Prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp böyrək əməliyyatından sonra şənbə günü Ağ Evə qayıdıb.
Amerikanın Səsi-nin məlumatına görə, 48 yaşlı birinci xanım bazar ertəsindən etibarən “Uolter Rid” tibbi mərkəzində keçirilən böyrək əməliyyatından sonra bərpa olunurdu.
Birinci xanımın sözçüsü Stefani Qrişam verdiyi bəyanatda bildirib ki, Melaniya Tramp artıq şənbə günü Ağ Evə qayıdıb.
“O, hazırda istirahət edir və yüksək əhval-ruhiyyədədir” – deyən Qrişam əlavə edib ki, onların ofisi xanım Trampa şəfalar arzuları ilə minlərlə zənglər və email-lər alıb: “Biz hər kəsə təşəkkürümüzü bildiririk.”