XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

09 İyul 2015 - 08:00

Xalq şairi Fikrət Qoca: “İnsan haqqında yeni səhvlərimi görüb təəssüflənirəm”

Fikret_qoca.jpg

Xalq şairi Fikrət Qoca SalamNews-un suallarını cavablandırıb.

AYB sədrinin müavini F.Qoca ilə müsahibənin tam mətnini təqdim edirik.

– Fikrət müəllim, Azərbaycanda gedən azadlıq hərəkatından bəhs edən əsərləriniz məşhurdur. Bütün bu yaradıcılıq nümunələri sizin insan taleyinə biganə qala bilməməyinizi göstərir. Bu yöndə yenə yazırsız?

-Azadlıq mövzusu tükənən deyil. Ayrılıq zamanı hər insanın öz azadlıq problemi olur. Vətənin azadlığı uğrunda isə bəzən də uzun illər mübarizə gedir. Bu tükənməyən mövzunun reallaşdırmaq üçün bir yox, bir neçə ömür yaşamalıyam ki, deyim:”Hiss ediləcək bir iş gödüm”. Yazmıramsa, deməli, yaşamıram.

– Kubanın azadlıq mübarizi Ernesto (çe) Gevara , Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi A.Kabral , Filippinin milli qəhrəmanı Xose Risal , vyetnamlı gənc Li Vi Tom və b. haqqında poemalar yazmısız. 60 ildən çox azadlıq uğrunda mübarizə aparan Fələstin xalqı haqqında da əsəriniz varmı?

-Yazdığım o qəhrəmanlar, onların vətəni və xalqı o zamanlar bizim həmişə ehtiyac duyduğumuz problemləri yaşayırdılar. Baxın, yasda çox insan ağlayır. Amma hamı tabutda yatan ölüyə ağlamır, bir çoxları öz ölüsünü yada salıb ağlayır. Mən o qəhrəmanların bizə örnək olacaq cəhətlərini vəsf edirdim. Bizdə Fələstin xalqının problemi olmayıb. Biz o yolu yüz illər əvvəl keçmişik.

– Bilirik ki, Birinci Avropa Oyunlarına Bakının ev sahibliyi etməyini çox yüksək dəyərləndirirsiz. Bu dəyərin ədəbi nümunəyə və ya musiqi janrına çevrilmək ehtimalı necədir?

-Bəli, yüksək qiymətləndirirəm. Belə böyük miqyaslı işlər xalqın hər nəfərinin iç üzünü açır. Qəhrəman xislətli insanların mərdliyini göstərir. Xarabların, çürüklərin paxırı üzə çıxır. Xalqımız ümumən qəhrəmanlıq nümayiş etdirdi. Mənim ərköyün nəvəm Fikrət qoca könüllülər sırasında idi. O günlərdə gecə-gündüz bilmədən çalışdı. Bu oyunlar nəvəmi aldı,mənə əsl kişi qaytardı. Əlbəttə, bu möhtəşəm tədbirlə bağlı şeirlər də yazıram.

– Beş yüzdən çox şeirinizə musiqi bəstələnib və sizi NƏĞMƏKAR ŞAİR adlandırırlar. Fikrət müəllim, şair nəğməkar olmaya bilərmi?

-Şair nəğməkar ola bilər, olmaya da bilər. Şeirlə musiqi mətni fərqlidir.

– Ədəbiyyat tənqidçiləri poeziyanızı təhlil edəndə “Yeniliyə meyil onun canındadır”, – deyirlər. Texnologiyanın və dünyada söz azadlığının bu “pik” çağında Fikrət Qocanın yeniliyi oxucular üçün çox maraqlıdır.Bu barədə, zəhmət olmasa.

-Mən zamanın əlində olan nəhəng bir qranit parçasıyam. Zaman isə heykəltəraşdır, o mənim obrazımı həmin qayadan yonub çıxarır. Artıq bu işin çox hissəsini görüb. Son nəfəsimə kimi də işini görəcək. ümid edirəm ki, gələcəyin tənqidçilərinə bütöv bir obraz verəcək.

-Bir də deyirlər ki, Fikrət Qoca “adamın bu üzünə baxanda o biri üzünü də rengen kimi görür”. Bəs bu rengendə hazırki Azərbaycan ədəbiyyatının, illah da şeirinin vəziyyəti necə görünür?

-Əslində sənətim insan tanımaq olmalıdır. Amma hər yeni gündə insan haqqında yeni səhvlərimi görüb təəssüflənirəm… İnsan ən ali varlıqdır, dibinə gedib çatmaq olmur.

– Sizin “Yuxumda Həccə getmşdim…” şeiriniz məşhurdur:

Mən şeytana daş atıram,

Hardan bilim atdığım daş,

Gedib kimə dəyəcək.

Bəlkə elə bir dostuma, əzizimə dəyəcək…

– Fikrət müəllim, bu misralardan “insanı tanımaq olmur, insana inam yoxdur, hər birimizin içində bir şeytan oturub” və s. kimi mənalar çıxır. Gənclik illərinizdə belə “şeytanlar” çox idi, yoxsa indi çoxalıb?

-Hər birimizin içində şeytan var, əgər güclü xarakterli insanıqsa, şeytan içimizdə zindan ömrü yaşayır. Yox, əgər zəif adamıqsa, biz şeytanın əlində oyuncağa çevrilirik. Güclü olaq!

– İnsan nə qədər elmli, kamil olsa da, digər bir insan-ölçüyə ehtiyac hiss edir. İndiki gənclər özlərinə kimi kumir qərar verə bilərlər?

-Biz kiçik xalqıq. İstəyirəm xalqımızın hər övladı barmağının izi kimi orijinal, təkraredilməz olsun. Heç kim heç kəsə oxşamasın. Hər kəs özü pərəstişkar olmağa layiq olsun.

– İşləmədiyiniz mövzular çoxdurmu?

-ömrüm üçün bəs qədər mövzum var.

– Müsahibəyə görə təşəkkür edirik və əminik ki, poeziya həvəskarlarını hələ çox sevindirəcəksiz.

-Suallara görə təşəkkür edirəm. Sağ olun.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə