“Bir ağacın qırılmasına kükrəyən bizlər indi əsirlikdə inləyən soydaşlarımızın naləsinə biganəyik”
Strateq.az saytının müsahibi respublikanın Əməkdar artisti Ağalar Bayramovdur.
Ağalar Xanlar oğlu Bayramov 1954-cü il, yanvar ayının 16-da Ucar rayonun Boyat kəndində anadan olub. öncə Bakı Mədəni-Maarif Texnikumunu, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildən bu günə kimi Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasında dosent kimi aktyorlara “Səhnə danışığı” fənnini tədris edir. 2001-ci ildə “İlin ciddi sənətcisi” nominasiyası üzrə mükafata və diploma, 2002-ci ildə “Respublikanın Əməkdar artisti” fəxri adına, 2003-ci ildə isə “Qızıl qılınc” mükafatına layiq görülüb.
– İstərdim, elə doğulub boya-başa çatdığınız eldən-obadan başlayaq. Boyat deyəndə kimləri və nələri xatırlayırsız?
– Boyat deyəndə çox ağrılı-acılı günlərim göz önümə gəlir. Yaşadığım daxma, nənəmin dizinə baş qoyub yatdığım günlər, atalı-analı həmyaşıdlarıma baxıb köks ötürdüyüm günləri xatırlayıram. Mən çox keşməkeşli ömür yaşamışam. Günü 3 manata quzu otardığım günlər yadıma düşür… Eh, nələr var xatirələrdə, nələr… Məni böyüdən nənəmin məni haqlı yerə döydüyü günlər məni insan elədi. Allah bilir ki, kitabı da çöldə, qoyun-quzunu otara-otara oxuyurdum. O kəndə gedəndə dinə-imana gəlirəm, kövrəlirəm, bahar buludu kimi dolub-boşalıram. İtən məhəbbətim yadıma düşür. Dünyanı qarış-qarış gəzən Ağaların istinad nöqtəsi o şoran torpaq, böyürtikanlı çöllər, arxın boz-bulanıq suyu, tozlu -torpağlı yollar, ağcaqanadlı gecələr və bir də gecələr fikir burulğanında sayrışan ulduzlardır… Şəhərə baxma, elə bil, insan kənddə daha çox Tanrıya yaxın olur. Mənə birinci sinifdə dərs deyən Həsən müəllimin indi 90 yaşı var. Bu günlərdə kəndə gedib onun əllərindən öpdüm. O da mənim əllərimdən öpüb deyəndə ki, “zəhmətim hədər getməyib”, özümü saxlaya bilmədim, hönkürüb ağladım. O da mənə qoşuldu. Təsəvvür etməzsiniz, heç belə kövrəlməmişdim. Dünya-aləm başıma fırlandı… Elm sahibi olmaq olar, amma insan olmaq çətindi. Onlar, yəni müəllimlərim və nənəm məni İNSAN edib cəmiyyətin arasına çıxardılar. Nə isə, Boyat mənim üçün bütün elmlərin cəm olduğu Akademiyadir!
– Sizi ilk dəfə 3 noyabr 1999-cu ildə kəndimizdə – Salyan rayonunun Varlı kəndində görmüşdüm. Qohumlarımdan birinin toy məclisini idarə edirdiz. O zaman gənc olsam da, kəndin ziyalılarından biri kimi mənə də söz verilmişdi. çıxışımdan sonra sizdən Güney mövzusunda danışmanızı xahiş etdim. Siz Şəhriyarın “Heydərbabaya salam” poemasından bir parça söylədiz. Bəs bu gün güney mövzusunda düşüncənizi soruşsam, nə deyərdiz?
– Güney mənim yaralı yerimdir. Şəhriyarın çox böyük ölçüdə olan portreti və Xudafərin körpüsü evimin bəzəyidir. Mənim 1982-ci il fevralın 27-də oğlum dünyaya gəldi. Adını Şəhriyar qoydum. Amma 1991-ci il mayın 3-də qəza nəticəsində onu itirdim. Onu Qubadlıda, Xocahan kəndində üzü Təbrizə dəfn etdim. Qəbir daşına isə belə bir yazı yazdırdım: “Ağ dəvə düzdə qaldı, Yükü Təbrizdə qaldı, Qəm tufanı başladı, Murazım gözdə qaldı”. İndi o məzar düşmən tapdağındadı… ürəyimə daş bağlayib dözdüm və Allahim məni 1993 -cü il martın 17-də sevindirdi. Oğlum dunyaya gəldi, adını Nicat qoydum. Bu il də iyul ayının 2-də hərbi xidmətini başa vurub evə qayıtdı.
2011-ci ildə Təbrizə gedib, M. Şəhriyarın qəbrini ziyarət edəndə məni saxlamaq olmurdu, ürəyim boşalınca ağladım. Polis güclə sakitləşdirdi məni. Sənətimdə də güney mənim əbədi mövzumdur. Mənim ifamda X. R. Ulutürkün “Səsin gəlsin, Təbrizim”, Əjdər Olun “Güneylilərə”, Şəhriyarın “Heydərbabaya salam”, “Yar qasidi”, “Azərbaycan”, Söhrab Tahirin “Yandım”, Ayaz Arabaçının “Bu gecə bir yuxu gördum” adlı şeirlər var. Düşünürəm ki, bu xalq nə vaxtadək ayağı buxovlu yaşayacaq? Məni od götürür. Təbriz, Ərdəbil, Mərənd, Urmiya, Zəncan, Xoy dərdinə Qarabağ dərdi də əlavə olunur…
– Sənət adamısınız, ətrafınızda xeyli sənətçilər və eləcə də aktyorlar var. Bəs həyatda necə, ömrünü aktyorluq edərək yaşayan çoxmu insan gördünüz?
– çox gördüm, çox. Dindirəndə ağzına çullu dovşan sığmayan, özünü sənətə pərçim edib, quyruq bulayan, şəxsiyyəti bir qəpiyə dəyməyən “aktyorları” gördüm bu həyatda. Hər sahədə olduğu kimi burada da, ləyaqətini ayaqlar altına atan salmanlar, qaloşlar, imamyarlar, yalınçıqlar, hacı əhmədlər, aruzlar, qətibələr gördüm bu həyatda. Onların çoxu aşkarda – göz qabağındadı. Sən onları dindirəndə iddialarına baxasan…
– Bir zamanlar şahların və xanların saraylarında təlxəklər olurdu. Onların vəzifəsi təlxəklik edib saray əhlini əyləndirmək idi. Zaman keçdi, təlxəklər mövqe sahibi oldu, televiziyaları zəbt elədi. Adları da müasirləşib, “şou əhli” oldu. Ciddi söz sahibləri isə görünməz oldu. Sizcə, bütün bunlar niyə baş verdi? Xalqmı əyləncəsevər oldu, yoxsa bu, xalqı kütlələşdirmək istəyən birilərinin projesidi?
– Dövran onlarındır indi. Baxın, bu boyda ölkənn yalnız bir yerində – Oğuz-Şəki yolunda yazılıb: “Qarabağı, Xocalını unutma”! Torpaq da 23 ildir işğalda. çox düşünürəm ki, sanki efirlərdə baş qatan bu səviyyəsiz verilişlər, qalmaqalllar, dartışmalar nəyi isə unutdurmağa xidmət edir. Qızları əsirlikdə olan, sinəsinə dağ çəkilən, namusuna təcavüz olunan, müqəddəs yerləri, ölüləri tapdaq altında olan millət də belə şıdırğı gedər? Məni bu dərd çox üzür. Əvvəl-əvvəl Aztv-dən vətəni xilasa səsləyən şeirlərə, az da olsa, yer verirdilər. İndi onlar da tamam yox dərəcəsindədir. Vətənin hər bir uğuruna sevinmək, onu təbliğ etmək borcumuzdur. Yaxşını görməmək, ona dodaq büzmək nankorluqdur! Amma hər gün düşmənə nifrətə səsləyən verilişlər də gündəlik həyatımızın ayrılmaz parçası olmalıdır. Düşmənin bütün naqislikləri, vəhşilikləri verilişlərdə öz əksini tapmalıdır. Təkcə 26 fevralda yox. Məmur balalarının ön cəbhədə xidmətindən başlayaraq, hər şey öz əksini tapmalıdır verlişlərdə. Daha çatdaqları malalamaq peşəsi ilə məşğul olmamalıdır telekanallar. Bax, onda mütrüblükdən uzaq sənət adamlarına da yol açılacaq o səhnədə. “Səni axtarıram” verilişində kövrək musuqilərlə camaatı ağladıb baş qatmaqdansa, əsir düşənlərimizi, itkinlərimizi axtarmaq, əzab görmüş, əsirlikdən qurtarmış, yaxud da əsirlikdə olanların yaxınları ilə həmsöhbət olub, onlarla xalqın təmasını qurmaq gərəkdir. Niyə Dilqəmin, Şahbazın ailələri ilə veriliş çəkib, onların dərdinə şərik olmayaq? Yoxsa ki, azıb-tazıb Rusiyaya gedənin birini gətirib ağlaşma qurmaq iş deyil, baş qatmaqdır!
– Biz dünyada yeganə ölkəyik ki, 4 tərəfdən özümüzlə sərhədik. Quzeydə Dərbənd, batıda Borçalı, Göyçə, güneydə Ərdəbil, Təbriz və sair. Bu baxımdan analoqu olmayan ölkəyik. Niyə bu qədər bölünmüşük? Nə zaman bütövləşəcəyik? Bütövləşmə
yimiz üçün kimlər nə etməlidir?
– Nə vaxt “Mənə dəyməyən canavar yüz il yaşasın”, “El üçün ağlayan göz kor olar” deyimlərini kənara qoysaq, onda bütövləşəcəyik. 1918-ci ildə, görün, Mehmandarov nə deyirdi: “Orduda bir nəfər də olsun, bəy, xan balası yoxdur”. İndi nə dəyişib ki? Biz nəfsimiz ucbatından nəyə desən, gedənlərik. 1918-ci ildə Xiyabani dövlət quranda İran höküməti müdafiə nazirinə bir kisə qızıl verdi ki, qoşunu təlim adı altında çək kənara. Və Xiyabani də bu xəyanətin qurbanı oldu. Baxın, 1993-cü ildə də Xankəndinin 8 km-liyindən bir bəhanə ilə Surət Hüseynov qoşunu geri çəkdi. Bu niyə baş verdi, onu da sonra hamı gördü. Dəhşət orasındaydı ki, bunlar gözümüzün qabağında baş verirdi. Susduq, indi də odu söndürüb, külüylə oynayırıq. Və görün, kimlər getdi o ərəfədə. Xalqın inandığı insanlar – Xudu Məmmədov, Famil Mehdi, Aydın Məmmədov, Fətulla Hüseynov, Məhəmməd Əsədov, İsmət Qayıbov, Tofiq İsmayılov, Ziya Bünyadov, Hafiz Baxış, Fərman Kərimzadə, Allahverdi Bağırov, Əliyar Əliyev…
– Bir zaman Topxana meşəsində iki ağacın kəsilməsinə etiraz edənlər bu gün, az qala, hər gün şahidi olduğu intihar hallarını, yeraltı və yerüstü sərvətlərimizin monopoliyada olmasını, Xəzər dənizinin hasarlanmasını seyr edir. Alimlərimizin çoxu, eləcə də xalq şairlərimiz və xalq yazıçılarımız hər gün Kərkükdə gerçəkləşən qətliamlara, Doğu Türküstanda uyğurlara qarşı həyata keçirilən zülmlərə, Ahıska türklərinin, Krım türklərinin dərdinə heç bir ciddi münasibət ortaya qoymur. Sizcə, ağrılar içində olan bir ulusun ziyalıları niyə bu qədər susqundu?
– Topxana meşəsinin kəsilməsi zamanı millət çox saf idi, inam böyük idi, millət qabaqda gedənlərə inanırdi. Baxın, bu “millət qəhrəmanları”nın sonrakı fəaliyyətinə. Xalq da bu “oyunları” görəndən sonra hər şeydən əli soyudu, biganəliyə, özünə inamsızlığa öyrəşdi. Məmməd Araz deyirdi: “Bilmirəm, nədən danişim, Qurdnan qoyunnan danışım? Ya bunların arasında, oyun-moyundan danışım? Yoxdur sözüm, yoxdur daha”. Bu sualınızın cavabı mənim ifamda səslənən Fikrət Qocanın “Ərkəc” adlı şeirində öz əksini tapıb. Bir ağacın qırılmasına kükrəyən bizlər indi əsirlikdə inləyən soydaşlarımızın naləsinə biganəyik. Səbəb, yuxarıda dediyim amildir. “Əlimdə təslim bayrağı, qaldıq öyrəşə-öyrəşə. Şuşa düşmənə öyrəşdi, düşmən Şuşama öyrəşdi. Qarabağa gedən qatar, gəlib Ucara öyrəşdi” deyir Musa Yaqub. Belə olan halda Doğu Türküstan, uyğurlar hardan yada düşsün? Birimiz yananda, o birimiz yanmadi. ƏN BöYüK FACİƏ MİLLƏTİN öZüNƏ OLAN İNAMININ öLMƏSİDİR! Budur, bizim faciələrimizin kökündə dayanan. “Ziyalılar” isə sözdə vətənə qurban olub, orden, medal, ev növbəsinə dayandılar, övladlarını pullu işə düzəltməyə minnətçi düşdülər. Hanı indi Xudu və Aydın Məmmədovlar? Qulu Xəlilov hanı? Böyük müharibəyə xalqı, vətənin mənafeyini öz şəxsi mənafeyindən üstün tutan ziyalılar səfərbər edər! Eh… dərd çox , dərman yox.
– Dünya azərbaycanlılarını birləşdirməyi hədəf seçən bir qurumun özü niyə birləşə bilmir? Bizmi birləşə bilmirik, yoxsa ətrafında birləşə biləcəyimiz lider yoxdu?
– Ətrafında birləşəcəyimiz, saf, təmiz, iddiasız lider olmadığından birləşmə baş tutmur. DAK birlikdən başqa nə ilə desən, məşğul olur. Əyər onun başında duran özü zamanında separatçılıqla məşğul olub, özünü ora seçdiribsə, hansı birlikdən söhbət gedə bilər? DAK onlara vasitə kimi lazımdır, şöhrət naminə, mənfəət naminə. Saflıq, təmizlik olmayan yerdə hansı mübarizədən söhbət gedə bilər axi? Orda gedən “oyunlar” gözümün qarşısında baş verib. Nələr gördüm orda, nələr… Birləşmək bizə yaddır. üç nəfər bir yerdə olanda, hamı istəyir lider özü olsun. Bəs, inəkləri kim sağa? Vicdan qalır bir tərəfdə, mənafe üstündə qırğın başlayır. Elə başlayır, gəl görəsən… Kimə və nəyə lazımdır belə təşkilat? Heç kəs reallığı yaxına buraxıb demir ki, bu təşkilata rəhbərlik etməyə flankəs daha layiqdir, gəlin, onun ətrafında birləşək. Demir, çünki həyata mədəsinin gözü ilə baxir. Sözümü Məmməd Arazın şah misraları ilə bitirirəm: “Dağ aranda, aran dağda olan yerdə, Yurddaş adlı yurd dağıdan olan yerdə, Baş gödəndən aşağıda olan yerdə, Bu millətin dərdi-səri min şaxəli”.
Söhbətləşdi: Namiq Hacıheydərli
Strateq.az