XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 08:03

1 aylıq məhbus Natiq Cəfərli:"İlqara bu günə qədər bəzi təkliflər olub, o isə..."

natiq-ceferli

Sentyabrın 9-u axşam saatlarında həbsdən azad edilən REAL-ın icraçı katıbı Natiq Cəfərli azadlıqdakı ilk həftəsini musavat.com-a müsahibəsində dəyərləndirib. Həm həbsi, həm azadlığa çıxması, eləcə də kulislərdə dolaşan söz-söhbətlərə musavat.com vasitəmizlə aydınlıq gətirən Natiq bəy həbsdəki 1 ayı barədə də maraqlı detallara toxunub. 

Strateq.az Natiq Cəfərlinin həmin müsahibəsini təqdim edir:

 

– Natiq bəy, gec də olsa deyim – həmişə azadlıqda… Sizin qəfil həbsiniz və eyni dərəcədə qəfil olan azadlığa buraxılmanızdan başlayaq söhbətə. Hər iki prosesin çox tələsik qərarlar əsasında verildiyini düşünürsüz, ya bu, hansısa bir görünməz prosesin nəticəsi? 

-Əslində həbsimin səbəblərinin bu günə qədərki apardığımız siyasi fəaliyyətlə, mediada səsləndirdiyimiz fikirlərlə birbaşa əlaqəsi var. Əsasən REAL-ın fəaliyyəti ilə bağlı idi. Çünki həbs müddətində verilən sualların böyük əksəriyyəti, demək olar ki, tamamı, REAL-ın referendumla bağlı çap edəcəyi bülletenlər, eləcə də başqa məsələlərlə bağlı idi. Amma yenə də öz fikrimdə qalıram ki, həbs qərarı spontan verilmiş qərar idi. Gecənin bir aləmində, heç düşünmədən həbs qərarı verdilər. Sonradan, yəqin ki, bəzi məsələlər haqda düşünməyə başladılar. Çünki bu işlə bağlı 2014-cü ildən bəri 20 dəfəyə yaxın prokurorluqda ifadə vermişəm. Sonuc olaraq bu işlə bağlı heç nə tapılmayıb və mən 400 manat həcmində cərimə olunmuşam. Bu cəriməni də ödəmişdim. Yəni, bu işlə bağlı mənim məsələm 2015-ci ildə bağlanmışdı. Hətta xaricə çıxmaqla bağlı üzərimə qoyulan qadağa da götürülmüşdü. İşin formal tərəfi tamamilə bərbad məsələ idi. Özləri də anladılar ki, ya hər hansı yeni maddələr olmalıdır; çünki bu işin özünün məhkəməyə getmə şansı belə yox idi. Çünki nə şahid, nə zərərçəkən, nə də üzəduranlar var idi. Sonradan yəqin ki, çox tələsik qərar verdiklərini düşünüblər və bunu anlayıblar ki, bu həbsin ziyanı xeyrindən daha çoxdur. Atalar məsəlində olduğu kimi, ziyanın yarısından qayıtmağın da xeyir olduğu qənaətinə gəliblər. Mənim özümçün çox gözlənilməz qərar idi. Çünki mən ən azından, il yarım-iki il içəridə qalacağıma özümü hazırladığım bir dövrdə qəflətən verilmiş bir qərarla həbsdən azad edildim. 

– Son illər həbs olunmuş ictimai fəallar, siyasətçilər, arasında ən qısamüddətli həbs sizinki idi. Amma bununla belə, 1 aylıq həbs dönəmi sizə Azərbaycan həbsxanalarının daha bir üzünü görməyə yardım etdi. Nə gördüz, nə yaşadız bu 1 aylıq dönəmdə? 

– Əsas problem ilk gün yaşanır. Bu, psixoloji problemdir. Birinci günlər, ən azı, birinci həftə insan qəribə hisslərlə yaşayır. Hətta yuxu kimi gəlir insana. Fikirləşirsən ki, bu, yuxudur, ya reallıqda baş verir? Bir də əsas çətinlik havanın istiliyi ilə bağlı idi. Çox isti bir dönəm idi, qapalı məkanda, məhdud yerdə isti şəraitdə qalmaq ciddi problem yaradırdı. Əgər məndən həbsimi bir sözlə ifadə etməmi istəsəz, mən “isti” sözünü deyərdim…  Susuzluq, istilik… Amma tarixin bir anı idi. Mən məhkəmələrə gedəndə, karantin sürəcində məhbusları görmək şansım oldu. İnsanların hansı məsələlərə görə bura düşdüyünü öyrəndikcə, Azərbaycanda hansı proseslərin getdiyini gördükcə, çox pis təsir etdi… Görürsən ki, insanlar çox aşağı məbləğdə borc alıb, bunu qaytara bilmədiyinə görə azadlıqdan məhrum olunurlar. Yaxşı insanların çox xırda bir səhvə görə həbsə düşdüyünü gördüm. Bu məsələlər düşünməyə əsas verir ki, Azərbaycanda görüləsi işlərdən biri insanların həbsə düşməsinə səbəb olan problemlərin aradan qaldırılması və bu pozuntular üzrə cinayət məcəlləsindəki maddələrin yenidən işlənməsidir. İqtisadi cinayətlərə görə bir çox ölkələrdə azadlıqdan məhrum olunma nəzərdə tutulmur. Əksinə, iqtisadi borclar ödəndikdən sonra avtomatik azad olunma var. Belə fikirlər əslində insanı çox düşündürür. 

– Bəs kamera yoldaşlarınız kim idi? Qatı cinayətkarlar, ya haqqında danışdığınız kimi, xırda borclar ucbatından azadlığını itirənlər…? 

– Zamanımın böyük hissəsini  – təxminən 3 həftəsini bir nəfərlə eyni kamerada keçirdim. 20 yaşlı bir gənc idi, bir dava-dalaş üstündə bura düşmüşdü. Küçədə etdiyi bir davaya görə 6 aya yaxın idi ki, orda qalırdı. Düzdür, dava etmək olmaz, amma bir davaya görə də gənc bir insanın həyatını bu formada dəyişdirmək də düzgün deyil. Çox təəssüf doğurucu hal idi ki, o insanın məktəb həyatı olmayıb, nə yaza, nə oxuya bilirdi. 3 həftəni belə bir insanla keçirdim. O gənc insanın həyat hekayəsi Azərbaycanda bir çox insanın yaşadığı hekayə idi. Savadsızlığın, məktəb həyatının olmamasının, dünyada və ölkədə baş verən proseslər barədə ümumiyyətlə, məlumatsızlığın nəticəsi idi həm də onun taleyi. 3 həftə içində imkan daxilində ona yazmağı, oxumağı öyrətməyə çalışdım. 

– Həbs sizin həyatınızdan 1 ayınızı aldı. Amma maraqlıdır, nə verdi? 

– Bu bir ayda psixoloji olaraq mənə müsbət təsir edən olay o idi ki, bizim doğru yolda olduğumuza bir daha əmin oldum. Həm REAL Hərəkatı olaraq inandığımız dəyərlər uğrunda mübarizəmiz, doğru bildiklərimizə görə atdığımız addımlar doğrudur. Mən tam əminəm ki, Azərbaycanın bütün əhalisi – iqtidarlı, müxalifətli Azərbaycana parlaq bir gələcək arzulayır, onun daha yaxşı dövlət olmasını istəyir. Bunun yolları haqda hər kəsin düşüncəsi fərqli ola bilər. Bu yolların ən məqbulu demokratik cümhuriyyətin bərqərar olduğu, azad bazar rəqabətinin mövcud olduğu bir cəmiyyətdir. Bu cəmiyyət uğrunda apardığımız mübarizə çərçivəsində həbs olunuruqsa, deməli, yenə də doğru yoldayıq. Digər siyasi məhbusların keçdiyi yola baxdıqda, sədrimiz İlqar Məmmədovun 3 il 7 aylıq həbs müddətini xatırladıqda 1 aylıq həbs dönəmimdən danışmağa utanıram. Amma hər halda bu 1 ay da mənə doğru yolda olduğumu bir daha anlatdı. 

– Sədrinizdən söhbət düşmüşkən, sizin həbsinizdən sonra Respublika Prokurorluğu tərəfindən yayılan bəyanatda sanki maliyyə məsələləri ilə bağlı İlqar Məmmədova ziyan edəcək ifadə verdiyiniz təəssüratı yaradıldı. Və kulislərdə də belə söz-söhbət yayıldı ki, Natiq Cəfərlinin həbsi İlqar Məmmədovun daha çox həbsdə qalmasına dəlil toplamağa hesablanmışdı… 

– Karantin müddətində nə evlə, nə də vəkillərlə əlaqə yarada bilirdim. Həmin dönəmdə yanıma heç kimi buraxmırdılar. Zəng etməyə də imkan vermirdilər. Bu bəyanat barədə həbsimin 4-cü günündə xəbər tutdum. Vəkillərimə də dedim ki, bunu çox kəskin şəkildə yalanlayın və bəyan edin ki, bu təxribatdır. Bunun təxribat olduğu sonradan da bəlli oldu. Çünki sonradan da bu mövzunu davam etdirmədilər. Bu da həmin cümlənin ora təxribat xarakterli yazıldığını və onun həm mənim nüfuzuma, həm REAL-ın nüfuzuna zərbə vurmaq məqsədi daşıdığını sübut edir; ondan sonra nə rəsmi mediada, nə də istintaqda bu mövzuya qayıtdılar. Çünki onun əsli-astarı yox idi. Belə bir ifadənin mövcudluğu mümkün deyil. İlqara olan münasibətim təkcə REAL-la məhdudlaşmır. O, mənim ən yaxın dostlarımdan biridir. Belə bir şey mümkün deyil. 

– Natiq bəy, sizə elə gəlmirmi ki, sədrinizin həbsdə saxlanması ilə bağlı qəribə bir dirəniş və inadkarlıq var. Onunla eyni vaxtda, hətta ondan sonra həbs olunanları belə azadlığa buraxdılar. Amma onu hələ də saxlayırlar. REAL-ın əsas simalarından olan Sizi belə cəmi bir ay həbsdə saxladılar. Sizcə, bunun arxasında hansı səbəblər var? 

– Bunun iki səbəbi ola bilər. Çünki İlqara bu günə qədər bəzi təkliflər olub, o isə bundan imtina edib. Bəzi kağızlar yazmaq, sonra azadlığa çıxmaq təklifindən söhbət gedir. İlqar bundan qəti imtina edib…

– Bağışlayın, fikrinizi bölürəm. Amma sizə belə bir təkliflə müraciət olundumu? 

– Xeyr. Mənim heç məhkəməm olmadı axı. Heç belə bir təklif etməyə vaxtları da olmadı (gülür). Ona görə də həbsdən çıxmağım mənə gözlənilməz oldu. Bir haşiyə çıxım. Həbsdən buraxıldığım gün həyat yoldaşım yanıma gəlmişdi, bir aylıq dönəmdən sonra. Hətta ona da görüşdə demişdim ki, bir il, il yarıma hazır olsun. Məni o müddətə qədər həbsdə saxlayacaqlar. Bir ay müddətində isə belə bir danışığın, təklifin olması ümumiyyətlə mümkün deyil.

– Anladım. İlqar bəylə bağlı suala qayıdaq… 

– İlqar bəyə beynəlxalq dəstəyin olması da hakimiyyəti çəkindirir. Nəyə görə İlqarla bağlı belə bir dəstək var, bu, gələcəkdə onun güclü bir lider olmasına şərait yarada bilər deyə düşünürlər. Müxtəlif səbəblər ola bilər. Amma ağlıma gələn iki səbəbi sadaladım. İlqarın həbs olunduğu dövrlə indiki arasında da ciddi fərqlər var. Ölkədə iqtisadi sferada çox ciddi proseslər gedir. Azərbaycan Qərblə əlaqələrin daha da yaxşılaşdırılmasında maraqlıdır. Amma inanıram ki, çox yaxın zamanlarda İlqar bəylə bağlı da çox pozitiv bir qərar ola bilər. 

– Natiq bəy, siz həbsdə olduğunuz dönəmdə REAL referendumla bağlı antitəbliğat kampaniyasında da iştirak etmədi. Müşahidəçilər bunu sizə qarşı yumşalmada mühüm faktor kimi qiymətləndirdilər. Bu, sizin içəridən verdiyiniz bir mesajın, tapşırığın nəticəsi idi, yoxsa…? 

– Əslində REAL-da bütün qərarlar kollegial şəkildə verirlər. Təklifin kim tərəfindən gəlməsindən asılı olmayaraq. Hətta İlqar bəy həbsdə olduğu zaman belə içəridən göndərdiyi təkliflərin kollegial müzakirədə qəbul olunmadığı faktları var. Bu qərar mənə vəkillər vasitəsilə çatdırıldı ki, İdarə Heyətinin belə qərarı olub. Mən də bildirdim ki, İdarə Heyəti səs çoxluğu ilə belə qərar veribsə, onu qəbul etməliyik. Çünki onlar azadlıqdadırlar və situasiyanı bizdən yaxşı görürlər. Amma düşünmürəm ki, bunun çox ciddi təsiri olub. Müəyyən təsiri ola bilər. Biz ilk dəfə referendumla bağlı qərar verərkən də əsas hədəflərimiz REAL-ın tanıtımı idi. Biz bu fürsətdən istifadə edib, REAL-ı tanıtmaq istədik. Əgər bu fürsəti bizə vermirlərsə – həmin ərəfədə məndən başqa iki gəncimiz də həbs olundu, sutkalıqda qaldılar – ciddi basqılar varsa, heç bir təbliğat aparmaq imkanı yoxdursa, bu kampaniyanı da sona qədər aparmağın bir anlamı qalmırdı. 

– Həbs dönəminiz bizə sizin daha bir yönünüzü tanıtdı. Məlum oldu ki, siz çox yaxşı şeir də yazırsız. Həm xanımınıza yazdığınız sentimental şeir, həm manata həsr etdiyiniz satirik nəzm oxucular tərəfindən xeyli maraqla qarşılandı. Bu şeirlərin davamı olacaqmı? Ümumiyyətlə, həbsxana gündəliyi bir kitab halına gələ bilərmi?  

– Əslində orda olanda gündəlik qeydlərimi aparırdım. Özüm özümə kamerada statuslar yazırdım. (gülür). Şeir yazmanın səbəbinə gəlincə, mən orda kəşf etdim ki, əslində şeir yazmaq ciddi bir vaxt tələb edir. İnsanın beyninə bir ideya gəlir. Onun cilalanması, düşünülməsi… Sən demə, şeir yazmaq zamanı “öldürmək” üçün çox ciddi vasitədir. Çünki orda ən böyük problem odur ki, zaman keçmir. Səhər çox tez oyanırsan və gecə gec yatırsan. Doğrudur, mən orda 12 kitab oxudum. Şeir yazma prosesinin özü belə, zamanın xərclənməsinə səbəb olur. Düşünmürəm ki, yenidən bu əhvala düşüb, şeir yazma işini davam etdirə bilərəm. Amma manatla bağlı şeirin bu cür maraqla qarşılandığını görüb məndə belə bir fikir yarandı ki, bəlkə Azərbaycanda iqtisadi proseslərin xalq dilində, şeir formasında insanlara çatdırılması daha effektli ola bilər? Bu barədə düşünə bilərəm. Gələcəkdə yarızarafat  formada olsa da, iqtisadi problemləri nəzmə çəkməyim mümkündür.

– Bəs sentimental xarakterli şeir yazdığınıza görə heç sizi qınayan oldumu? 

– Bəzi yaxın dostlar zarafata salıb, nəsə dedilər. Amma ciddi bir qınaq görmədim. Əslində mən o şeirin publik olmasını sonradan bildim. Mən onu kağıza yazıb, yoldaşıma yollamışdım. Çünki o, bu həbsdən çox sarsılmışdı. Amma o, həmin şeirdən çox təsirlənib, bunu sosial şəbəkədə paylaşmışdı. Publik olmasını düşünmürdüm, yazanda və göndərəndə. Qlobal olaraq çox pozitiv qarşılanmışdı. Amma zarafata salanlar da oldu ki, bu da normaldır.

– Dostlarınız bu qısa dönəmdə sınaqdan çıxdımı?

– Real dostların hamısı sınaqdan çıxdı. Virtual dostlardan isə… 5000 dostdan 18 nəfəri həbsimdən sonra dostluqdan çıxmışdı (gülür). Onların yerinə yeni dostları qəbul etdim. Amma 5000 dostdan yalnız 18-nin getməsi yaxşı göstəricidir… 

 

Sevinc TELMANQIZI, 

musavat.com   




Yuxarı Əvvələ Ana Səhifə