəssiniz” deməsi… Allah üzümə baxıb ki, saytlarda şeir-yazı oxuyan qeyri-ədəbiyyat adamları azdır. Televiziyalardan da qaçıram. Zəhləm gedir qohumlardan-qonşulardan kimsə evə zəng edib “səni filan kanalda gördük” deyəndə.

– Eqoizm. Ya da qorxu…

– Ola bilər. Amma bundan ki heç kəs əziyyət çəkmir. Tez-tez olur, dostlarımı, rəfiqələrimi bir-birlərinə qısqanıram. özüm də bilmirəm niyə. Ərköyünlükdür, şıltaqlıqdır, nədi? ümumiyyətlə, hər şeylə maraqlanmadığımı bilirsən. Amma dostlarımın işlərinin içində olmağı sevirəm. Problemlərinin, sevinclərinin… Mənimlə nəyisə bölüşməyəndə küsürəm.

– “Facebook”da da, ədəbi mühitdə də səni şıltaq adlandıranlar olur. Amma hərdən adam şübhələnir ki, bu, obrazdır.

– Sirrimi açma. Bilmirəm, bu, obrazdır, ya yox, amma hərdən özümü də bezdirir. ümumiyyətlə, həssaslığıma qəzəblənirəm. Allah üzümə baxıb ki, tez də keçib gedir. Heç nə barədə uzun-uzun düşünməyi sevmirəm. Yoruluram. Xüsusən düşünməyimin praktik əhəmiyyəti yoxdursa. Bax məsələn, mənə nə var, dünya necə yaranıb, nədən yaranıb? Bilirəm ki, onu idarə edən qüvvə var, vəssalam. Bunu özü bilir. Mən onun işinə qarışmaq istəmirəm, qarışa bilmərəm də. Bacarmayacağım şeylərə baş qoşmuram. üzərindən xaç şəkirəm, vəssalam.

Söhbətləşdi: Fərzuq Seyidbəyli




Yuxarı Əvvələ Ana Səhifə