XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 10:37

Yeni prezident seçkiləri keçirilməlidir, ya yox? –Siyasətçilər hüquqa istinad edirlər

secki-4

Sentyabrın 26-da keçirilən referendumun nəticələrinin qüvvəyə minməsindən sonra prezident və parlament seçkilərinin təyin ediləcəyi barədə xəbərlər yayılmaqdadır. Seçki Məcəlləsinin 138.1 və 138.4 maddəsinin tələbinə görə, referendumun yekun nəticələri ən geci oktyabrın 21-dək MSK tərəfindən rəsmən elan edilməlidir. Konstitusiyaya yeni dəyişikliklər bundan sonra qüvvəyə minəcək. Məlumatlara görə, Mərkəzi Seçki Komissiyası gələn həftə sözügedən addımı atacaq.

Referendumun nəticələri qüvvəyə mindikdən sonra ölkə prezidenti konstitusiyaya əsaslanaraq 1-ci vitse-prezident, vitse-prezidentlər təyin etməlidir. Hakimiyyət rəsmilərinin, iqtidara yaxın deputatların, bir sıra siyasətçilərin və ekspertlərin indiyə qədər verdiyi açıqlamalarda, proqnozlarda referendumun nəticələrinin qüvvəyə minməsindən sonra ölkədə ciddi dəyişiklərin, islahatların həyata keçiriləcəyi vurğulanır. 

Referendumun nəticələri təsdiq olunub qüvvəyə mindikdən sonra islahatlar bütün istiqamətlərdə özünü göstərəcək. Açıqlamalarda və məlumatlarda qeyd edilir ki, bu ilin sonuna kimi ölkə idarəetməsində inqilabi səviyyədə dəyişikliklər, islahatların şahidi olacağıq.

İqtisadi və siyasi islahatlar yeni prezident seçkilərini də gündəmə gətirib. Məlumdur ki, yeni konstitusiya dəyişikliyi ilə vitse-prezident, birinci vitse-prezident institutu təsis olunub və bu, yeni bir situasiya yaradıb. Azərbaycanda növbəti prezident seçkilərinə təxminən iki il müddət qalır. Parlament seçkiləri isə bir il öncə keçirilib. Lakin Konstitusiyadakı yeni dəyişikliklər prezidentə yeni prezident və parlament seçkilərinin keçirilməsi barədə sərəncam vermək səlahiyyəti verir. Xəbərlərdə bildirilir ki, növbədənkənar prezident seçkilərinin bu ilin dekabrında, parlament seçkilərinin isə gələn ilin martında, yaxud hər iki seçkinin dekabrda eyni gündə keçirilməsi istisna deyil.

Müxalifət düşərgəsində tanınmış siyasətçilər hesab edir ki, yeni prezident və parlament seçkilərinin keçirilməsi gözləniləndir. Çünki hər şeydən öncə hüququn fəlsəfəsi bunu tələb edir.

iqbal-aqazade

Bu barədə danışan Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, hüququn fəlsəfəsi onu tələb edir ki, Konstitusiya ilə icra strukturlarının və qanunverici orqanın vəziyyətində dəyişiklik olubsa, mütləq yeni seçkilər keçirilməlidir. Çünki 2013-cü ildə keçirilən prezident seçkilərində xalq konstitusiya ilə səlahiyyətləri başqa olan prezidentə səs verib. O cümlədən, 2015-ci il parlament seçkilərində də xalq səlahiyyətləri fərqli şəkildə olan Milli Məclisin seçkilərində iştirak edib: “Qanunun fəlsəfəsi onu deyir ki, bu, ya konstitusiyada keçid müddəaları altında ”filan ildən qüvvəyə minəcək" kimi xüsusi qeydlə qəbul olunmalı idi, ya da icra hakimiyyətinin və parlamentin vəziyyətində bu qədər dəyişikliklər baş veribsə-səlahiyyətlər artırılıb-azaldılıbsa, mütləq yeni seçkilər keçirilməlidir. Bu seçkilərin keçirilməsi barədə qərar qəbul etmək isə yeni qəbul edilən qanunla prezidentin səlahiyyətindədir. İndi prezidentin ixtiyarı var bu barədə qərarlar versin və bunu etməlidir. 

Vitse-prezidentlərin təyin edilməsi, parlamentin buraxılması və digər bir sıra səlahiyyətlər 2013-cü ildə seçilən prezidentə verilməmişdi. Ona görə hökmən yeni prezident seçkiləri keçirilməlidir. Hesab edirəm ki, hüququn bu fəlsəfəsini hakimiyyət də kifayət qədər yaxşı bilir. Mütləq prezident və parlament seçkiləri keçirilməlidir".

İ.Ağazadə bu işin nə qədər tez reallaşdırılacağını indidən dəqiq söyləməkdə çətinlik çəkir, amma islahatlar anonsu verirlərsə, əgər düşünürlərsə ki, idarəetmədə yeniliklər, yeni təyinatlar olacaq mütləq daha tezliklə olmalıdır: “Hüquq artıq bunu təsbitləyib. Bizim referenduma münasibətimizin, seçicinin münasibətinin, beynəlxalq təşkilatların münasibətinin nə olmasından asılı olmayaraq, 26 sentyabr tarixində keçirilən referendumdan sonra konstitusiyanın yeni tələbləri var və bunlar həyata keçirilməlidir. Prezident və parlament seçkiləri keçirilməyəcəyi təqdirdə yeni konstitusiya ilə verilən səlahiyyətlərdən prezidentin bu və ya digər şəkildə istifadə etməsi hüquqa zidd hesab oluna bilər. Əgər referendum konstitusiyada icra və qanunverici orqanın vəziyyətini dəyişməyib yalnız insan haqları ilə bağlı vəziyyəti dəyişmiş olsaydı, yaxud da daha aşağı qurumların vəziyyətini dəyişmiş olsaydı, prezident və parlament seçkilərinə heç bir ehtiyac qalmazdı”.

Prezident və parlament seçkilərinə gediləcəyi halda bu seçkilərin ənənəvi şəkildə, yoxsa islahat adlandırılacaq səviyyədə keçiriləcəyi ehtimalına gəlincə, İ.Ağazadə qeyd etdi ki, bu barədə qəti bir fikir söyləmək çətindir: “Mən hüququ şərh elədim. Qalan hissəsinə isə seçkilərlə bağlı sərəncam veriləndən və hakimiyyətin yanaşmalarından, o cümlədən beynəlxalq təşkilatların münasibətindən, siyasi partiyaların yanaşmasından asılı olaraq rəy bildirmək olar. Hələlik isə hüququ şərh edərkən deyirəm ki, mütləq olunmalıdır”.

eli-eliyev-4

VİP sədri Əli Əliyev də bildirdi ki, yeni redaktəli konstitusiya növbədənkənar prezident seçkilərini zəruri edir. Yəqin ki, Konstitusiya Məhkəməsinin qərarından sonra növbədənkənar seçkilərin təyinatı haqda məlumat alacağıq: “Gözlənilən prezident seçkilərinin demokratik və ədalətli olacağına inamım çox deyil. Lakin intuisiyam ondan sonrakı dönəmdə dəyişikliklərin olacağını deməyə ehtimal formalaşdırır. Hesab edirəm ki, seçkilər dəyişikliklərin anonsu olacaq. Dəyişiklik mütləq olacaq. Sadəcə olaraq, dəyişikliyin sərhədlərini cızmaq olmur. Əgər iqtidar ən yüksək səviyyədə bizi gözləyən siyasi, iqtisadi, maliyyə, beynəlxalq, ola bilər hərbi və sair kataklizmlərin fərqindədirsə, dəyişikliklər idarəçilik fəlsəfəsini, müvafiq olaraq menecment üslubunu və daha geniş kadr çevrəsini əhatə edəcək. Yox əgər, daxili müvazinəti qorumağa və daxili təzyiqi balanslaşdırmağa təşəbbüs olacaqsa, vəziyyətə müsbət çalar gəlməyəcək. 

Seçim haqda rəyin ilk indikatoru isə prezident seçkilərindən sonra parlament seçkilərinin keçirilib-keçirilməməsi olacaq. Əgər prezident təkrar seçilərsə – buna mənim şübhəm çox deyil – gələn ilin birinci yarısında kirəcləşmiş bugünkü Milli Məclisin tərkibindən imtina edərək, yeni parlament seçkilərinə qərar versə, bu o deməkdir ki, islahatlar dərin və əsaslı ola bilər. 

İqtidarın bir sıra iqtisadi yeniliklərini müşahidə etməkdəyik. Əgər reformalar siyasi müstəviyə də keçəcəksə, deməli iqtidarın əsaslı dəyişiklik istəyindən söz açmağın yeri olacaq. Digər versiyanı heç dilə gətirmək istəmirəm. Çünki vəziyyətin dondurulması və olduğu kimi yürüməsi aqibətimizi qeyri-müəyyən edir".

Etibar SEYİDAĞA

"Yeni Müsavat"