Türkiyədə növbəti parlament tam heyətlə təsdiq olundu. Dünənki məclis başqanı seçimlərindən sonra hakim Ədalət və İnkişaf Partiyasınnın (AKP) namizədi İsmət Yılmaz 256 səslə 25 – ci hökumətin məclis spikeri kimi tarixə düşdü. Ancaq Türkiyədə siyasi gərginlik hələ də qalmaqdadır. Təkrar seçki və ya koalisiya danışıqları müzakirəsi hələ də masa üzərində açıq qalır. Ancaq 7 iyun axşamından fərqli olaraq MHP başqanı Dövlət Baxçalı dünənki çıxışı siyasi gündəmi “MHP koalisiya qapısını araladı” kimi silkələdi.
Politoloq Fərhad Mehdiyev yeni məclis başqanını, yeni hökumətin fomatını, Türkiyəni istənilən idarəetmə formasında nələrin gözlədiyi ilə bağlı fikirlərini hafta.az-la bölüşüb. Strateq.az həmin müsahibəni təqdim edir.
– Necə oldu ki, xalq arasında daha çox nüfuza malik olan MHP-li İhsanoğlu və CHP namizədi Dəniz Baykal yox, hakim partiyadan İsmət Yılmaz başqanlığa seçildi? Bu seçimin pərdəarxası varmı?
– Türkiyə Böyük Millət Məclisi sədrinin İsmət Yılmazın seçilməsi formal xarakter daşıyır. AKP təmsilçisnin bu kürsüyə seçilməsi böyük ehtimalla hakim partiya ilə MHP arasında olan razılaşmaya əsasən keçirilib. Razılaşmaya görə, Məclis başqanlığı AKP-də olmalı idi. Bunun qarşılığı olaraq da MHP-yə hansısa nazirlik veriləcək. Artıq AKP – MHP koalisiyasının qurulması gözlənilir. Böyük ehtimalla Yılmazın namizədliyini MHP-li deputatlar da dəstəkləyib. Milliyətçilərin namizədi Ekmələddin İhsanoğlu səs faizi ilə seçilə bilmədi. İttifaq isə AKP ilə milliyətçilər arasında qurulmuş oldu.
– Yeni məclis spikeri Türkiyənin Azərbaycanla siyasətinə hər hansı bir təsir göstərmə səlahiyyətinə malikdirmi?
– İsmət Yılmazın məclis sədri seçilməyinin Azərbaycanla siyasətə heç bir təsiri olmayacaq. çünki o, xarici siyasəti müəyyənləşdirən şəxs deyil. Türkiyədə parlament sədri daha çox ölkənin daxili siyasəti üçün önəmli fiqurdur. Həm də mövcud vəziyyətə görə bir o qədər də səlahiyyətlərə malik deyil. Ən yaxşı halda parlamentdə islahatlar baxımından müəyyən işlər görmək imkanları var. Bir sözlə simvolik bir vəzifədir.
– Seçkilərin nəticələri açıqlanandan dərhal sonra MHP rəhbəri Dövlət Baxçalı bildirdi ki, süquqt dönəmini yaşayacaq AKP ilə koalisiyaya getməyəcək. Dünənki açıqlamalar isə Baxçalının əvvəlki fikrindən daşındığı qənaətini formalaşdırdı. Sizcə AKP – MHP ittifaqı nə dərəcədə realdır?
– Koalisiyalar tarixi onu göstərir ki, seçkilərdən əvvəl partiyalar bir – birini qırsalar da sonradan ittifaq qura bilirlər. Əsas məsələ bunların sağ və ya sol cinahda yer almasıdır. AKP –CHP koalisiyası olduqca müşkül görünür. çünki, Ərdoğanın partiyası sağ mərkəzçi, cumhuriyyətçilər isə sol mərkəzçilərdir. Koalsiya ilk baxışdan normal görünə bilər, amma tavanlar çox fərqlidir. MHP ilə AKP-nin tavanı isə daha yaxındır.
– MHP –nin koalisiya getməsi ilə qazancı nə olacaq? Onlar yoxsa gələn seçkilərdə daha çox faiz səs yığmaq fikri ilə bu addımı atırlar?
– Növbəti seçkilər üçün dörd il gözləməyə ehtiyac qalmayacaq. İttifaq da olsa belə erkən seçkilər olacaq. MHP – də koalisiyaya gedib ağıllı strategiya yürütməlidir. MHP ağıllı oyun oynasa o zaman AKP-nin bəzi səslərini qazana bilər. Həm də milliyətçi hərəkatçılar nəsə etmək üçün koalisiyaya getməlidir. Əks təqdirdə parlamentdə qala – qala heç nə etmək olmayacaq. Bunun üçün də ağıllı oynamaq lazımdır. MHP-nin aldığı səs faizinə baxın, standart səs baryeridir. Koalisiyada MHP-nin itirəcəyi heç nə yoxdur. Ağıllı oyunla onlar hər dəfə başqalarına səs verən tərəfsiz gəzici elektoratın səslərini də ala bilər.
– Koalisiyalı hökumətdə Ərdoğanın nüfuzunu necə proqnozlaşdırırsınız? Reytinqin düşmə ehtimalı çoxmu böyükdür?
– Ərdoğan artıq təkadamlılıq siyasi xarizmasını davam etdirə bilməyəcək. Bu koalisiya ilə mümkün deyil. Məncə MHP koalisiya tərəfi kimi o qədər də mehriban bir partiya olmayacaq. çünki hər iki partiya məcburiyyətdən bir araya gəlib. İndi qarşıdan gələn seçkilərdə kimin qalib gələcəyi hesabları aparılır.