Milli Məclisin dünənki iclasında Nazirlər Kabineti 2014-ci ildəki fəaliyyəti haqqında hesabat verib. Gündəlikdə olan məsələ ilə bağlı Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov da çıxışa yazılıb. Lakin vaxt çatmadığından o, çıxış edə bilməyib.
İlyas İsmayılov Modern.az-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 2014-ci ildə fəaliyyəti haqqında hesabat ötən ildə hökümətin ölkənin sosial-iqtisadi imkanlarının genişlənməsinə, əhalinin həyat şəraitinin yaxşılaşmasına dair fəalyyətini kifayət qədər obyektiv əks etdirir.
“Bununla yanaşı, diqqətinizi keçən ildə indiki qədər aktual olmayan, lakin bu il ölkənin sosial və iqtisadi durumunu müəyyən edən problemlərə yönəltmək istərdim. Yaşadığımız 2015-ci il keçən ildən bir çox göstəricilərə görə fərqlənir, və bunlardan iki ən təsirlisi neftin dünya qiymətinin uzunmüddətli enişi və manatın fevral ayında aparılmış 34 faizlik devalvasiyasıdır.
Bu gün iqtisadi reallıq belədir ki, 2015-ci il ölkə büdcəsinin uğurlu icrası, iqtisadiyyatın sabitliyi və əhalinin maddi durumunun kəskin şəkildə pisləşməməsini təmin etmək üçün indiyədək istifadə olunmayan və yaxud az istifadə olunan alətlərə əl atmalıyıq.
Bir çox çıxışlarımda mən ölkədə olan inhisarçılıq və gömrük problemləri barədə söhbət açmışdım, bir neçə oliqarx strukturların Azərbaycan istehlak bazarında hökmranlıq etdiyini və bu amilin vətəndaşların alıcılıq qabiliyyətinə mənfi təsirini göstərmişdim. çox təəssüf ki, bu problemlər indi də qalmaqdadır”.
İ.İsmayılov deyir ki, ölkəmizdə inhisarçılıq üç çevrəni əhatə edir – daxili istehsalı, idxal və ixracı.
“İstehsalda inhisarçılıq problemini hələlik bir kənara qoyaraq, sırf gömrüklə bağlı qalan ikisi haqda, və əsasən – idxala dair bir misal çəkə bilərəm. Bu gün bizim gömrükdə idxal inhisarçılığı hökm sürür ki, bu da beynəlxalq bazarda baş verən müsbət qiymət dəyişikliklərinin Azərbaycanda hiss olunmamasına gətirib çıxarır. Məsələn, Dünya Ərzaq Təşkilatı açıqlama verib ki, bu ilin fevral ayında ərzaq malları son 55 ayda ən aşağı həddə düşüb, amma Azərbaycana idxal olunan ərzaq malları demək olar ki, ucuzlaşmır.
Təhlil göstərir ki, Azərbaycanın istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. Təsəvvür edin – xaricdən gətirilən 1 kq düyü gömrükdə 36-40 sentə rəsmiləşdirilir. İqtisadi məntiqlə onun bazar qiyməti təxminən 45-60 sent arası olmalıdır. Faktiki isə bu əmtəə 2 dollara, yəni, 6 qatına satılır. Yumurta, bitki yağları, holland pendiri, mal əti, çay, makaron məmulatları və s. əsas istehlak məhsullarında da təxminən eyni mənzərədir. Müqayisəli hesablamalar göstərir ki, ölkəyə xaricdən gələn bir çox ərzaq malları daxili bazarda maya dəyərinin iki, üç və hətta dörd qatına satılır”.
Deputat bildirib ki, ölkədə həm sahibkarlığın inkişafı, həm manatın devalvasiyasının əhaliyə mənfi təsirinin azaldılması üçün hər növ inhisarçılığa qarşı tədbirlər daha kəskin olmalı, gömrük sistemində ciddi islahatlar aparılmalıdır.
“Nəyə görə mən məhz gömrükdən danışıram? – çünki ölkəmizin istehlak bazarında Azərbaycana idxal olunan mallar üzərində olan inhisar məhz gömrükdə yaradılan problemlərlə, idxal əməliyyatlarının məhdud sayda şirkətlərinin əlində olması ilə bağlıdır. Daxili bazarda rəqabətin bərqərar olması üçün idxal əməliyyatlarının inhisardan çıxarılması ilk addım ola bilər.
Sadəcə, bunun üçün hökumət və müvafiq xidmətlər yalnız mağazalarda deyil, idxal prosesinin bütün mərhələlərində monitorinq aparmalı, ayda və ya rübdə bir dəfə əsas istehlak mallarının idxal qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini dövrü mətbuatda nəşr etməlidir.
Gördüyünüz kimi, neft faktorunun və devalvasiyanın əhalimizin alıcılıq qabiliyyətinə, yaşayış səviyyəsinə mənfi təsirini azaltmaq üçün əlimizdə konkret alətlər vardır və biz bu alətlərdən fəal şəkildə istifadə eməliyik”.