XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 14:31

“Gülənçi” adlandırılan eks – deputat danışdı:"Dövlətimiz kimin kim olduğunu yaxşı bilir"

Ceyhun

Milli Məclisinin keçmiş deputatı, vaxtilə bu və ya digər qruplaşmada adı hallanan Ceyhun Osmanlının Türkiyədə baş verən 15 iyul qiyamı, Azərbaycanda fətullahçılara qarşı hüquq mühafizə orqanlarının apardığı iş və Fətullah Gülənə münasibəti xeyli müddətdir ki, diqqət mərkəzindədir.

Bu marağı nəzərə alaraq, hazırda ölkədən kənarda olan C.Osmanlının Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:

– Baş Prokurorluq, DİN və DTX Gülən hərəkatının Azərbaycandakı fəaliyyəti ilə bağlı istintaq-əməliyyat qrupu yaradıb. İstintaqın gedişində sizin də ifadənizin alındığı deyilir…

– Tamamilə cəfəng məlumatdır. Mən yay ərzində demək olar ki, səyahətdə olmuşam və Azərbaycanda olmamışam. Hazırda da Ukraynada tətildəyəm. Dövlətimiz böyük və qüdrətlidir. Kimin kim olduğunu yaxşı bilir.

– Azərbaycanda Gülən hərəkatına qarşı aparılan əməliyyatlara münasibətiniz necədir?

– Ümumiyyətlə, belə araşdırmaların olması çox yaxşıdır ki, şər-böhtanla məşğul olan insanların kimliyi ortaya çıxsın. Düşünürəm ki, əgər hansısa sayt bir adamı yanlış olaraq hansısa cərəyanın üzvü kimi göstərirsə, demək, sifarişi elə o cərəyandan alır ki, kimlərisə müdafiə etsin, kimlərdənsə diqqəti yayındıraraq, ictimai rəyi başqa adamlara yönləndirsin.

– 15 iyulda FETÖ Türkiyədə hərbi çevrilişə cəhd etdi. 246 nəfər həlak oldu, 1500-dən artıq dinc sakin yaralandı. Bu qiyamı necə qiymətləndirirsiniz?

– Müstəqil ölkələrin konstitusion düzəninə qarşı olan istənilən fəaliyyətin əleyhinəyəm. Bizim ailədə gözümüzü açandan Heydər Əliyev siyasəti təbliğ olunub və biz də bu ruhda böyümüşük, bu siyasəti təbliğ edirik. Azərbaycan üçün də Heydər Əliyevin azərbaycançılıq siyasətinin alternativi olmadığını düşünürəm. Əgər kimsə bu siyasətə qarşıdırsa, əvvəlki kimi, indi də belə insanların qarşısında olacağam.

Türkiyədəki hərbi çevriliş cəhdinə gəlincə, bu xəbəri eşitdiyim ilk saniyələrdə Feysbukda münasibət bildirib, bunu qəti şəkildə qınamışam.

– Fətullah Gülənin ABŞ-dan ekstradisiyası gündəmdədir. Terrorçubaşının Türkiyəyə gətirilməsinə necə baxırsınız?

– Türkiyədəki hərbi çevilişdə iştirak etmiş istənilən şəxs qanun qarşısında cavab verməlidir. Mən Türkiyəni hər zaman bölünməz, həmrəy və güclü görmək istəyirəm. Qardaş ölkəmizin sabitliyinə xələl gətirən hər bir addım ürəyimizi ağrıdır. Bu məsələlərlə bağlı mənim mövqeyim Azərbaycan dövlətinin mövqeyi ilə eynilik təşkil edir. Dövlətimiz nə düşünürsə, mən də onun tərəfdarıyam.

– Gülənçilərin Azərbaycanda fəaliyyəti hansı səviyyədədir?

– Azərbaycan xalqı və Azərbaycan hökuməti həmrəydir. Azərbaycanın ictimai-siyasi həyatı, o cümlədən sosial və iqtisadi siyasəti peşəkarcasına həyata keçirilir. Azərbaycanın qlobal inkişaf hədəfləri və əzəmətli duruşu qarşısında kiminsə, hardasa nə deməsi və ya deməməsi Azərbaycanı qorxutmur və ya narahat etmir. Biz öz inkişafımızla məşğuluq. Bizim dövlətçəlik təcrübəmiz və hüquq mühafizə orqanlarımızın peşəkarlığı imkan verir ki, yaxşını pisdən, oğrunu doğrudan, xeyiri şərdən ayırsınlar.

– Hazırda nə işlə məşğulsunuz?

– Siyasətlə məşğul deyiləm. Xəbərləri də fəal izləmirəm. Məşğul olduğum ən önəmli iş 3 oğlumu tərbiyə etməkdir.

– Siyasətə qayıtmağı düşünürsünüz?

– Siyasətlə bağlı fikrim yoxdur.

– “İrəli” hərəkatının qurucularından olaraq hazırda bu təşkilatın fəaliyyəti sizi qane edir?

– Mirhəsən (İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov – red) istedadlı gəncdir. Əllərindən gələni edirlər ki, təşkilat inkişaf etsin.

– 27 iyun 2014-cü ildə Mirhəsən Seyidovun sədr seçildiyi tədbirdə niyə iştirak etmədiniz?

– Mirhəsən sədr seçilən gün mən başqa önəmli tədbirdə idim. Amma ilk təbrik edənlərdən olmuşam.

– Ölkəyə nə vaxt qayıtmağı düşünürsünüz?

– 1 həftə sonra Azərbaycanda olacağam.