Rosbalt.ru, 25.08.2016
Yaxın Şərq üzrə məşhur mütəxəssis Mixail Maqid rus nəşrinə müsahibəsində Türkiyənin Suriyaya hərbi müdaxiləsi, qarşısında duran vəzifələr və Suriyanın şimalındakı cari durumu təhlil edir. Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.
–Suriya hərbi əməliyyatlar teatrında nə baş verir ki, Türkiyə silahlı qüvvələrinin quru əməliyyatının keçirilməsi tələb olunur?
-Baş vermiş prinsipial dəyişiklik kürdlər və onlara müttəfiq ərəb birləşmələrinin ABŞ HHQ-nin dəstəyi ilə Minbic və civarındakı rayonu götürməyidir. Nəticədə YPG yığma kürd qoşunu Afrin, Kobani və Cəzirə kürd kantonlarını birləşdirməyə və Türkiyə sərhədində vahid istehkama çevirməyə yaxındır. Bu, kürdlərin mövqeyini son dərəcə gücləndirər və kürdlər Türkiyənin özündə hökumətə qarşı irimiqyaslı partizan müharibəsi (mətndə bu cürdür-tərc.) apardığından prezident Rəcəb Ərdoğan üçün təhlükəlidir. Bu cür istehkam kürdlərə öz qüvvələrini asanlıqla bir kantondan digərinə atmaq, həmçinin yüz kilometrlərlə uzanan sərhədin istənilən nöqtəsindən Türkiyəyə sızmaq imkanı verər.
Kürdlər bu hadisələr ərəfəsində öz niyyətlərini dəqiq göstəriblər – Cerablus şəhərini nəzarətə götürmək üçün İŞİD-in nəzarət etdiyi Suriya-Türkiyə sərhədində hərbi qruplaşma yaratmışdılar. Bir neçə yaraqlı (kürdlər iddia edirlər ki, onlar türk xüsusi xidmətlərinin agentləri olublar) bundan dərhal sonra Hərbi şuranın komandiri Əbdülsəttar əl-Cədiri qətlə yetirib. Sonra isə türk qoşunları Cerablusa hücum edib. Ərdoğanın sözlərinə görə, bu əməliyyat təkcə İŞİD-ə qarşı deyil, həm də yığma kürd qoşununa qarşı yönəlib.
-Türkiyə quru qüvvələrinin Suriyaya girişindən sonra orada qüvvələr nisbəti nə dərəcədə ciddi şəkildə və kimin xeyrinə dəyişilə bilər? Ərdoğan Türkiyəsi Suriyada istisnasız olaraq öz vəzifələrini həll edəcək?
-Türklər Minbiclə Afrin arasındakı ərazini tuta və öz sərhədində vahid kürd istehkamının yaradılmasına yol verməyə bilər – bu mümkündür. Onlar kürd kantonlarının üçünü də götürmək istəyə bilərlərmi – bu, fakt deyil. Burada 4 milyon adam və dördillik müharibədə bərkimiş, Amerikaya müttəfiq 60 minlik yığma qoşun var (düzdür, oradakı təkcə kürdlər deyillər). Həm bunu, həm də Türkiyənin özündə partizan müharibəsinin getdiyini nəzərə alsaq, şübhə edirəm ki, Türkiyə indi kürd kantonlarına hücum edər. Ayrı-ayrı toqquşmalar mümkündür.
–Belə çıxır ki, Türkiyə Suriyada öz lokal vəzifələrini həll edir?
-Ankara bu mərhələdə daha çox Türkiyə-Suriya sərhədi rayonunda əməliyyatlarla kifayətlənəcək. Türklər irəli gedəcəklərmi – məsələn, Hələbin və yaxud kürd kantonlarının üzərinə? İndi bunu heç kim əminliklə deyə bilməz. Müharibə müharibədir, gözlənilməz şəkildə inkişaf edə bilər. Bu fakt deyil ki, Türkiyə bir ölkə kimi öz ərazisndə gedən başqa müharibənin fonunda indi mənən Suriyada böyük itkilər verməyə hazır olar. Nəhayət, türk ordusu hazırda böyük təmziləmədən keçir və onun Ərdoğana loyallığı sual altındadır. Bu da Türkiyənin Suriyada irimiqyaslı müharibə aparmaq imkanını şübhə altına alır. Söhbət yenə də daha çox nisbətən kiçik, lokal əməliyyatlardan gedir. Bəli, şübhəsiz, Ankara Suriyada İŞİD-lə mübarizə görüntüsü altında öz lokal vəzifələrini həll edir. Kürdlər, Rusiya və ya amerikalılar daxil olmaqla digər qüvvələr də orada eyni işi görür – yenə də İŞİD-lə mübarzə bəhanəsi ilə. Bu, çağdaş dünyada öz vəzifəni həll etmək üçün ən əlverişli bəhanədir. Lakin işdə İŞİD-lə də mübarizə aparılır.
-Güman etmək olarmı ki, hazırda gözümüzün qabağında yeni ox – Moskva-Ankara oxu yaradılır və ola bilsin, təkcə Suriyada Qərbə qarşı durmayacaq?
-Hadisələrin bu cür inkişafı mənə az ağlabatan görünür. Türkiyə NATO üzvüdür, yəni çağdaş dünyada ən böyük hərbi alyansın iştirakçısıdır. İqtisadiyyatı Amerika və Avropa investisiya və bazarları ilə sıx şəkildə bağlıdır. Türkiyənin Rusiya ilə alyansa girib Qərblə münaqişə etmək ehtimalı azdır. Çox güman ki, Moskva və Ankara indi Suriyanı bölmək haqda razılaşmağa cəhd edir. Lakin bu, çox çətindir. Hələlik bu istiqamətdə məlum heç bir konkret razılaşma yoxdur. Tərəflər ümumi sözlər danışır.
–Türklərin amerikalıların müttəfiqi Suriya kürdlərini açıq şəkildə öz düşmənlərindən biri kimi göstərməyinə Amerikanın reaksiyası necə ola bilər? Amerikalılar bu durumda hansı addımı ata bilər?
– ABŞ-n müttəfiqləri kürdlər artıq çoxdan Türkiyəyə qarşı onun ərazisində müharibə aparır, türklər isə onlarla vuruşurlar. Ən böyük təşkilatlar – Suriya kürdlərinin yığma qoşunu (PYD və YPG) və Türkiyədə partizan müharibəsi aparan PKK, əslində, Abdulla Öcalan tərəfdarları hərəkatının eyni qanadlarıdır. Bu hərəkat Suriya və Türkiyənin İraq nümunəsi üzrə (oarda vahid dövlət var, faktiki isə müstəqil İraq Kürdüstanı hökuməti fəaliyyətdədir) federallaşmasına can atır. Düzdür, fərqlər də var. İraq Kürdüstanını idarə edən Bərzani qəbiləsi öcalançıları sevmir. Bundan başqa, Öcalan tərəfdarlarının proqramında anarxizm ünsürləri var – onlar əsasən kooperativ iqtisadiyyatın tərəfdarıdırlar. Lakin ümumən sxem eynidir.
Belə çıxır ki, ABŞ NATO ölkəsi kimi bir tərəfdən Türkiyənin tərəfdaşı kimi çıxış edir, digər tərəfdən isə İŞİD-lə mübarizədə kürdlərin silahdaşı kimi PKK tərəfdən fəaliyyət göstərir. Vaşinqtonun kürdlərin ancaq Suriya ərazisində İŞİD və Əsəd rejiminə qarşı mübarzədə keçirdiyi əməliyyatlara dəstək verməyi heç nəyi ifadə etmir. Çünki Ştatların kürdlərlə verdiyi on tonlarla silah Türkiyədə də atəş açır ( və açmaya bilməz). Başqa sözlə, ABŞ-ın iki müttəfiqi öz aralarında vuruşur. Əlbəttə, bu olduqca prinsipial durumdur. Lakin məgər bu ilk hadisədir? Bu cür şeylər əvvəllər də baş verib. Düşünürəm ki, amerikalılar hər iki tərəfə öz təsirlərindən elə istifadə etmək istəyirlər ki, onların arasında münaqişənin böyüməyinə yol verilməsin. Bunun baş tutub-tutmayacağı isə başqa məsələdir.
Obamanın dönəmində ABŞ-ın beynəlxalq nüfuzu daha da zəifləyib. Bu cür qambitlər də buna görə mümkün olur. Beynəlxalq hakmiyyət boşluğu meydana çıxır. Onun nəticəsi çoxalan sabitsizlikdir. Və bu boşluğa öz oyununu oynamaq istəyən müxtəlif güclər – Türkiyə, RF, kürdlər və b. cəlb olunur.
–İndi Cerablus rayonunda nə baş verir?
-Türklər cənuba (kürd mövqelərinə) hücum etməkdən çox Cerablusdan qərbə öz nəzarət zonalarını genişləndirir və onlara loyal Azad Suriya Ordusunun (ASO) bölmələrini ora daxil edirlər. Ola bilsin, başlanğıc üçün öz qoşunları və onlara loyal yaraqlıların vasitəsilə Əzəzdən Cerablusadək (kürdlərə qarşı) sərhəd boyunca bufer yaratmaq istəyirlər. Eyni zamanda əsas düşməni Türkiyə deyil, kürdlər olan İŞİD qruplaşmalarını asanlıqla sıxışdırırlar. Onlar bunu etdikdən sonra ASO döyüşçüləri və Əsədə düşmən digər qruplaşmalar cənuba – Suriya hökumət qoşunlarının mövqelərinə doğru zərbə endirəcək ki, Hələbin mühasirəsini qapatsın. Hələbin – ən böyük nəqliyyat və iqtisadi mərkəzin basılması Əsədin Suriyanın şimalını bütünlüklə itirməyi və yüksək ehtimalla müharibədə məğlubiyyətini bildirir. Həm də bu addım Afrinlə Kobani arasındakı potensial kürd dəhlizini kəsəcək. Amerikalılar tələb ediblər ki, kürdlər Fəratdan şərqə çəkilsinlər. Əks halda onları hərbi dəstəkdən məhrum edəcəkləri ilə hədələyiblər. ABŞ dövlət katibi Con Kerri bildirib ki, kürdlər bu tələbi artıq yerinə yetirirlər. Ştatların bu cür mövqeyi ifadə edə bilər ki, o, Türkiyənin əməliyyatını dəstəkləməyi qət edib. ABŞ HHQ artıq bu əməliyyata qatılıb.
Söhbətləşdi: Aleksandr Jelenin
Tərcümə Strateq.az-ındır.