XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2016 - 18:32

Sankt-Peterburq Universitetinin dosenti:"Rusiyanın Ərdoğanı dəstəkləməsi lazımdır" - Müsahibə

sot

Rosbalt.ru, 16.07.2016

 

Sankt-Peterburq dövlət universitetinin dosenti, türkoloq Aleksandr Sotniçenko əmindir ki, Türkiyə prezidenti uğursuz hərbi çevriliş cəhdindən daxili siyasi rəqiblərindən can qurtarmaq üçün istifadə edəcək. Türkoloqun müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Necə hesab edirsiniz, Ərdoğanın rəqibləri niyə məhz indi radikal əməliyyata qərar verdilər?  

– İki səbəb ola bilər. Əgər bunun həqiqətn hərbi çevriliş olduğunu hesab ediriksə, onda çox güman ki, ölkənin xarici siyasətinin kəskin şəkildə dəyişməsiylə bağlıdr. Çünki Türkiyə suriyalı yaraqlılara dəstəkdən imtina edib və Rusiya ilə yenidən yaxınlaşır. Bu, Türkiyənin əvvəllər apardığı siyasətin davamına ümid bəsləyən qüvvələrə xoş gəlmir. Söhbət birinci növbədə Vaşinqtona bağlı güclərdən gedir.

Əgər bu, hansısa bir səhnələşdirmədirsə – ki, mən bunu da istisna etmirəm – onda bununla bağlıdır ki, Ərdoğanın yeni konstitusiyanın qəbulu və prezidentin roluna nisbətdə Türkiyə qanunvericiliyini dəyişmək üzrə referenduma hazırlaşmağı lazımdır. Türkiyə hazırda parlament respublikasıdır, Ərdoğan isə istəyir ki, prezident respublikasına çevrilsin. Və Ərdoğan ağ atın belində qalib kimi Ankaraya qayıdarkən, yalnız gözəl demokratiyanın xunta üzərində qələbəsi ona aşkar qələbəni təmin edə bilər. Referendum hələlik elan edilməyib, lakin düşünürəm ki, bu ən yaxın vaxtlarda baş verəcək.

– Lakin bu versiyalardan hər hansı biri düz çıxır-çıxsın, aydındır ki, Türkiyəni həm daxili, həm də xarici siyasətdə dəyişikliklər gözləyir...

– Daxili siyasətə gəlincə, Ərdoğan öz rəqiblərindən can qurtarmağa cəhd edir. Ona başlıca olaraq məşhur vaiz Fətula Gülənin “Hizmət” hərəkatının ardıcıllarını “əzmək” lazımdır. Ərdoğan onun ardıcıllarını artıq xeyli sıxışdırmağa nail olub. Lakin indi onların hərbi çevrilişə dəstəyini elan edərkən, düşünürəm ki, bu hərəkata hər hansı mənsubluq opponentləri bu və ya digər formada repressiyalara məruz qoyacaq. İndi Ərdoğanın istənilən siyasi rəqibini bunda ittiham edəcəklər ki, onlar hərbi çevriliş tərəfdarıdırlar.

Xarici siyasətə gəlincə, səmimi şəkildə ümid edirəm ki, Ərdoğan Rusiya ilə yaxınlaşma və qonşularla, əsasən, Suriya ilə münasibətlərin bərpası  xəttini davam etdirəcək.

– Çevrilişin səhnələşdirilmiş olmadığından çıxış etsək, uğursuzluğunun əsas səbəbi nə idi?

– Birincisi, onu təşkil edənlər bütün ordunu öz tərəflərinə çəkməyə nail olmadılar. İkincisi, istənilən çevriliş ancaq o halda uğurlu ola bilər ki, iştirakçılar siyasi elitanı –  birinci növbədə prezidenti və baş naziri dərhal həbs edirlər. Bunu etmədilər. Buna görə də qiyam başlayandan dərhal sonra Ərdoğan və baş nazir Binəli Yıldırım xalqa müraciət edib demokartiyanı dəstəkləməyə və küçələrə çıxmağa, yəni xuntanın komendant saatı haqda götərişini pozmağa  çağırdılar. Əlbəttə, ölkədə Ərdoğanın tərəfdarları çoxdur və çoxu küçələrə çıxdı. Xuntanın məğlubiyyətinin əsas səbəbi də bu oldu.

– Çevrilişin boğulmasının ordu üçün nəticələri necə olacaq?

– Qiyama dəxli olmaqda və Ərdoğana sədaqətsizlikdə şübhəli bilinənlərin hamısını ordudan təmizləyəcəklər. Hazırda nadir bir hadisəni müşahidə edirik: Ərdoğan öz rəqiblərini məhv etmək üçün kart-blanşa yiyələnib. Çünki hamısını çevrilişə dəstəkdə ittiham etmək olar.

– Bu təmizləmələr türk ordusunu çox zəiflədəcək?

– Kifayət qədər güclü şəkildə zəiflədəcək, lakin digər tərəfdən Ərdoğan hakimiyyətdə olduğu müddətdə başdan etməyə hazırlaşdığı adamları əvəzləmək üçün yetərincə kadrlar hazırlayıb.

– KİV-də məlumat yayılıb ki, Ərdoğan ölkəni tərk etməyə cəhd edib və hətta Almaniyadan sığınacaq istəyib. Sizcə, bu, həqiqətdir?

– Əminəm ki, bu, yalandır. Ola bilsin, hətta bunu çevrilişi hazırlayanlar yayıb.

– Çevrilişin Ərdoğanın qurması olmadığından çıxış etsək, ölkədə hakimiyyət dəyişikliyinə yeni cəhdlər nə dərəcədə ağlabatandır?

– Düşünürəm ki, ən yaxın dövrlərdə belə addımlar olmayacaq. Bu cür parlaq qələbə prezidenti devirməyə ümid edənlərin həvəsini uzun müddətə səngidəcək. Lakin Türkiyədə ciddi siyasi böhranlar baş versə, ordu 1980, 1997-ci illərdəki tək yenidən durumu öz nəzarətinə götürməyə cəhd edəcək.

– Çevriliş təşkilatçıları bildirirdilər ki, Ərdoğann yürütdüyü islamlaşdırma siyasətinə qarşı çıxış edirlər. Sizcə, Türkiyə prezidenti bu kursu saxlayacaq?

– Düşünürəm ki, islamlaşma siyasəti davam edəcək. Bu onsuz da yetərincə sürətli templə gedirdi.

-Yəni Türkiyə getdikcə dünyəvi dövlət modelindən uzaqlaşacaq?

-Şübhəsiz, İslamın rolu yüksələcək. Lakin İslam dövlətində qanunvericilik şəriət prinsipləri üzərində qurulur. Və Türkiyədə şəriətin tətbiqi məsələsi qoyulsa, onda çox-çox sonralar baş verəcək. Ölkədə keçirilən sosioloji sorğular göstərir ki, əhalinin böyük əksəriyyəti müsəlman olsa da, ölkədə İslam qanunvericiliyinin tətbiqini istəmir.

– Onda Türkiyənin islamlaşması nədə ifadə olunacaq?

– Təhsildə və ictimai həyatda İslamın rolu artırılacaq, daha çox məscid tikiləcək, müsəlman bayramları daha çox qeyd olunacaq, məmurlara qarşı tələbkarlıq yüksələcək. Məsələn, Atatürkün dövründə gündə beş dəfə ibadət edən adam heç bir dövlət vəzifəsi tuta bilməzdi. Bu, qanunvericilikdə yazılmamışdı, lakin bu qaydaya sərt şəkildə əməl edilirdi. Çox güman ki, indi əksinə olacaq: dövlət vəzifəsi tutmağa can atan adam praktikada müsəlman olmalıdır. Bu gün hər şey buna doğru gedir.

– Bu yaxınlardakı barışıq nəzərə alınmaqla Rusiyanın hazırda Türkiyə istiqamətində siyasəti necə qurması lazımdır?

– Rusiyanın Ərdoğanı dəstəkləməsi lazımdır. Ümidvaram ki, bu, dövlətlərimiz arasındakı münasibətləri möhkəmləndirəcək.

 

Söhbətləşdi: Tatyana Xrulyova

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə