XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 11:50

Sosialist və qadın huquqlarının tərəfdarı olan Quterres –BMT-nin yeni baş katibi kimdir?

quterres

BMT Təhlükəsizlik Şurası BMT-nin yeni başçısını seçib. Bu, gözlənildiyi kimi, Portuqaliyanın keçmiş baş naziri və BMT-nin qaçqınlar üzrə keçmiş rəsmisi António Quterresdir.

Bu gün, oktyabrın 6-da BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının seçimiylə bağlı səsvermə olacaq. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin  Antonio Quterresin qalib gələcəyinə inandığını deyib. Təhlükəsizlik Şurasının bu aykı sədri Vitali Çurkindir.

MÜKƏMMƏL SİYASƏTÇİ

«The Washington Post» qəzetinin yazdığına görə, Təhlükəsizlik Şurasının veto hüququ olan bütün üzvləri Antonio Quterresin namizədliyini dəstəkləyiblər. Halbuki Rusiya indiyədək BMT-nin baş katibi vəzifəsində Şərqi Avropadan olan qadın siyasətçini görmək istədiyini, NATO ölkəsindən namizədə veto qoyacağını deyirdi.

BMT-nin hazırkı katibi, Cənubi Koreyadan olan Pan Ki Mun bu vəzifəyə iki dəfə seçilib. İlin sonunda onun ikinci 5-illik müddəti başa çatır.

İngilis, fransız, ispan və portuqal dillərində danışan, bir vaxtlar Portuqaliyanın Sosialist Partiyasına liderlik edən Antonio Quterresin mükəmməl siyasətçi olduğunu deyirlər. Tərəfdarları onun dünyanın ən qaynar nöqtələrindən olan Suriyanı yaxşı tanıdığını, qaçqınların problemlərinə bələd olduğunu bildirirlər. Antonio Quterres 10 il, o cümlədən Suriyadan qaçqın axını dövründə BMT-nin qaçqınlar üzrə rəsmisi vəzifəsini yerinə yetirib.

«FIRTINANIN İÇİNƏ GEDİR»

«Onun üçün bir nömrəli sınaq Suriya olacaq». BMT-nin keçmiş baş katibi Kofi Annanın köməkçisi olmuş, indi isə Kolumbiya Universitetinin Qlobal Siyasət Layihəsinin direktoru vəzifəsində çalışan Maykl Doyl «The Washington Post»a müsahibəsində belə deyib: «Burda görüləcək iş çoxdur. O, fırtınanın içinə gedir. Amma Quterres sınaqlardan keçməyi sevən adamdır».

Quterres namizədliyini irəli sürərkən dəfələrlə zülmə məruz qalanların durumuna diqqət edəcəyini bildirib. Gender bərabərliyi də Quterres üçün prioritetlərdəndir. Əvvəlki rəhbərliyi zamanı o, qadınları da vəzifə başına qoyması ilə yadda qalıb. İndi də Quterres in müavini vəzifəsinə qadın siyasətçini təyin edəcəyi gözlənir. BMT-nin baş katibini qadın görmək istəyən Rusiyanın Antonio Quterresin namizədliyinə etiraz etməməsinin səbəbi yəqin ki, budur.