Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC), Niderland Krallığının səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycanda “Gənc Qadın Siyasətçilərin Gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi gənc qadınların siyasi səhnədə rolunu gücləndirmək və iştirakçılığını təbliğ etməklə qadınların həm siyasi, həm də ictimai həyatda liderliyinin artırılmasıdır.
Layihə çərçivəsində Bakıda, “Hilton” oteldə “Azərbaycanda Gənc Siyasətçi Qadınlar üçün Çətinliklər və İmkanlar” adlı dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Niderlandın Azərbaycandakı səfiri cənab Onno Kervers layihənin önəmini və Dəyirmi Masanın Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanda qadınlara verilmiş səsvermə hüququnun 100 illiyinə həsr olunduğunu məmnuniyyətlə qeyd etmiş, bu tarixi hadisənin yalnız Azərbaycanda deyil, Yaxın Şərqdə də xüsusi əhəmiyyəti olduğunu vurğulamışdır.
RİQC-in sədri Şəhla İsmayıl layihə çərçivəsində yaradılan Gənc Qadın Siyasətçilərin Məktəbi haqqında ətraflı məlumat vermişdir. Şəhla İsmayılın sözlərinə görə, 20 gənc qadını öz ətrafında birləşdirən məktəb – 20-35 yaş arası, siyasət, diplomatiya və idarəetmə sahəsində təhsil alan və işləyən, eləcə də gələcəkdə karyerasını bu sahədə inkişaf etdirmək iddiasında olan xanımlar arasından seçilmişdir. Məktəbin iştirakçıları siyasətin təşkilatlanma, mədəni və hüquqi aspektləri üzrə xüsusi təlim proqramını başa vurmuşdur. Növbəti mərhələdə iştirakçılar arasından seçilmiş 10 namizəd 3 aylıq fərdi mentorluq proqramına başlayacaq. Təlim və mentorluq proqramı zamanı fərqlənən ən bacarıqlı gənc qadın siyasətçi (1 nəfər) 2018-ci ilin sentyabr ayında Hollandiyada bir həftəlik təqaüd proqramı ilə mükafatlandırılacaqdır. Təqaüd səfərində iştirak hüququ qazanmış gənc qadın Hollandiyanın siyasi-ictimai qurumları ilə görüşlərdə iştirak və fikir mübadiləsi aparmaq imkanı qazanacaqdır.
Dəyirmi masanın spikerləri Azərbaycanda qadınların siyasətdə iştirakının hüquqi əsasları, iqtisadi səlahiyyətləndirmə, ayrı-seçkiliyə münasibət mövzularında çıxışlar etmiş və səsləndirilən suallara ətraflı cavab vermişdir.
Dəyirmi masada Azərbaycanda akkreditə olunmuş xarici səfirliklərin, beynəlxalq və yerli təşkilatların, eləcə də yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Strateq.az