Paul Rontshaymer, Ufuk Ukta
Bild (Almaniya), 15.08.2016
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu (48 yaş) alman nəşrinə müsahibədə kütləvi işldən çıxarılmalar, AB ilə münasibətlərdən və xanımının niyə ölüm cəzasına tərəfdar olduğundan danışır. Müsahibəni Strateq.az-ın oxucularna təqdim edirik.
-Cənab nazir, baş tutmamış çevrilişdən sonra Türkiyə siyasəti AB daxilində kəskin tənqidə düçar olur. Siz, əksinə, AB siyasətçilərini “radikal irqçilikdə” tənqid edirsiniz. Qarşılıqlı münasibətlərin sonudur?
-Biz AB-yə daxil olmağın bütün tələblərinə heç bir ölkənin etmədiyi qədər əməl edirik. Lakin hazırda ayrı-ayrı dövlətlərdən məruz qaldığımız ancaq təhdidlər, təhqirlər, mühasirədir. Mən özümdən soruşuram: biz nəyi pozmuşuq? Türkiyəyə bu düşməncəsinə münasibət haradandır? Qaçqınlar üzrə sazişə nəzər salın. Bizdə müqavilərlər var və aydın şəkildə yazılıb ki, oktyabrda bütün türklər üçün vizanın ləğvi haqda saziş qüvvəyə minir. Lakin mən artıq mövcud müqavilələrə işarə edərkən gözlənilmədən çoxları əsəbi reaksiya verir. Lakin belə bir durum ola bilməz ki, AB üçün yaxşı olan bizim tərəfimizdən yerinə yetiriləcək, Türkiyə isə əvəzində heç nə əldə etməyəcək.
-Oktyabrda Türkiyə viza rejiminin ləğvini əldə etməsə, payızda yüz minlərlə qaçqın yenidən Türkiyədən Avropaya gələcək?
-Mən ən əlverişsiz nəticə haqda danışmaq istəməzdim, AB ilə danışıqlar davam edir. Lakin bir məsələ aydındır: ya müqavilələri eyni zamanda gerçəkləşdirəcəyik, ya da bütün müqavilələri bir kənara qoyacağıq. Biz üç milyard avronun dəqiq müəyyən edilmiş dəstək üçün təqdim edilməsini tələb edərəkən bizi tənqidə başlayanda məyus oluram. Pullar ki bizim üçün deyil, qaçqınlar üçündür! Ölkələr arasında ən ağır yükü Türkiyə götürüb, artıq 25 milyard dollar xərcləmişik. Lakin AB-dən ancaq bir söz eşidirik: “Sahib bizik və hər şey ancaq bu cür olacaq!” Lakin belə getməz, hadisələrə bu cür baxış kökündən yanlışdır.
-Lakin, ehtimal ki, hazırda tətbiq edəcəyiniz ölüm cəzası AB-nin prinsiplərinə ziddir…
-Avropada hər şeyi elə edirlər ki, sanki ölüm cəzasını tətbiq etmişik. İnsanların çağrışı bunadırsa, bunu da anlamaq gərəkdir. Bu, Türkiyə tarixində ən qanlı çevriliş cəhdiydi. Adamları tankla əzir, təyyarələrdən atəşə tuturdular, parlament bombardmana məruz qaldı. Biz bu çağrışa etinasız qala bilmərik və bunu parlamentdə müzakirə etməliyik. Çünki bu cür önəmli məsələni baxış sahəmizdən buraxmaq istəmir, sakit şəraitdə hərtərəfli müzakirə etmək istəyirik.
-Siz şəxsən ölüm cəzasının tətbiq edilməsinə tərəfdarsınız?
-Məın prinsipcə əleyhinəyəm, Avropa Şurasında işləyərkən həmişə buna qarşı çıxış etmişəm, ABŞ və Yaponiyada da bildirmişəm ki, ölüm cəzasını ləğv etməkləri lazımdır. Lakin hazırda Türkiyə cəmiyyətində elə bir emosional gərginlik var ki, buna sadəcə laqeyd yanaşa bilmərik. Məsələn, xanımım ölüm cəzasına tərəfdardır. O, ali təhsil alıb, dövlət qulluğunda çalışıb. Lakin mənimlə bərabər qiyama məruz qaldıqdan sonra dedi: “Ölüm cəzası bizə lazımdır”. Xanımım və qızımla birgə sakit şəraitdə bunun xeyir və ziyanını müzakirə etdik. Türk xalqı zədə alıb. Bu həm də o məsələdir ki, avropalılar heç cür anlamırlar. Onlar yardım olmaq əvəzinə bizi alçaldırlar.
-Sizcə, AB nəyi düzgün etməyib?
-Biz rəğbətin yalnız üzdən təzahürünü gördük, lakin heç bir dəstək almadıq. Bizim əhali özünə sual edir: Əgər bəla zamanı bir yerdə deyiliksə, tərəfdaşlar nəyimizə lazımdır? Və hökumətin ürəyincə olub-olmadığı, prezident Ərdoğanın tərəfində olub-olmamaq önəmli deyil. Lakin qiyama qarşı daha açıq-aydın ifadələr, həmçinin Türkiyəyə ən yüksək səviyyədə səfərlər olmalıydı. Və Avstriya federal kansleri Kern həmvətənlərimizə “radikallar” deyirsə, bu olduqca ciddi ittihamdır. Ola bilsin, Avstriya rəhbərliyi daha çox öz radikal əhvali-ruhiyyəli vətəndaşları ilə məşğul olmalıdır. Hayderə o zaman və yaxud indi prezidentliyə sağçı-ektremist namizədə 49,9% səs verənlər türk mənşəli Avstriya vətəndaşları deyil.
-AB-nin tənqidi hər şeydən əvvəl baş tutmamış çevilişdən sonrakı təmizləmələrə yönəlib. Siz kütləvi həbs və işdən azad etməklə reaksiya verdiniz…
-Birmənalı şəkildə bu qiyamın arxasında gizlənən Fətullla Gülən təşkilatının nə qədər təhlükəli olduğunu başa düşmürsünüz. Qırx il ardıcıl şəkildə ədliyyə orqanlarında, polis və orduda pozucu fəaliyyət göstərilib. Mənim nazirliyimdən də yan keçilməyib, bu qruplaşmanın 300-400 tərəfdarı xarici dilləri bilməsələr də, qulluğa girən zaman imtahan üçün sualları əvvəlcədən əldə etməyin sayəsində nazirliyə nüfuz ediblər. İşdən çıxarılmalara gəlincə: Almaniya birləşdikdən sonra 150 mindən çox adam işdən azad edilib, çünki SSRİ-yə yaxınlıqda şübhəli bilinirdilər. Yeni çevriliş cəhdləri əldə etməmək üçün bu tədbirləri görməyimiz lazımdır. Bu cür təhlükə hələ də qalır.
-Bəs niyə bu qədər çox jurnalist həbs edilib?
-Ancaq jurnalist olduğunuza görə toxunulmaz ola bilərsinizmi? Bəzi jurnalistlər Gülənin terrorçu təşkilatının göstərişlərinə əməl edib, bir çox adamların həyatını məhv edib və qiyamı dəstəkləyiblər. Jurnalist eyni zamanda terrorçu təşkilatın üzvüdürsə, bunun azad mətbuata nə dəxli var? Hökuməti hər gün tənqid edən xeyli jurnalist və nəşrlər var. Onlar öz baxış nöqtələrini təqdim etməkdə müstəqildirlər. Lakin söhbət qiyamdan gedərkən dəqiq mövqe tutdular. Amma Almaniyada baxış nöqtəsinin, o cümlədən sizin “Bild” qəzetinin mövqeyi Türkiyədəki durumla ümumi heç bir cəhəti olmayan bir məcraya yönəldilir.
-Bəs bizi nə yönəldir?
-Bunu siz bilərsiniz! Amma tamamilə fərqli siyasi yönü olan alman KİV-lərinin Türkiyəyə münasibətdə eyni sözlərdən, eyni ritorikadan istifadə etməyi çətin ki təsadüf ola. Bu, alman xalqını manipulyasiya etmək və onu dezinformasiyaya məruz qoymaqdır. Və qanunverici orqanların prezident Ərdoğanın nümayişə qoşulmasını yasaqlamağı. Bu bizə mane olan ikili əxlaqdır.
-Siz Kölndə Ərdoğana dəstək nümayişi zamanı məhkəmənin prezidentin videokonfrans vasitəsilə tədbirə qoşulmasını yasaqlamağını nəzərdə tutursunuz.
-Bəli, niyə Almaniya məhkəməsi yalnız toplantı başlandıqdan bir saat sonra bu cür qərar qəbul elədi? Və necə ola bilir ki, prezidentə danışmağa icazə verilmir, sonra isə PKK terror təşkilatı liderlərinin çıxışlarının birbaşa yayımına icazə verilir? Əvəzində Almaniyada bizim prezidenti diktator adlandırdılar. Niyə? Nədir, o, hakimiyyətə hansısa qeyri-leqal yolla gəlib? Onu seçməyiblər?
-Siz həmçinin Gülən tərəfdarlarının Almaniyadan ekstradisiyasını tələb edirsiniz. Söhbət neçə nəfərdən gedir və onları nədə ittiham edirsiniz?
– Bu terrorçu qurumun tərəfdarları bu yaxınlarda Almaniyaya keçiblər. Onların sayını tezliklə dəqiqləşdirib ekstradisiya tələb edəcəyik. İstənilən halda, Almaniyanın bu tələbi yerinə yetirəcəyinə şübhə edirəm. O, artıq keçmişdə PKK terrorçularının ekstradisiyası haqda bütün tələblərimizdən imtina edib.
-Siz AB-nin hərəkətlərindən məyus görünür və eyni zamanda “yeni alyanslar”dan danışırsınız. Türkiyə NATO-dan çıxmaq istəyir?
-NATO-dan çıxmaq haqda biz deyil, antitürkiyə dairələri danışır. NATO-nu ən fəal şəkildə dəstəkləyənlərdən biri bizik. Lakin aydındır ki, silah alqı-satqısı sahəsində digər tərəfdaşlarla da kooperasiya həyata keçirməliyik. Çünki NATO-da HHM sistemləri almaqda və yaxud informasiya mübadiləsində bizdən imtina edən tərəfdaşlar var. Biz öz milli təhlükəsizlik maraqlarımızla hərəkət edirik.
-Rusiya bombardmançısı vurulduqdan sonra Rusiya ilə yenidən münasibət qurubsunuz. Bəs bu, Putinin Əsədi, sizin isə müxalifəti dəstəkləməyinizlə necə uzlaşır?
-Rusiya ilə Türkiyənin keçmişdə yaxşı münasibətləri olub, biz indi yenidən buna qayıdırıq. Bu, normal, çoxtərəfli xarici siyasətdir. Suriyaya gəlincə, əlbəttə, burada fikir ayrılıqları var. Biz əminik ki, İŞİD-ə qarşı birgə mübarizə zəruridir, lakin bu mübarizə mötədil müxalifətə qarşı yönəlməməlidir.
Tərcümə Strateq.az-ındır.