Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
O, Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını və oktyabrın 9-13-də İstanbulda keçiriləcək Ümumdünya Enerji Konqresində çıxış edəcəyini söyləyib: “Səfər oktyabrın 10-da baş tutacaq. Ümumdünya Enerji Konqresində çıxış və ikitərəfli görüşlər olacaq”.
Putinin Türkiyəyə səfəri və iki ölkənin yaxınlaşmasının Azərbaycana – Qarabağ münaqişəsinə necə təsir edəcəyini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Türkiyə-Rusiya münasibətləri maraqlı dönəmə qədəm qoyub:
"Hazırda Rusiya onsuz da Qərbdən təcrid olunub və tərəfdaşlara ehtiyacı var. Eyni zamanda, Türkiyənin də Rusiya ilə münasibətləri normallaşdırmasına ehtiyac var. Çünki Türkiyənin də ABŞ və Avropa Birliyi ilə münasibətləri o qədər də yaxşı deyil. Oktyabrın 10-da səfər zamanı böyük ehtimal ilə “türk axını” layihəsinə də imza atılacaq”.
E.Şahinoğlu hesab edir ki, amma Türkiyə Rusiya yaxınlaşması Qarabağa xeyir verməyəcək: "Ancaq iki dövlətin yaxınlaşması Azərbaycanın xeyrinədir. Lakin bu o demək deyil ki, bu normallaşma Qarabağ probleminin həllinə tövhə verəcək".
Strateq.az