XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 İyul 2015 - 06:39

Fransanın sabiq prezidenti Sarkozi: “Şiələrlə sünnilər arasında seçim etməyimizə dəyməz”

Nikolya Sarkozi iyunun 30-da “Respublikaçılar” partiyasının qərargahında jurnalistləri qəbul etdi. Keçmiş prezident Yunanıstan böhranı, onun dövründə qəbul edilmiş Liviyaya müdaxilə qərarının nəticələri və Suriyadakı müharibə haqda fikirlərini bölüşdü.

Le Monde: – Bu gün Yunanıstan böhranının hansısa bir həlli varmı?

Nikolya Sarkozi: – Yunanıstanın avrozonada qalması üçün Merkellə biz çox iş gördük. Əvvəlki kimi, əminəm ki, bizim avro ilə görünməmiş təşəbbüsümüz istənilən üzv ölkəni kənarlaşdırmaq bütün ağırlığını heç kimin dəyərləndirə bilməyəcəyi nəticələr doğura bilər. Axıradək inanmaq istəyirəm ki, sağlam düşüncə üstün gələcək.

– Biz sistemli böhranla üz-üzə qalmışıq?

-Bəli. Məgər kimsə başqa cür deyə bilər? Bu gün məsələ daha çox Yunanıstanı müdafiə etməkdə deyil, avrozonanı yunan fəlakətindən qorumaqdadır. Son həftələr ərzində iqtisadiyyat və maliyyədə bölgülər yox, siyasi durum dəyişilib. Aleksis Sipras iqtidara gələnədək avropalı tərəfdaşlarla azdan-çoxdan effektli şəkildə əməkdaşlıq edən yunan hökumətləri var idi. İndi isə yeni hökumət özünü ağıllı aparmaqdan qəti şəkildə imtina edir. Paradiqmanın dəyişməsi buna gətirib çıxartdı ki, yunan hökuməti Yunanıstanın avrozonada üzvlüyünü özü dayandırdı. Məsuliyyət tam şəkildə Siprasın üzərinə düşür. Maliyyə nazirlərinin toplantısını tərk edən kim idi? Yunan nazir. Edilmiş bütün təklifləri kim rədd etdi? Qarşımızdakı məsuliyyətsiz siyasətin ilk nəticəsidir.

Fransa iqtisadiyyatını nəsə təhdid edirmi?

-Onsuz da artıq iqtisadiyyat və vergi siyasəti ilə laxlamış, Avropanın hər yerində qəbul edilənin hamısına qarşı gedən Fransa iqtisadiyyatı üçün risklərin yoxluğuna məgər kimsə inana bilərmi? Avrozonada sabitsizliyin artması Fransa iqtisadiyyatına ümumən gərək deyil!

– Fransua Olland dedi ki…

– Ollandın ayrıca götürülmüş proqnozu avrozonadakı müşahidəçiləri sakitləşdirə bilməz. Hələlik durum sabitdir, çünki yunan bankları bağlıdır, kapitalın hərəkəti dayandırılıb, Avropa Mərkəzi Bankı (AMB) isə yunan banklarını dəstəkləməyi qət edib. Lakin bütün bunlar olduqca səbatsızdır. Məgər yunanlar referendumda “yox” desələr, AMB bu siyasəti davam etdirəcək?

Xeyli dərəcədə Yunanıstana da dəxli olan mühacirət məsələsi ilə bağlı nə deyə bilərsiniz?

– Siyasi mövqelərdən yox, gerçəkliklərdən kənar durub mühacirət barədə imkan daxilində sakit və obyektiv danışmaq istərdim. Mühacirət Avropa üçün ən mürəkkəb və kəskin problemlərdən biridir. Afrika əhalisi 30 ildən sonra 1 – 2, 3 milyard nəfər artacaq. Bu demoqrafik partlayış ən güclü mühacir basqısı deməkdir. Yunan-türk sərhədində mühacirətlə bağlı vəziyyət də əndişə doğurur. Burada yenə də Yunanıstana xüsusi rol düşür. Gördüyünüz kimi, Ollandın yunan böhranının Avropaya təsir etməyəcəyi fikri ilə razı deyiləm.

Qeyri-leqal mühacirətə qarşı güc tətbiq etmək lazımdırmı?

-Əsil qul alverçisinə çevrilmiş qaçaqmalçılar şəbəkəsinə qarşı güc tətbiq etmək lazımdır. Onların gəmilərini məhv etmək, sərt şəkildə cəzalandırmaq lazımdır. Avropa agentliyi Frontex bunun üçün zəruri əməliyyat və o cümlədən hərbi imkanlar əldə etməlidir.

– 2011-ci ildə Fransanın Liviyaya müdaxiləsi böhranı kəskinləşdirdi?

-Mühacirət Muammər Qəddafinin devrilməsindən sonra başlanmayıb. Mən bu müdaxiləyə görə təəssüflənirəmmi? Cavabım: xeyir. Məgər bununla barışmaq olardı ki, ölkənin başında Qəddafi – bölgənin bütün tarixi ərzindəki ən qəddar diktatorlardan biri dururdu?

– Lakin axı Yelisey sarayının bağlarında onun varlığı ilə necəsə barışmışdılar…

-Siz ilişməyə bilərdiniz? Sizə çox gözəl məlumdur ki, bu səfər fələstinli həkimin və Qəddafinin həbsxanasında səkkiz il zorakılığa, döyülməyə və işgəncəyə məruz qalmış bolqar tibb bacılarının azad edilməsinin şərti idi. Məgər onların azadlığı üçün hər şeyi etdiyimə görə məni qınamaq olarmı? Biz Devid Kemeronla 54 ölkənin, o cümlədən ərəb ölkələri liqasının koalisiyasını təşkil etdik. Sonra isə şərait yaratdıq ki, Liviyanın mötədil syasətçiləri hakimiyyətə gələ bilsin. 2012-ci ilin iyulunda məhz bu, baş verdi: Liviyadakı ilk azad seçkilərdə qələbə mötədillərə qismət oldu. Mən 2012-ci ildə vəzifəni tərk edərkən Liviya azad idi, hakimiyyətdə isə mötədillər əyləşmişdi. Lakin sonra beynəlxalq ictimaiyyət və Fransa anlaşılmaz səbəblərdən ölkədəki duruma marağı itirdi və orada hərc-mərclik hökm sürdü.

– Bu müdaxiləyə görə amerikalılar sizi qınadılar?

– Bu haradan çıxdı? Həm də amerikalı dostlarımız ərəb siyasəti sahəsində kiminsə başına ağıl qoyacaq halda deyillər. Mən ABŞ-a qarşı dostluq münasibətini həmişə vurğulamışam, lakin onların hər hansı göstərişinə əməl etməyi hökmən rədd etmişəm.

– Suriyadakı durumu necə dəyişmək olar?

-Bəşər Əsəd 2013-cü ildə kimyəvi silahı işə salandan sonra işlərin gediş olduqca kəskin şəkildə dəyişildi. Qırmızı xətt keçildi, lakin heç kim heç bir tədbir görmədi. O anda müdaxilə istəksizliyi diktator Bəşər Əsəd hakimiyyətinin saxlanmasına, ölkənin yarısının İŞİD barbarları tərəfindən işğalına və praktik olaraq Suriya müxalifətinin yox olmasına gətirib çıxartdı. Hazırda beynəlxalq koalisiya var, lakin onun strategiyası hansıdır? Kim rəhbərlik edir? O, nəyə can atır? Qarşımızda aşkar şəkildə liderlik böhranı var. İŞİD-ə müharibə elan ediriksə, qələbəyə cəhd etmək lazmdır. İndi isə etiraf etmək lazımdır ki, bunun üçün lazımi vəsait ayırmamışıq.

– Bəşər Əsədlə dialoq aparmağına dəyərmi?

-Bəşər Əsədlə yalnız bir məsələni müzakirə etməyinə dəyər: onun getmə şərtlərini. Bundan başqa, İraqda buraxılmış səhvin Suriyada təkrar olunmasını istəməzdim. Beynəlxalq cəmiyyət İraqda Səddam Hüseynin keçmiş tərəfdarları ilə işləməkdən imtina etdi. BƏƏS rəhbərliyinin bəzi təmsilçiləri ilə təmaslar qurmaq və onların hökumət strukturlarına daxil olmasına imkan vermək lazım gələcək.

-Quru qoşunları göndərmək lazımdırmı?

-Əgər İŞİD-lə döyüşmək haqda tamamilə düzgün qərar qəbul etmişiksə, bütün vasitələri işə salmaq və barışmaz mübarizə aparmaq lazımdır. Aviazərbələrin effektivliyini artırmaq üçün yerdə mütəxəssislər lazımdırsa, onları işə qoşmamaq səhv olardı.

-Səudiyyə Ərəbistanı, Qətər, ABŞ… Yaxşı koalisiyadır, ya onun ümumi mənzərəsini dəyşməyinə dəyər?

-Bu müharibədə bizə ərəb müttəfiqlər lazımdır ki, Qərbin Şərqdən qisas aldığı təsəvvürü yaranmasın. Eyni zamanda şiərlə sünnilər arasında seçim etməyimizə dəyməz. Fransanın mövqeyi ancaq bir düşərgə ilə deyil, hamı ilə dialoqdan ibarət olmalıdır.

– Rusiyaya görə mövqe necə olmalıdır?

-Vladimir Putinin Ukraynadakı davranışı ilə razılaşmamaq mümkündür, lakin Rusiyanın İŞİD-lə mübarizədə və Suriya böhranının nizamlanmasında bizə gərək olduğu vaxtda yeni soyuq müharibə üçün şərait yaratmaq lazım deyil. Bu, sadəcə, mənasızdır. Əvvəlkitək, mənə aydın deyil ki, Putinlə dialoqa başlamaq üçün düz bir il gözləmək nəyə lazım idi? Biz Medvedyev və Putinlə birlikdə Gürcüstandakı münaqişəni dörd günə nizamlaya bildik. Putinlə hər hansı fikir ayrılığımız olsa da, onunla danışıqlar aparmaq olar və lazımdır.

– Hədəfi olduğunuz MTA-nın (ABŞ Milli Təhlükəsizlik Agentliyi-red.) casusluğu haqda nə deyə bilərdiniz?

-Bu, yolverilməzdir. Dinləmə xüsusunda məndə şübhələr var idi, lakin hətta təsəvvür edə bilməzdim ki, siyasətçiləri də gizlincə dinləyirlər. Keçmişə nəzər salarkən fikrə gedirsən ki, ümumiyyətlə, məni kimlər dinləməyib…

– Barak Obama buna necə reaksiya verdi?

– O, necəsə reaksiya verdi?

“Le Monde” (Fransa), 05.07.2015




Yuxarı Əvvələ Ana Səhifə