“Yəhudi dövlətinin güclü nüvə qüvvəsi var”
Fransa kəşfiyyatının istefada olan yüksəkrütbəli zabiti, Fransa Kəşfiyyat araşdırmaları mərkəzi direktorunun müavini Alen Rodye mətbuata verdiyi silsilə müsahibələrdə Yaxın Şərqdə gedən dramatik prosesləri dərindən təhlil edə bilmək potensialı sərgiləyir. Buna görə də onun daha bir müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.
12 illik mürəkkəb danışıqlardan sonra beynəlxlaq cəmiyyət və İran, nəhayət, ölkənin nüvə proqramı üzrə güzəştlər əldə etdi. Müqavilə hərbi nüvə proqarmından imtina əvəzinə sanksiyaların götürülməsini nəzərdə tutur ki, Tehrana Yaxın Şərqdə nüfuz siyasəti üçün maliyyə resursları əldə etmək imkanı verir.
“Atlantico”: – İranla ABŞ arasındakı müqavilə İranın hərbi nüvə proqramını dayandırmağı nəzərdə tutur. Buna ayrılmış büdcə vəsaitləri haqda nəsə deyə bilərikmi? Sərbəstləşmiş vəsait nəyə yönəldilə bilər?
Alen Rodye: Əlbəttə, yox. Bu, gizli saxlanır. Hazırda əsas məsələ şadyanalığı səngitməkdir. Tarixi “saziş”in ardınca digər danışıqlar, təftişlər, təftişlərdən imtina, son anda irəli sürülən etirazlar və s. gələcək. İranlılar bu cür ünsiyyət formasında və öz fəaliyyətlərini gizlətməkdə həmişə ağlasığmaz məharət göstəriblər. Əlbəttə, bu, konkret fəaliyyət üzrə qərarların dəyərini azaltmır. Bu, uranın zənginləşdirilməsini dayandırmaq, sentrifuqaların sayını azaltmaq və plutonium istehsalndan imtinaya aiddir. Bütün bunları hələ yerində yoxlanmaq gözləyir. Və ancaq bu mərhələdən sonra, haradasa, 2016-cı ilin əvvəlində sanksiyalar götürülə bilər.
– Bölgədə İranın hərbi imkanlarının genişlənməsi nə verə bilər?
– İrana Yaxın Şərqdə nüfuz siyasəti üçün maliyyə lazımdır. Adətən, mütəxəssislər çevrəsində deyildiyi kimi, bu “böyük oyun”da “şiə oxu” (İran, İraq, Suriya, qismən Livan, hazırda isə hələ Bəhreyni deməsək, Qərbi Yəmən) və Səudiyyə Ərəbistanı ilə Türkiyənin başçılığı ilə “sünni oxu” bir-birinə qarşı durur. Lakin bunların hamısı ötəri alyanslardır və göstərmə birlikdir. İsrail də öz rolunu oynayır. Yəhudi dövləti formalaşdığı ilk gündən qonşularla gizli və yaxud açıq mühairbə aparır. İran isə İsraili tanımır və onu yer üzündən silməklə hədələyir ki, bu da Təl-Əvivdə ona qarşı tam inamsızlıq yaradır. Hər necə olsa da, bütün mütəxəssislərə məlumdur ki, yəhudi dövlətinin hava, ballistik və sualtı tərkib hissələri ilə çöx böyük nüvə qüvvəsi var. O, açıq şəkildə ifadə olunmuş hərbi planlar fikri ilə yaşayanların hamısının dəliqanlılığını toxdatmağa qadirdir. İsrailin əsas problemi İranın ona qarşı Livan “Hizbullah”ının, Fələstinin “İslam cihadı” (Əsədə qarşı çıxış edən HƏMAS Tehranın dəstəyindən məhrum oldu) və xüsusi xidmətlərin əliylə apardığı qeyri-ənənəvi müharibədir. Lakin unutmaq lazım deyil ki, İran terrorizmdən mübarizə vasitəsi kimi fəal şəkildə istifadə edib. Yəni iki dövlət arasında heç bir inamdan danışmaq lazım gəlmir.
– Hazırda İran hansı cəbhələrdə vuruşur?
-İran Suriya və İraqda mübarizə aparır, həmçinin Yəmənin keçmiş prezidenti Salehin tərəfdarları husilər tayfasına dəstək verir. İnqilab keşikçiləri Suriya-İraq cəbhəsində “əl-Qüds” xüsusi təyinatlılarının komandiri, adıbəlli Qasım Süleymaninin başçılığı ilə birbaşa döyüşlərdə iştirak edirlər. Döyüşlər çətin alınır və iranlılar rəsmən yeddi general itiriblər. Yeri gəlmişkən, onlardan biri israillilər tərəfindən öldürülüb. Ola bilsin ki, bu, təsadüfən baş verib, çünki o, əsas hədəf olan “Hizbullah”ın tərkibində idi. Bir halda ki, tam yeddi general həlak olub, daha aşağı səviyyəli döyüşçülərin arasında itkilər son dərəcə ciddi olmalıdır. İran həmçinin Suriyaya minlərlə, İraqa isə yüzlərlə döyüşçü göndərən Livan “Hizbullah”ını idarə edir. Bütün bu fəallar İŞİD-lə və qiyamçı hərəkatlarla mübarizədə Dəməşq və Bağdad rejimlərinə birbaşa dəstək verirlər (Bu, Suriyada “Cəbhət ən-Nusra”nın başçılığı ilə cürbəcür koalisiyalara, “Əl-Qaidə”nin yerli təmsilçiliyinə aiddir).
Bundan başqa, Suriya və İraq rejimlərinə, həmçinin hər şeydən göründüyü kimi, Yəmən qiyamçılarına logistik (maddi-texniki-red.) dəstək verir (bu istənilən halda gizli saxlanır). İsraili bu rahatsız edir ki, “Hizbullah” fəalları göstərilən xidmətin əvəzində əvəzsiz döyüş təcrübəsi, həmçinin müasir silah (o cümlədən uzaq radiuslu raketlər) əldə edə bilərlər. Nəticədə “Hizbullah” tərəfdən təhlükə xeyli arta bilər.
– Avadanlıqların modernləşdirilməsindən hansı ölkələr fayda götürə bilər? Rusiya? ABŞ? Fransa?
– Ən yaxşı halda, sanksiyalar 2016-cı ilin başlanğıcında götürüləcək. Bu, birinci növbədə, dinc əhalinin güzəranını yaxşılaşdırmağa imkan verəcək. Maliyyə axını təzələnəcək ki, bu da həyat tərzinin çoxdan gözlənilən yüksəlişinə səbəb olacaq. İran yenə də beynəlxalq bazarda karbohidrogen sata bilər. Qiymətlər aşağı olsa da, hər halda kapital axını deməkdir. Bundan başqa, hər şeydən əvvəl ABŞ-da dondurulmuş vəsaitlər açılacaq. Mülki sektorun durumu yaxşılaşacaq, lakin hərbi sektor da “təzə hava” ala bilər. Ordulara və inqilab keşikçilərinə onlardakı vasitələri modernləşdirmək lazımdır. Bu, aviasiya, donanma və quru qoşunlarına aiddir. Artıq əldə olan silahların təmirinə də ehtiyac var. Ordunun modernləşdirilməsindən, birinci növbədə, Rusiya və çin fayda götürə bilər. Qərb müəssisələri açılmış bazara atılmayacaq, çünki bu embarqo istənilən an təzələnə bilər. Ballistik texnologiyalar nəzəriyyədə, ən azı, beş il qadağa altında qalacaq, lakin bu, istənilən “önləyici” hava əməliyatını olduqca təhlükəli edə biləsi S-300 tipli “yer-hava” raketlərinə aid deyil. Müqavilənin imzalanmasında başlıca rolu o fakt oynadı ki, İŞİD-ə və “Əl-Qaidə”yə (hazırda çoxları onu unudur) qarşı mübarizədə İransız ötüşmək olmayacaq. Həm də prezident Obama istəyir ki, martın sonunda ona Nobel sülh mükafatı verilməsinə haqq qazandırsın. Hələ uzun və mürəkkəb bir yol keçilməsi lazım gəlsə də, tarix unutmayacaq ki, Kuba və İranla münasibətləri məhz o bərpa etdi. Bu gün Yaxın Şərqdə dostun olan sabah düşmənin ola bilər və əksinə.
“Atlantico” (Fransa), 17.07.2015