XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 15:29

Məşhur şahmatçı Fransada Putinin əleyhinə danışdı:"Sonu acınacaqlı olacaq" - Müsahibə

kas

Ehorossii.ru, 18.09.2016

 

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparovun Rusiyadakı durum barədə “Le Monde” qəzetinin (Fransa) festivalında qəzetin əməkdaşı və tamaşaçıların suallarına cavablarını Starteq.az-ın oxucularına təqdim edirik.

 

Rusiyada siyasətlə məşğul olmaq haqda

 

– 2005-ci ildə başladığım fəaliyyəti adamlar siyasət adlandıranda həmişə razılaşmıram. Mən həvəslə deyərdim ki, bu, insan haqları və demokratiya uğrunda mübarizədir. Çünki, məsələn, burada – Fransada siyasət var. Sizdə seçkilər olarkən, nəticəni əvvəlcədən bilmirsiniz. Rusiyada isə, bilirsinizmi… (Pauza. Zalda gülüş).

Adamlar necə oldusa, mənim şahmat təcrübəm haqda soruşdular ki, səhvən Rusiya siyasəti adlandırılan coşğun sularda manevr etməkdə mənə köməyi olurmu? Cavab verdim ki, bu, tamamilə səmərəsiz təcrübədir. Çünki şahmatda bir dəfə və həmişəlik təsdiq edilmiş qaydalar və nəticələr var. Putin Rusiyasında isə hər şey tam əksindəir (zalda gülüş). Qaydalar hər vaxt dəyişilir, nəticə isə əvvəlki tək qalır. Rusiya kimi ölkələrin problemi bütünlükdə bütün dünyaya təsir edir. Və bu ölkədə də (Fransada) Putin pullarının və Putin lobbiçilərinin siyasi həyata təsirini hiss etmək olar. Bu, hətta Birləşmiş Ştatlarda da baş verir. Namizədlərdən biri Putin tərəfdən böyük dəstək alır, çünki Putin AB, NATO, transatlantik əməkdaşlığını zəiflətmək və ümumən hərc-mərclik yaratamağa yaxşı imkan görür… Putin həmişə hərc-mərcliyin, dağıdanların tərəfindədir.

 

“Azad dünya” ölkələri Putinə necə mane ola bilər

 

– Əlbəttə, o, indi çox güclüdür və böyük təhlükə təşkil edir. Çünki başqa təhlükələr yarada bilər. Bu gün təhlükəli görünən xeyli problem Putinin iştirakı olmadan mövcud olmazdı. Putin olmasaydı, Bəşər Əsəd də olmazdı, Suriyada müharibə də olmazdı. Putinin fövqəladə dərəcədə destruktiv rol oynadığı digər hadisələri də sadalaya bilərəm. Avropada bu günki böhran bir çox baxımdan ona əsaslanır ki, buranı qaçqın axını basıb. Bu, Yaxın Şərq münaqişələrinin nəticəsidir. Və kimyəvi silahdan istifadə edərək öz əhalisini qətlə yetirən və milyonlarla adamı Avropada sığınacaq axtarmağa təhrik edən Bəşər Əsədin – Putinin dostunun fəaliyyətinin nəticəsidir. Təəccüblü deyil ki, bütün bunlar Putinin Fransa, Almaniya, Avstriya və s. ölkələrdəki ultrasağçı dostlarına əl verir. Mən bu fikrin tərəfdarıyam ki, Qərb hələ erkən mərhələdə daha sərt mövqedən çıxış etmək imkanına malik idi… Problem bundadır ki, nə Avropanın, nə də Amerikanın strategiyası var idi, təhlükəni dərk edə bilmədilər. Putin isə bu oyunlarda çox güclüdür.

 

Putin hansı oyunu oynayır

 

– Düşünürəm ki, istənilən diktatoru şahmatçı adlandırmaq böyük səhvdir. Çünki şahmat şərəf tələb edir… (zalda gülüş). Şahmat şəffaf və açıq oyundur. Şahmatda rəqibin nə fikirləşdiyini bilmirsən, lakin bilirsən ki, hansı imkanları var. Poker tam başqa oyundur, çünki yaxşı kartlara malik olmadan oyunu uda bilərsən. Gözə kül üfürə bilərsən. Uydurma və şantaj məşhur fəndlərdir, KQB-nin istənilən əməkdaşı bunlardan əla istifadə etməyi bacarırdı… O (Putin) blefi bacarıb və bacarır. Və əksər halllarda oyunu pis kartlarla udub. Son nəticədə səndə hansı kartların olduğu əhəmiyyətli deyil. İstəyirsən, bir cüt beşliyin olsun. Uydurmağı bacarırsansa, rəqibin isə zəifdir və tərəddüd edirsə, əlində ful-hauz (pokerdə üç eyni və iki digər eyni kartdan ibarət kombinasiya-tərc.) ola-ola oyundan çəkilə bilər. Putin həmişə uğurlu uydurmanın sayəsində udur…

Adamlar deyirlər: Putin elə təhlükəlidir ki, biz ona qarşı necə dura bilərik? Lakin bir məsələdə əmin ola bilərsiniz: bu gün ona qarşı durmasanız, sabah vaxt əldən çıxacaq… Düzünü desəm, Putinin necə güclü olduğu haqda bütün bu hay-küylü bəyanatlar verilərkən mən həmişə şoka düşürəm. Putinin Stalin qədər, Rusiyanın 60-70-ci illərin Sovet İttifaqı qədər təhlükəli olduğundan danışmaq, sadəcə, tarixə etinasızlıq deməkdir. Problem bunda deyil ki, Rusiya bu gün Sovet İttifaqının cılız kölgəsidir… Problem ondadır ki, azad dünya bu gün döyüş ruhunu itirib, Qərb hədsiz dərəcədə taqətdən düşüb.

 

“Rusiyada hakimiyyətin dinc yolla dəyişilməsi mümkün deyil”

 

– Putin rejimi… İfrat bədbin olmaq istəmirəm, amma düşünürəm ki, bu rejim elə bir mərhələyə çatıb ki, ölkə daxilində zorakılıq olmadan onu transformasiya etmək mümkün deyil. Çünki öz maraqlarına lobbilik edən qrupların mövqeyi son dərəcə möhkəmdir və öz imtiyazlarından könüllü şəkildə imtina etməyəcəklər. Bu, həm də pis xəbərdir. Məsələ hakimiyyət dəyişikliyinin gedişində zorakılığın olub-olmayacağında deyil, bundadır ki, bu zorakılığın səviyyəsini necə azalda bilərik və necə etməliyik ki, Rusiya tam parçalanmaq təhlükəsi ilə vətəndaş müharibəsinə qərq olmasın.

 

Şəxsi həyatına təhlükə barədə

 

– Mən nikbin olmağa cəhd edirəm. Lakin, əlbəttə, bilirəm ki, Putinin düşmənlərinin əksəriyyəti ölüb. Ona görə də tanımadığım adamlarla çay içməyə getmirəm (zalda gülüş). Pis xəbər budur ki, Putinin nə vaxt və necə gedəcəyini bilmirəm. Yaxşı xəbər budur ki, bunu o da bilmir. Mən tarixin qanunlarına inanıram. O, bəzən riyaziyyat və ya fizikanın qanunları kimi ciddi olmur, lakin fərqi yoxdur, iki üstəgəl iki dörd edir. Bəzən hesablamaq üçün xeyli vaxt tələb olunur, lakin yekunda həmişə dörd çıxır. Bilirəm ki, diktatorların sonu həmişə acınacaqlı olub. Buna da inanıram ki, Putin istisna olmayacaq. Və buna şübhə etmirəm ki, mənim keyfiyyətlərim ölkəm üçün faydalı ola bilər, ölkəni daha yaxşı gələcəyə aparmaqda yardımçı olardı. Və buna nail olardıq ki, Rusiya problem qaynağı olanların içində deyil, problemi həll edənlərin arasında olardı.

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə