XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2016 - 17:40

Putinin şəxsi müşaviri Qərbə meydan oxudu:“Böhran başlasa, birinci o silahları məhv edəcəyik!" - MÜSAHİBƏ

karaqan

Oko-planet-su, 14.07.2016

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəxsi müşaviri Sergey Karaqanovun “Der Şpigel” dərgisinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Sergey Aleksandroviç, NATO Şərqi Avropa bölgəsində fəaliyyətini genişləndirməyi planlaşdırır…

– Mən artıq 8 il öncə müharibəyə yaxın durum haqda danışmışam.

– Gürcüstanda müharibənin başlandığı vaxtı nəzərdə tutursunuz?

– Qarşılıqlı mübarizə aparan böyük ölkələrimiz arasındakı inam artıq o zaman sıfıra yaxın idi. Rusiya yenidən silahlanmanı təzə-təzə işə salmışdı. O vaxtdan bəri inam planında durum ancaq pisləşib. Biz NATO-ya əvvəlcədən xəbərdarlıq etmişdik ki, Ukrayna sərhədlərinə yaxınlaşmaq lazım deyil. Xoşbəxtlikdən, Rusiya NATO-nun bu yöndə irəliləyişini dayandırmağı bacardı. Bununla da orta perspektivdə Avropada müharibə təhlükəsi hələlik azalıb. Lakin hazırda həyata keçirilən təbliğat müharibə vəziyyətini çox xatırladır.

– Ümidvaram ki, təbliğat mənasında o cümlədən Rusiyanınkını nəzərdə tutursunuz?

– Rusiya KİV-ləri bu mənada NATO-nunkularla müqayisədə təvazökar davranır. Və başlıcası, siz başa düşməlisiniz: xarici düşməndən müdafiə olunmaq hissi Rusiya üçün olduqca mühümdür. Biz hər şeyə hazır olmalıyıq. Bizim KİV bu səbəbdən bəzən bir qədər şişirdir. Bəs Qərb nə edir? Bizi qınayrsınız ki, təcavüzkarıq. Durum 70-ci illərin axırı, 80-ci illərin əvvəlindəkinə bənzəyir.

– Ortamənzilli sovet raketlərinin yerləşdirilməsi və amerikalıların bu hərəkətə reaksiyasını nəzərdə tutursunuz?

– Sovet İttifaqı o zaman artıq praktik olaraq içəridən dağılırdı, amma buna baxmayaraq, SS-20 raket komplekslərini yerləşdirməyi qət etdi. Beləliklə də tamamilə gərəksiz böhranı başlatdı. Hazırda Qərb eynən bu addımı atır. Siz Polşa, Litva və Latviya kimi ölkələri bununla sakitləşdirirsiniz ki, oralarda raket kompleksləri yerləşdirirsiniz. Lakin axı bu onlara qətiyyən kömək etməz, bu, fitnəkarlıqdır. Tammiqyaslı böhran başlanacağı halda, bu silahlar tərəfimizdən birinci növbədə məhv ediləcək. Rusiya daha heç vaxt öz ərazisində vuruşmayacaq!

– … Yəni indi Sizi düzgün başa düşdümsə, Rusiya hücum edəcək? İrəli gedəcək?

– Başa düşün – indi tamamilə başqa, yeni silah var. Durum 30-40 il əvvəlkindən xeyli pisdir.

– Prezident Putin öz xalqını inandırmağa çalışır ki, Avropa, az qala, Rusiyaya hücum planlaşdırır. Lakin bu ki cəfəngiyyatdır! Siz belə hesab etmirsiniz?

– Əlbəttə ki, bir qədər şişirdilib. Lakin amerikalılar indi açıq şəkildə deyirlər ki, Rusiyaya qarşı sanksilayalar Rusiyada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulub. Bu, açıq təcavüzdür və biz reaksiya verməliyik.

– Başçılıq etdiyiniz Prezident Şurası bu günlərdə prezidentə açıq məruzəni dərc etdi. Mən onunla ətraflı tanış olmuşam. Siz orada tez-tez Rusiya üçün yeganə mümkün yoldan – keçmiş qüdrətin qaytarılmasından danışırsınız. İdeya aydındır, lakin Sizin konkret təklifləriniz hansılardır?

– Birinci növbədə yaxşı iş görürük – dünya birliyinin bundan sonrakı sabitsizləşməyinə qarşı durmaq istəyirik. Və böyük dövlət statusu istəyirik, onu geri almaq arzusundayıq. Təəssüf ki, bundan sadəcə imtina edə bilmərik – 300 il genlərimizə öz izini buraxıb. Biz böyük Avrasiyanın, sülh və əməkdaşlığın hökm sürdüyü bur məkanın  mərkəzi olmaq istəyirik. Avropa qitəsi də bu Avrasiyaya məxsus olacaq.

– Avropalılar hazırda Rusiyaya etibar etmir, onun siyasətini qəribə hesab edərək anlamırlar. Sizin Moskva rəhbərliyinin hədəfləri bizə aydın deyil.

– Siz başa düşməlisniz – biz indi sizə düz 0 faiz etibar edirik. Bu, yaxın keçmişdəki sarsıntılardan sonra təbiidir. Bundan çıxış edin. Biz elə bir şey edirik ki, bunu taktiki xəbərdarlıq adlandırmaq olar. Məqsəd – siz dərk etməlisiniz ki, biz siz düşündüyünüzdən də ağıllı, güclü və qətiyyətliyk.

– Məsələn, biz güclüyük və həm də Suriyadakı hərbi əməliyyatlara bu yaxınlardakı yanaşmanız xoşagəlməz şəkildə təəccübləndirdi. Biz sanki orada birgə hərəkət etmirik, lakin hər halda müəyyən mənada əməkdaşlıq edirik. Ammma bu yaxınlarda hətta bizi məlumatlandırmadan qoşunlarınızın bir hissəsini çıxartdınız. Bu cür etibar işə yaramır…

– Bu, mənim rəhbərliyimin çox gözəl addımı idi. Biz bu əsasda hərəkət edirik ki, bu bölgədə çox güclüyük. Ola bilsin, ruslar iqtisadiyyatda, danışıqlar aparmaq sənətində  o qədər də güclü deyil, lakin biz əvəzində çox gözəl döyüşçülərik. Sizin Avropada zamanın sınağına tab gətirməyən siyasi sistem var. Siz yeni çağırışlara uyğunlaşa bilmirsiniz. Hədsiz dərəcədə dünyagirləşibsiniz. Sizin kansler necəsə bir dəfə dedi ki, bizim prezident gerçəklikdən qopub. Bax, budur, bu mənada siz son dərəcə gerçəkçisiniz.

– Hiss etmək çətin deyil ki, son zamanlar Rusiyada bizim uğursuzluqlarımıza fəal şəkildə sevinirsiniz. Xüsusən də qaçqınlarla problemlərimizə gəlincə. Niyə belədir?

– Bəli, həmkarlarımın əksəriyyəti tez-tez sizə və problemlərinizə rişxənd edirlər, lakin onlara həmişə deyirəm ki, təkəbbürlü olmaq lazım deyil. Di belədirsə, bəs nə istəyirsiniz: Avropa elitaları bizimlə qarşıdurma arayırdı və onu tapdılar. Buna görə də Avropaya kömək etməyəcəyik, lakin qaçqınlar məsələsində asanlıqla bacarardıq. Məsələn, sərhədləri birlikdə bağlaya bilərdik – bu mənada biz siz avropalılardan on dəfə effektli hərəkət edə bilirik. Amma əvəzində Türkiyə ilə əməkdaşlıq etməyə cəhd edirsiniz! Bu, sizin üçün rüsvayçılıqdır!

– Həmişə deyirsiniz ki, Avropa və orada baş verənlər sizi dilxor edib. Lakin axı Rusiya lap bu yaxınlaradək Avropaya girmək istəyirdi. Yoxsa siz Adenhauer və de Qollun dönəmindəki Avropanı istəyirdiniz və dəyişimlər sizi təəccübləndirib?

-Yox-a, məni güldürməyin – avropalıların əksəriyyəti indiki deyil, məhz həmin Avropanı istəyirlər. Yaxın onilliklərdə Avropa bizə nümunə olmayacaq.

– Məruzənizdə dəfələrlə xatırladılır ki, “dövlətin maraqlarına aşkar şəkildə toxunulursa, silah tətbiqi yəqin və düzgün tədbirdir”. Siz bu məqamda Ukraynanı başa düşürsünüz?

– Bəli, şübhəsiz. Bundan başqa, dövlətin yaxınlığında rəqibin ciddi qüvvəsinin toplandığı hal.

Yəni ona işarə edirsiniz ki, NATO qoşunlarının Baltika ölkələrində toplanması məhz həmin haldır?

– Qarşıdurmaya başlamağa hazır olduğumuz haqda ideya idiotizmdir. NATO ora nə üçün qoşun yığır, deyin, nə üçün? Heç olmasa, təsəvvür edirsiniz ki, həqiqətən də açıq qarşıdurma baş versə, bu qoşunların başına nələr gələcək? Bu, Baltika ölkələrinə simvolik köməyinizdir, artıq bir şey deyil. NATO bizim kimi nüvə cəbbəxanası olan ölkəyə qarşı təcavüzə başlasa, cəzalanacaqsınız.  

– Rusiya-NATO dialoqunu canlandırmaq planları var. Başa düşdüyüm kimi, Siz bu cür ideyaları ciddi qəbul etmirsiniz?

-Bu cür görüşlər daha çox qeyri-legitimdir. Bundan başqa, vaxt keçdikcə NATO nəsə tamam başqa bir quruma çevrilib. Siz özünüzü müdafiə etmək məqsədilə demokratik dövlətlərin ittifaqı kimi başladınız. Lakin bütün bunlar tədricən daim genişlənmək ideyasına döndü. Bizə dialoq lazım olan vaxtlarda – 2008 və 2014-cü illərdə bizə dialoq şansı vermədiniz.

-… Qoyun, sadalayım… Gürcüstan və Ukraynada böhranları nəzərdə tutursunuz? Aydındır. Deyin, Sizin məruzənizdə daim “şərəf”, “rəşadət”, “cəsarət”, “ləyaqət” kimi terminlərə rast gəlinir… bu, siyasi leksikadır?

– Bu, rus adamları üçün həqiqətən də dəyəri olan anlayışlardır. Putinin, həmçinin mənim aləmimdə sadəcə, təsəvvürolunmazdır ki, qadının şərəfi ən heyvərə şəkildə tapdalana bilər.

– Siz Kölndəki uğursuz milad gecəsinə işarə vurursunuz?

– Rusiyada buna cəhd edən kişilər yerindəcə öldürülərdi. Səhv bundan ibarətdir ki, həm almanlar, həm də ruslar söhbətin nədən getdiyinin məğzini anlamadan hansısa universal dəyərlərin axtarışına xeyli illər sərf etdilər. Biz də sovet vaxtı sosializm axrtarırdıq. Sizin demokratiya axtarışlarınız bizim həmin sosializm axtarışlarımıza çox bənzəyir.

– Rusiya xarici siyasətinin son dövrdəki səhvlərini nədə görürsünüz?

– Ən yaxın keçmişdə ən yaxın qonşularımıza – postsovet ölkələrinə nisbətdə heç bir anlaqlı siyasətimizin olmamağında. Etdiyimiz yeganə şey bu idi ki, elitaları taclandırır və satın alırdıq. Pullar hər iki tərəfdən qismən oğurlanırdı. Və Ukraynadakı münaqişənin göstərdiyi kimi, kürəsəl böhrandan bu cür yayınmaq mümkün deyil. İkinci səhvimiz – siyasətimiz olduqca xeyli müddət 90-cı illərin səhvlərinin islahına yönəlmişdi.

– Son sual. Şans varmı ki, Rusiya ən yaxın vaxtda əməkdaşlığa yollar axtaracaq?

– Bizim haqsızlığımızda birbaşa və açıq etiraflar gözləməyiniz lazım gəlməyəcək – bizim necə haqlı olduğumuz üzrə. Rusiya hazırda qüdrətli Asiya-Avropa dövlətinə çevrilib. Şərqə doğru düzgün bu inkişaf yolunu göstərən adamlardan biri də mən olmuşam. Lakin indiki anda deyə bilərəm ki, bizim yenidən müəyyən qədər Avropaya sarı dönməyimizə dəyər. Bu, deyə biləcəyim yeganə sözdür.

 

Tərcümə Strateq.az-a məxsusdur.




Yuxarı Əvvələ Ana Səhifə