XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 09:01

Əli Kərimli: “Müxalifətin mitinqlərinə geniş kütlə qoşulmur…”
eli-kerimli-yeni.jpg
AXCP sədri Əli Kərimli “Amerikanın səsi” radiosunda “Sərbəst kürsü” canlı forumunun qonağı olub. Forumun mövzusu Milli Şuranın martın 15-nə təyin etdiyi mitinq seçilib. AXCP sədri mitinqi zəruri edən səbəblər, ondan gözlənilən nəticələr və bu kimi başqa məqamlarla bağlı suallara cavab verib. Söhbəti təqdim edirik:

Moderator Emil Quliyev:
– Ilk növbədə ondan başlayaq ki, aksiyaya hazırlıqlar necə gedir?

– Milli Şuranın 15 mart mitinqi ilk növbədə sosial tələblərə həsr olunub. Biz əhalinin manatın bir gecədə 34 faiz ucuzlaşmasına və bununla da insanların bir günün içində xeyli kasıblamasına etirazlarını ifadə etmək istəyirik. Hesab edirik ki, əvvəla, manatın ucuzlaşması və onun ardınca gələn bahalaşma uzun illərdir ki, davam edən səhv siyasətin nəticəsidir. Ikincisi, böhran başlayandan hökumət onu mümkün olan ən pis formada idarə edir. Bütün ziyanları xalqın hesabına kompensasiya edir. Bütün bunlara, əlbəttə ki, xeyli sayda insan etiraz etmək istəyir. Mitinqə hazırlıq üçün xeyli işlər görmüşük. Ilk növbədə ölkədə mövcud olan azsaylı mətbuat orqanlarının imkanlarından istifadə edib, mitinqin məqsədləri haqda xalqı məlumatlandırmışıq. Daha çox iş sosial şəbəkələr üzərindən görülüb. Artıq 100 min nəfərə qədər “facebook” istifadəçisinə mitinqə dəvət göndərilib. üzbəüz təbliğata da diqqət yetirmişik. Bu işi daha çox AXCP-nin rayon təşkilatları aparır. Mitinqə çağırış vərəqələri də hazırlanıb, bugünlərdə paylanılacaq.

Bakıdan Fərid adlı oxucu:
– Iki sualım var. Birincisi, deyirlər ki, ölkədə sağlam müxalifət yoxdur, xalq müxalifətə və onun liderlərinə inanmır. Bu deyilən fikirlərə münasibətiniz necədi? Ikincisi, hər dəfə beynəlxalq təşkilatlar bu hakimiyyəti ifşa edəndə YAP-çılar bunu “ermənilərin işi” adlandırır. Sizcə, niyə hakimiyyət hər şeyi ermənilərin üstünə atır?

– Sülalə hakimiyyətlərinin, avtoritar rejimlərin hökm sürdüyü ölkələrin hamısında müxalifət qeyri-sağlam elan olunur. Bu təkcə bizim hökumətə aid məsələ deyil. Adama deyərlər ki, sən seçkini keçir, qanunlara hörmət et, xalq özü inandığı müxalifəti tapacaq. Müxalifət yalnız bir siyasi qüvvədən ibarət deyil ki. Biri, beşi xəstə olanda, bir-ikisi də sağlam olar. özünüz başa düşürsünüz ki, bu söhbətlər ölkədəki qeyri-demokratik rejimin qəddar siyasətini ört-basdır etmək üçün düşünülüb.
Beynəlxalq tənqidlər çox əsaslı, tutarlı olurlar. Onlara cavab verə bilmirlər. Ona görə də belə primitiv üsulla həmin tənqidləri rədd edirlər. Ermənilərlə münasibətlərə gəlincə, hökumət gərək bu barədə danışmasın. Son günlər məlum oldu ki, şəhid ailələrinə çatacaq pulları ermənilərə xərcləməyə hazırlaşanlar kimlərdir. Əhalimizin hər fürsətdə cibinə girib, Ermənistana sərmayə qoymağa hazırlaşanların da bu hökumət olduğu məlum oldu. Indi heç olmasa, bu mövzunu bağlasınlar gərək.

Bakıdan Aqşin adlı oxucu:
– Sizcə, mitinqlə bahalaşmanın qarşısını almaq mümkün olacaqmı? Məgər manatın ucuzlaşması və bunun nəticəsində bahalığın yaranması qlobal iqtisadi proseslərlə bağlı deyil? ümumiyyətlə, hökumət hansı tədbirləri görə bilər?

– Əvvəla, heç bir qlobal böhran yoxdur. Bu, bizim hökumətimizin uydurmasıdır, xalqa təsəlli olsun ki, vəziyyət hamıda pisdir. Neftin qiymətinin düşməsi nəticəsində iqtisadiyyatı neftdən çox asılı olan ölkələrdə – Rusiya, Venesuela və Azərbaycanda vəziyyət pisləşib. Bu ölkələrin də hökumətləri məsuliyyət daşıyırlar ki, vaxtında – neftin qiyməti yüksək olanda qeyri-neft sektorunu inkişaf etdirməyiblər.
Başa düşürük ki, bir-iki mitinqlə manatın ucuzlaşmasından xalqa dəymiş ziyanı hökumətə ödətdirə bilməyəcəyik. Amma mitinqlər kifayət qədər kütləvi olsa, hökumət xalqdan bir az qorxsa, özünü yığışdırar və böhranın bütün ağırlığını xalqın çiyninə yükləməz. Ardıcıl mübarizə ilə maaşların, pensiyaların, təqaüdlərin, müavinətlərin artırılmasına nail olmaq olar. Bilirsiniz ki, indiki yüksək qiymətlərin əsas səbəbi idxaldakı monopoliya və rüşvətdir. Hökumət hiss etsə ki, xalq gerçəkdən də artıq dözə bilmir, oliqarxlara təpinər. Onları məcbur edər ki, ən azı, bir müddət monopoliyanı yumşaltsınlar, malları topdansatış bazalarından Bakıya gətirildiyi qiymətdən 2-4 dəfə yox, məsələn 50 faiz baha qiymətə paylasınlar. Bəzi xərcləri hökumət dövlət rezervi vasitəsilə də görə bilər. Əgər xalq ardıcıl meydanlara çıxsa, bu etirazların insanların gündəlik həyatına müsbət təsiri olacaq.

Elvin Dadaşov adlı “facebook” istifadəçisi:
– Demokratik ölkə olmağımız üçün ən vacib şərtlər nədir?

– Ilk növbədə demokratik seçkilər lazımdır. ölkədə seçki mexanizmi işləsə, hökumət də, parlament də, prezident də xalqla hesablaşacaq. Onda digər hüquqlara da hörmət olunacaq. çünki hökumət digər hüquqlara hörmət etməsə, xalqın həmin hökuməti demokratik yolla dəyişmək imkanı olacaq. Əlbəttə, demokratiya demokratik seçkilərdən çox-çox geniş anlayışdır. Amma bütövlükdə demokratiyaya keçid üçün seçkilər açar məsələdir.

Mehdi adlı oxucu:
– Sizə elə gəlmirmi ki, bu mitinq bir qədər gecikib. Artıq qiymət artımı baş verib. Sanki camaat artıq manatın yeni kursuna da, qiymətlərin artımına da öyrəşmiş kimi görünür…

– Mitinqin təyin olunmasında gecikdiyimizi düşünmürəm. Manat ucuzlaşıb, amma əsl qiymət artımı hələ qabaqdadır. Hökumət indi qiymətlərin qalxmasının qarşısını almaq üçün anti-korrupsiya, anti-monopoliya tədbirləri görmək əvəzinə, ticarətçiləri hərbə-zorba ilə məcbur edir ki, onlar pərakəndə satış qiymətlərini qaldırmasınlar. Amma bu, bazarın təbiətinə ziddir və uzun müddət davam etməyəcək. Demək olar ki, hər gün hansısa malların qiymətlərinin artırılması haqda məlumatlar oxuyuruq, eşidirik. Sadəcə, hökumət inzibati üsullarla ona nail olmağa çalışır ki, hər şeyin qiyməti birdən qalxmasın. Bütün bunları da xalq görür.

“Facebook” istifadəçisi Pərvanə Məmmədova:
– Insanları haqlarını görməyə, kölə olmamağa, insan kimi yaşamağa dəvət edirsiniz. Bu qədər müti toplum üçün bu davranışınız alqışalayiqdir. Amma sizcə, səsiniz nə qədər çatır bu millətə? Azadlıq ilk növbədə düşüncələrdə olmalıdır. Bunun tək yolu da elmdir. Bu ölkədə, cəhalət köləlik hökm sürür və bundan həzz alanlar var…

– Xoş sözlərinizə görə təşəkkür edirəm, narahatçılığınızı da bölüşürəm. Indi ölkəmizdə təhsilin, elmin səviyyəsi də acınacaqlıdır, bizim səsimizi topluma çatdırmaq imkanımız da məhduddur. Amma bu, qeyri-demokratik rejimlər üçün adi haldır. Ilk baxışda lənətlənmiş dairə alınır. Bir tərəfdən, ölkədə köklü demokratik dəyişikliklərin baş tutması üçün savadlı, məlumatlı xalq lazımdır, digər tərəfdən isə rejim mövcud olduqca, ölkədə normal təhsil sistemi, azad mətbuat imkanı olmayacaq. Deməli, xalqımız da arzuladığımız səviyyədə məlumatlı olmayacaq. Bax, bu lənətlənmiş dairəni qırmaq üçün əldə olan məhdud resurslarla da olsa, köklü demokratik dəyişikliklər üçün işləməliyik. Xüsusilə sosial şəbəkələr indi bizə müəyyən imkanlar yaradır ki, səsimizi, mesajlarımızı 100 minlərlə insana çatdıraq.
Yeri gəlmişkən, məmnunluqla müşahidə edirəm ki, minlərlə savadlı gənclər sosial şəbəkələr vasitəsilə çox ciddi maarifçilik işi görürlər. Məktəbin vermədiyi təhsili, televiziyaların həyata keçirmədiyi maarifçilik işini sosial şəbəkələr qismən də olsa, kompensasiya edir. Hər gün minlərlə ağıllı, maarifləndirici materiallar, yazılar, statuslar paylaşılır. Minlərlə insanın isə məhz sosial şəbəkələrin köməyilə dünyagörüşü genişlənir, informasiyası artır, hökumətin gizli tutmaq istədiyi həqiqətlərə əli çatır. Bir sözlə, hazırda toplum olaraq durumumuz acınacaqlı olsa da, gələcək barədə optimist düşünürəm.

Bakıdan İlham adlı oxucu:
– Manatın devalvasiyası göstərdi ki, Azərbaycan neft böhranına hazır deyil. Hasilatın aşağı düşməsilə yanaşı, neftin də ucuzlaşması neft gəlirlərini azaldıb. Azərbaycanın maliyyə ehtiyatları bu böhranlı duruma nə qədər tab gətirə bilər?

– Hökumət ümid edirmiş ki, neftin qiyməti həmişə yüksək qalacaq. Ona görə də vaxtında iqtisadi islahatlara getməyib və neftin qiymətinin düşməsi onu qəfil yaxalayıb. Hökumət indi də problemləri həll etmək üçün heç bir ağlabatan proqram ortaya qoya bilmir. Dövlət ehtiyatları isə hələ var. Amma o qədər çox deyil ki, iqtisadiyyatın köklü problemləri həll edilmədən ölkə rezervlərin hesabına vəziyyətdən çıxsın. Eyni zamanda, o qədər də az deyil ki, neftin qiymətinin düşməsindən dəyən bütün zərər vətəndaşın üzərinə yüklənsin. Belə böhran vəziyyətində bəzi xərclər dövlət rezervləri vasitəsilə ödənilə bilər. Hökumət bunu etmir.

Bakıdan Seyran adlı oxucu:
– Sizi “facebook”dan izləyirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda real müxalifət sədri olduğunuz partiya və təmsil olduğunuz Milli Şuradır. Bir lider kimi, mitinqin xalqa xeyrini və sonra baş verəcək hadisələri necə izah edə bilərsiz? Sizcə, hakim partiya bu mitinqə kənardan seyrçi qalacaqmı?

– Mitinqlərimiz kütləvi və davamlı olacağı təqdirdə, hökumət böhrana qarşı bəzi tədbirlər görməli olacaq. 2011-ci ilin ərəb inqilabları dövrünü xatırlayırsınızmı? O zaman da biz mitinqlərə başlamışdıq. Hökumət də möhkəm qorxuya düşmüşdü. Təcili anti-korrupsiya tədbirləri elan etdilər. Bütün vəzifəli şəxslərə tapşırmışdılar ki, özümüz icazə verənə qədər rüşvəti dayandırın. Həqiqətən də rüşvət bir neçə aylıq dayandırıldı, adamlarla iş yerlərində daha mədəni davranmağa başladılar. Amma 3-4 aydan sonra – əmin olandan sonra ki, müxalifətin mitinqlərinə geniş kütlələr qoşulmur, qorxuları çıxdı. Yenidən əvvəlki vəziyyət bərpa olundu. Yenə də rüşvətlərini almaqda, xalqı saymamaqda davam etdilər.
Amma o hadisələrin bir müsbət tərəfi də oldu. Bütün xalq gördü ki, bizim ölkədə rüşvət ayrı-ayrı məmurların özfəaliyyəti deyil. Yuxarıdan aşağıya qədər tənzimlənən idarəetmə prinsipidir. Bizim ölkədə rüşvət, korrupsiya, monopoliya o qədər mərkəzləşib ki, dövlət başçısı istəyəndə bu sistemi dayandıra da, yenidən işə sala da bilir. Demək istəyirəm ki, xalqımız mitinqlərə kütləvi qoşulsa, ən azı, hökuməti yenidən bir müddət “korrupsiya pəhrizi”nə məcbur edə bilər. Bu da xeyli ucuzlaşmaya səbəb olar.
Hökumətin mitinqlərimizə seyrçi qalmayacağı da məlumdur. Normalda hökumətlər real iş görməklə müxalifətin arqumentini əlindən alır. Amma bizim hökumətin bildiyi mübarizə üsulu repressiya və qara piardır. Bizim mitinqlər davam etdikcə, onlar da bizi şərləməkdə davam edəcək. O vaxta qədər ki, xalq özü duruma əl qoyacaq.

Bakıdan Orxan adlı oxucu:
– Bölgələrdən mitinqə dəvət edilməsi və bölgələrdə siyasi ab-havanın yaradılması üçün hansı addımlar atılır? Bir də, Putin rejimi dəyişmədən Ilham Əliyev hakimiyyətinin deyişəcəyinə ümid etmek olarmı?

– Bölgələrdə rejim daha sərtdir, adamların maddi vəziyyəti də acınacaqlıdır. Ona görə də indiki mərhələdə mitinqi daha çox Bakı sakinlərinin hesabına keçirməyi düşünürük. Bununla belə, bölgələrdən də yüzlərlə insan öz istəyilə mitinqə gələcəyini bildirir. Sonrakı zamanlarda bölgələrin özündə də mitinqlər keçirməyi düşünürük.
Rusiyadakı rejimin Azərbaycandakı sülalə hakimiyyətinin qorunmasında rolu böyükdür. Amma Rusiyanın öz vəziyyəti günü-gündən pisləşir. Getdikcə Rusiya üçün MDB məkanında jandarm olmaq daha da çətinləşəcək. Unutmayaq ki, xarici faktorlar nə qədər güclü və önəmli olsa da, onlar yardımçı faktorlardır. Əsas xalqın öz istəyidir. Xalqlar çox istəyəndə öz hökumətlərini dəyişə bilirlər.

Bakıdan Yağmur adlı oxucu:
– Seçki ilidir, bahalaşma və bütün olanlara rəğmən, xalq hələ də lazım olan təpkini vermir. Bu gedişlə builki seçkidə hər hansı dəyişiklik gözləyirsinizmi? Ikinci sualım da var, sizcə illərlə “müxalifət və Qərb edəcək” deməklə, yanlışa yol verilmədimi?

– Bizim qədər siyasi məhbusu olan ölkələrin heç birində xalqlar baş verənlərə adekvat reaksiya verə bilmir. Siyasi məhbuslar da zatən, ona görə həbs edilir ki, xalqda qorxu yaransın. Repressiyanın miqyasını nəzərə alanda bizim xalqın etiraz səviyyəsini və miqyasını da başa düşmək olar. Parlament seçkilərinin hələ əvvəlindəyik. Biz heç kimə heç nə vəd etmədən demokratik seçkilər üçün əlimizdən gələni edəcəyik. Seçkilərə hələ xeyli müddət var və o vaxta qədər vəziyyətin müsbətə doğru dəyişəcəyinə də ümidlər qalır. “Müxalifət və Qərb edəcək” fikri isə əlbəttə yanlışdır. Mən şəxsən hər zaman bu fikirlərə qarşı olmuşam. Hər zaman xalqı yalnız özünə arxayın olmağa çağırmışam. Xüsusi vurğulamışam ki, müxalifət xalqdan ayrı, əlahiddə bir struktur deyil, xalqın narazı kəsiminin təşkilatlanmış formasıdır. Xalqın hamılıqla iştirakı olmadan heç bir müxalif struktur, şəxs, xarici qüvvə xalqı xilas edə bilməz. özü çarə olan xalq çarəni başqa yerdə axtarmamalıdır.




Yuxarı Əvvələ Ana Səhifə