XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2016 - 12:26

Polşalı ekspert: “Rusiya amerikalıların İncirlikdən uzaqlaşdırılmasını istəyir" - Müsahibə

TR

Zbiqnev Rokita

"Nowa Europa Wschodnia" (Polşa), 12.08.2016


Beynəlxalq münasibətlər üzrə ekspert Adam Baltserin (Polşa) Putin-Ərdoğan görüşünün mümkün və qeyri-mümkün nəticələri haqda müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Çərşənbə axşamı Peterburqda Vladimir Putinlə Rəcəb Ərdoğanın görüşü baş tutub. Xeyli hərarətli sözlər səslənib, dostluq jestləri görünüb. Türkiyə və Rusiya prezidentlərinnn söhbəti konkret hansı nəticələrə səbəb olub?

 – Görüş “Türk axını” qaz kəməri mövzusunda danışıqlara qayıtmaq qərarını doğurub. Həmçinin bildirilib ki, Rusiya Türkiyədə atom-elektrik stansiyasının inşasını sürətləndirəcək: müqavilə bir neçə il əvvəl imzalanıb, lakin işin başlanması təxirə salınıb. Bundan başqa, Ərdoğan bildirib ki, hər iki ölkə mal dövriyyəsini ildə 100 milyard dollara qaldırmağa cəhd edir. Bu ilin altı ayında mal dövriyyəsinin həcmi cəmi səkkiz milyard dollar təşkil edib, ona görə də haradasa altı dəfə artmalıdır. Rusiya tərəfi bildirib ki, təhlükəsizliyin bütün şərtləri gözlənsə, rusiyalı turistlər yenidən Türkiyəyə uçmağa başlayacaqlar. Vədlər səslənib ki, ilin axırınadək Türkiyə qida məhsullarına embarqo ləğv edilə bilər, lakin vurğulanır ki, mallar ciddi şəkildə fitosanitar standartlara cavab verməlidir. Görüş rəmzi məna daşıyıb, lakin konkret qərarlar planında dönüş baş verməyib.

– “Türk axını” Rusiya xammalının Türkiyə ərazisindən Cənubi və Mərkəzi Avropaya, həmçinin Ukrayndan yan keçməklə Almaniyaya axıdan qaz kəməri ola bilər. Bu layihənin həyata keçmə şansı nə qədərdir?

– Ankara və Moskva qaz kəmərinin iki qanadını inşa etmək istərdi: birincisi türk bazarına tədarük üçün nəzərdə tutulardı. “Şimal axını” Polşa üçün nədirsə, “Türk axını” da Ukrayna üçün odur. O, tranzit dövlət statusunu itirir: hazırda Türkiyəyə qaz qismən onun ərazisindən keçir. Lakin Rusiyanın elan etdiyi kimi, o, türklər üçün qiymətin düşəcəyinə zəmanət vermir. Məsələ ikinci qanadın inşasına Avropa Birliyinin necə reaksiya verəcəyindədir. Macarıstan və İtaliya kimi bəzi ölkələr layihədə maraqlıdır, lakin baxaq, görək, artıq “Cənub axını”na görə iradları olan Avropa Komissiyası nə deyəcək.

– Bu layihənin nə dərəcədə böyük əhəmiyyəti olacaq?

– İkinci qanadın inşasına nail olunsa, mühüm rol oynayacaq. “Türk axını” o zaman transbölgə önəmi qazanacaq. Bir qanad  artıq Ukraynaya zərbə vurur, lakin o, bir neçə il əvvəlkitək ağrılı olmayacaq, çünki Kiyev öz tədarüklərini şaxələndirib. Türkiyə qazın böyük hissəsini Rusiyadan alır: keçən il 55%-ini (amma 20 il əvvəl rəqəm 100%-ə çatırdı). “Türk axını” ikinci qanadınn inşası Avropanın enerji resurslarının tədarük qaynaqlarını şaxələndirməyə, həmçinin Avropa idxalında Rusiya qazı payının azalmasını hədəfləmiş energetika siyasətini sual altında qoyur.

– Siz mal dövriyyəsi həcminin dəfələrlə artırılması və 100 milyard dollara çatması perspektivindən danışdınız. Rusiya sanksiyalarının böyük qisminin olmadığı keçən ildə onun həcmi 23,5 milyard dollar təşkil edib, hər şeyə görə fikir yürüdülsə, bu il daha aşağı olacaq. Perspektivdə bir neçə dəfə artım mümkündürmü?

– Mümkün deyil. İkitərəfli mal dövriyyəsində çox böyük kəsir var: Rusiya Türkiyədən Türkiyənin Rusiyadan aldığı malın dəyərini haradasa on dəfə üstələyən məbləğdə mal alır. Bu balansın dəyişməyi üçün Rusiya iqtisadiyyatı öz vəziyyətini düzəltməlidir. Rusiyaya Türkiyə ixracatı artıq Rusiya sanksiyaları tətbiq edilməmiş 2014-2015-ci illərdə kəskin  şəkildə azalmağa başlamışdı ki, bu da Rusiya iqtisadiyyatının struktur problemlərindən qaynaqlanırdı. Perspektivlər heç də ümidverici deyil: hər şeydən göründüyü kimi, növbəti il Rusiyaya geriləmə gətirəcək, yerli iqtisadiyyat sonralar artıma başlayacaq və bu, önəmsiz olacaq. Ona görə də Vladimir Putinin ölkəsi türk malları üçün həsrəti çəkilən ölkə olmayacaq. Türkiyə öz ixracatını əsasən Avropa Birliyinə istiqamətləndirir, demək olar, 50%-i onun payına düşür. Türkiyənin AB-yə ixracatının həcmi Rusiyaya ixracatın həcmindən, təxminən, 50 dəfə yüksəkdir.

– Görüşün rəmzi mənası da mühüm idi. Ərdoğan göstərmək istəyirdi ki, müttəfiqləri var, güclü ölkəyə başçılıq edir, lakin bu yaxınlarda orada hərbi çevriliş cəhdi baş verib.

– Biz paradoksal durum müşahidə edirik: Türkiyə iqtisadi planda Qərbə daha çox inteqrasiya olunduqca Qərb ölkələrindən bir o qədər çox aralanıb getdikcə daha da avtoritar dövlətə çevrilir. Bu, Ankaranı Moskvaya sarı itələyir və Ərdoğan çərşənbə axşamı müəyyən mənada xahişçi rolunda çıxış etdi. Qərb Türkiyəni xüsusən də insan haqlarını gözləməməkdə tənqid edir, ona görə də Rusiya ilə yaxınlaşma onun üçün beynəlxalq arenada mövqeyini möhkəmlətmək cəhdidir. Ərdoğan bu qayda ilə Qərbi şantaj edir. Öz növbəsində Moskva üçün Ankara ilə münasibətlərin normallaşması həm də ona görə əlverişlidir ki, bu, Qərb düşərgəsini parçalayır.

– Putin xarici siyasətdə Ərdoğana təsir edə bilərmi? Türkiyə prezidenti Kremlin rəyini nəzərə ala bilərmi? Konkret sahələr üzrə oradan gələn məsləhətləri rəhbər tutarmı?

– Düşünürəm ki, Putin müəyyən qədər təsir göstərir, lakin məsələ bundadır ki, Moskva ilə münasibətlərdə Ərdoğanın hansı manevr meydanı var? Rusiya isə Türkiyəyə şərtlər qoyur. Məsələn, xarici işlər naziri Sergey Lavrov açıqca dedi ki, Türkiyə Suriya üzrə siyasətinə düzəliş etsə, iki ölkənin strateji müttəfiqliyi mümkündür. Bu bildirir ki, Ankara antiəsəd müxalifətə dəstəkdən imtina etməli və Rusiyanın baxış nöqtəsini qəbul etməlidir. Lakin iki prezident aydınca işarə vurdu ki, bu bənddə fikirlər əməlli-başlı ayrılır: Türkiyə Hələbdə uğurlar qazanan Suriya müxalifətini, Rusiya isə Bəşər Əsədlə vuruşan müxalifəti  müdafiə edir. Bundan savayı, Türkiyənin bu cür dönüşünü Suriya müxalifətini satmaq adlandırası əksər dairələr Rusiya şərtlərinə razılaşmağa pis yanaşır. Bu, həmçinin Türkiyədə daxili duruma da pis təsir göstərər, çünki bu ölkədə Suriya və İraqdan üç milyon qaçqın var, o, İŞİD-lə həmsərhəddir. Nəhayət, Ankara bu müharibədə Rusiya və İranın tərəfində dursa, Tehrana qarşı əməkdaşlıq yürütdüyü Səudiyyə Ərəbistanı, Fars körfəzi ölkələri və İsraillə münaqişəyə girəcək.

– Rusiya-Türkiyə münasibətlərini poza biləsi xeyli ünsürlər var. Onlar bu kontekstdə nə qədər sabit və strateji ola bilər? Bəs dostluqdan nifrətə qədər tərəddüd etməyə nə qədər məhkum olunub?

– Yüksəliş və tənəzzül perspektivi daha ağlabatan görünür. Son illərdə bu cür olub. Bundan başqa, Türkiyə prezidenti duyğuca qeyri-sabit adamdır: bu yaxınlarda Putini əli qana batmış cinayətkar adlandırıb, indi isə ona dost deyir. Bu, ondan xəbər verir ki, siyasətçilər arasında inam yoxdur və hazırda bu məqamda əhvalı Rusiya prezidenti yaradır. Mən möhkəm ittifaqa inanmıram. İkitərəfli münasibətləri qəlizləşdirən ünsürlərdən biri bu faktdır ki, Türkiyə NATO üzvüdür. Ərdoğan Moskva ilə münasibətləri iki güclü dövlətin ittifaqı kimi təqdim etmək istəyir. Lakin düşünürsə ki, Türkiyə də Rusiya qədər güclüdür, dərindən yanılır. Hiyləgər Putin əlverişsiz müqavilə dürtüşdürüb və yaxud faydasız qərarların qəbul edilməsinə aparıb onu aldada, uda bilər. Ankaranın təcridi və (qaçqınlar üzrə müqavilənin pozulması və yaxud ölüm cəzasının qaydışı fonunda) Avropa Birliyi ilə münaqişəsi Rusiyaya əl verərdi. Kremlin baxışınca, ən yaxşı ssenari isə türklərin Vaşinqtonla münaqişəsi və amerikalıların Türkiyənin İncirlik bazasından uzaqlaşdırılmasıdır. Türkiyə zəif ölkədir, bu il ölkənin böyük şəhərlərində səkkiz teraktın baş verməsi də bundan xəbər verir. Durum pisləşə bilər, çünki kürdlər Yaxın Şərqdə möhkəmlənir, Türkiyə prezidenti isə qiyamdan sonra generalların 40%-ni qovub. Ərdoğan gözlənilməz adamdır: İsraillə münasibətlərin normallaşdırılması zamanı olduğu kimi, praqmatik və yaxud məsuliyyətsiz hərəkət edə bilər. Putin bütün bu amillər sayəsində Türkiyəni udmaqda manevr üçün daha böyük meydan qazanır.

 

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə